Azərbaycan və
Türkiyə qardaşlığının daha bir nümunəsi
2023-cü il fevralın 6-da qardaş Türkiyədə
baş vermiş dəhşətli zəlzələ 50 mindən
çox insanın həyatına son qoydu, yüz mindən
artıq insan xəsarət aldı. Dəhşətli zəlzələ
böyükmiqyaslı dağıntılara səbəb oldu.
Azərbaycan dövləti və xalqı ilk gündən
qardaş ölkənin yanında oldu və əlindən gələn
bütün köməyi, dəstəyi göstərdi. Fəlakətin
ilk günlərindən qardaş ölkəyə kömək
üçün Prezident İlham Əliyevin
tapşırığı ilə bütün imkanlar səfərbər
edildi. Axtarış-xilasetmə işlərində iştirak
etməklə yanaşı, ölkəmizin həm dövlət
qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının
səyləri digər istiqamətlərə yönəldildi.
Dövlət başçısının digər bir
mühüm tapşırığına əsasən, Azərbaycanın
qardaş ölkəyə uzunmüddətli dəstəyi
üçün Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin
inşasına start verildi. Qısa müddət ərzində
bu məhəllə hazır oldu və iyunun 19-da Türkiyənin
Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin
açılış mərasimi keçirildi. Bu məhəllə
Azərbaycan-Türkiyə qardaşlığının,
dostluğunun daha bir nümunəsi oldu.
Qeyd edək ki, tikinti işləri Azərbaycanın Mənzil
İnşaatı Dövlət Agentliyi tərəfindən həyata
keçirilib. Ərazisi 27,6 hektar olan məhəllədə
1194 mənzildən ibarət 68 yaşayış binası,
Heydər Əliyev adına ibtidai məktəb, uşaq
bağçası, mədəniyyət mərkəzi və
digər sosial obyektlər inşa olunub. Həmçinin burada
məskunlaşacaq ailələr üçün 1595 ticarət
obyekti də yaradılacaq.
Prezidet İlham Əliyev açılış mərasimindəki
nitqində Azərbaycan xalqının bu faciəni öz faciəsi
kimi qəbul etdiyini, ilk gündən on minlərlə azərbaycanlının
Bakıda, ölkəmizin müxtəlif şəhərlərində
insani yardım göstərmək üçün məntəqələrə
gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə
başladığını söyləyib: "Zəlzələdən
dərhal sonra əziz qardaşımın, hörmətli
Cümhurbaşqanının liderliyi ilə
axtarış-xilasetmə işləri başlamış,
ondan sonra yenidənqurma və inşaat işlərinə start
verilmişdir. Qısa müddət ərzində on minlərlə
insan yeni mənzillərlə təmin edildi. Bu, bir daha Rəcəb
Tayyib Ərdoğanın öz xalqına
bağlılığını, sevgisini və güclü
iradəsini göstərən amildir. Eyni zamanda, bu,
güclü Türkiyənin təzahürüdür.
Çünki ancaq güclü dövlət qısa müddətdə
bu qədər böyük yenidənqurma və inşaat
işləri görə bilər. Azərbaycan dərhal mindən
çox heyəti, o cümlədən axtarış-xilasetmə
üzvlərini, könüllüləri, həkimləri
Türkiyənin zəlzələ bölgələrinə
göndərmiş və dərhal işə
başlamışdır. Azərbaycan heyətləri tərəfindən
53 insan dağıntılar altından sağ
çıxarılmış, bizim qurduğumuz iki səhra
hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi
yardım göstərmişdir".
Dövlət başçısı deyib ki, Azərbaycan
hər zaman Türkiyənin yanında olub: "Türkiyə
də hər zaman Azərbaycanın yanında olub və bu
gün "Azərbaycan" məhəlləsinin
açılışında əziz qardaşımla birlikdə
iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür".
Prezident Ərdoğan isə "Azərbaycan" məhəlləsinin
açılması ilə "Bir millət, iki dövlət"
şüarının həyata keçməsinə bir daha
şahidlik etdiyimizi söyləyib: "Çünki biz eyni
bayrağın kölgəsində dua edən, eyni səccadədə
göz yaşı tökən, eyni istiqlal üçün
qurban verən bir millətin, iki dövlətin tək ürək
daşıyan övladlarıyıq. "Ayrılarmı
könül candan, Türkiyə Azərbaycandan", - deyən
şairlərin sözlərə hərfbəhərf nəqş
etdiyi qardaşlığımızın nə məna
daşıdığını bu gün bütün
dünyaya yenidən göstəririk. Rəbbim
aramızdakı bu sarsılmaz həmrəyliyi, bu məhəbbəti
daimi etsin".
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
(BMTM) İdarə Heyətinin üzvü Cavid Vəliyev
mövzu ilə bağlı "525"ə deyib ki, Türkiyədə
baş vermiş zəlzələ nəticəsində minlərlə
insan həyatını itirdi. Türkiyə çox çətin
bir dövrə daxil oldu, amma dövlət olaraq bu çətinliyin
içindən çıxmağı bacardı: "Həmin
dövrdə Azərbaycan həm dövlət, həm xalq, həm
ictimaiyyət səviyyəsində qardaşlarının
köməyinə çatmaq üçün əlindən gələni
etdi. Mən bir anlığa onları gözümün
qarşısında canlandıranda, 44 günlük Vətən
müharibəsini xatırladım. Vətən müharibəsində
Azərbaycan xalqı cəbhədə əsgərimizə,
ordumuza dəstək vermək üçün necə təşkilatlanmışdırsa,
Türkiyədə baş verən zəlzələ zamanı
elə idi. Bu, təbii bir təşkilatlanma idi. Heç kimə,
heç nə deyilmədi, kimin nəyə gücü
çatırdısa, onu etməyə
çalışırdı. Bu, əslində onu göstərir
ki, Azərbaycan xalqı milli məsələsi olaraq
gördüyü torpaqlarının azad edilməsinə necə
can atırdısa, Türkiyənin məsələsini də
öz məsələsi olaraq görür. Bunu baş verən
hadisələr sübut edir. Eyni hal Türkiyədə də
var. Türkiyə Azərbaycanı öz milli məsələsi
olaraq görür".
C.Vəliyev əlavə edib ki, ümumiyyətlə,
Azərbaycan-Türkiyə münasibətlərinin bir sıra
təməl sütunları var. Bunlar zamanla yerini dəyişə
bilir, hansısa birinci, hansısa üçüncü ola
bilir. Yəni zamanla yerlərini dəyişsələr də,
bir-birindən ayrılmayacaq təməl sütunlardır.
Onun sözlərinə görə, bunun birincisi
tarixdir: "Bura mədəniyyəti də, ortaq dili də
daxil edə bilərik, lakin düşünürəm ki, burda
əsas məsələlərdən biri bizim siyasi tariximizin,
siyasi keçmişimizin eyni ideoloji mənbədən bəslənməsidir.
İkincisi, xalqlarımız arasında münasibətlərdir.
Türkiyədə Azərbaycan sadəcə hakimiyyət
üçün yox, türk xalqı üçün də
bir milli məsələdir. Eləcə də Azərbaycanda
da Türkiyə.
Üçüncüsü, hər iki dövlətin
regionda olan siyasi maraqlarıdır. Bəli, biz bu gün deyirik
"Bir millət, iki dövlət"ik, mənəviyyat
çox böyük rol oynayır, amma siyasi maraqların
üst-üstə düşməsinin çox böyük
rolu var və liderlər arasındakı münasibətlər
olduqca vacib aspektdir. Bu gün cənab Prezidentlə Türkiyə
lideri arasında olan dostluq münasibətləri bəzən
çox daha əhəmiyyətli rol oynayır. Əgər
onların arasında dostluq münasibətləri olmasaydı,
qeyd etdiyim üç məqamı bir anda xarici qüvvələr
dağıda bilərlər. Onu da deyim ki, dağıtmaq istəyənlər
də var və onlar kifayət qədərdir. Bu mənada Azərbaycan
Türkiyə münasibətlərinə baxanda biz
görürük ki, belə ağır, çətin məqamlarda
da bir-birimizə daha çox yaxınlaşırıq.
Türkiyədə zəlzələ olan zaman ilk köməyə
çatan Azərbaycan oldu. Başqa dövlətlər də
getdilər, ancaq çox qısa müddət sonra geri çəkildilər.
İkincisi, Türkiyənin yaralarını sarımaq
üçün davamlı dəstək göstərilmədi.
Amma Azərbaycan orda bir Azərbaycan tikdi. Bu, mənəvi
olaraq belədir. Artıq Türkiyənin içində
kiçik bir Azərbaycan var. Bu, Kahramanmaraşdadır.
Türkiyənin hər şəhərində, hər qəsəbəsində
ya Azərbaycan küçəsi, ya Heydər Əliyev
parkı, ya Xocalı küçəsi var. Yəni Azərbaycanı
xatırladan bir şey var. Türkiyənin içində bir
Azərbaycan tikildi və bundan sonrakı dövrdə bunlar
bizim müttəfiqliyimizi möhkəmləndirən məqamlardır".
Onun sözlərinə görə, Türkiyə və
Azərbaycan arasında bir çox məsələlər var
ki, onlar şüar olmaqdan çox irəli gedib: "Biz
artıq bir ordudan, tək xarici siyasətdən bəhs edirik,
vahid nəqliyyat siyasətindən danışırıq.
Bunlar hamısı Azərbaycan-Türkiyə münasibətlərini
təcəssüm etdirir. Bu kimi mənəvi hadislərin
çox mühüm rolu var. Son 34-35 ili analiz edəndə
qarşıya belə bir mənzərə çıxır
ki, sovet ittifaqı dağıldıqdan sonra Cənubi Qafqazda
bir boşluq yarandı. Bu zaman Cənubi Qafqazda siyasəti olan
hər böyük dövlətin özünəməxsus
yanaşması var idi. Kimsə Azərbaycan ərazilərini
işğal etmək üçün Ermənistanı dəstəklədi,
kimsə Azərbaycanı parçalamaq istədi, kimsə
Gürcüstanı parçalamaq istədi, kimsə bölgədə
digər dövlətlərin buranı işğal etməsi
üçün dəstəklədi. Amma Azərbaycan və
Türkiyə əməkdaşlığı o dövrdən
də tam fərqli bir ab-hava yaratmağa
çalışdı. Bu regional əməkdaşlığı,
regionun rifahına, sabitliyinə, inkişafına xidmət etmək,
onun qarşıdurma məkanı deyil, bir əməkdaşlıq
məkanı halına gətirməyi təcəssüm
etdirir. Bu gün də cənab Prezidentin xarici siyasətinin əsasını
bu təşkil edir. Biz iki ölkə olaraq ilk növbədə
Bakı-Tbilisi-Ceyhan layihəsini həyata keçirdik. Bu layihə
asan başa gəlmədi, bu layihə regiondakı vəziyyəti
tamamilə kökündən dəyişdi. İkincisi, təbii
qaz xətti - Bakı-Tbilisi-Ərzurum, bu gün şimal
axının əsasını təşkil edən qaz xətti
idi. Bakı-Tbilisi-Qars dəmir yolu - əgər bu olmasaydı,
biz Orta Dəhlizdən danışmayacaqdıq. Bu layihəni həyata
keçirmək üçün bizə maliyyə dəstəyi
verilmədi, bankların kredit verməsinə qadağa qoyuldu,
siyasi təzyiqlər artdı ki, Ermənistandan keçməsə,
bu layihə reallaşdırıla bilməyəcək. Amma biz
bunu da bacardıq. Bir çox
dövlətlərin buranı qarşıdurma mərkəzi
halına gətirməyə çalışdığı
zaman Azərbaycan və Türkiyə regionu əməkdaşlıq
platforması halına gətirməyi bacardı".
Pərvanə
525-ci qəzet .- 2025.- 21 iyun (№106).- S.5.