Naxçıvan və İrəvanda
dini-ruhani mühit: çar hökumətinin məkrli siyasəti
fonunda
4-cü yazı
İrəvan quberniyası İdarə Heyətinin
Ordubad şəhər sakini Molla Mir Yəhya Mir Məmməd
oğlu Səməndərzadənin Ordubad qəza
qazısı vəzifəsinin ona verilməsinə dair
xahişnaməsinə baxması 1904-cü il dekabr
ayının 3-dən 1905-ci ilin iyul ayının 13-dək
davam edib (Naxçıvan MR Dövlət Arxivi, f. 23, s.1,
iş 1976, v.2-6). İş materiallarına əsasən, onun
İrəvan qubernatoruna ünvanladığı 28 noyabr
1904-cü il tarixli xahişnaməsində yazılıb:
"Siz Zati-alilərinə bildirməyi özümə şərəf
sayıram ki, yerli qazı Hacı Mir Həşim Ağa Mir
Qasımzadə bu ayın 23-də vəfat etdiyindən Ordubad
sahəsi üzrə qazı vəzifəsində xidmət etməyi
arzulayıram. Yuxarıda qeyd olunanlara əsasən özümə
şərəf bilirəm ki, Sizdən Zati-alilərindən mənim
Ordubad sahəsi üzrə qazı vəzifəsinə təyin
olunmağıma dair sərəncam verməyinizi acizanə
xahiş edim.
Bununla yanaşı, Siz Zati-alilərinə bildirməyi
uyğun görürəm ki, mən artıq 1891-ci ildə
İrəvan Ruhani Quberniya Məclisində öz tərbiyəmlə
bağlı imtahandan keçmişəm. Ehtiyac olduqda tələb
edilərsə, lazımi sənədləri təqdim edə
bilərəm..."
Molla Mir Yəhya Mir Məmməd oğlu Səməndərzadənin
16 dekabr 1904-cü il tarixli ikinci xahişnaməsində isə
bildirilib: "...Siz Zati-alilərinə özüm
üçün mənə aid olan 1891-ci il tarixli, 388 nömrəli
şəhadətnamənin təsdiq olunmuş nüsxəsini
göndərməyi vacib bilirəm. Mənim səy göstərdiyim
xidmətə aid olan digər sənədləri isə İrəvanın
xalq təhsil müəssisələrinin direktorundan aldıqda
Sizə təqdim edəcəyəm".
O dövrdə verilmiş şəhadətnamədə
nələrin yazılmasının maraq
doğuracağını nəzərə alıb Molla Mir Yəhya
Mir Məmməd oğlu Səməndərzadəyə
verilmiş şəhadətnamədəki məlumatları təqdim
edirik:
"...Müsəlman Ruhaniliyinə daxil olması
qaydaları barədə Təlimatın 12-ci bəndinə əsasən
İrəvan Şiə Quberniya Məclisi cari ilin 11 fevral
tarixində... Ordubad şəhər sakini Molla Mir Yəhya
Seyid Məmməd oğluna məhəllə mollası
adının verilməsinə dair imtahan protokoluna
baxmışdır. Molla Mir Yəhya Seyid Məmməd oğlu
Zaqafqaziya Şiə Ruhani İdarə Heyəti tərəfindən
məhəllə mollası adının daşınmasına
layiq görülmüş və bunun təsdiqi kimi ona
İdarə Heyətinin sədri və üzvləri tərəfindən
imzalanmış və möhürlə möhürlənmiş
şəhadətnamə verilmişdir.
Zaqafqaziya Şiə Ruhani İdarə Heyətinin sədri:
Şeyxülislam-Axund M.Q.Tahirov, üzvlər: Talıbzadə,
Axund M.Q., Mövlazadə, katib: Ş.Kostin".
İşin nəticəsinə gəldikdə, bu barədə
İrəvan Quberniya Məclisinin sədri Axund Qazızadə
və digər üzvlər tərəfindən imzalanıb 15
yanvar 1905-ci il tarixdə İrəvan şəhərindən
vitse-qubernatora ünvanlanmış cavab məktubunda deyilir:
"Ordubad şəhər sakini Molla Mir Yəhya Mir Məmməd
oğlunun Ordubad sahə qazısı vəzifəsinə təyin
olunması barədə İrəvan Quberniya Məclisinin
İdarə Heyətinə 31 dekabr 1904-cü il tarixli, 6119
nömrəli imza ilə göndərilən xahişnaməsi
(xahişnamənin tarixi ilə uyğun gəlmir - Y.X.)
qaytarılmaqla Quberniya Məclisi
çatdırılmasını şərəf bilir ki,
adı çəkilən şəxs məhəllə
mollası adının daşınması barədə
attestatı olsa belə, o, məhəllə mollası kimi
görünməmişdir ("görünməmişdir"
sözü ilə nə deyilməyə
çalışıldığı anlaşılmır -
Y.X.). Məclis onun xahiş etdiyi Ordubad qazısı vəzifəsinə
təyin olunmasını uyğun olmadığını hesab
edir".
Naxçıvanda 1892-ci illərdə vəba xəstəliyinin
yayılması barədə də müəyyən məlumatlar
əldə etməyə imkan verən İrəvan
quberniyası İdarə Heyətinin 1905-ci ilin aprel
ayının 26-da başlayıb həmin ilin iyul ayının
13-də qurtaran başqa bir işi də maraq doğurur
(Naxçıvan MR Dövlət Arxivi, f. 23, s.1, iş 2394,
v.1-4). İş Naxçıvan şəhəri
"Əlixanlı" baş məscidinin məhəllə
mollası Molla Əli Hüseynzadənin ona Naxçıvan qəza
qazısı vəzifəsinin verilməsi barədədir.
Qubernator Tuzenqauzen və vitse-qubernator Taranovski tərəfindən
(müşavir Ter-Saakov və kargüzar Balyasnıy) Müsəlman
Ruhani Məclisinə ünvanlanan müraciətdə deyilir:
"Naxçıvan şəhər məhəllə
molları Şeyx-Əbdül Kərim Axundzadənin və
Molla Əli Hüseynzadənin onlara Naxçıvan qəza
qazısı vəzifəsinin verilməsi ilə bağlı
məlumat vərəqələri Sizə göndərilməklə
geri qaytarmaq şərti ilə öz rəyinizi təqdim etməyə
göstəriş verirəm".
Bu müraciətdən aydın olur ki,
Naxçıvan qəza qazısı vəzifəsinə təyin
olunmaq üçün iki molla namizəd olmuşdu. Lakin
iş materiallarında Şeyx-Əbdül Kərim Axundzadə
haqqında məlumatlar yoxdur.
Molla Əli Hüseynzadənin 22 aprel 1905-ci il tarixdə
qubernatora ünvanlamış olduğu xahişnaməsinin mətni
isə belədir:
"Zati-aliləri İrəvan qubernatoru cənablarına.
Nöqsansız olaraq 22 ildən artıq xidmət edərkən
mən üzərimə qoyulan vəzifələri səliqəli
icra etmişəm. 1889-cu ildə Naxçıvan
"Əlixanlı" məscidinin məhəllə
mollası olduğum zaman mənim üzərimə dörd
şəhər məhəlləsinin idarə edilməsi
qoyulmuşdur. Bu, Zaqafqaziya Şiə Ruhani İdarəsinin 3
oktyabr 1889-cu il tarixli, 456 nömrəli göstərişinə
əsasən verilmiş İrəvan Quberniya Məclisinin 8
oktyabr 1889-cu il tarixli 544 nömrəli göstərişindən
görünür. "Cümə" baş məscidinin məhəllə
mollası vəzifəsinə isə mən Siz Zati-alilərinin
canişininin 22 avqust 1890-cı ilin 5161 nömrəli göstərişinə
əsasən təyin olunmuşam. 1892-ci ildə vəba xəstəliyi
zamanı sabiq yerli qazı vəfat etdikdə mən sabiq qəza
rəisi Slavoçinskinin təklifinə əsasən
bütün məhəllələr üzrə vəba xəstəliyindən
vəfat etmiş müsəlmanların dəfn edilməsi ilə
bağlı bütün dini tələbləri yerinə
yetirmişəm (bir gündə 20-30 nəfər
ölürdü). Bu çətin vaxtlarda mənim xidmətlərim
barədə polkovnik Slavoçinski şəxsən
general-leytenant Freze qarşısında sonuncu Naxçıvan
şəhərində olarkən bildirmiş, buna görə
də mən Zati-alilərinin şəxsi təşəkkürünün
alınmasına layiq görülmüş, bundan başqa, qəza
rəisinin təqdimatı əsasında mənə vəba xəstəliyi
yayılan dövrdə göstərdiyim işə görə
mükafat qismində yerli qazının aldığı məvacibindən
əmələ gəlmiş qalıqdan 90 rubl verilmişdir
(qazının ölümündən yerli qazının təyin
olunması gününədək).
Yuxarıda göstərilənləri Sizə Zati-alilərinə
məruzə edərək mənim uzun müddət
qüsursuz xidmətimi nəzərə alaraq 21 aprel tarixində
vəfat etmiş Naxçıvan qazısının
ölümü ilə açılmış
Naxçıvan qəza qazısı vakant vəzifəsinə
təyin olunmağımı acizanə xahiş etməyi şərəf
bilirəm".
Həmin il Naxçıvan qəza rəisinə
verilmiş 2637 nömrəli cavab isə belə olmuşdur:
"Naxçıvan qəza rəisinə təklif edirəm
ki, Naxçıvan şəhər baş məscidi mollası
molla Əli Hüseynzadəyə elan edəsiniz ki, onun
Naxçıvan qəza qazısı vəzifəsinə təyin
edilməsi barədə vəsatəti təmin edilə bilməz".
Təəssüf ki, onun təyin
olunmamağının səbəbinə dair arxiv
materiallarına başqa heç bir sənədə rast gəlmədik.
Naxçıvan MR Dövlət Arxivində
saxlanılan İrəvan quberniyasının İdarə Heyətinin
qazıların təyin edilməsi ilə bağlı bir
iş 1906-cı ilin may ayında başlayıb həmin ilin
iyun ayının 28-də qurtaran Keştaz məhəllə
mollası Hacı Şeyx Əbdül Həmid Molla
Tağızadənin ona Şərur-Dərələyəz qəza
qazısı vəzifəsinə verilməsi ilə əlaqədar
toplanmış sənədlər haqqındadır
(Naxçıvan MR Dövlət Arxivi, f. 24, s.1, iş 2320,
v.1-8). İş materiallarında onun İrəvan qubernatoruna
ünvanladığı 29 aprel 1906-cı il tarixli xahişnaməsində
yazılmışdır:
"Zati-aliləri, İrəvan qubernatoru cənablarına.
Şərur-Dərələyəz qəza
qazısının İrəvan kişilər gimnaziyasına
göndərilməsi ilə əlaqədar həmin yer vakant
olaraq qalır. Ona görə də Sizdən Zati-alilərinizdən
mənim Şərur-Dərələyəz qəza
qazısı vəzifəsinə təyin edilməyimi acizanə
xahiş etməyi şərəf bilirəm. Yerli Polis İdarəsinin
barəmdə olan rəyləri və sənədlər
1903-cü ildən Sizin dəftərxanada
saxlanılır".
Vitse-qubernator tərəfindən İrəvan Quberniya
Məclisinə ünvanlanmış 10 may 1906-cı il tarixli,
2325 nömrəli müraciətdə deyilir: "Şərur-Dərələyəz
qəzasının Keştaz məhəllə mollası,
Ərəb-Zeycə kənd sakini Hacı Şeyx Əbdül
Həmid Molla Tağızadənin ona Şərur-Dərələyəz
qəza qazısı vəzifəsinin verilməsinə dair
xahişnaməsini Sizə göndərməklə Qubernatorun əmrinə
əsasən Quberniya İdarə Heyəti həmin xahişnaməni
geri qaytarmaqla Məclis tərəfindən həmin vəsatətin
təmin edilməsi ilə bağlı maneənin və
"Axund" adının olub-olmaması ilə bağlı
məlumat verilməsinə göstəriş verir".
Həmin göstərişə İrəvan Quberniya
İdarə Heyəti 26 may 1906-cı il tarixdə belə cavab
verir: "Geri qaytarılmaqla Quberniya Məclisi özünə
çatdırılmasını şərəf bilir ki,
adı qeyd edilmiş Hacı Şeyx Əbdül Həmidin vəsatətinin
təmin edilməsi üçün heç bir maneə və
həmin şəxsdə "Axund" adına dair şəhadətnamə
yoxdur".
Təəccüb doğuran hal odur ki, əgər qəza
qazısı olmaq üçün "Axund" adının
olması şərt idisə, görəsən, Quberniya
İdarə Heyəti nə üçün bu ada dair şəhadətnaməsisiz
birinin qazı olmaq vəsatətinin təmin edilməsinə
maneə olmamasını bildirmişdi?
Qubernator bundan təxminən 10 gün sonra, daha dəqiq
desək, 6 iyun 1906-cı il tarixdə 133 nömrəli cavab məktubu
ilə Şərur-Dərələyəz qəzasının
qazı vəzifəsinin icra edilməsini müvəqqəti
olaraq həmin qəzanın Keştaz məhəllə
mollası, Ərəb-Zeyçə kənd sakini Hacı
Şeyx Əbdül Həmid Molla Tağı oğluna həvalə
edilməsini, bu barədə məlumat üçün və
müvafiq sərəncam verilməsi məqsədilə
Quberniya Məclisinə bildirmişdir.
Şərur-Dərələyəz qəza rəisinin
İrəvan Quberniya İdarə Heyətinə Baş
Noraşen kəndindən 9 iyun 1906-cı il tarixli, 1762 nömrəli
sorğu ünvanlanır ki, "Cənab İrəvan
quberniyasının 6 iyun 2707 nömrəli göstərişinə
əsasən Quberniya İdarə Heyətindən xahiş edirəm
mənə bildirilsin ki, hansı tarixdən Şərur-Dərələyəz
qəza qazısının vəzifəsinin icra edilməsi həvalə
edilmiş Hacı Şeyx Əbdül Həmid Molla
Tağı oğlunun təminatı təmin
olunmalıdırmı?"
Quberniya İdarə Heyətindən isə sorğuya
28 iyun 1906-cı il tarixli, 3116 nömrəli cavab belə olub:
"Quberniya İdarə Heyəti Sizə bildirir ki, Şərur-Dərələyəz
qəza qazısı vəzifəsinin müvəqqəti
icrana buraxılmış Hacı Şeyx Əbdül Həmid
Molla Tağı oğlunun qeyd olunan vəzifənin yerinə
yetirilməsinə faktiki başladığı gündən
təminatı təmin edilməlidir".
Yunis XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri
kafedrasının baş müəllimi,
Hüquqşünas
525-ci qəzet .- 2025.-22 iyun(№107).- S.15.