"Xəzər"in
yeni ünvanı
Hər bir yeni dövr, yeni
çağırışlarla səciyyələnir.
İnsanlar dövrün tələblərinə uyğunlaşır,
mənəvi-psixoloji katarsistlərdən keçir,
süzülüb durulur, cəmiyyətin tələblərinə
görə düzlənirlər. Bu mənada qloballaşma
dövrünün də cəmiyyətə öz diktələri,
şübhəsizdir. Homogen dünya bəşəri dəyərləri
birləşdirmək, sintez yaratmaq, harmonik insan cəmiyyəti
formalaşdırmaqla səciyyələnir. İnsanlar
yaxınlaşır, birləşir, planetar şəxsiyyət
kimi formalaşır. Bununla dünya da bir dam altına
sığınır, yer kürəsi bir az da
"kiçilir", əlçatan olur. İndi
dünyanın bu başıyla o başı bir təyyarə
qanadlarına sığa bilir. Lakin bu hamogenlik rəngarəngliyi
ilə, çoxparalelliyilə, müxtəlifliyi ilə
seçilir. Hər xalq bu birliyə öz milli-mənəvi dəyərləri,
əxlaqi, psixologiyası, yaşam tərzi, ədəbiyyatı,
mədəniyyəti, tarixi və fəlsəfi kökləri
ilə gəlir. Bu da hamogen dünyanın rəngarəngliyini,
müxtəlifliyini, zənginliyini,
maraqlılığını təmin edir. Dünya
xalqlarını bir-birinə qovuşduran, bir-biriylə
tanış edən, son anda doğmalaşdıran vasitələrdən
biri də tərcümə sənətidir. Fərqi yoxdur, bu
istər ədəbi əsərlər olsun, istər tarixi məzəxlər,
incəsənət nümunələri, araşdırma
yazıları və s. Bütün bunlar millətlərin
bir-birini tanımasına, biri digərinə yaxından bələd
olmasına, son anda doğmalaşmasına, qloballaşan
dünyada öz yerini tapmasına, mövqeyini möhkəmlədib
homagen dünyanın bərabərhüquqla vətəndaşına
çevrilməsinə vəsilə olur.
Azərbaycanda tərcümə sənəti, kifayət
qədər inkişaf eləyib, deməyə haqqımız
çatır. Ötən əsrlərdən, XIX əsrin
sonları, XX yüzilliyin əvvəllərində bədii tərcümələr
müəyyən inkişaf yolu keçmişdir. Sovet
dövründə bu iş daha da geniş vüsət
almışdır. Həm klassik, şakral Azərbaycan ədəbiyyatı
mətnləri, həm rus və dünya ədəbiyyatı
nümunələri dilimizə intensiv tərcümə
olunmuşdur. Müstəqillik zamanında, az vaxtda, əcnəbi
dillərdən, əsasən ruscadan tərcümə
işinin sferası genişləndirilmiş, bundan başqa,
ingilis, fransız, alman, italyan, ispan, fars, ərəb və hətta
ivrit dillərindən tərcümələr edilməyə
başlanmışdır. Tərcümə işinə
respublikamızda uzun illər mərkəzləşmiş
şəkildə Respublika Tərcümə Mərkəzi və
onun nəşri olan "Xəzər" jurnalı
flaqmanlıq etmişdir. Tərcümə Mərkəzi
bağlanandan sonra "Xəzər" dərgisinin
çapı da sual altında qalmışdır. Belə bir
vaxtda Azərbaycan ədəbiyyatının böyük
nümayəndəsi, mədəniyyətimizin seçkin hamilərindən
biri Xalq yazıçısı, akademik, Azərbaycan Dillər
Universitetinin rektoru Kamal Abdulla, tərəddüdsüz şəkildə
səhnəsini irəli verdi, "Xəzər"
jurnalını bu təhlükədən xilas etdi. Kamal müəllimin
təşəbbüsü və təşkilatçılığı
ilə "Xəzər" Azərbaycan Dillər
Universitetinin nəşri kimi fəaliyyətini davam etdirməyə
başladı. "Xəzər"in tərcümə, ədəbiyyat
və mədəniyyət jurnalı kimi bu ilin birinci sayı
artıq işıq üzü görmüşdür.
"Xəzər"in yaradıcı heyəti, yenə
də əvvəlki kimi köhnə kollektiv, tərcümə
sahəsinin kamil biliciləri, öz işinin ustası olan ədəbiyyat-sənət
adamlarıdır: Etimad Başkeçid (baş redaktor), Mahir
N.Qara (məsul katib), yaradıcı heyət - Saday Budaqlı,
Nəriman Əbdülrəhmanlı, Yaşar Əliyev,
Püstə Axundova, Cavid Zeynallı. Ədəbi cameədə
kifayət qədər tanınmış, tərcümə
sahəsində puxtə qələm sahibi olan bu imzaların hər
biri dərginin rəngarəng mündəricəsi
üçün təminatdır. Jurnalın məsləhətçisi
və ideya rəhbəri Kamal Abdulladır. Bundan başqa,
jurnalda dünyanın tanınmış elm-sənət nəhənglərindən
ibarət beynəlxalq şura fəaliyyət göstərir.
Bu da, heç şübhəsz, dərginin elmi-bədii səviyyəsinə,
beynəlxalq nüfuzuna bir işarədir.
Jurnalın ədəbi-bədii, mədəni
platforması baş redaktor E.Başkeçidin
"Redaktordan" rubrikası ilə verilmiş "Tərcümənin
və tərcüməçinin problemi: bizdə nə yoxdur,
nə çatışmır" adlı giriş məqaləsində
geniş şəkildə şərh edilir. Kifayət qədər
polemikalara və təhlillərə açıq zəngin məzmunlu
məqalədə tərcümə işinin tarixinə nəzər
yetirilməklə yanaşı, əsasən, müasir tərcümə
sənətinin problemləri, qarşıda duran vəzifələr,
son dərəcə professional şəkildə incələnmişdir.
Məqalədə oxuyuruq: "Azərbaycan tərcümə
məktəbinin formalaşmasında müstəsna xidmətləri
olan ixtisaslaşmış "Xəzər" tərcümə
və mədəniyyət jurnalı Azərbaycan Dillər
Universitetində fəaliyyətini davam etdirəcək.
Bu seçim təsadüfi deyil: dünya təcrübəsinə
istinadə etsək, bilməliyik ki, öz çoxşaxəli
fəaliyyəti ilə bir mədəniyyət mikrokosmuna
çevrilmiş müasir dünya universitetləri fundamental və
tətbiqi elm sahələrinin problemlərini ehtiva edən dərgilərlə
yanaşı, ədəbiyyat, incəsənət, tərcümə,
vizual mədəniyyətə aid bir çox elmi-populyar
jurnallar da nəşr edir və bu praktika getdikcə genişlənməkdədir.
Bu jurnallar bədii yaradıcılıq, ədəbiyyatşünaslıq,
tərcümə nəzəriyyəsinin ən müxtəlif
aspektlərini əhatə edən akademik məqalələr,
araşdırma yazıları, resenziyalar və bədii əsərlərin
çapı üçün platformalar təqdim edir".
Sonra müəllif jurnalın gələcək fəaliyyət
yönümünü bəyan edir: "Burada tərcümənin
tarixi, inkişaf mərhələləri, perspektivləri,
müasir dünyada tərcümə ətrafında
aparılan müzakirələr barədə maraqlı
materiallarla tanış olacaq, ölkədə nəşr
olunan tərcümə kitabları haqqında ekspertlərimizin
rəylərini oxuya biləcəksiniz və s.". Bir
sözlə, jurnal tərcümənin bütün praktik və
nəzəri sahələrini əks etdirəcək, tərcümə
mədəniyyətinin formalaşmasında vəsilə rolunu
oynayacaqdır.
Dərginin ilk nömrəsindən zəngin mündəricəli,
geniş spektrli nümunələrlə qarşılaşırıq.
Burada ədəbiyyatşünaslığın mühüm
sahəsi kimi tərcümə nəzəriyyəsinin müxtəlif
aspektləri ilə, akademik yönümlü məqalələr,
araşdırma yazıları, resenziyalar, müxtəlif ədəbi
mülahizələrlə tanış oluruq. Bədii, elmi,
texniki tərcümələr haqqında düşüncələr
geniş miqyasda təqdim olunur. Jurnalda dərin elmi bilgilər
sərgilənir: tərcümə texnikası, linqvistika,
texnologiya, maşın tərcüməsi, kommunikativ platforma,
tərcümə nəzəriyyəsi və praktikası, tərcümə
nəzəriyyəçiləri ilə proses işçiləri
arasında əlaqə, tərcümə strategiyası,
çevirmədə vacib şərt olan dil intonasiyası,
nitq düzümü, danışıq tərzi, mədəniyyətlərarası
kommunikasiya haqqında da geniş diskussiyalar təqdim edilir.
Jurnalın zəngin məzmunu və mündəricəsi
barədə ayrı-ayrı bölmələr də ilkin bələdçi
rolunu oynayır. Bu bölmələrin hər biri jurnalın
strategiyası, hədəfləri, qarşıya qoyduğu vəzifələr
barədə ilkin çağırışlardır. Məqsədə
aparan yollar kifayət qədər fərqli, rəngarəng və
oxucu marağı doğuran mövzulardır: "İlin
nobelçisi", "Şərq mədəniyyəti",
"Biz və dünya", "Simalı Amerika ədəbiyyat",
"Avropa ədəbiyyatı", "Türk xalqları ədəbiyyat",
"Yaxın Şərq ədəbiyyatı", "Tərcümə
sənəti", "Tərcümə aləmində:
faktlar, yeniliklər" və s. rubrikalarda təqdim edilən
materialların hər biri bədii siqləti, akademik səviyyəsi,
tarixi-informatik səciyyəsi, peşəkarlıq,
professionallıq barədə bilgi xüsusiyyəti və
keyfiyyəti ilə seçilir.
Dərgi ənənəvi əməkdaşların
yazılarıyla yanaşı, kənar müəlliflərin
imzaları ilə də zəngindir. Etimad Başkeçidin tərcümələri,
Mahir N.Qarayevin səfər təəssüratları və tərcüməçiləri,
Yaşarın, N.Əbdülrəhmanlının, Saday
Budaqlının, C.Yusiflinin tərcümələri maraqla
oxunur. Akademik Muxtar Kazımoğlunun, fil.f.d. Sadiq Zamanın
elmi-təhlili məqalələri jurnalın akademik səviyyəsinə
rəng qatır.
Mahir N.Qarayevin "Karakasda poeziya həftəsi" yol
qeydləri təkcə səfər təəssüratı
kimi maraq doğurmur, həm də elmi təhlilləri, qənaətləri,
bədii siqlətilə diqqəti çəkir.
Tərcümə sənəti və professional tərcümə
mədəniyyəti barədə dünya klassikləri
Q.Q.Markesin və U.Ekonun professional fikirləri yaddaşları
təzələyir, peşəkar təhlillərə yeni
enerji qatır. Onların fikirləri təkcə
araşdırma kimi yadda qalmır, həm də öyrədir,
yaxşı mənada maarifləndirir. Q.Q.Markes yazır:
"Bir neçə il öncə, isti bir yay günü
Siciliyanın cənubundakı adaların birində tərcümə
işinin sirləri ilə tanış ola bildim. Belə ki,
ömrünün sonunadək mənim əsərlərimin
italyancaya tərcüməsi ilə məşğul olmuş
qraf Erriko Sikonya o zaman Lesama Limanın "Cənnət"
romanının tərcüməsi üzərində işləyirdi.
Lima poeziyasının sadiq pərəstişkarı kimi, əlimə
yaxşı girəvə düşmüşdü: bu gözəl
şairin özünəməxsus nəsri - germetik
romanıyla yaxından tanış olmaq fürsətini
qaçırmaq istəmədim. Odur ki, gücüm yetən qədər
başladım Sikonyaya kömək etməyə, mən mətni
açıqlayırdım, o isə çevirirdi. Bax, elə
onda başa düşdüm ki, tərcümə, həqiqətən,
ən səmərəli mütaliə üsuludur".
Başqa bir dünya ədəbiyyatı nəhəngi
Umberto Eko tərcümə sənətinin təbiətindən,
anatomiyasından professional mütəxəssis mülahizələri
yürüdür: "Tərcümə etmək" nə
deməkdir? İlk, eyni zamanda da ümidverici cavab belə ola
bilərdi: eyni fikri başqa dildə ifadə etmək.
Düzdür, bununla yanaşı, biz, birincisi "eyni fikri
başqa dildə ifadə etməyin" nə demək
olduğunu müəyyənləşdirməkdə xeyli
çətinlik çəkir, həm də bunu nəzərdə
tutulan sinonimləri tapmaq bir yana, müəllif fikri, təyin,
şərh, başqa cür ifadə etmək kimi əməliyyatların
gedişində də yetərincə aydın dərk edə
bilmirik. İkincisi, tərcümə olunmalı mətnlə
üzbəüz qalanda o eyninin nə olduğunu bilmirik. Nəhayət,
bəzi hallarda hətta ifadə etmək sözü də
şübhə doğurur". Hər iki böyük sənətkarın
fikrinə görə, tərcümə prosesi insanın, ilk
növbədə psixoloji halıdır. Bundan başqa, dili
bilməklə yanaşı, onu hiss etməlisən. Həm tərcümə
olunan, həm də tərcümə etdiyin dili, eyni zamanda. Tərcüməçi
həm də dilin səslənməsini və cümlənin
alleterasiyasını duymalıdır. Bu və ya digər cəhətlər
tərcümə sənətinin təbiətindən
doğan keyfiyyətlərdir.
"Xəzər"in Azərbaycan Dillər
Universitetinin nəşri kimi fəaliyyətini davam etdirməsi
universitetin pedaqoji kollektivi və çoxsaylı müəllim-professor
heyəti tərəfindən də razılıqla
qarşılanmışdır. Universitet kollektivi elmi-pedaqoji fəaliyyətlə
yanaşı, tərcümə sahəsi ilə də intensiv
məşğul olur. Bu sahədə "Xəzər"
onlar üçün yeni, əlverişli tribunaya çevriləcəkdir.
"Xəzər"in yeni nömrəsi və
ümumiyyətlə, onun yeni nəşri barədə
çox danışmaq olar. Ən yaxşı vasitə,
jurnalın özü ilə tanışlıq, onu vərəqləmək
və oxumaqdır. Şübhəsiz, bu, hər kəsə
yeni enerji, emosional güc, bilgi və geniş məlumat əldə
etməyə yardımçı olacaqdır.
Loğman Rəşidzadə
525-ci qəzet .- 2025.- 24 iyun(№108).-S.10.