Qadınlar həyatı bəzədiyi
kimi, tarixdə də fərqlənmişlər
(Əvvəli ötən şənbə
sayımızda)
İngilis tarixçilərinin fikrinə görə,
İngiltərə taxt-tacında, hökmdarlar arasında
lord-protektor Oliver Kromveldən başqa, əsl ingilis
olmamışdı. Mərkəzləşmiş İngiltərənin
banisi Uilyam Fateh və onun sülaləsinin üzvləri
Normandiyadan gəlib, hakimiyyəti ələ keçirmiş
normandlar idi. Əvvəllər isə ölkəni danimarkalılar,
sonralar isə şotlandlar və almanlar idarə etmişdilər. 1714-cü
ildə kraliça Anna öldükdən sonra Almaniyadan gələn
I Corc ümumiyyətlə
ingilis dilini bilmədiyi halda, yad dövlətin taxt-tacına
çıxmışdı. Hannover sülaləsi o vaxtdan kral
kürsüsünə sahiblik etmişdi. I Dünya müharibəsində,
ingilislər almanlara qarşı vuruşduqlarından,
1916-cı ildə sülalənin alman adı dəyişdirilib,
sarayın adından əmələ gələn Vindzor
sülaləsi termini ilə əvəz olunmuşdu.
Rusiyada da vəziyyət heç də İngiltərədən
fərqli olmamışdır. Alman qızı Sofiya Avqusta II
Yekaterina adı altında qəsb yolu ilə Rusiya imperatorunun
taxt-tacına yiyələnmişdi. Osmanlı imperiyasında
isə sultanlar əsasən başqa, əslən Avropa
xalqlarından olanlardan təşkil olunmuş hərəmxanadakı
qızlardan doğulurdu və türk sultanları adətən
təmiz türk qanına malik olmamışdı. İndi də
ayrı-ayrı dövlət başçıları və
hökumət üzvləri arasında başqa millətlərin
nümayəndələri az deyildir.
Qadın ana rolunda çıxış etməklə,
əslində tarixin müştərək
yaradıcısı sayılmalıdır. Adəmlə Həvvanın
ilkin fiziki yaxınlığından bəşər
övladları Qabil və Habil dünyaya gəlmişdir. Beləliklə,
Həvva bəşəriyyətin ilkin anası hesab olunur.
Bibliyanın bu iddiası şübhələrə də səbəb
olmuşdu. Lakin DNK (DNA) tədqiqatı ilə müəyyən
edilmişdir ki, bütün qadınların ilk bir anası,
bütün kişilərin isə bir atası mövcud
olmuşdur. İudaizmdə və İslamda Allahın nə
valideynləri, nə də törəmələri vardır.
Xristian dini isə qız Mariyanın müqəddəs ruhdan
İisusu dünyaya gətirməsi ilə, əslində o,
Allaha oğul doğmuşdur və İisus özü də
xristianlar üçün - Allahdan, onun oğlundan və
Müqəddəs Ruhdan ibarət olan Üçlüyün
üzvü olmaqla, Allah hesab olunur. Lakin həm də İisus
insan idi və Yerusəlimdə yəhudi xalqı arasında
yaşayırdı. Bu yaxınlarda vəfat etmiş Roma
papası Fransisk İisusa yaxınlığı güman edilən
Mariya Maqdalinanı apostolların apostolu, başqa sözlə,
12 apostoldan İisusa daha yaxın olanı
adlandırmışdı. İisus həm Allah, həm də
insan olduğundan, insan təbiətinə xas olanlar, yəqin
ki, ona heç də yad deyildi. Yer üzündə dünyaya
gələn və 33 il ömür sürən İisus ölənə
qədər hələ Səma sakini olmadığından,
insanı fərqləndirən cəhətlər də
heç də onun üçün qeyri-mümkün hesab
edilməməli idi. Ona görə də Mariya Maqdalinanın
varlığını və İisusa çox yaxın
olmasını gizlətmək mümkün olmadığından,
bu qadına qarşı kilsənin münasibəti də əsasən
birmənalı olmamışdır. Buna baxmayaraq, bəzi
şəhərlərdə, o cümlədən Varşavada
Mariya Maqdalina kilsəsi mövcuddur. XIV əsrdəki polyak
kralının ekiz uşağı olmuşdu, o, bu ərazidən
keçəndə monastırı gördü və orada
uşaqlarını xaç suyuna çəkdirdi. Bu vaxt o,
oğlunu Var, qızını isə Şava adlandırdı,
sonralar orada yaranan şəhər Varşava adını
daşıdı. Katolik ölkəsinin bu paytaxtında dini
müqəddəslərə ehtiram bəslənməsi vacib
borc sayılır və Mariya Maqdalinanın da, öz şərəfinə
ucaldılan kilsə ilə onların siyahısına daxil
olduğu nəzərə çarpır.
Qadınlara hələ tarixdən əvvəlki
dövrlərdə, ibtidai icmalarda da xüsusi hörmət bəslənilirdi.
Kişilər tarlada əkib becərməklə və
mal-qaranı otarmaqla məşğul olduqlarına görə,
uşaqların tərbiyəsi ilə qadınlar məşğul
olurdu. Həm də onlar ev, məişət qaydalarının
baniləri və onların icra edilməsinə nəzarət
edənlər sayılırdılar. İndoneziyanın
müharibədən sonrakı ilk prezidenti Sukarno 1960-cı illərdə
populyar olan "Sarina" kitabında bunları nəzərə
alaraq, qadını ilk qanunların yaradıcısı
adlandırmışdı.
Olduqca zənginliyi ilə seçilən və ibrətamiz
hadisələrlə dolu olan qədim yunan mifologiyasında əsasən
kişilərin igidliyindən, yaşadıqları macəralardan
söhbət açılsa da, qadınlar da yaddan
çıxarılmamış, onların, çətin
sınaqlar anında iradələrinə arxalanaraq qəti qərarlar
verdiyi təsvir edilir. Burada qadın təbiətinin müxtəlifliyi
kimi, rəngarəng, diqqəti cəlb edən obrazlar da
özünə yer tapır. Təsadüfi deyildir ki, miflərdə
göstərilən hadisələr əsasında
böyük yunan dramaturqları Esxil, Sofokl, Yevripid, indiyədək
səhnələri tərk etməyən ölməz əsərlər
yaratmışlar.
Miflərdə Zevsin arvadı Hera və çox sayda məşuqələri
ilə tanış oluruq. Hera hələ körpə
Heraklın onun döşünü dişlədiyinə
görə, onun qorxmaz qəhrəman olacağına
inanmışdı. Leto Zevslə yaxınlığından
Apollon və Artemida kimi övladlar dünyaya gətirmişdi.
Ledanın Zevsdən doğduğu gözəl Yelena Parisə
qoşulub, Spartadan Troyaya qaçmış və varlı
şəhər-dövlət olan axırıncının məhv
olmasına səbəb olmuşdu. Zevs vurulduğu Yevropanı,
öküzə çevrilməklə, belində Krit
adasına aparmış və burada onunla yaxınlıqdan əfsanəvi
Krit çarı Minos dünyaya gəlmişdir. Yelena Zevsin
çevrildiyi ağ öküzə heyran olduğu kimi,
çar Minosun arvadı Pasifaya da öküzlə intim
yaxınlıq etdiyinə görə, dünyaya yarı insan,
yarı öküz olan Minotavrı gətirmişdi. Minotavr
labirintdə gizlədilmişdi, hər il Afinadan gələn
15-20 gənc oğlan və qızın bədənlərinin əti
ilə qidalanırdı. Yalnız Tesey Ariadnanın ona
bağışladığı sap kələfinin köməyi
ilə, Minotavrı öldürdükdən sonra, labirintdən
çıxa bilmiş, qəhrəman kimi Afinaya
qayıtdıqda isə, atası Egeyin ölümünə səbəb
olmuşdu. Tesey atası ilə razılaşdığına
görə, uğur qazansa, qayığına ağ yelkən
qaldırmalı idi. O, vədini unudub, qara yelkəni dəyişdirmədiyindən,
oğlunun itkisinə görə yasa batan ata dərddən
özünü dənizə atmış və ona həmin
vaxtdan Egey dənizi adı verilmişdi.
Pasifiyanın qeyri-təbii, iyrənc ehtirası,
öküzlə fiziki yaxınlıq etməsi təkcə
Egeyin ölümü ilə nəticələnməmişdi,
olduqca inkişaf etmiş Minoy sivilizasiyası da sonralar məhv
olmuşdu. Qədim yunan mifi qadın ehtirasının iyrəncliyi
kimi, təbiətin ziddinə gedən pozğun əlaqələrdən
həmin cinsin sonrakı nümayəndələrini çəkindirmək
üçün Pasifiya obrazını yaratmışdı.
Mikena çarı Aqamemnonun arvadı Klitemnestra, ərinin
külək əsməsi naminə qızı
İfigeniyanı allahlara qurban verib, öldürdüyünə
görə onu bağışlamamış, Troyadan qələbə
ilə qayıdan ərini məşuqunun köməyi ilə
öldürmüşdü. Yelena Sparta çarı olan əri
Menelaya sədaqətsizlik edib, Parislə Troyaya
qaçdığı kimi, Menelayın qardaşı
arvadı da əri Troyada olanda Egisflə eşq macərası
yaşamışdı. Aqamemnonun qızı Elektra anasının
öz ərini öldürməsinə biganə
qalmamış, qardaşı Oresti doğma anasını
öldürməyə təhrik etmişdi.
Həm Klitemnestra, həm də Elektra qisas hissi ilə
yaşamış, biri ərini, digəri isə doğma
anasını öldürməklə, düşmənlərinə
çevrilmiş yaxınlarından ağır intiqam
almışdılar. Qədim yunan mifi göstərir ki,
qadınlar onlara vurulan zərbəni cavabsız qoymur,
haqsızlıq etmiş yaxın adamlarının
ölümünə nail olmaqdan da çəkinmirlər.
Qadının hiddəti hədd tanımır və öz məqsədini
həyata keçirmək üçün ağılsız
hesab edilən hərəkətləri də özləri
üçün məqbul sayırlar.
Mifologiyadakı Medeya obrazı qadın qisasının
dəhşətli xarakter aldığını təsvir edir.
Böyük yunan dramaturqu Yevripid özünün
"Medeya" pyesində bu hadisəni daha geniş təsvir
edir. Yunan Yason "Arqo" gəmisində arqonavtlar adlanan
öz dəstəsi ilə Qara dəniz sahilindəki Kolxidaya
üzür ki, orada saxlanılan və var-dövlət mənbəyi
sayılan "Qızıl yunu" əldə etsin. Kolxida
çarı bu neməti gizli bir yerdə ağacın
budağından asılmış şəkildə
saxlayırdı. Çar qızıl yunu əldə etmək
istəyənlərə olduqca ağır sınaq növləri
təklif edirdi və iddiaçılar uğursuzluğa
düçar olub, məhv
olurdular. Yasonun bəxti onda gətirdi ki, çarın
qızı Medeya yunan dənizçisinə vuruldu,
atasının sirli sınaqlarından çıxmaq
yollarını ona göstərdi. Ona görə də Yason
bütün macəraların öhdəsindən gəlib,
qızıl yunu götürdü və vətənə
üzəndə ona kömək etmiş Medeyanı da
özü ilə apardı. Onların intim
yaxınlığından Medeya Yasona iki uşaq doğdu. Yason
isə Korinf çarının qızını almaq istəyirdi
və Medeyanı tərk edib, buna nail olduqda, kolxidalı
qız qəzəbdən ərindən qisas almaq
üçün uşaqlarını öldürdü. Medeya
göstərdi ki, qadının hisslərinə məhəl
qoymamaq, təhqir etmək heç də yüngül cavabla
bitmir, ərin sədaqətsizliyi onu ən ağır cinayətə
də sövq edir. Ananın öz doğma uşaqlarını
öldürməsi olduqca dəhşətli bir hadisədir.
Deməli, qadın öz qisas hisslərini cilovlaya bilmədiyindən,
əri üçün də həssas xarakter daşıyan
bir əmələ əl atır və övladlarının
qatilinə çevrilir. Sonralar fransızların zərb-məsələ
çevirdikləri "Cherche la famme" - "Qadını
axtarın" ifadəsi qadın təbiətinin müəmmalılığına
bələd olmaq tələbindən irəli gəlir.
Qadın özünü sevgiyə, kişi məhəbbətinə
tabe edir, bu yolda ən ağır qurbanlar verməyə də
hazırdır. Axı Medeya Yasona vurulduğuna görə
doğma atasına da xəyanət edib, onun sirlərini
sevgilisinə açmışdı. Yason bu qadının,
özünü bütünlüklə ona həsr etməsini
qiymətləndirə bilməyəndə, əvvəlki məhəbbət
dəhşətli nifrətə çevrildi və son hiss
öz ifadəsini müxtəlif dəhşətli hadisələrdə
tapdı. Lev Tolstoyun qəhrəmanı Anna Karenina da, Vronskinin
onun məhəbbətini daşa çırpdığına
görə, ondan qisas almaq üçün özünü
parovozun təkərləri altına atır.
Herakl kentavrdan arvadı Deyaniranı çaydan
keçirməyi xahiş edir. Kentavr əks sahilə
çatdıqda Deyaniraya təcavüz edir. Hirslənən qəhrəman
kentavrı qılınc zərbəsi ilə
öldürür. Can verən kentavr Heraklın arvadına
deyir ki, onun axan qanını yığıb, ərinin
paltarına bulaşdırsın ki, o, heç vaxt ona
qarşı vəfasızlığa yol verməsin, axıra qədər
sədaqətli qalsın. Deyanira qanı yığıb, evində
ona batırdığı saplardan Herakla xiton tikib göndərir.
Qəhrəman arvadının hədiyyəsinə çox
sevinir, əyninə geyindikdə bədəni ağrıdan əziyyət
çəkməyə başlayır. Dəhşətli
ağrı dözülməz olduqda, Herakl özünü
yanan tonqala atır və beləliklə, yarımallah qəhrəman
həlak olur.
Sonra məlum olur ki, onun ölümündə
kentavrın birbaşa günahı yoxdur. Heraklın onu
öldürdüyü qılıncla, bir az əvvəl əjdaha
Nessi öldürmüşdü və Nessin zəhəri
qılıncın tiyəsində qaldığından,
Deyaniranın istifadə etdiyi sapları və toxuduğu xitonu
zəhərləmişdi. Heraklı da heç də
kentavrın qanı deyil, Nessin zəhərli
öldürmüşdü.
Mif göstərir ki, məhəbbəti cadu yolu ilə
qoruyub saxlamaq mümkün deyildir, məhəbbət hisslərin,
ehtirasın coşmasıdır, vulkan kimi püskürməsidir,
onlar sona çatırsa, hansısa panatseya bu dərdə
kömək edə bilmir.
Bibliyada da çox sayda diqqəti cəlb edən
qadın obrazları vardır. Sara faraon qarşısında əri
Abrahamın onu arvadı deyil, bacısı adlandırması
ilə razılaşır və faraonun ehtiras istəklərinə
tabe olmaq yolunu tutur ki, bu kiçik qurban hesabına ailəsini
xilas etsin. Yəhudi qızları Yudif və Ester isə öz
vətənləri və xalqları naminə
ağlasığmaz igidliklər göstərirlər. Yudifin
doğma şəhərini assuriyalılar mühasirəyə
almışdılar. Öz şəhərini xilas etmək
naminə Yudif Assuriya komandiri Olofernlə yaxınlıq etmək
adı altında şəhərdən çıxır və
zabitin düşərgəsinə gəlir. Olofern onun gözəlliyinə
heyran olduğundan, olduqca çox şərab içdiyindən,
yatağında yuxuya dalır. Yudif onun öz
qılıncı ilə assuriyalının başını kəsib,
ayaqları altına atır. İtalyan rəssamı Corcone bu
səhnəni öz tablosunda, olduqca gözəl qızın
ayaqları altında qalan Olofernin başının təsviri
ilə göstərmişdir. Qoşun
başçısının öldürülməsi əsgərləri
qorxuya salır və onlar mühasirəni götürüb,
şəhərdən uzaqlaşırlar. Bir gənc
qızın iradəsi və igidliyi şəhəri
assuriyalıların gözlənilən
ağalığından xilas edir.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 26 iyun(№110).- S.22.