Rəvayətlərə
və tarixi gerçəklərə bələnmiş
"Vartaşen" toponimi
Toponim təbii və ya insan tərəfindən
yaradılan obyektlərin xüsusi adıdır. Onlar aid
olduğu yerin keçmişini, orada baş vermiş tarixi
hadisələri, xalqın tarixini, etnik qrupların tərkibini,
etnogenizini, təfəkkürünü, məşğuliyyətini,
dilini, dini inanclarını, mədəniyyətini və s. əks
etdirir. Bir sözlə, toponimlər tariximizdir. Onların
öyrənilməsi yalnız tarixçi,
coğrafiyaçı və dilşünaslar
üçün deyil, həm də hər bir insan
üçün faydalıdır. Toponimlərin tədqiq
olunması əhəmiyyətli olduğu qədər də
maraqlıdır. "Vartaşen"də belə maraqlı
toponimlərdəndir.
"Vartaşen" 1991-ci ilədək Azərbaycan
Respublikasının hazırkı Oğuz rayonunun və onun mərkəzi
olan Oğuz şəhərinin adı idi. Vartaşenin
adının keçdiyi, hələlik, əldə olan yeganə
mənbə 1720-ci ildə bir qrup kəndxuda və keşiş
tərəfindən Səfəvi şahı Hüseynə
yazılmış məktubdur (Məktubda "Vartaşen kəndxudası
Uluxan..." ifadəsi yer almışdı).
Bəri başdan deyək ki, bu toponim haqqında bir
sıra versiyalar var, fərqli mülahizələr söylənilmiş
və söylənilməkdədir.
Həmin versiyaların və mülahizələrin bir
qismində ehtimallara, əfsanə və rəvayətlərə,
bir qismində isə real tarixi gerçəkliklərə
istinad olunur. Ümumiyyətlə, burada aləm bir-birinə
qarışmışdır.
Məsələn, bir mülahizədə iddia olunur
ki, "Varta" yağış ilahələrinin birinin adı
olub. Toponim də həmin ilahənin adı ilə
"şen" sözünün birləşməsi əsasında
formalaşıb.
Başqa bir mülahizədə isə belə ehtimal
olunur ki, Vartaşen sözünün əsli
"Ar+taş" olub. "Ar" ("ər") türkcə
igid, mərd mənasını verir. "Taş" isə
türk dillərində (t>d əvəzləməsini nəzərə
alsaq) "daş" deməkdir. Deməli, "Artaş"
daş kimi, möhkəm insan mənasını verir. Kənd
də Artaş tərəfindən salındığı
üçün Artaşın (burada -ın yiyəlik hal
şəkilçisidir. Yəni "Artaşın kəndi"
mənasındadır) adlanmışdır. Sonralar
sözün əvvəlinə "v" əlavə
olmuşdur. Filologiya üzrə fəlsəfə doktoru
Ə.Ələkbərli və E.Qaraqoyunlu "Türk mənşəli
erməni soyadları" əsərində (səh:452,
Bakı, "Qaya"-2016) yazırlar ki, "...saitlə
başlanan sözlərin əvvəlinə "v"
samitinin əlavə olunması bulqar dilinə də xas bir əlamət
olmuşdur və Azərbaycanda bulqar türklərinin məskunlaşması
ilə əlaqədar buradakı toponimlərdə də belə
dil hadisələrinə tez-tez rast gəlinir. Məsələn:
Eti//Veti//Vedi. Keçmiş Vartaşen rayonunun adı da bu
yolla düzəlmiş ola bilər".
"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti"ndə
isə (II cild, səh:142, 2007-ci il) göstərilir ki,
"Vartaşen" toponimi fars dilindəki "varde" (qala,
qüllə) və "şen" (kənd, məskən)
sözlərindən ibarət olub (-a birləşdirici
saitdir), "qala kəndi" mənasını verir.
Yaxınlıqda qədim qalanın (Vartaşen, yaxud Oğuz
qalası) olması da bu ehtimalı doğruldur.
Digərlərinə görə, toponim hind-İran mənşəli
"vard" (gül) və türk mənşəli
"şen" (kənd) sözlərindən yaranmış,
"güllər kəndi" deməkdır. Vartaşen
ikisinifli məktəbin müəllimi, udi əsilli M.Bejanov da
1892-ci ildə Tiflisdə "Qafqazın yaşayış məntəqələrinin
və tayfalarının təsviri materiallar toplusu"nun
14-cü buraxılışında çap etdirdiyi
"Vartaşen kəndi və onun sakinləri haqqında
qısa məlumat" adlı məqaləsində
"Vartaşen" toponimi ilə əlaqədar həmin fikri
təsdiqləyərək söyləyir ki, kəndin adı
"vard(is)" və "şen" sözlərindən əmələ
gəlmiş və buna uyğun olaraq "güllər kəndi"
mənasını verir. (O həmin yazıda kəndin cənubunda
çoxlu qızılgüllər bitdiyini də etiraf edir.) Bu
fikir "Azərbaycan Sovet Ensiklopediyası"nda (II cild, səh:
410, 1978-ci il) da təkrarlanır.
Bəzi araşdırmaçılar isə toponimin
adını Rusiya Elmlər Akademiyasının 2015-ci ildə
çap etdirdiyi "Albania Caucasica" kitabında adı
keçən "Vardud" ("Gülüstan") kəndinin
adı ilə əlaqələndirirlər. Həmin kəndin
VI-XV əsrlərdə indiki Oğuz şəhəri ərazisində
yerləşdiyini nəzərə alaraq Vartaşen toponiminin də
bu ad əsasında formalaşdığını bildirirlər.
Bu versiyanı ilk dəfə irəli sürənlərdən
"Oğuz Historical" həvəskar araşdırma layihəsinin
yaradıcısı S.Nəsibzadəyə görə,
"Vartaşen" sözü "Gülüstan"
sözünün birəbir tərcüməsidir.
Tarix üzrə fəlsəfə doktoru, dosent Taleh
V.Əliyev də "Qafqaz Albaniyasının Calut
monastırı" adlı məqaləsində göstərir
ki, "Calut monastırının həyətindəki məzarlardan
birinin üzərində 1475-ci ilə aid "Katolikos
Tovmanın qəbri" yazısı oxunmuşdur. Katolikos
Tovmanın adına bir də XV əsrə aid əlyazmada rast
gəlinir. 1466-cı ildə yazılmış 1478 №-li
"Yerusəlim əlyazması"nda Yakob adlı şəxs
tərəfindən belə yazılır: "həmçinin
Vardud adlanan Gülüstan kəndində zahid Baryoqun xahişi
ilə, Alban katolikosu Tovmanın hakimiyyəti dövründə".
Sözü gedən Gülüstan (Vardud) kəndinin indiki
Oğuz rayonunun mərkəzi olduğunu
düşünürük. Təsadüfi deyil ki, Sovetlər
dövründə Vartaşen adı ilə bilinən rayon mərkəzinin
adının orta əsrlərdə Vardud olması
mümkün idi. "Vard" isə "Güllük" və
ya "Gülüstan" mənasını ifadə
edir". Görünür, elə yuxarıda qeyd olunanlara
görə də 1991-ci ildə rayonun və şəhərin
adı dəyişdirilərkən təklif olunan adlardan biri də
"Gülüstan" olub.
Vartaşen toponimi Albaniyada Mehranilər sülaləsinin
əsasını qoyan, Girdiman dövlətini yaradan
Mehranın nəvəsi, Cavanşirin ulu babası, alban
knyazı Cəsur Vardanın adı ilə də əlaqələndirilir.
Vardan qədim alban şəxs adlarından olub.
M.Bejanovun yuxarıda adı göstərilən məqaləsində
də bu fikir təsdiq olunur. Orada göstərilir ki,
"Vartaşen" "Vartan kəndi" deməkdir,
çünki rəvayətə görə, onun əsasını
udi keşiş və şairi Vartan qoyub".
AYB-nin üzvü, şair-tədqiqatçı
Y.Rza(yev) özünün "Oğuzda "Avesta"nın
izləri" adlı əsərində (Mingəçevir-2010,
səh: 74) yazır: "Vartaşen" sözünün mənşəyinin
hind-İran, erməni mənşəyi ilə heç bir əlaqəsi
yoxdur... Vartaşen də türk-Azərbaycan mənşəli
sözdür. Bu toponim Vardan adlı şəxsin adından
yaranmışdır... Burada "d" "t"ya
çevrilmiş, "n" isə
düşmüşdür. Söz ilkin formada
"Vardanaşen" olmuş, sonralar "Vartaşenə"ə
çevrilmişdir". Belə ehtimal olunur ki,
"Vartaşen" ucada, ali məqamda duran ərənə,
od oğluna, Tanrı övladına məxsus yer mənasını
daşıyır. Yuxarıda adı şəkilən
"Türk mənşəli erməni soyadları" əsərində
(səh:452) də qeyd edilir ki, "-an şəkilçisinin
köməyilə yaranan art+an//artan sözü feili sifətdir.
"V" samiti proteza hadisəsi yolu ilə "artan"
sözünün əvvəlinə əlavə edilmiş və
Vartan şəxs adı düzəldilmişdir. Vartan şəxs
adını... Azərbaycanın keçmiş Vartaşen
(indiki Oğuz) rayonunun adı ilə müqayisə etmək
olar".
Tarixi faktlar göstərir ki, Azərbaycan
Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd
inzibati ərazi dairəsindəki Aranzəmin kəndinin
başqa bir adı da vaxtı ilə "Vardaşın"
olub. B.Budaqov və Q.Qeybullayev "Yuxarı Qarabağ toponimləri"
əsrində (2005) qeyd edirlər ki, XVIII əsrdə
Şirvan xanı Mustafa xan bir neçə Yuxarı Qarabağ
kəndini öz xanlığına
köçürmüş və onlar indiki Oğuz rayonu
(keçmiş Vartaşen) ərazisində
"Vartaşın" adlı kənd salmışlar. Bu
fakta istinad edən bəzi araşdırmaçılar indiki
Oğuzun keçmiş adının yuxarıda adı çəkilən
Aranzəmin kəndinin ikinci adından
götürüldüyünü iddia edirlər. Lakin
"Albania Caucasica" kitabında göstərilən faktlar
toponimin tarixinin daha qədimlərə gedib
çıxdığını göstərir.
Vartaşen toponiminin tərkibindəki "şen"ə
istinadən onun fars və erməni sözü olması
haqqında deyilənlər isə tamamilə cəfəngiyatdır.
M.Kaşkarinin, L.Z.Budaqovun, İ.M.Dyakonovun, H.A.Abelovun tədqiqatlarında
göstərilir ki, "şen" sözü sırf
türk sözüdür və bu söz
"yaşayış yeri", "kiçik məntəqə",
"məhəllə", "abad yer", "kənd"
mənasındadır. XIII əsrə aid "Türk-ərəb
lüğəti"ndə də "şen"
sözünün, "məskən", "əhali
yaşayan yer", "əhalisi sıx olan yer",
"qonaq-qaralı" ("Eviniz şen olsun!) mənasında
olduğu göstərilmişdir. Həmin söz indi də
"şenlik" ("camaat, toplum, yığnaq")
sözünün tərkibində ("Sən də gəl,
şenliyə qarış!") tez-tez işlədilir.
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
tanınmış dilçi alim F.Rzayev özünün
"Naxçıvan əhalisinin etnogenizi tarixindən m.ö.
II-I minilliklər (Naxçıvan oykonimləri əsasında)"
əsərində (II cild, səh: 129, Naxçıvan-2017.)
haqlı olaraq yazır ki, "bu gün erməni dilində
gen-bol işlənən "şen" sözü qədim
türk sözü olmaqla onların dilinə adlamış qar
dənəsi - "qar kut", "lavaş",
"dolma", "soğan" (qədim alban, udi adı
Vardan - İ.V.) kimi minlərlə sözlərimizdən
biridir. Ermənilər həm dilimizi, həm tariximizi, məişət
və inanclarımızı oğurlamaqdan bu gün də əl
çəkmir, özlərini "qədim xalq" kimi
tanıtmağa çalışır, oğurluqlarını
davam etdirirlər". Onlar hətta "Vartaşen"i də
oğurlayıb, Qərbi Azərbaycandakı tarixi
yaşayış məntəqələrimizin bəzilərinin
adını dəyişərək "Vartaşen"
qoymuşlar (Məsələn, 1945-ci ildə Artaşat
rayonundakı Mehrablı kəndinin adı "Vartaşen"
olaraq dəyişdirilmişdir).
AMEA Folklor İnstitutunun elmi işçisi T.Nəsib də
"Qars, Ani və çevrəsindəki tarixi-coğrafi
adların öntürk uyqarlıqları, orta əsrlər
türk-monqol maddi-mənəvi həyatı ilə etimoloji
bağlılığı və bunlara erməni
iddiası" adlı məqaləsində yazır:
"Şen" kökü ilə yaranmış toponimlər
yanlış olaraq ermənicə yer, yurd mənasında izah
olunur. Həmin kök ilk başlanğıcda, türkcə əcdadla
bağlı yurd deməkdir. Bu, açıqca şenadan
(börüdən), qurddan törəmə əcdad əfsanəsinin
yaddaş qatının ifadəçisi və
daşıyıcısıdır. Şimali Azərbaycanda
Qutqaşen (Qəbələ), Vartaşen (Oğuz)
yaşayış məskənlərinin adı da hər cəhətdən
birbaşa həmin əcdad əfsanəsinin ruh aləmini
özündə cəmləşdirib. Qut kökü
göyün kutunu (xeyirxahlığını) almaq mənasını,
qa kökü ikinci əfsanədə 4 qardaşdan birinin qu
quşuna çevrilməsi inancını, şen kökü
də börüdən (şena) törəmə təsəvvürünü
Qutqaşendə cəmləşdirərək birləşdirib.
Eyni cəhətdən də Vartaşen toponimində də
Var-bar (börü), ta dağ kultu, şen-yenə də
börüdən (şena) törəmə mənaları
birləşib".
Oxuyub gördüyünüz kimi,
araşdırmaçılar "Vartaşen" toponimi barədə
xeyli versiya irəli sürsələr də, çoxlu
mülahizə və ehtimallar söyləsələr də,
bu barədə hələlik yekdil konkrek fikir yoxdur. Bu isə
toponimin daha ətraflı öyrənilməsinə ehtiyac
olduğunu göstərir.
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2025.-22 iyun(№107).- S.14.