Azərbaycan flora və
faunasının qorunması üçün önəmli tədbirlər
görülür
Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF)
Azərbaycan nümayəndəliyinin rəsmi sosial
hesabında akademik Həsən Əliyev adına Zəngəzur
Milli Parkındakı 5 bəbirin görüntüsü
paylaşılıb. Paylaşımda bildirilib ki, Fond 2007-ci ildən
başlayaraq ölkəmizdə foto və videotələlər
vasitəsilə Bəbir (Panthera pardus) və onun qida obyektlərinin,
rəqib növlərin monitorinqini aparır. İlk dəfədir
ki, kameralara 5 bəbir bir yerdə düşür: "Onun
dördünü yaxşı tanıyırsız -
adını sizinlə birlikdə Banu qoyduğumuz ana bəbir
və yanında 3 balasıdır. Beşinci fərd isə
qonşu dövlətləri də gəzib gələn SC_026
kodlu bir erkəkdir".
Bəbir (Panthera pardus) - Dünyadakı bəbir
yarım növlərinin ölçücə ən
böyüyüdür, bu pişik həmçinin ölkəmizdə
ən iri pişikkimidir. Sarı-qızılı kürkü
üzərində qara rozetləri (xalları) olan bu pişik
iri ölçüsünə, cəldliyinə, uzun
quyruğuna görə seçilir.
Azərbaycanın xüsusi mühafizə olunan təbiət
ərazilərindən biri də Milli parklardır. Ölkəmizdə
Milli parklar 2003-cü ildən etibarən yaradılmağa
başlayıb. 2003-cü ildə Azərbaycan Ekologiya və Təbii
Sərvətlər Nazirliyi tərəfindən akademik Həsən
Əliyevin adı verilən Zəngəzur Milli Parkı,
Şirvan Milli Parkı, Ağgöl Milli Parkı, 2004-cü
ildə Hirkan Milli Parkı, Altıağac Milli Parkı, 2005-ci
ildə Abşeron Milli Parkı, 2006-cı ildə
Şahdağ Milli Parkı, 2008-ci ildə Göygöl Milli
Parkı, 2012-ci ildə isə Samur-Yalama Milli Parkı
yaradılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına
görə, Kiçik Qafqaz və Naxçıvan Muxtar
Respublikası akademik Həsən Əliyev adına Zəngəzur
Milli Parkı ərazisində yerləşir. 2003-cü ildə
Ordubad rayonunun inzibati ərazisinin 12131,0 hektar sahəsində
Ordubad Milli Parkı yaradılıb. Milli Parka akademik Həsən
Əliyevin adı verilib. 2009-cu ildə Prezidentin müvafiq sərəncamı
ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa,
Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək
sahəsi 42797,4 hektara çatdırılıb. Eyni sərəncamla
Milli Parkın adı dəyişdirilərək akademik Həsən
Əliyev adına Zəngəzur Milli Parkı
adlandırılıb. Milli Parkla yanaşı, xüsusi
mühafizə olunan təbiət ərazisinin 27870,0
hektarında Ordubad Dövlət Təbiət
Yasaqlığı yerləşir. Orta
hündürlüyü 3200 metrə çatan Zəngəzur
silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən
yüksəkdir. Onun ən yüksək zirvəsi olan Gəmiqaya
Zəngəzur Milli Parkının ərazisində olmaqla 3906
metrdir. Bu, eyni zamanda, Kiçik Qafqazın Azərbaycan ərazisində
ən yüksək zirvəsidir. Zəngəzur silsiləsinin
sonuncu - üçüncü hissəsi Soyuq dağdır ki,
o da Zəngəzur Milli Parkının ərazisinə daxildir.
Naxçıvan Muxtar Respublikası öz quş faunasının
zənginliyinə görə Azərbaycanda məxsusi yer tutur.
Ərazidə 217 növ və yarımnöv quşa rast gəlinir
ki, bunlardan 15 növü "Qırmızı Kitab"a daxil
edilib. Naxçıvan Muxtar Respublikasında 62-yə qədər
məməli heyvan növünə və ya
yarımnövünə təsadüf edilir. Bunlardan 32 növ
və ya yarımnövə Zəngəzur Milli Parkının
və Ordubad Dövlət Təbiət
Yasaqlığının ərazisində rast gəlinir.
Naxçıvan Muxtar Respublikası ərazisində 12
növ yırtıcı heyvan yayılıb. Bunlardan Milli
Parkın ərazisində canavar, çaqqal, adi tülkü,
zolaqlı kaftar, daşlıq dələsi, porsuq, meşə
pişiyi və s. rast gəlmək mümkündür. Azərbaycan
sularında 100-dən artıq balıq növü
yaşayır. Bunlardan Naxçıvan sularında 16 növ
balığın olması müəyyən edilib. Zəngəzur
Milli Parkının və Ordubad Dövlət Təbiət
Yasaqlığının ərazisi ali və nadir bitkilərə
görə də zəngindir.
Bəbir rast gəlinən parklardan biri də Hirkan
Milli Parkıdır. Parkının ərazisində
keçirilən monitorinq zamanı foto-tələlər vasitəsilə
Asiya bəbirlərinin artımı müşahidə olunub.
Hirkan Milli Parkının sahə müfəttişi
Sahil Mikayılovun sözlərinə görə, bəbirlər
parkdakı demək olar ki, bütün kameralarda lentə
alınır. Bu da onların sayında artım olduğunu deməyə
əsas verir.
O, əlavə edib ki, Hirkan Parkı ərazisində
yaşayan bəbir cinslərinə Naxçıvanda da rast gəlinib.
Bu faktlar son illərdə xüsusi mühafizə olunan təbiət
ərazilərində heyvan aləminin mühafizəsi tədbirlərinin
gücləndirilməsi, ekoloji maarifləndirmə işlərinin
aparılması nəticəsində əldə edilib.
Artımın bir çox səbəbi var. Birincisi
güclü mühafizə rejimi, digəri isə yem
bazasıdır: "Bəbirin yaşaması
üçün yem lazımdır. Hirkan Milli Parkında
şükürlər olsun ki, yem bazası çoxdur.
Kameralara baxıb görürük ki, qabanların sayı ilbəil
çoxalır, yeni balaları görünür, sürü
ilə gəzirlər. Tirandazların, canavarların,
çaqqalların, yenotların sayı da çoxalıb. Təbiətdə
belə qanun var ki, biri digərinin yemi olmalıdır".
Hirkan Milli Parkı Azərbaycanın cənub-şərqində,
Lənkəran və Astara inzibati rayonlarının ərazisində
yerləşir. Parkın ərazisinin çox hissəsi
meşələrlə örtülüdür. Milli Parkın
meşələrində ayıdöşəyi, Hirkan bigəvəri,
Hirkan şümşadı, pırkal, müxtəlif lianlar
geniş yayılıb. Bu bitkilərin əksəriyyətinin
adı Azərbaycanın "Qırmızı
Kitabı"na daxil edilib. Parkın heyvanat aləmi çox zəngindir.
Burada məməlilərdən bəbir, xallı maral,
vaşaq, porsuq, qaban, cüyür, yenot və s. növlərə
rast gəlmək olar.
Hirkan Milli Parkının ərazisinin çox hissəsini
meşələr və şimal-qərbdən cənub-şərqə
doğru uzanan sıra dağlar əhatə edir. Ərazidə
əsasən yayı quraq keçən mülayim-isti iqlim tipi
hakimdir. Buranın yayı quraq, payızı rütubətli,
qışı isə mülayimdir. Hirkan Milli Parkının ərazisi
şaquli qurşaq üzrə çox ucalmasa da (1000 m-ə qədər),
şərqdən qərbə dağlara qalxdıqca, meşələrin
şaquli qurşaqlar üzrə dəyişdiyini
müşahidə etmək olar: aşağı hissədə
əsasən, şabalıdyarpaq palıd, dəmirağac və
vələsin (İpək akasiya, Xəzər lələyi,
Hirkan ənciri, Qafqaz xurması, azat ilə birlikdə)
üstünlük təşkil etdiyi meşələr
yayılmışdır. Hündürlüyə qalxdıqca,
əsasən dəmirağac, qismən də
şabalıdyarpaq palıd azalır, onları fısdıq
meşələri əvəz edir.
Ərazinin bitki aləminin zənginliyi burada
çoxsaylı heyvanların yaşamasına imkan
yaratmışdır. Parkın heyvanat aləmi çox zəngindir.
Burada məməlilərdən bəbir, xallı maral,
vaşaq, porsuq, çöl donuzu, cüyür, yenot və s.
növlərə rast gəlmək olar. Ərazidə
suda-quruda yaşayan heyvan növlərindən adi triton,
daraqlı triton, Suriya sarımsaqiyli qurbağası, Qafqaz
xaçlıcası, adi quru qurbağası
yayılmışdır. Milli Parkın ərazisində
sürünənlərdən Aralıq dənizi
tısbağası, zolaqlı çılpaqgöz kərtənkələ,
girdəbaş yovşanlıq kərtənkələsi,
xarabalıq kələzi, Eskulap ilanı və s. növlər
mövcuddur.
Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara
leylək, məzar qartalı, qıvrımlələk qutan,
turac, mərmər cürə, Talış qırqovulu, Hirkan
arıquşu, toğlugötürən və sair
quşların adları Azərbaycanın
"Qırmızı Kitab"ına daxil edilib. Milli
Parkın entomofaunası endem növlərlə zəngindir.
Ərazidə "Qırmızı Kitab"a
düşmüş növlərdən
tündqırmızı Talış uzunbığı,
Talış kökyeyəni, üçpərli Talış
qaçağanı, palıd diserkası, eyfema, Talış
brameyası, iri tənək hafı, Oxim qızılı kəpənəyi,
Aleksandra sədəflisi, Talış məxməri kəpənəyi
və başqa həşəratlara rast gəlmək olar.
Milli Parkın meşələrində
ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan
şümşadı, pırkal, müxtəlif lianlar geniş
yayılıb. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın
"Qırmızı Kitab"ına daxil edilib. Hirkan Milli
Parkının yerləşdiyi Lənkəran zonasının
subtropik meşələrinin ən səciyyəvi xüsusiyyətlərindən
biri də burada Hirkan tipli meşələrin yaxşı
saxlanılması, bir çox endemik, nadir ağac və kol
bitkilərinin geniş yayılmasından ibarətdir. Hirkan
Milli Parkı həmçinin öz nadir təbiət abidələri
ilə də məşhurdur. Burada 100-dən çox təbiət
və mədəniyyət abidələri var. Ən məşhur
təbii meşə abidələrindən biri Astara rayonunun
Züngüləş kəndi yaxınlığında yerləşir.
Xəzər dənizinin yaxınlığı, təbiətin
rəngarəngliyi ərazidə ekoturizmin inkişafı və
ətraf mühitin öyrənilməsi üçün əlverişli
şərait yaradır.
Qeyd edək ki, Milli parklar - xüsusi ekoloji, tarixi,
estetik və digər əhəmiyyət daşıyan təbiət
komplekslərinin yerləşdiyi və təbiəti
mühafizə, maarifçilik, elmi, mədəni və digər
məqsədlər üçün istifadə olan təbiəti
mühafizə və elmi müəssisə və ya təşkilat
statusuna malik olan ərazilərdir. Azərbaycanda milli
parkların yaradılması ilə bağlı ilk təşəbbüs
akademik Həsən Əliyev tərəfindən irəli
sürülmüşdü. Ölkəmizdə ilk milli parklar
2003-cü ildə yaradılıb.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 6 mart(№42).- S.14.