"Azad edilmiş ərazilərdə
ekoloji tarazlığın bərpası mühüm şərtdir"
Zəngilan rayonunda Ekoloji məsələlər
üzrə İşçi qrupunun növbəti iclası
keçirilib. İclasda Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarının nadir və itmək təhlükəsində
olan bitki və heyvan növləri, işğaldan azad
edilmiş ərazilərdə infrastruktur layihələri həyata
keçirilərkən və yaşıllıqların
götürülməsi zamanı ekoloji tələblərin
icra vəziyyəti, Cəbrayıl rayonunda mövcud kəhriz
sistemlərinin monitorinqi və bərpası, Qarabağ və
Şərqi Zəngəzur iqtisadi rayonlarında təhlükəsiz
bərk tullantıların idarə olunması ilə
bağlı görülmüş işlər və zərərsizləşdimə
poliqon sahələri, Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında filiz, qeyri-filiz, şirin və termal
mineral su yataqlarının, kəhrizlərin mövcud vəziyyəti
və onlardan istifadə perspektivləri, işğaldan azad
edilmiş ərazilərdə xüsusi mühafizə olunan təbiət
ərazilərinin bərpası və yeni yaradılan milli parklar,
işğaldan azad edilmiş ərazilər üzrə xarici
su təchizatı, kanalizasiya və yağış suları
sisteminin tikintisi layihəsi çərçivəsində
icra olunmuş tikinti-quraşdırma işləri, meşə
fondu sahələrinin uzaqdan zondlama üsulu ilə
inventarlaşdırılması ilə bağlı
görülən işlər barədə
danışılıb.
Cəbrayıl, Qubadlı və Zəngilan
rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsi Vahid Hacıyevin sözlərinə
görə, 2021-ci ildən indiyə qədər Cəbrayıl,
Qubadlı, Zəngilan rayonlarında çox saylı
qum-çınqıl yataqlarında torpağın istismardan əvvəlki
vəziyyətinə qaytarılması üçün bərpa
işləri görülür. Mərkəzdə
tullantıların təmizlənməsi, idarə edilməsi,
həmçinin yanğın təhlükəsizliyi ilə
bağlı işlər aparılır: "Məqsəd
işğaldan azad edilmiş ərazilərdə təbii
landşaftın qorunmasıdır".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov
deyib ki, işğaldan azad olunmuş səkkiz rayonda müvafiq
poliqonlar müəyyən edilib və onlar tikintiyə
başlamaq mərhələsindədir. 60-a qədər
xüsusi texnika tullantıların daşınması
üçün təchiz olunub: "Azad olunmuş ərazilərdə
tullantıların idarə olunmasında regional strategiya layihəsi
hazırlanıb və təkmilləşmə mərhələsindədir.
Bu ərazilərdə məlum məsələ ilə
bağlı müxtəlif nəzarət tədbirləri də
həyata keçirilir. İstirahət və müxtəlif məqsədlər
üçün səfər edən şəxslər tərəfindən
çirklənmə işləri mövcuddur. Mən təklif
edirəm ki, hər bir təşkilat tullantıların
yığılmasında, idarəsində öz üzərinə
düşən vəzifəni yerinə yetirməlidir. Əks
halda müvafiq tədbirlər həyata keçirilir".
Mütəxəssislərin fikrincə, azad edilmiş ərazilərdə
ekoloji tarazlığın bərpası çox mühüm
şərtdir. Cəbrayıl rayonunda mövcud kəhriz sistemlərinin
monitorinqi və bərpası məsələsi ilə
bağlı Cəbrayıl, Qubadlı və Zəngilan
rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin
böyük məsləhətçisi, Ekoloji məsələlər
üzrə işçi qrupun üzvü Nərgiz
Qaracayevanın sözlərinə görə, işğaldan
azad olunmuş ərazilərdə kəhrizlərin bərpası
böyük əhəmiyyət kəsb edir. Ötən il
Horovlu kəndində beş kəhriz bərpa edilib:
"İşğaldan azad olunmuş ərazilərdə kəhrizlərin
bərpası böyük əhəmiyyət kəsb edir.
Çünki onlar dayanıqlı su mənbələridir.
Horovludakı kəhrizlər regionda bərpa olunan yeganə kəhrizlərdir.
Həmin kəhrizlərin su həcmi Horovlu kənd əhalisinin
ilkin mərhələdə su ehtiyacını ödəyə
bilər".
N.Qaracayeva qeyd edib ki, kəhrizlərin bərpası
üçün aidiyyəti qurumlarla birgə fəaliyyət
planı hazırlamaq olduqca önəmlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin
sədri Mirsalam Qənbərov bildirib ki, Zəngilan rayonunun
Ağalı kəndində nəzərdə tutulmuş
infrastruktur layihə sənədləri üzrə cəmi 57
ağac və 9 kol bitkisi tikinti ərazisinə düşəcək.
Həmin layihədə birmərtəbəli fermerlər
üçün təsərrüfat binası, birmərtəbəli
21 ədəd 16 başlıq iribuynuzlu heyvanlar
üçün tövlə, birmərtəbəli 21 ədəd
24 başlıq xırdabuynuzlu heyvanlar üçün
tövlə, birmərtəbəli iri texnikalar
üçün dayanacaq (talvar), birmərtəbəli ot
anbarı, birmərtəbəli taxıl (yem) anbarı, birmərtəbəli
köməkçi tikililər və mühəndis-kommunikasiya
qurğularının tikilməsi nəzərdə tutulub.
M.Qənbərov qeyd edib ki, Laçın rayonunun
Mollalar kəndi ərazisində rəy olmadan qaz xətti
çəkilərkən xeyli yaşıllığa ziyan
vurulub: "Bu tip problemlər öz həllini
tapmalıdır. Hər bir təklif olunan layihədə
yaşıllığın qorunmasına xüsusi diqqət
yetirilməlidir".
Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Ekoloji
məsələlər üzrə işçi qrupun
üzvü, İradə Hüseynovanın dediyinə görə,
Qarabağda yayılan dərman bitkilərindən 19 fəsilə
və 28 cinsin itmə təhlükəsi var: "Bu günə
kimi aparılmış monitorinqlər nəticəsində məlum
olub ki, dərman bitkilərinin 19 fəsilə və 28 cinsdən
ibarət 35 növü Qafqaz endemi, 32 növü nadir və
itmə təhlükəsi olan bir çoxu Azərbaycanın
"Qırmızı kitab"ına salınıb".
İ.Hüseynova əlavə edib ki, işğaldan azad
olunmuş ərazilərdə 165 nəsli kəsilmək təhlükəsində
olan bitki növü mövcuddur: "Eyni zamanda, 57 fəsilə
və 99 cinsə aid nəsli kəsilmək təhlükəsində
olan, 34 fəsilə və 84 cinsə aid 119 endem və subendem
növ var".
O əlavə edib ki, Azərbaycan florasında olan
bitkilərin 35 faizdən çoxu Qarabağda yayılıb.
Ərazidə ümumilikdə 101 növ dərman, 44 növ
yabanı qida-meyvə və giləmeyvə, 28 növ
yabanı tərəvəz, 20 növ ətirli-ədviyyəli,
10 növ boyaq və 300 növ yem bitkisi var.
Millət vəkili Pərvanə Vəliyeva qeyd edib ki,
Araz çayı İran ərazisindən də keçir. Ermənistanın
dağ-mədən sənayesinin zərərləri Arazı
çirklənməsinə səbəb olduğuna görə
İran da bundan narahat olmalıdır. Həmin xəritə Azərbaycan
üçün ən böyük fakt və sübutdur:
"Ona görə də xəritəni ekologiya ilə əlaqədar
beynəlxalq konvensiyalara da göndərə bilərik. Ermənistan
özünün dağ-mədən müəssisələrində
beynəlxalq qurumlarla, xarici QHT-lərlə birgə ekoloji
monitorinqlər keçirmək üçün Azərbaycan
QHT-lərinə şərait yaratmalıdır. Bununla bağlı
qarşı tərəfin QHT-lərinə müraciət etsək
də, cavab almamışıq".
Deputat bildirib ki, Ermənistanın Baş naziri Nikol
Paşinyan bu mövzuda Azərbaycan ictimaiyyətinin,
dünyanın onlarla ölkəsindən olan vətəndaş
cəmiyyəti təmsilçilərinin ona ünvanlanan
müraciətlərini iki ilə yaxındır cavabsız
qoyub: "Hələ də Ermənistanın dağ-mədən
müəssisələri Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
Sənədlərini gizlədir, ictimailəşdirməkdən
imtina edir".
P.Vəliyeva ictimaiyyətə təqdim olunan interaktiv
rəqəmsal xəritədə Azərbaycan xalqına məxsus
milli toponimlərin olduğu kimi verilməsini, hətta yer
adları ilə bağlı tarixi xəritələrə
istinadları yüksək qiymətləndirib, bunun Qərbi Azərbaycan
yaddaşı prizmasından da mühüm əhəmiyyətini
vurğulayıb.
"Environmental Protection First" (EPF)
Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi yanında İctimai Şuranın
rəhbəri Amin Məmmədov deyib ki, bu yaxınlarda Rusiyada
çap edilmiş kitabda Bərgüşad və
Arpaçayın guya Azərbaycandan Ermənistana
axdığı və çirkləndirildiyi qeyd olunub. O,
kitabı Bakıya gətirdiyini və araşdırmağa
başladığını bildirib: "Həmin kitabın
müəllifi faktları saxtalaşdırmaqla ictimaiyyətə
yanlış məlumat verir. Hazırda həmin kitabın
araşdırılmasını davam etdiririk".
A.Məmmədov vurğulayıb ki, Ermənistanın
dağ-mədən sənayesinin zərərləri, həmçinin
çayları çirkləndirməsi İran mediasında
da müzakirə olunur: "Bu günlərdə İranın
ekoloji problemlər üzrə ixtisaslaşmış nəşri
olan "Pəyam-e ma" qəzeti Araz çayının
çirklənməsi ilə bağlı geniş hesabat dərc
edib. Hesabatda açıq yazılır ki, Araz çayı 59
ağır metalla yüksək dərəcədə
çirkləndirilib. Suyu çirkləndirən əsas
elementlər alüminium, arsen, mis, manqan, molibden,
qurğuşun və vanadiumdur, bunlar əsasən Ermənistanın
dağ-mədən müəssisələrindən
qaynaqlanır".
"Environmental Protection First" (EPF)
Koalisiyasının həmtəsisçisi Sabit Bağırov
bildirib ki, beynəlxalq təşkilatların Ermənistana
verdiyi tövsiyələrin tələblərə
çevrilməsi üçün addımlar
atılmalıdır. Ermənistan ərazisindən keçən
və Azərbaycana axan 10 çayın hamısı təhlükəlidir:
"Ermənistanın dağ-mədən sənayesi həmin
çayların sularına ciddi zərər vurur. Ölkədə
15 xüsusi tullantı zavodu var və əksəriyyəti də
sovet dövründə yaradılıb. Həmin zavodların
tullantı anbarları çox təhlükəli durumdadır.
Bu məlumatı Ermənistan mediası da faktlarla
paylaşmışdı. Ona görə də təhlükənin
fərqindəyik və ekoloji problemin qarşısının
alınmasında ciddi fəaliyyət göstərməliyik.
Beynəlxalq təşkilatların Ermənistana verdiyi
tövsiyələrin tələblərə çevrilməsi
üçün addımlar atmalıyıq".
S.Bağırov təklif edib ki, Mədən Sənayesində
Şəffaflıq Təşəbbüsü öz
Standartında ekoloji normaların tətbiqinə dair
meyarları gücləndirməlidir: "Belə olsa, Mədən
Sənayesində Şəffaflıq Təşəbbüsünün
üzvü olan Ermənistan bu sahədə daha şəffaf və
məsuliyyətli olar. BMT-nin Transsərhəd su
axarlarının və beynəlxalq göllərin mühafizəsi
və istifadəsi haqqında Konvensiyası üzrə
Katibliyi də bu problemlə bağlı konkret mövqe ortaya
qoymalıdır. Biz onlarla da görüşməyə
hazırıq. Çünki Ermənistan bu Konvensiyaya
qoşulmaqdan qaçır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 5 mart(№41).- S.13.