Xaricdə təhsilə dair Dövlət Proqramı: Azərbaycanın hərtərəfli inkişafı üçün güclü təkan

 

Son illərdə ölkəmizdə gənclərin xaricdə təhsil alması dövlətin bu sahədə siyasətinin prioritetlərindən birinə çevrilib. Əsas məqsəd gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycanın gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrlar olaraq hazırlanmasını təmin etməkdir.

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" ölkənin ehtiyac duyduğu prioritet sahələr üzrə kadr potensialının qarşılanması məqsədini daşıyır. Ali təhsilin bakalavriat səviyyəsində təhsil almaq üçün seçimdə beynəlxalq fənn olimpiadaları qaliblərinə üstünlük verilməsi Dövlət Proqramı çərçivəsində istedadlı gənclərin dünyanın qabaqcıl universitetlərindən məzun olaraq ölkəmizin gələcək inkişafına əlavə dəyər yaratmalarını təşviq edir. Ali təhsilin magistratura səviyyəsində intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə və yüksək texnologiyalara əsaslanan ixtisaslara üstünlük verilməsi isə əmək bazarında müasir bacarıqlara malik ixtisaslı kadrların sayını artıracaq. Mütəxəssislərin yekdil rəyi belədir ki, gənclərin xaricdə təhsilinə dair Dövlət Proqramı Azərbaycanın hərtərəfli inkişafı üçün güclü təkan rolu oynayır.

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" xətti ilə ABŞ-nin Kolumbiya Universitetində "İdarəetmə elmləri və mühəndislik" ixtisası üzrə magistratura təhsili alan Təhminə Mehtiyeva Rusiyanın uzaq şərqində yerləşən Amur vilayətində anadan olub. İbtidai təhsilini orada alıb. Sonra ailəsi ilə birlikdə Azərbaycana köçüb və 5-9-cu sinifləri Sumqayıt şəhərinin 11 nömrəli məktəbdə oxuyub. 10-11-ci sinifləri isə Bakıda yerləşən 200 nömrəli Məktəb-Lisey Kompleksində bitirib və 2016-cı ildə əla qiymətlərlə məzun olub. Həmin il dövlət qəbul imtahanında 696 bal toplayaraq Prezident təqüdçüsü olub və ADA Universitetinin Biznesin idarə edilməsi fakültəsinə qəbul edilib. Burada bakalavr təhsili alıb və 2020-ci ildə qırmızı diplomla məzun olub: "O illərdə yeni texnologiyalar sektorunda sahibkarlıqla bağlı dərslər xüsusi diqqətimi çəkirdi. Sonraki dörd ilə yaxın müddət ərzində yerli və xarici şirkətlərdə texniki məhsulların yaradılması və idarə olunması ilə bağlı təcrübə qazanmışam. Hazırda isə ABŞ-nin Nyu-York şəhərində Kolumbiya Universitetində İdarəetmə elmləri və mühəndislik üzrə magistr təhsilimi davam etdirirəm. Hələ məktəbdə oxuyarkən Dövlət Proqramı vasitəsilə xaricdə təhsil alan tələbələr haqqında çox eşidirdim. Buna görə 2022-ci ildə Dövlət Proqramı yenidən başlayanda gələcəkdə magistr təhsilimi maliyyələşdirmək üçün variantlarımın arasında Dövlət Proqramını artıq nəzərə alırdım. Kolumbiya Universiteti kimi nüfuzlu ABŞ ali məktəbləri çox yüksək təhsil haqları ilə fərqlənir. Belə bir universitetdə tam təqaüdlə təhsil almaq mənim üçün yalnız Dövlət Proqramı sayəsində mümkün oldu. Maraqlı bir faktdır ki, mənim proqramımda məndən başqa yalnız iki qazaxıstanlı tələbənin təhsil xərcləri öz dövləti tərəfindən qarşılanır. Dünyanın bir çox ölkəsindən gələn digər bütün tələbələr bunu eşidəndə çox təəccüblənir və öz ölkələrində belə imkanların olmadığını bildirir. Bunu öyrənəndə Azərbaycanın öz vətəndaşları üçün yaratdığı təhsil imkanlarının miqyasını daha da yaxşı dərk etdim".

Təhminə Mehtiyevanın sözlərinə görə, bakalavr təhsilini biznes üzrə almasına baxmayaraq, işləməyə başlayanda anlayıb ki, onun məhz texniki məhsul layihələrinə marağı var: "Proqram təminatı məhsullarının idarəsi, UX/UI dizayn, müxtəlif proqramlaşdırma dilləri kimi mövzuları öz səylərimlə müxtəlif mənbələrdən öyrənməyə başladım. Bu yeni biliklər mənə növbəti texniki layihələrdə iş imkanları gətirdi. Anladım ki, hazırda çox sürətlə inkişaf edən texnologiyalardan istifadə edən fərqli profilli mühəndislər və dizaynerlərdən ibarət komandaların ortaya keyfiyyətli məhsul qoymağının əsas şərtlərindən biri onları həm biznes, həm texnoloji hədəfləri başa düşən rəhbərlərin idarə etməyidir. Buna görə magistr təhsilimi almaq üçün həm biznes, həm də mühəndisliyi əhatə edən bir proqram axtarırdım. Kolumbiya Universitetinin İdarəetmə elmləri və mühəndislik proqramı isə məhz bunu təklif edir. Əlbəttə ki, universitet seçimi zamanı bəzi digər faktorların da rolu oldu. Bunlardan biri ölkə idi. Hazırda həm texniki, həm biznes sahələrində ali təhsil üzrə ABŞ aparıcı ölkələrdəndir. ABŞ-də bir neçə universitetdən bənzər proqramlara qəbul aldım. Bunların arasında seçim edərkən universitetin ümumi reytinqi, müəllim heyəti, qəbul olduğum proqramın dərslərinin hədəflərimə uyğun olması və məzun olmuş tələbələrin sonraki iş təcrübələrində mənim hədəflədiyim ixtisaslarda işləyib-işləməməyinə diqqət göstərirdim. Bütün bu meyarlar üzrə Kolumbiya Universiteti mənim üçün ən doğru seçim idi. Azərbaycanda, bütün dünyada olduğu kimi, hazırda peşəkar mühəndislərin sayında artım trendi müşahidə olunur. Bundan əlavə, süni intellekt kimi yeni texnologiyaların inkişafı rəqəmsal məhsulların yaradılmasını ciddi şəkildə sürətləndirərək məhsul başına tələb olunan mühəndis sayını azaldır. Bunun nəticəsində də yaradılan məhsulların sayı artmaqda davam edir. Lakin bütün bu məhsulları və onları hazırlayan komandaları strateji və texniki idarə edə bilən yüksək səviyyəli məhsul və texniki layihə rəhbərlərinin sayı eyni sürətlə yüksəlmir. Mənim ixtisasım qabaqcıl texnologiyalar və biznes strategiyalarını bir araya gətirərək real problemləri həll edən proqram təminatı və digər texniki məhsulların hazırlanmasına imkan verir. Hədəfim texnoloji idarəçiliklə bağlı bilik və bacarıqlarımı dünya səviyyəsinə yüksəldib ölkəmizə bu sahədə töhfə verməkdir".

O bildirib ki, Kolumbiya Universitetinin əsas xüsusiyyətlərindən biri Nyu-Yorkun mərkəzi Manhettonda yerləşməyidir: "Həm iqtisadiyyat, həm texnologiyalar nöqteyi-nəzərindən dünyanın ən canlı yerlərindən birində olmaq xüsusi imkanlar yaradır. Məsələn, "Google" və "Amazon" kimi şirkətlərdə rəhbərlik vəzifələrində olan professorların səhər işə gedib, axşam isə dərsdə bizlərə həmin aparıcı şirkətlərdə baş verən yeniliklər və bütün dünya üçün ən aktual məsələlər haqda danışmağı, düşünürəm ki, xüsusi bir imtiyazdır. Bundan əlavə, dərslərimizin çərçivəsində tələbələrin də real şirkətlərlə müxtəlif layihələr üzərində işləmək imkanı olur. Məsələn, mən və komanda yoldaşlarım bu tədris ili ərzində "Kering" və "Gates Foundation" kimi qlobal şirkətlərlə strateji konsaltinq layihələri üzərində birgə uğurlu fəaliyyət göstərmişik. Bu yay isə dünyanın qabaqcıl texnologiya şirkətlərindən olan "Microsoft"da Texniki Proqram İdarəsi üzrə təcrübə proqramında iştirak edəcəm. İnanıram ki, bu nailiyyətimin səbəbləri arasına Kolumbiya Universitetində oxumağımın da böyük rolu olub. Bakalavr təhsilimi aldığım ADA Universitetində beynəlxalq standartlara uyğun və xüsusilə Avropa və ABŞ universitetlərindəki dərslərə çox bənzər format və materiallar istifadə olunduğu üçün sistemlər arasında ciddi fərq olduğunu deyə bilmərəm. Lakin bildiyim qədəriylə ölkəmizin digər universitetlərində tətbiq edilməyini görmək istədiyim praktikalar haqqında danışa bilərəm. Kolumbiya Universitetində, xüsusilə magistr proqramlarında, dərslərin çoxunu tələbənin özünün seçmək imkanı var və buna görə də tələbə yalnız ona həqiqətən çox maraqlı və gələcəkdə lazım olacaq dərsləri özü istədiyi professorlardan götürə bilir. Bu, təhsildə məcburiyyət xatirinə oxumaq problemini aradan qaldırmağa çox kömək edir. Ölkəmizdə də proqramların tədris planlarını qismən dəyişdirilə bilən etməyi tələbələrin daha keyfiyyətli ixtisaslaşmağına kömək edə bilər. ABŞ-də müşahidə etdiyim bir digər uğurlu metod dərslərin çox interaktiv şəkildə aparılmağıdır. Burada yalnız professorun saatlar ərzində mühazirə oxuduğu, tələbələrin isə sadəcə qulaq asdığı dərs formatı, demək olar ki, heç istifadə olunmur. Əksinə, dərslər çox maraqlı dialoqlar şəklində aparılır. Bu sayədə tələbələr yalnız professorun yox, həm də bir-birinin təcrübələrindən faydalanmış olur. Son olaraq, mövzuların tətbiqinə əsaslanan tapşırıqlara üstünlük vermək burada gördüyüm çox uğurlu öyrənmə metodlarındandır. Xüsusilə mühəndislik və biznes kimi sənayeyə yaxın olan ixtisaslarda praktik layihə şəklində tapşırıqlar tələbələrə ənənəvi akademik referat və ya teoretik imtahanlardan çox daha uzun-müddətli və həqiqi bilik və bacarıqlar verir".

O qeyd edib ki, təhsilini bitirdikdın sonra texnologiya sektorunda işləməyə davam edəcək: "Beynəlxalq miqyaslı şirkətlərdə məhsul və layihə idarəçiliyinin ən aktual bacarıqlarını öyrənib təcrübəmi genişləndirmək istəyirəm. Daha sonra bu təcrübələrin ölkəmizin şirkətlərində tətbiqinə dəstək olmağı hədəfləyirəm".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2025.- 26 iyun(№110).- S.23.