Hərdən elə bilirəm ki, Yer üzü düşüb sınacaq

 

 

Üzüm göy sular kimi

 

 

 

Üzüm göy sular kimi,

gözüm qara buluddu;

yağıb sellənirəm ki,

günahları unudum;

 

bir ağca naxış qalıb,

ömrün ötən qışından;

məni nələr gözləyir,

yolların o başında;

 

göy sular axdı, keçdi,

ayrılıqlar uzandı;

ruhum perikib gedən

bir dəlicə ozandı;

 

axtardığım ulduzlar,

itibdi göy üzündən;

bir qərib həsrət baxır,

mənim göm-göy üzümdən;

 

 

göy üzündən o yanda,

ufaq bir odam qalıb;

o köy də ölüb gedib,

nə dərd, nə adam qalıb;

 

yığıb sapa düzmüşəm,

çəhrayı yuxuları;

mən, çoxdan unutmuşam,

yalançı nağılları.

 

14.05.2019.

 

Yer üzü düşüb sınacaq

 

Buludlar asılıb göydən,

buludlar çətir-çətirdi;

məni Tanrı dağlarından,

bu göm-göy sular gətirdi;

 

ürəyim yarpaq kimidi,

payız solur, yaz göyərir;

damarımda qan yerinə,

misra-misra söz göyərir;

 

mən gecələr ulduzları,

səhər dan üzün görürəm;

yanıb sönən ocaqların,

külündə közün görürəm;

 

çiynimin bir tərəfində,

Yer üzünü saxlayıram;

ürəyimin bir küncündə,

kür üzümü saxlayıram;

 

bir az dünyadan qorxuram,

hər yan yanır ocaq-ocaq;

hərdən elə bilirəm ki,

Yer üzü düşüb sınacaq.

 

18.10.2012. Bakı şəh.

 

 

 

Yuxum bir bulanıq sudu

 

Yuxum bir bulanıq sudu,

atdanım keçim üstündən;

bağa hörümçək darışıb,

tor qurub ləkin üstündə;

 

zaman gedir, zaman gəlir,

hər günə bir fərman gəlir;

süd rəngində duman gəlir,

üfürüm içim, üstündən;

 

məni söz-söz ütür içim,

yanır, çıtır-çıtır içim;

bulaqdan su gətir, içim,

sonra ah çəkim, üstündən;

 

dərd nə birdi, nə də yüzdü,

ruhumu bir həsrət üzdü;

yel vurdu, yengələr süzdü,

payızlıq  əkin üstündən;

 

gündüz gəlir, gecə gedir,

eşq ürəkdən necə gedir;

heçdən gəlib, heçə gedir,

hamı, bir heçin üstündən;

 

yuxuma doğma yurd gəlir,

ürəyimə umud gəlir;

naxır-naxır bulud gəlir,

yağır, bir əlçim üstündən.

 

22.05.2023. Bakı şəh.

 

 

 

Görmədiyim o dəniz

 

Görmədiyim bir göy dəniz,

yuxumda qaldı, bu gecə;

ağ buludlar yayılmışdı,

göyün üzündə iç-içə;

 

görmədiyim o dənizin,

uydurdum bətin-bənizin;

sığalladım üzün-gözün,

sularından içə-içə;

 

gecə dənizlər uyumaz,

baliqlar yatar, ayılmaz;

yuxular ömür sayılmaz,

xəyal kimi gəlib keçər;

 

 

 

yanıldım bəlkə, hardasa,

yolun sonu hasardısa;

doğru yuxular vardısa,

unutdum elə, indicə;

 

ağ buludlar ələk-ələk,

çıxaq göy üzün ələyək;

əlində firça bir mələk,

yuxuma bir dəniz çəkər.

 

20.02.2025. Bakı şəh.

 

Deyirlər, dünyanın axırı gəlir

 

Ocağın üstündə oynayır alov,

altında kösövlər yanıb qaralır;

bir gün üzüm gülür,yaxşı xəbərə,

bir bəd xəbərə də qanım qaralır;

 

bir qanlı sel tutub yolun döngəsin,

ildırım atdanıb çalır cəngisin;

yazda, payızda da yağış öncəsi,

bulud göy üzünə qonub qaralır;

 

 

həsrətin sonuna bir vədə qalıb,

canımda "Yurd" adlı bir zədə qalıb;

ötən qışın qarı zirvədə qalıb,

ərimir il boyu, donub qaralır;

 

deyirlər, dünyanın axırı gəlir,

kölgələr üz tutub yuxarı gəlir;

qara buludların naxırı gəlir,

qəlbi göy üzünün yanı qaralır;

 

dünyanın çox yerin gəzdi ayağım,

indi hara yazım, dərdin sazağın;

gecə ulduzlar da səhərə yaxın,

elə bil, gizlicə sönüb qaralır.

 

02.06.2022. Bakı şəh.

 

 

 

Bəlkə yorulub o quş

 

Min illər bundan öncə,

indi, çıxıb yadımdan;

bir məktub yazıb asdım,

bir quşun qanadından;

 

o quş haraya uçdu,

daha min illər keçib;

qərinələr yox olub,

çoxlu nəsillər köçüb;

 

nə o məktub çatmadı,

nə də qayıtdı o quş;

indi o vaxtdan ötüb,

nələr payız,nələr qış;

 

bəlkə, yorulub o quş,

qalıb göyün üzündə;

bulud-bulud kölgələr,

gəlib keçir gözümdən;

 

hələ də göy üzündə,

axtarıram, o quşu;

hərdən dönüb qayıdır,

min illərin yaddaşı.

 

18.02.2025. Bakı şəh.

 

 

Dünya hələ pis deyil

 

Əziz dostum, tələbə yoldaşım Umud Rəhimoğluna

 

 

Duman deyil, sis deyil,

dünya hələ pis deyil;

yaxşı dosta dost deyil,

qardaş desəm yaxşıdı;

 

 

kimdi, bizə baxt verən,

baxtımıza taxt verən;

ömrümüzə vaxt verən,

Tanrının naxışıdı;

 

payız nolacaq, görən,

çiçəklər kürən-kürən;

dünyaya umud verən,

baharın yağışıdı;

 

nə qalıbdı ürküdən,

yol açılıb bürküdən;

dizimizi bərkidən,

yolların yoxuşudu;

 

bir söz atdım bulağa,

yazdım yaşıl yarpağa;

bizə zirvədən baxan,

qartalın baxışıdı.

 

18.01.2025. Bakı şəh.

 

Hara tələsirik

 

Payız öz ömrünü sona verməmiş,

tutdu göy üzünü qar buludları;

bir azdan hər yanı ağa bükəcək,

payızdan tələsən bar buludları;

 

bir yana gedəndə səfərdən qabaq,

yuxum ərşə qalxır, butün gecəni;

hərdən istəyirəm qalxıb yerimdən,

bir məşəl yandırıb ütüm gecəni;

 

saat əqrəbləri qovur bir-birin,

payız qışa çəkir, qış yaza çəkir;

qəfil ayılanda baxıriq, artıq

ömrümüz-günümüz payıza çəkir;

 

tay dünya dəyişib, əvvəlki deyil,

sanki imtahana tələsir hamı;

bu günü yaşayır, sabahı görmür,

indiki dünyanın çaşqın adamı;

 

neyləyək, indi də zaman belədi,

sabaha nə ümüd, nə arzu qalır;

kiminin sərvəti başından aşır,

kimi də hər şeyə tamarzı qalır;

 

səhərdən axşama qaçaqaçdayıq,

hara tələsirik görəsən, Allah;

gecə yuxumuz yox, gündüz səbrimiz,

bizə bir az səbr verəsən, Allah.

 

16.02.2025. Bakı şəhəri

 

Mən dəli su kimiyəm

 

Axşamın göy üzündən,

sanki yuxu tökülür;

uzaqdan gələn səslər,

qaranlığa bükülür;

 

səs eləmə, yatıram,

gözümdən qaçar yuxu;

qəfil uçar göy üzü,

yeri boş qalar, axı:

 

yollar nədən əyridi,

azdım, yolu-yolağı;

kimsə məni çağırir,

cingildəyir qulağım;

 

hara üz tuturamsa,

yolum düşür daşlığa;

dənizlərdən o yana,

sular axır boşluğa;

 

mən, dəli su kimiyəm,

bilinmir axdığım yer;

yer üzü ev-eşiyim,

göy üzü baxdığım yer;

 

yüz eşq naxışı düşür,

bir kilimin üstünə;

yansam, gül-çiçək gətir,

qoy, külümün üstünə.

 

14.05.2024. Laçın şəh.

 

 

Kim bilir ki, nə çəkirəm

 

Bax, bu dağların qoynunda,

fikrimi hər zərrə çəkir;

qalxıb zirvədən baxıram,

gözlərimi dərə çəkir;

 

kim nə bilir, nə çəkirəm,

dərdi yarpağa bükürəm;

hərdən xəyalım, fikirim,

göy üzünü yerə çəkir;

 

ağ buludların hasarı,

göy üzünü bölür yarı;

çöllənmiş bal arıları,

çiçəklərdən şirə çəkir;

 

dan üzünün dan atları,

göy üzünün qan atları;

gecələrin qanadların,

dan yeri səhərə çəkir;

 

səhər açılmamış tezdən,

bac alır gecə gündüzdən;

ruhum adsız bir dənizdən

ağri dolu bərə çəkir.

 

28.07.2024. Bakı şəh.

 

 

Kəpənəklər az yaşayır

 

 

Yuxumu suya danışdım,

sudan səs-səmir çıxmadı;

sonra buluda danışdım,

bulud bir damcı yağmadı;

 

yuxumu kimə danışım,

mənim yuxum kimə gərək;

gecə çiynimə qonmuşdu,

bir yaşıl xallı kəpənək;

 

hər kəpənək bir mələkdi,

hərəsi bir bəxt gətirir;

biri sevinc gətirsə də,

biri də həstət gətirir;

 

hər yuxunun bir yozumu,

hər mələyin bir adı var;

bu dünyada hər canlının,

tanrisi var, muradı var;

 

kəpənəklər az yaşayır,

yuxumdakı bir an kimi;

sonra uçub yox olurlar,

çəkilirlər, duman kimi.

 

 06.08.2024. Laçın şəhəri.

Nazim ƏHMƏDLİ

525-ci qəzet .- 2025.- 7 mart(¹43).- S.15.