Sabit elektrik və qaz
tarifləri
YENİ MODELİN TƏTBİQİNDƏ ƏSAS
MƏQSƏD NƏDİR?
Xəbər verdiyimiz kimi, ölkədə
elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində
sabit tarif tətbiq ediləcək. Sabit tarifin əsas mahiyyəti
şəbəkəyə qoşulan istehlakçıların
sabit xərc şəklində aylıq müəyyən vəsait
ödəməsindən ibarətdir. Sabit tarif istehlak
miqdarı ilə bağlı deyil, istehlakçı
kateqoriyasından asılı olmayaraq tətbiq edilir və
paylayıcı sistem operatorunun müəyyən xərclərinin
qarşılanması üçün istifadə olunur.
Qanun layihəsi sabit tarifi elektrik enerjisinin istehlak səviyyəsindən
asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici
tərəfindən müəyyənləşdirilən hissəsinin
qarşılanması məqsədilə hər bir
istehlakçı üzrə tətbiq olunan aylıq tarif
elementi kimi təsbit edir.
Həmçinin, "Qaz təchizatı
haqqında" yeni qanun layihəsi də hazırlanıb. Bu
qanunda da sabit tariflər nəzərdə tutulub. Qanuna əsasən,
sabit tarif qazın istehlak səviyyəsindən asılı
olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyənləşdirilən hissəsinin
qarşılanması məqsədilə hər bir
istehlakçı üzrə tətbiq olunan aylıq tarif
element olacaq.
Energetika nazirinin müavini Samir Vəliyevin sözlərinə
görə, mənzili olan, amma orada yaşamayan vətəndaşlar
elektrik enerjisini sabit tariflə ödəyəcəklər:
"Yeniliyə əsasən, elektrik enerjisinə görə
ödənilən vəsait iki hissədən ibarət olacaq.
Məsələn, hər hansı 10 binanın 8-də
yaşayış var, amma ikisində yaşayış yoxdur.
Amma transformator məntəqəsi qurulmalıdır. Onun xərci
tarifin içərisində olmalıdır. Yenilik ondan ibarətdir
ki, onun xərci ayrılsın. Hansı ki, iki mənzildə
yaşamırlar, onlar da ayda həmin sabit tarifi ödəyəcəklər.
Bu, binada yaşayanların yükünü azaldır. Bu qanun
layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübədən
istifadə olunub".
İqtisadçı ekspert Rəşad Həsənov
deyir ki, ümumilikdə götürdükdə, tarif
strukturunun sabit və dəyişən xərclərə
münasibətdə bir-birindən ayrılması
metodologiyası dünya təcrübəsində
özünü doğrultmuş, mütərəqqi və
eyni zamanda, ədalətli tarifləndirmə baxımından
mühüm təcrübə hesab edilir: "Hesab edirəm
ki, bu təcrübənin Azərbaycanda da düzgün şəkildə
və şəffaf formada tətbiqi müsbət nəticələr
doğura bilər. Burada əsas məsələ dövlət
müəssisələri kimi ictimaiyyət
qarşısında hesabatlı olan qurumların prosesi tam
şəffaf şəkildə aparmasıdır. Bu isə
maliyyə hesabatlarının ayrılması, müvafiq
hesablamaların və monitorinqlərin aparılması, ictimai
nəzarətin təşkili ilə bağlı məlumatların
paylaşılması və ümumilikdə şəffaf
mühitin formalaşdırılması ilə
mümkündür".
İqtisadçının dediyinə görə,
iqtisadi aspektdən yanaşdıqda hazırda Azərbaycan vətəndaşlarının
elektrik enerjisi və ya qaz istehlakı
qarşılığında ödədikləri tariflər təkcə
həmin enerji resurslarının maya dəyərini deyil, eyni
zamanda, infrastrukturun qurulması və saxlanması xərclərini
də ehtiva edir: "Faktiki olaraq, bu gün
istehlakçılar həm də enerji infrastrukturunun
yaradılması və yenidən qurulması xərclərini
ödəyirlər. Təbii ki, Azərbaycanda enerji
infrastrukturunun əhəmiyyətli hissəsi dövlət
büdcəsi hesabına qurulub,
subsidiyalaşdırılıb. Lakin fakt real olaraq ondan ibarətdir
ki, bu xərclər mərhələli şəkildə cəmiyyətin
üzərinə ötürülür. Bu baş verirsə,
təbii olaraq, infrastruktura çıxışı olan hər
bir şəxs, mülkiyyət sahibi və istehlakçı
bu və ya digər şəkildə həmin xərclərə
töhfə verməlidir. Bu baxımdan, sabit xərclər - yəni
infrastrukturun təmiri, bərpası, saxlanması, yenidən
qurulması və yeni infrastrukturun yaradılması ilə
bağlı xərclər bütün istehlakçılar
arasında ədalətli şəkildə
bölüşdürülərsə, bu, daha ədalətli
bir tarif sisteminin və ümumilikdə mühitin
formalaşmasına səbəb ola bilər. Bu
yanaşmanın şəffaf şəkildə tətbiqi, eyni
zamanda, enerjinin birbaşa sərfiyyatı üzrə yaranan xərclərin
dəqiq hesablanması, nəticədə isə
istehlakçının yalnız sərf etdiyi enerjiyə
görə ödəniş etməsi, bu ödənişin həcminin
azalmasına gətirib çıxara bilər. Yəni bu
gün ümumi tarifin içində bütün xərclər
- infrastruktur və sərfiyyat - birlikdə toplanaraq
istehlakçılar arasında bölünür. Amma sabah
bunun bir qismi, hansı ki, 30 faiz xərclərin məhz
infrastrukturun saxlanması, prosesin idarəolunması, bərpası,
yenidən qurulması xərcləridir, bu 30 faiz bütün
istehlakçılar arasında bölünəcək. Dünən
üçün bir istehlakçıya, təxminən, ödədiyi
ümumi işıq və yaxud da ki qaz pulunda 30-40 faiz sabit xərclərə
aid pay düşürdüsə, bu gün müvafiq göstərici
düşəcək 25 faizə, 20 faizə. Bu statistika dəqiq
deyil, aydındır ki, vəziyyətdən asılı
olacaq, lakin düşəcəyi dəqiqdir".
Ekspert bildirib ki, nəticədə vətəndaşlar
daha az enerji istehlakı qarşılığında daha az
ödəniş etmə imkanı əldə edəcəklər:
"Lakin bütün bu nəticələrin doğrulması
prosesin nə qədər şəffaf idarə olunmasından
asılı olacaq. Əgər bu proses şəffaf
aparılmazsa, sabit və dəyişən xərclər
aydın şəkildə əks etdirilməzsə, ictimai nəzarət
təmin edilməzsə, alternativ hesablamaların
aparılması mümkün olmazsa, o halda bu mülahizələr
də özünü doğrultmaya bilər. Belə olan halda
insanlar mövcud vəziyyətdə olduğu kimi ödəmələr
etməyə davam edəcəklər və əlavə olaraq
yeni ödəyici bazasının formalaşması ilə də
xərclər geniş kütlənin üzərinə
ötürüləcək. Ona görə də bu
metodologiyanın tətbiqində ədalətli strategiyanın
icrası üçün şəffaflıq olduqca vacib məsələdir.
Yalnız bu halda metodologiya fərdi istehlakçılara
münasibətdə daha ədalətli tarif siyasətinin
formalaşmasına xidmət edə bilər".
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə
əsasən, işıq və qaz xidmətləri ilə
bağlı yeni qanun layihəsi hökumətin tarif siyasətində
dəyişiklik etməyə və yeni, daha dayanıqlı
modelə keçməyə
hazırlaşdığını göstərir. Onun fikrincə,
bu layihənin təqdim olunması xidmət sahəsində
köklü dəyişikliklərin
planlaşdırıldığından xəbər verir:
"Bu yanaşma dünya təcrübəsində geniş
yayılmış modeldir. ABŞ-də, Avropanın bir
çox ölkəsində, həmçinin Qazaxıstan və
Türkiyədə bu praktika tətbiq olunur. Bu modelə əsasən,
vətəndaş xidmətlərdən istifadə etməsə
belə, minimal məbləğ ödəməlidir. Bunun da əsas
səbəbi - infrastrukturun işlək vəziyyətdə
saxlanması, qəza hallarında müdaxilə
imkanlarının təmin olunması və enerji təchizatı
sistemlərinin daim hazır saxlanmasıdır".
Xalid Kərimli vurğulayıb ki, vətəndaşlar
xidmətlərdən istifadə etmədikdə belə, istədikləri
an bu xidmətlərə çıxış əldə edə
bilirlər və bu imkanı təmin etmək
üçün sistem daim işlək vəziyyətdə
saxlanılır: "Yəni biz işıqdan və ya qazdan
istifadə etməsək də, istədiyimiz vaxt istifadə edə
bilmək üçün bu sistem mövcuddur və işlək
qalması üçün xərclər çəkilir. Təbii
ki, bu xərclərin vətəndaş tərəfindən
qarşılanması zəruridir. Bu, xidmətin
mövcudluğunu təmin edən xərclərin daha ədalətli
şəkildə bölüşdürülməsi deməkdir".
Qanun layihəsində sabit tarifin hansı formada tətbiq
olunacağının hələ dəqiqləşdirilmədiyini
qeyd edən iqtisadçının sözlərinə görə,
bu sabit ödəniş ya aylıq istehlaka əlavə
olunacaq, ya da istifadədən asılı olmayaraq müəyyən
ediləcək minimum məbləğ kimi tətbiq ediləcək:
"Əgər sabit tarif minimal ödəniş kimi müəyyənləşərsə
və istehlak bu məbləği keçdikdə əlavə
xərc tələb olunmazsa, bu, bir evə sahib olan vətəndaşlara
təsir etməyəcək. Lakin bir neçə mənzili və
istifadədə olmayan əmlakı olan şəxslər
üçün bu, əlavə xərclər demək
olacaq".
Ekspert qeyd edib ki, bu model "free rider" - yəni
sistemdən istifadə edib, xərclərə qatılmayan
şəxslərin qarşısını almağa yönəlib:
"İnfrastrukturun saxlanması üçün
böyük vəsaitlər xərclənir. Vətəndaş
həmin anda istifadə etməsə də, bu sistemdən hər
an faydalana bilir. Bu halda da hər kəs sistemin
mövcudluğuna töhfə verməlidir. Bu, uzunmüddətli
və dayanıqlı tarif modelidir. Qanunun tətbiqi zamanı əhalinin
sosial həssas təbəqələrinin müdafiəsi,
güzəştli modellərin hazırlanması və bir mənzildə
yaşayan istifadəçilər üçün əlavə
maliyyə yükü yaranmaması kimi məsələlər
hökumətin diqqətində olacaq deyə
düşünürəm".
Enerji məsələləri üzrə ekspert
İlham Şaban vurğulayıb ki, indiyə qədər
enerji sektorundakı paylayıcı şəbəkələr
dövlətin subsidiyası, dəstəyi hesabına və
dövlət şirkətlərinin çətiri altında
olmaqla ömür sürürdü. Artıq dövlət tərəfindən
verilən tapşırığa görə, onlar özləri
özlərini saxlamalı, kommersiya qurumuna çevrilməlidir.
Bu şəbəkələr öz fəaliyyətlərini elə
qurmalıdır ki, həm öz xərclərini
qarşılaya, həm də investisiya fəaliyyəti həyata
keçirə bilsinlər. Bu, uzunmüddətli prosesdir.
Dövlət maliyyəsinə ümidli olan bir qurum artıq
özü-özünü saxlayan quruma çevriləcək
və rəqabət nəticəsində fəaliyyət
göstərməli olacaq. Ümid edirəm ki, bu qanunlar
qüvvəyə minəndən sonra bizim bazarda radikal dəyişikliklər
olacaq. Əsas elementlərdən biri budur ki, istehlakçı
şəbəkəyə qoşulmaq üçün texniki
şərt alır. O, müəyyən rüsum ödəyir
və şəbəkəyə qoşulur. Amma
paylayıcı şəbəkə bütün fəaliyyəti
dövründə istehlakçının həmin şəbəkədə
qalmağını təmin edir. Məsələn, bir nəfərin
bir neçə mənzili var, amma onların hamısında
yaşamır. Çünki o mənzillərə investisiya aləti
kimi baxır. Ancaq onların saxlanılması xərc tələb
edir. Buna görə də sabit tarif gündəmə gəlir.
Sabit tarifə görə, şəbəkədən istifadə
etsən də, etməsən də, müəyyən ödəniş
etməlisən. Dövlət qurumlarının heç biri
sabit tarif barəsində dəqiq və müfəssəl məlumat
verməyib. Hamı elə zənn edir ki, ayda bu qurumlara bir
istehlakçıdan 15-20 manat ödəniş gələcək.
İnsanların buna reaksiyasını normal hesab etmək
lazımdır".
İlham Şabanın söylədiyinə görə,
dünyada bu təcrübədən 50 ildən çoxdur ki,
istifadə olunur: "Bu təcrübə ilk olaraq
dünyanın inkişaf etmiş ölkələrində tətbiq
edilib. İndi isə əksər ölkədə var. Bizdən
bir neçə il əvvəl postsovet ölkələrində,
Baltikyanı ölkələrdə bu təcrübə tətbiq
edilib. Hətta Mərkəzi Asiya regionunda da bu təcrübə
var. Özbəkistan və Qırğızıstanda,
Qazaxıstanın dörd əyalətində sabit tarif təcrübəsi
mövcuddur. Bu ölkələrdə tariflər Azərbaycan
manatı ilə 0,70-1 manat arasında dəyişir. Bir
çox ölkədə bunu sayğac tarifi
adlandırırlar. İngiltərədə elektrik üzrə
illik stabil ödəniş 300 funt-sterlinqdir. Kanada və
ABŞ-də bu ödəniş ştatlardan asılı
olaraq, hər ay 20-25 ABŞ dolları arasında dəyişir.
Yeni Zelandiyada bu ödənişləri günlük hesabla
hesablayıb ayın sonunda istehlakçıya göndərirlər.
Çünki bir ayda gün sayları fərqli olur. Bunu elə
şəffaf formada ediblər ki, istehlakçı
özünün aldadıldığını
düşünməsin. Bizdə də qiymətlər təqribən
bu həddə olmalıdır".
Nəticə olaraq, sabit tarif modeli Azərbaycanda enerji
siyasətində yeni dövrün başlanğıcı kimi
qiymətləndirilə bilər. Amma bu modelin uğurlu tətbiqi
yalnız qanuni bazanın yaradılması ilə deyil, həm
də əhalinin maarifləndirilməsi, şəffaflıq və
xidmət səviyyəsinin yüksəldilməsi ilə
mümkün olacaq. Dövlət, vətəndaş və
enerji təchizatçıları arasında
qarşılıqlı etimad və şəffaflıq bu məsələdə
ən mühüm şərtlərdir.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 21 iyun (№106).- S.9.