Laçından dünyaya qlobal mesaj
AZƏRBAYCAN-TÜRKİYƏ-PAKİSTAN
MÜTTƏFİQLİYİNİN YENİ FAZASI
Prezident cənab İlham Əliyevin işğaldan azad
edilmiş Laçın şəhərində, Azərbaycanın
Müstəqillik Günündə etdiyi çıxış
təkcə dost və qardaş ölkələrə
ünvanlanmış səmimi təşəkkür ifadəsi
deyil, həm də geosiyasi mesajlarla zəngin, çoxvektorlu
bir strateji bəyanatdır. Azərbaycanın, Türkiyənin
və Pakistanın ölkə rəhbərlərinin və
yüksək səviyyəli dövlət və hökumət
nümayəndələrinin iştirakı ilə baş tutan
bu Zirvə Görüşü təkcə üçtərəfli
münasibətlərin növbəti mərhələsi deyil,
həm də regional və qlobal güc balansına təsir edə
biləcək yeni bir güc mərkəzinin formalaşmaqda
olduğunun göstəricisidir. Zirvə
Görüşünün məhz Laçında - uzun illər
işğal altında qalmış və bu gün Azərbaycan
dövlətçiliyinin dirçəliş simvoluna
çevrilmiş bir bölgədə keçirilməsi dərin
məna daşıyır. Prezident Əliyevin bu məkanı
seçməsi, həm qələbə diplomatiyasının
bir parçası, həm də beynəlxalq ictimaiyyətə
verilmiş güclü bir mesajdır: Azərbaycanın ərazi
bütövlüyü təmin olunub və bu bölgələr
artıq regional əməkdaşlıq platformalarının mərkəzinə
çevrilməkdədir.
Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan
üçtərəfli əməkdaşlıq formatı
artıq rəsmi bəyanatlardan praktik layihələr mərhələsinə
keçməkdədir. Prezident İlham Əliyevin
çıxışında vurğuladığı siyasi həmrəylik,
hərbi əməkdaşlıq və iqtisadi layihələr
bu birliyin sadəcə kağız üzərində
qalmadığını sübut edir. Bu
üçlüyün birgə fəaliyyəti təkcə
regional sabitlik üçün deyil, həm də geosiyasi
alternativlər axtaran digər müsəlman və inkişaf
etməkdə olan ölkələr üçün nümunə
model yaradır.
Enerji və nəqliyyat üzərindən güc
projeksiyası
Prezident İlham Əliyevin
çıxışında enerji təhlükəsizliyi və
nəqliyyat xətlərinə dair söylədikləri
xüsusilə diqqət çəkdi. Azərbaycanın enerji
resurslarının Avropaya daşınmasında əsas rol
oynaması və Zəngəzur dəhlizi, Orta Dəhliz kimi
layihələrin perspektivləri Türkiyə və Pakistanla
daha sıx əlaqələri zəruri edir. Bu baxımdan,
Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars kimi layihələrin
genişləndirilməsi, Pakistanın multimodal
daşımacılıq sisteminə qoşulması ilə
birlikdə Asiya Avropa əlaqələrinin yeni bir strateji xəttini
formalaşdırır. Prezident İlham Əliyevin süni
intellekt, kosmik texnologiyalar və rəqəmsal transformasiya sahələrində
əməkdaşlıq çağırışı, bu
üç ölkənin müasir texnoloji inkişaf mərhələsinə
keçmək istədiyini göstərir. Bu, təkcə
iqtisadi potensial deyil, həm də strateji suverenliyin qorunması
və kibertəhlükəsizliyin təminatı
baxımından önəmlidir. Bu çağırış
həm də Azərbaycanın artıq yalnız təbii sərvətləri
ilə yox, intellektual resursları ilə də regional liderliyə
iddialı olduğunu göstərir.
Yeni geosiyasi arxitektura
Prezident İlham Əliyevin
çıxışında qeyd olunan BMT, İƏT, D-8 və
digər platformalar çərçivəsindəki həmrəylik
mesajı, bu üç ölkənin beynəlxalq arenada daha
koordinasiyalı fəaliyyətə keçmək niyyətini
əks etdirir. Bu, xüsusilə Ermənistan-Azərbaycan
münaqişəsinin beynəlxalq səviyyədə
tanıdılması və müdafiəsi baxımından
strateji əhəmiyyət daşıyır. Azərbaycan-Türkiyə-Pakistan
müttəfiqliyi artıq yalnız mədəni və tarixi
bağlarla deyil, real layihələrlə, strateji
baxışlarla və texnoloji gündəmlə birləşir.
Bu platforma qarşılıqlı maraqların təmininə
və yeni regional güc balansının formalaşmasına
xidmət edəcək güclü siyasi, iqtisadi və hərbi
ittifaq kimi formalaşır.
Kəramət QƏNBƏROV
Beynəlxalq hüquq üzrə ekspert
525-ci qəzet .- 2025.- 24 iyun(№108).-S.14.