Təbiət
insanı yaşadır və bəzən sınağa çəkir
(Əvvəli ötən şənbə
sayımızda)
Bundan sonra, XV əsrdə
Avropada Renessans erası başlandı, onun vətəni
İtaliya, daha dəqiq deyilsə, bu mədəni inqilabın
ilk beşiyi Florensiya idi. Sonra Renessans Romaya və Venetsiyaya
keçdi. Renessans dünyaya Leonardo da Vinçi, Mikelancelo və
Rafael kimi dahilər bəxş etdi. Mikelancelonun dühası hər
üç sahədə - rəssamlıqda, heykəltaraşlıqda
və arxitekturada əfsanəvi zirvələrə qalxdı.
Böyük rəssamların təsiri altında Renessans cəmiyyəti
də yaranırdı. Bu dövrdə İtaliya
parçalanmış şəkildə olsa da, bu dövlətlərdə
həm də İntellektual Renessans baş verdi. Rəssamlıq
isə görünməmiş inkişaf səviyyəsinə
yüksəldi. Kilsə də Renessansın inkişafına
mane olmur, çox hallarda öz sifarişləri ilə onun irəliləməsinə
kömək edirdi.
Orta əsrlərdə şəhərlər sürətlə
inkişaf etməyə başladı. Şəhərləri,
gözəlliyi və hündürlüyü ilə
seçilən məbəd binaları bəzəyirdi.
Belçikada həm də yoxsullar üçün tikilən
xəstəxanalar var idi, onlara himayəçiliyi
monastırlar edirdi Xəstə müalicə üçün
qəbul edilməmişdən əvvəl, kiçik kilsəyə
girirdi, çünki xəstəlik Allahın insana göndərdiyi
cəza hesab olunurdu. Xəstəliklər
müxtəlifliklərinə baxmayaraq, əsasən otlarla
müalicə olunurdu, bu məqsədlə xəstəxananın
yaxınlığındakı bağda bu müalicəvi
bitkilər becərilirdi. Yoğun bağırsaq problemləri
üçün primitiv dəmir alətlərdən istifadə
olunurdu. Lakin palataların sanitariya vəziyyəti çox
aşağı idi, çarpayıda xəstələr iki-iki
yatırdı. Onlar demək olar ki, yuyunmurdular. İfraz
üçün işlədilən qablardan yayılan üfunət
hər yeri bürüyürdü. Bütün bunlarla
yanaşı, imkansız xəstələrin müalicəsi
humanist addım olmaqla yanaşı, əvvəlki dövrlərə
nisbətən fərqli bir proqress idi.
Niderlandda isə ispan ağalığına
qarşı mübarizə katolik dininin qadağan olunması
ilə müşayiət olundu. Katolik kilsəsi gizli fəaliyyət
göstərirdi. Katolik ailələrindəki varlı
qadınlar rahibəliyə keçirdilər. Onlar xəstəxanada
xəstələrə qulluq edirdilər. Protestantların
katolikləri təqib etməsindən, beləliklə, yoxsul xəstələr
fayda götürürdülər.
Avropa cəmiyyəti Yüksək Orta əsrlər
erasında canlanmağa və böyüməyə
başladı. Kəndlilər və kübarlar
sivilizasiyanın inkişafında mühüm rol
oynayırdılar. Bu dövrdə həm də ticarət və
şəhərlərin yeni dünyası meydana gəldi.
İntellektual və sənətkarlıq dünyası da
inkişaf edirdi.
XV əsrin sonunda Xristofor Kolumb Yeni Dünyanı kəşf
etmişdi. Portəgiz və İspan imperiyaları
böyük coğrafi kəşflərə himayədarlıq
edirdi və bu, əslində, dünyanın bütövləşməsində
yeni üfüqlər açırdı. Onları buna şərəf
və var-dövlət qazanmaq istəyi məcbur edirdi.
Avropalıların ekspansiyası yerli xalqlara böyük bədbəxtliklər
gətirir, onların inkişaf etmiş
sivilizasiyalarının məhv olunmasına səbəb olurdu.
Avropalıların xəstəlikləri yerli əhalini ot kimi
biçirdi.
XVI əsrdə Reformasiya hərəkatları və
dini müharibələr getdi. Martin Lüter 1517-ci ildə
Roman kilsəsi ilə böyük
narazılığını öz etiraz petitsiyasında
bildirdi və Avropanın hər yerində protestantların hərəkatı
başlandı. Onun qəzəbinə inflügensiya -
günahların bağışlanması adı altında
kilsənin adamlardan pul yığması, əslində, qarətçilik
etməsi səbəb olmuşdu. Protestant islahatları kilsənin
transformasiyasına yol açdı.
Erkən Orta əsrlərdə ticarət hələ də
xaotik xarakter daşıyırdı. Qərbi Avropanın
çox hissəsində ticarət tənəzzül
etmişdi. İtaliyanın şəhərləri isə ticarətin
canlanmasında mühüm rol oynadılar, şəhərlər
də böyüməyə başladı. Tacirlər
varlandıqca, onlar şəhərlərin də
inkişafına sərmayə qoyurdular. Həm də yeni iri və
kiçik şəhərlər meydana gəlirdi, onlar
xüsusən Şimali Avropada çox idilər.
Ticarətin canlanması şəhərləri
geniş ölçüdə manufaktura istehsalının mərkəzlərinə
çevrilməsinə də şərait yaratdı. Çox
geniş çeşiddə parça, paltar, metaldan olan əşyalar,
ayaqqabı və dəridən olan mallar istehsal edilirdi. Dar
küçələrdəki ev sahibləri sənətkarlıq
məhsulları hazırlayırdılar. XII əsrdən
başlayaraq sənayeçilər və sənətkarlar
gildiyalar təşkil etməyə başladılar. Onlar sənaye
malları istehsalında artıq aparıcı rol
oynayırdılar.
Bu dövrdə (XIII əsrdə) elmdə və təhsilin
təşkilində inqilabi rol oynayan universitetlər meydana gəlməyə
başladı. Universitet latın sözü olub, korporasiya və
ya gildiya mənasını verirdi. İlk Avropa universiteti
Bolonyada meydana gəldi. Bolonya Universitetinin yaranması Roma
hüququna maraq göstərilməsi ilə əlaqədar
idi.
Universitetlərdə qrammatika, ritorika və məntiq
öyrədilirdi. Bütün klassikalar latın dilinlə
oxunan mühazirələr idi. Tələbələr istənilən
ölkədən və ya sinfin nümayəndələrindən
ibarət ola bilərdi.
Klassik antik eraya məxsus olan mədəni irsin bərpası
Yüksək Orta əsrlər dövründə baş verdi,
bu, intellektual canlanmanın başqa bir aspekti idi. Bu vaxt antik
dövrün əsərlərinə maraq artmışdı;
bunlar qədim yunan və romalıların əsərləri
idi. XII əsrdə Qərbi Avropa çox sayda yunan alimlərinin
və filosoflarının əsərləri ilə
tanış oldu. Bunlara Qalenin və Hippokratın təbabət
barədəki, Ptolomeyin coğrafiya və astronomiya, Yevlikdin
matematika elmi üzrə əsərləri daxil idi. Hər
şeydən əvvəl Qərb bu vaxt Aristotelin bütöv əsərləri
ilə tanış ola bildi. XII əsrin ikinci yarısında
isə Aristotelin bütün elmi əsərləri latın
dilinə tərcümə olundu, bu dil isə o vaxtlar beynəlxalq
dil sayılırdı. Aristotelin əsərlərinin Qərbdəki
təsiri olduqca böyük idi. Ona "bilən adamların
müəllimi" kimi baxırdılar. Onu hətta biliyin
bütün sahələrinə agah olan kimi qəbul edirdilər.
Yunan elmi və fəlsəfi əsərlərinin dirilməsi,
heç də sadə bir proses deyildi, ancaq Avropada yunan biliyini
yalnız hələ kiçik hissəsi məlum idi. Onlar
Müsəlman dünyası vasitəsilə Aristotelin və
digər yunan alimlərinin əsərlərinin Qərbdə
dirilməsinə nail olmuşdular. Yunanların əsərləri
ərəb dilinə tərcümə olunmuşdu və parlaq
Müsəlman sivilizasiyasının bir aspektinə
çevrilmişdi. XII əsrdə həmin yazılar ərəb
dilindən latın dilinə tərcümə edildi, beləliklə,
onlar Qərbə də tanış oldu. Müsəlman və
xristian mədəniyyətləri İtaliyanın cənubundakı
Siciliyada Norman krallığında və bütün
İspaniyada görüşdülər. Əsərlərin tərcüməsi
isə ərəb və yəhudi alimləri tərəfindən
həyata keçirilirdi.
İslam dünyası təkcə tərcümə
ilə deyil, həm də Qərbə böyük intellektual
xidmət göstərməsi ilə seçilirdi. Elmi əsərlər
Qərbdə əridilməklə, Qərb dünyasında
inkişaf etdirildi. Fizika, matematika, təbabət və optika
elmləri sahəsindəki ərəblərin əsərləri
Qərbdə latın dilində öyrənilirdi.
Qərb həm də yəhudi alimlərinin əsərlərini
də qəbul etmişdi, onlar İslam dünyasında
yaşayırdılar. Güman ki, ən məşhur olan
Moisey ben Maymonid (1135-1204-cü illər) idi, o bu vaxt Kordobada
yaşayırdı. Onun əsərləri yunan və ərəb
ənənələrində idi və dinlərin və əqli
qabiliyyətlərin barışdırılması problemləri
ilə maraqlanırdı. O, əsərlərini ərəb
dilində yazırdı.
Avropada isə elmin inkişafında ilahiyyat alimləri
Abelyar (1079-1142-ci illər), Tomas Akvinas (1225-1274-cü illər)
fərqləndilər.
Orta əsrlərdə həm də Roma hüququnun bərpası
baş verdi. Bizans imperatoru Yustinianın dörd bölmədən
ibarət öz hüquq kodeksində romalıların irsindən
geniş istifadə etmişdi.
XV əsrdə isə Avropa mədəniyyətinə
inqilabi təsir göstərən Renessans baş verdi. Təsviri
sənətdə və heykəltaraşlıqda XV əsrdən
başlayaraq güclü inkişaf
prosesi getdi. Renessans cəmiyyəti də meydana gəldi.
Bu dövrdə İtaliyada çox sayda dövlətlər
var idi və florensiyalı Nikkolo Makiavelli özünün
"Hökmdar" əsərində siyasi reallığa
öz münasibətini bildirdi və hakim dairələrin bu
zirvəyə yüksəlməsi üçün istifadə
etdikləri metodları və vasitələri ifşa etdi.
Renessans təkcə rəngkarlıqdakı və heykəltaraşlıqdakı
inkişafı əhatə etmirdi, İtaliyada həm də
intellektual Renessans baş vermişdi. Kilsənin özü də
Renessans dahilərinə xoş münasibət göstərir,
onları Vatikandakı sarayları olan Müqəddəs Pyotr
kilsəsinin geniş zallarını öz əsərləri
ilə bəzəmək sifarişlərini verirdilər.
Mikelancelonun, Rafaelin, Bottiçellinin ölməz əsərləri
Vatikan saraylarını bəzəyir.
Yeni tarix dünyanın böyük inkişafına səbəb
oldu
XVI əsrdə isə Reformasiyanın meydana gəlməsi
ilə, dini döyüşlər başlandı. Alman ilahiyyat
alimi Martin Lüter Roma katolik kilsəsinin fəaliyyətindən
narazılığını özünüz yüzə qədər
maddədən ibarət olan petitsiyasında elan etdi. O, kilsənin
indulgensiya bağışlamaq sahəsindəki fəaliyyətinə
əks çıxaraq, bunu adamları qarət etmək
üsulu kimi rədd edirdi. Adamlar kilsəyə müəyyən
məbləğdə pul ödəməklə,
günahlarının guya bağışlanmasına və ya
indulgensiya əldə etməyə nail olurdu.
Martin Lüterin narazılığı Reformasiya
adlanan böyük hərəkatın başlanmasına səbəb
oldu və bu, xristian dininin, əsas iki əks cəbhə olan
katoliklərlə protestantlar arasında qızğın
mübarizənin getməsinə yol açdı.
Lüteranizmin qalxması ilə protestant hərəkatı xeyli
gücləndi və bu, xristian dininin yenidən
parçalanmasına səbəb oldu. Bundan bir neçə əsr
əvvəl isə ikona məsələsi üstündəki
mübahisələr Roma kilsəsini katoliklərə və
ortodokslara (pravoslavlara) parçalanmışdı. İndi isə
Avropanı dini lərzəyə salan daha geniş hərəkat
baş vermişdi və bu, gələcək dini müharibələrin
də baş verməsinə səbəb oldu. Avropa cənubda,
mərkəzdə və qərbdə katolik dini ərazisi
olaraq qalsa da, İngiltərədə və Şimalın digər
ölkələrində, həmçinin Müqəddəs
Roma imperiyasında protestantizm geniş yayıldı.
XVII əsrdə Avropada Elmi İnqilab baş verdi.
Kopernikin, Keplerin, Qalileonun və Nyutonun elmi kəşfləri
ilə, astronomiyada Ptolomey
konsepsiyalarından fərqli olan kainat barədə geliosentrik
ideyaya əsaslanan yeni baxışlar meydana gəldi. Paraselsin,
Vesaliusun və Harveyin axtarışları təbabətə
elmi baxışlar bəslənməsinə kömək etdi.
Elmi inqilabda əvvəlki dövrlərdən fərqli olaraq
qadınlar da fəal iştirak etdilər. Elmi metodlar dəyişikliyə
uğradı və elmi biliklər geniş yayılmağa
başladı. Elmlə yanaşı, qitədə mədəniyyət
də inkişaf edirdi.
Həmin əsrin başlıca xüsusiyyətlərindən
biri Avropanın mərkəzində, qərbində və
şərqində dövlət quruluşu kimi Mütləqiyyətin
hakim kəsilməsi oldu.
XVIII əsrdə Avropa dövlətləri xeyli
möhkəmlənmişdi, beynəlxalq müharibələr
baş verdi. Bununla yanaşı, sosial həyatda dəyişikliklər,
Avropa dövlətləri kimi Fransada, Böyük Britaniyada,
Holland Respublikasında inkişaf daha sürətli idi.
Aralıq dənizi dövlətləri və Skandinaviya
monarxiyaları da inkişaf yoluna qədəm qoydu.
"Qüvvələrin tarazlığı"
konsepsiyası beynəlxalq münasibətlərə öz təsirini
göstərirdi. Kənd təsərrüfatında, maliyyədə,
sənayedə və ticarətdə ciddi dəyişikliklər
baş verdi. Avropanın müxtəlif hissələrində və
insan qrupları arasında yaşayış səviyyəsi
yüksəlməyə başladı.
İntellektual sahə ilə yanaşı, siyasi,
iqtisadi və sosial sahələrdə gedən dəyişikliklər
ölkələrin inkişaf yoluna qədəm qoyduğundan xəbər
verirdi. Bu dövrdə həm də tənqidi
düşüncələr geniş ifadə olunmağa
başladı. Bu əsrdə Böyük Britaniyanı irəli
çıxaran, Fransanı isə öz müstəmləkələrindən
məhrum edən Yeddi illik müharibə (1756-1763-cü illər)
getdi. Britaniyalılar Hindistanda qələbə çalmaqla,
subkontinentdəki gələcək müstəmləkənin
bünövrəsi qoyuldu. Kanada da fransızların məğlubiyyəti
nəticəsində, onların tabeliyində olan bütün ərazilər
Britaniyanın müstəmləkəsinə
çevrildi.
Ən mühüm yenilik isə, Sənaye
inqilabının müşayiəti ilə XVIII əsrdə
Avropa sənayesinin inkişafı oldu.
Fransada meydana gələn Maarifçilik ideyaları
Avropaya yayıldı. Vaxtilə geridə qalan kimi tanınan
Rusiya Didronu, Prussiya isə Volteri öz ölkələrinə
qonaq dəvət etdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 1 mart(№39).- S.22.