Azərbaycan Ordusu
güclü ordular sırasında
1993-cü ildə Ümummilli lider Heydər Əliyev
xalqın tələbi ilə hakimiyyətə
qayıtdıqdan sonra ordu quruculuğu istiqamətində
mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də
Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs
haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun
formalaşması daha da sürətləndi. Həyata
keçirilən uğurlu siyasət nəticəsində
Silahlı Qüvvələrin maddi-texniki təminatının
yaxşılaşdırılmasına, şəxsi heyətin
mənəvi-psixoloji hazırlığının
artırılmasına və döyüş ruhunun yüksəldilməsinə
xüsusi diqqət ayrıldı.
Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il
tarixli fərmanına əsasən, Əlahiddə Azərbaycan
Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan
Respublikasının Silahlı Qüvvələr Günü
elan olundu və hər il bu tarix rəsmi dövlət
bayramı kimi qeyd edilir.
Görkəmli siyasi xadim Heydər Əliyev hərbi təhsil
sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə
1999-cu il fevralın 20-də Hərbi Akademiyanın
yaradılması haqqında fərman imzaladı. Ümummilli
lider 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı
Qüvvələr üçün kadr hazırlığının
təkmilləşdirilməsi məqsədilə Müdafiə
Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər
müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan
Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali
Hərbi Təyyarəçilik Məktəbi
adlandırıldı.
Müstəqillik illərində ordu quruculuğu
prioritet istiqamət oldu. Azərbaycan NATO ilə əməkdaşlıq
əlaqələri qurdu. 1990-cı illərin ortalarından
başlayaraq, Azərbaycanın NATO ilə sıx və səmərəli
əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə,
Silahlı Qüvvələrimizin modernləşdirilməsinə,
müasir standartlara uyğunlaşdırılmasına səbəb
oldu. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində
Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə
qazanan, öz standartlarını NATO standartlarına
uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya
çevrildi.
Prezident cənab İlham Əliyev tərəfindən
Silahlı Qüvvələrin maddi-texniki təchizatının
yenilənməsinə, müasir infrastrukturun
yaradılmasına, hərbi qulluqçuların sosial
müdafiəsinə, mənzil təminatının
yaxşılaşdırılmasına, həmçinin
müdafiə sənayesinin inkişaf etdirilməsinə hər
zaman xüsusi diqqət yetirilir. Azərbaycanda son illərdə
formalaşan və dinamik inkişaf edən hərbi sənaye
hesabına müxtəlif növ hərbi texnika, zirehli
maşınlar, pilotsuz uçuş aparatları, atıcı
silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal
etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli
dərəcədə təchiz edə bilir. Silahlı qüvvələrin
modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət
siyasətinin strateji isiqamətlərindəndir. Ölkəmizin
son illərdə dinamik inkişafı silahlı qüvvələrin
büdcəsinin artması və nəticə etibarilə
ordumuzun güclənməsi ilə müşayiət
olunması Prezidentin ordu quruculuğu ilə əlaqədar
öz vədinə sadiq olduğunu təsdiq edir.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan
Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi
Dəniz və Quru qoşunlarından ibarətdir.
Sözügedən qoşun növləri potensial rəqiblə
qırıcı və bombardmançı təyyarələrlə
effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində
Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə
malik ən güclü ölkələrdən sayılır.
Buna müvafiq olaraq büdcə vəsaiti ildən-ilə
artırılan Azərbaycan Silahlı Qüvvələrinin
imkanları da genişlənir.
Azərbaycan Ordusunun dünyanın ən güclü
50 ordusu sırasında olması həm də belə gərəkli
və vaxtında aparılan islahatlarla bağlıdır.
Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin
standartlarına uyğunlaşdırılması istiqamətində
həyata keçirilən tədbirlər çərçivəsində
hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi
məqsədilə Milli Müdafiə Universiteti
yaradılıb. Milli Müdafiə Universitetinin başlıca
vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi
təhsilin bütün səviyyələri və əlavə
təhsil proqramları üzrə ixtisaslı kadrlar
hazırlamaqdır.
Azərbaycanın ərazi
bütövlüyünün pozulması ilə nəticələnən
Ermənistanın işğalçı siyasətinin
dünyada tanıdılması istiqamətində uğurlu
diplomatik iş aparan Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
ordumuz 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı
ilə başlayan 44 günlük Vətən müharibəsində
düşmən üzərində qələbə
çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin
şücaəti, rəşadəti hesabına, şəhidlərimizin
qanı-canı bahasına bütün dünya Azərbaycanın
şanlı qələbəsinin şahidi oldu. Azərbaycan
Ordusu döyüş meydanında özünün üstünlüyünü
sübut etdi. Düşmənin kapitulyasiyası ordumuzun
gücü hesabına əldə olunmuş nəticədir.
Bu gün Azərbaycan Ordusunun gücünün beynəlxalq
ictimaiyyət tərəfindən etiraf edilməsi
qürurvericidir. Vətən müharibəsi zamanı istifadə
olunan döyüş taktikası dünya hərb tarixində
yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin
dərsliklərinə salınaraq öyrənilir.
İlham Qayıbzadə,
Veteranlar və Şəhid Ailələri İctimai
Birliyinin Binəqədi rayon filialının sədri,
2-ci qrup Qarabağ müharibəsi əlili
525-ci qəzet .- 2025.- 21 iyun (№106).- S.8.