Müharibələrin
mühasirəsində...
ATƏŞKƏS - ÖLƏN SÜLHÜN
XATİRƏSİNİ "BİR DƏQİQƏLİK
SÜKUTLA" YAD ELƏMƏKDİR
Argentinalı dünya yazıçısı Xorxe Luis
Borxes kimi mahir söz ustası belə yazdıqları ilə
deyil, oxuduqları ilə qürur duyurdu. O deyirdi: "Bəziləri
yazdıqları kitablarla öyünür, mən isə
oxuduqlarımla".
Əslində onun yazdıqları da oxuduqları kimi
öyünüləcək şedevrlərdir. Öz
yaratdıqları da, başqalarının yaradıqları da
qürur qaynağıdır.
Ancaq çox qəribə dövrdə
yaşayırıq: ətrafımızda müharibələr
tam sürətlə "böyüyür". Dünənki
"lokal körpə" toqquşmalar bu gün "regional dəliQANLI"
cavandır, üzü "dağıdıcı qlobal
ahıllığa" - ümumbəşəri
ağılsızlığa tərəfdir. Dünya
müharibəsi təhlükəsini "qapıdan qovursan, pəncərədən
soxulur".
Biz də odlu bir halənin içində sülh
adası kimi qalmışıq. Şimaldan və cənubdan
müharibələrin "mühasirə"sinə
düşmüşük. Dövlətlər bir-birinin
başına dağıdıcı raketlər,
partlayıcı maddə yüklü dronlar, çoxtonluq
bombalar yağdırır.
...Yazdıqları ilə dünyanı
qürurlandıran Borxes özü, bəli, oxuduqları ilə
qürurlanırdı. Bir də qlobal səhnənin
"aktyorları"na - geosiyasi aktorlara baxın: qurub
yaratdıqları ilə deyil, vurub dağıtdıqları
ilə fəxr edirlər. Qonşu ölkə nüvə
dövləti olana qədər dövlətçiliyinin
nüvəsi az qala dağılıb gedirdi. Özü
ekzistensial təhlükə mənbəyi olanlar eyni təhlükə
ilə üzləşiblər. Ən pisi odur ki, bəzi rejimlər
başqalarından daha çox öz xalqı
üçün təhlükədir artıq.
Daha çox ev yıxmaqla, daha çox adam
öldürməklə, daha çox şəhər
dağıtmaqla qürur duyan "lider"lər cavan
oğulların qanı və dərdli anaların göz
yaşı ilə meydan sulayır.
Bax, belə bir Dünyada yaşayırıq. Beləcə,
bu "meydan"ın tən ortasında dayanıb,
başına yağacaq fəlakətlərin yolunu gözləyir
hər kəs.
Gör, dünyanın və zamanın harasıdır
ki, biz azzamanlı atəşkəslərə sevinirik,
döyüşlərarası qısa fasilələrlə
ovunuruq. Yaxın Şərqdə "realiti cəhənnəm"
kiçik pauza verəcəkmiş! Nə böyük bəxtəvərlik!
Qısa, ya uzun - fərqi yoxdur, atəşkəs
müharibəsizlik deyil, bir az ara verməkdir, nəfəs dərib,
sonra təzədən qaldığın yerdən
ölüb-öldürməyə davam etməkdir.
Atəşkəs - ölən sülhün xatirəsini
"bir dəqiqəlik sükutla" yad eləməkdir. Atəşkəs
ardı-arası kəsilməyən ölümcül
oyunların əliqanlı oyunçularına hərdən
sayğı duruşuna keçməkdir.
Atəşkəs özlüyündə sanki
yaxşı bir şeydir, amma və lakin...
Həqiqi və səmimi sülh əldə edə
bilməyəcək adamların daha çox öldürmək
üçün azca dayanıb nəfəslənməsidir atəşkəs.
Axı bu dünyaya atəşkəs yox, atəşsizlik gərəkdir.
İnsanlığa fasiləli savaş yox, fasiləsiz
barış lazımdır. Nüvə alimləri atomu ilk dəfə
parçalayanda, görəsən, Planetdə həyatın
nüvəsini parçalayıb dağıdacaq gücün əsasını
qoyduqlarını bilirdilərmi?!
...Yer üzündə yüksək sivilizasiya
qurduğumuzla qürur duyuruq, amma bəşəriyyət olaraq
o sivilizasiyanın da axırına özümüz
çıxırıq. Bunun da günahkarları dünyada
söz yiyəsi olanlardır. Daha əvvəl
yazmışdım: "Dünyada söz yiyəsi olanlar -
sözünün yiyəsi deyillər".
Bax, bizim başımızı zaman-zaman atəşkəslə
aldadıb, özləri atəşlə oynayırlar. Arabir
döyüşü dayandırıb, ardınca daha çox
döyüşürlər. Dünyada həyatın qiymətini
qaldırıb, ölümü ucuzlaşdırır bu
Dünya liderləri. Ona görə də məni
qınamayın, belə atəşkəslərdən
heç gözüm su içmir. Hətta el arasında
deyildiyi kimi, gözümün içi ağrıyır. Bir
sözlə, təcavüzkar, dağıdıcı
müharibələrdə "nahar fasiləsi" rolunu
oynayan atəşkəsdən lap zəhləm gedir...
Hə, Otto fon Bismarkın: "Siyasət -
mümkün olanı əldə etmək sənətidir"
kəlamını əldə bayraq edib üstümə gələrsiniz,
atəşkəsə də şükür deyərsiniz.
Əslində mən artıq heç bu fikirlə də
razı deyiləm. Siyasətə axı biz nə vaxtacan
mümkün olanı əldə etmək sənəti kimi
baxacağıq?!
Bəs nə zaman siyasət, sadəcə,
mümkün olanı deyil, düzgün olanı əldə
etmək sənətinə çevriləcək?!
Dünya idarəçiliyinin əsasında hətta
heç siyasət də deyil, cinayət dayananda səhnəyə
muzdlu qatillər çıxır. Bu günlərdə
qaladıqları qəddar ocağın işığı
düşdü, daha aydın göründü o qatillər.
Budurmu, yeganə mümkün olan?! Müharibə?! Nə
zamana qədər siyasət başımıza od
yağdırıb, gözümüzə kül üfürəcək?!
Haçanacan canımıza od vurub, öz ətimizdən
özümüzə kabab çəkəcəklər?!
Axı bu, belə hara qədər?!
Bəlkə əsl sual budur?!
Avropa, Turgenyevin dediyi kimi, Hamlet və Don Kixot
obrazları arasında istədiyi qədər "var-gəl"
etsin. Ancaq "olum, ya ölüm" Qərbdə (elə
Şərqdə də) yeganə sual deyil: Dünya siyasəti
"ölüm, ya öldürüm" dilemmasına dirənib.
Böyük siyasət budursa, bəs onda kiçiyi
hansıdır?! Ətrafa geniş pəncərədən
baxanda görürsən ki, heç bu Dünya siyasətlə
də idarə olunmurmuş! Bilirsiniz, Dünya idarəçiliyinin
əsasında bəlağət dayananda natiqlər, cəhalət
dayananda qafillər, həqiqət dayananda aqillər, ədalət
dayananda adillər, ticarət dayananda tacirlər səhnəyə
çıxmışdı. Hələ bir yerdə ki idarəçiliyin
xəmiri cinayətdən yoğrula, orda, əlbəttə,
qatillər at səyridəcək. Üstəlik, bu xəmirin
mayasına cəhalətin zalım zülməti və vəhşi
ticarətin ifrat praqmatizmi qarışıbsa, betərin betəri
gəlib özünü yetirir.
Həmişə deyirik ha: "Allah betərindən
saxlasın". Yox, Allahın deyil, Allahsızın işidir
bu. Dünya od içindədir. Yer kürəsi özü
boyda alov topuna dönüb, sonun başlanğıcına
doğru fırlanır. Öz oxundan
"çıxıb", özgənin atdığı
alovlu ox ətrafında fırlanır sanki. Bu gün ətrafımızı
sarmış müharibələr bu sonluğa
çatmamış dayanmasa, sonra dayandırmaq daha çətin
olacaq. Bu müharibələrdə təkcə insanlar deyil,
insanlıq ölür. Həm də hələ(lik) salamat
qalmış insanların gözləri önündə
ölür insanlıq.
Amerikanın 35-ci prezidenti Con Kennedi düz deyirmiş:
"Ya bəşəriyyət müharibələrin
axırına çıxacaq, ya da müharibələr bəşəriyyətin".
Yeri gəlmişkən, məndən soruşurlar:
"Bunun axırı necə olacaq?"
Cavab: "Belə getsə, deyəsən,
axırıdır..."
Bahəddin HƏZİ
525-ci qəzet .- 2025.- 26 iyun(№110).-S.11.