Qanunçuluğa və
elmə həsr edilən ömür
Tanınmış hüquqşünas və elm xadimi,
hüquq elmləri doktoru, professor Habil Surxay oğlu Qurbanovun bu
günlərdə 70 yaşı tamam olacaq. 45 il
çalışdığı polis-prokurorluq orqanlarında və
elm-təhsil institutlarında yüksək peşəkarlığı
və insani xüsusiyyətləri ilə həmkarlarının
təbii hüsn-rəğbətini qazanan Habil müəllimin
həyat yolunun böyük hissəsi ölkəmizin müstəqil
dövlət quruculuğu illərinə təsadüf edir və
bu gün də bu fəal elmi-ictimai fəaliyyət
ardıcıl şəkildə davam etməkdədir.
Habil Qurbanov 14 mart 1955-ci ildə doğma
Qarabağımızın Ağdam şəhərində
ziyalı ailəsində doğulub, orta təhsilini 1 nömrəli
şəhər məktəbində alıb. 1975-ci ildə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsini
fərqlənmə ilə bitirdikdən sonra 20 yaşında
ikən Azərbaycan Elmlər Akademiyasının
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda kiçik
elmi işçi vəzifəsində elmi
yaradıcılığa başlayıb. Lakin həmin il hərbi
xidmətə çağırılıb, Ukraynanın
Xmelnitski şəhərində xidmət edib, geri
döndükdə artıq ona Nəsimi rayon komsomol komitəsində
təklif olunan vəzifəyə keçib. O, 1980-ci ildə
SSRİ Daxili İşlər Nazirliyinin Bakı Orta Xüsusi
Milis Məktəbində tədris hissəsinin xüsusi
müfəttişi vəzifəsində işləyib və
1982-1985-ci illərdə Volqoqrad Ali İstintaq Məktəbini
qiyabi yolla bitirb. Bundan sonra həyatının iyirmi bir ilini
polis və prokurorluq orqanlarında məsul vəzifələrdə
keçirib.
Habil Qurbanov 1988-ci ildə SSRİ Daxili İşlər
Nazirliyinin Akademiyasının dissertantı olaraq Moskvada
"Cinayət hüququ" sahəsində dissertasiya
müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsi
alıb, 1997-ci ildə Rusiya Federasiyası Baş
Prokurorluğunun İnstitutunda hüquq üzrə doktorluq
dissertasiyasını uğurla müdafiə edib. 2010-cu ildə
Azərbaycan Respublikasının Prezidenti yanında Ali
Attestasiya Komissiyası elm və təhsil sahəsindəki səmərəli
elmi-metodiki təqiqatlarına görə ona professor elmi
adını verib.
Habil Qurbanovun həyat və fəaliyyət yolunun
atası - el ağsaqqalı, Surxay Qurbanovla bənzərliyi cəlbedicidir.
Atası Surxay müəllim II Dünya müharibəsinin
odlu-alovlu sınaqlarından çıxmışdı.
Beş illik döyüş yolunu şərəflə
keçmişdi, bir sıra yüksək döyüş
ordeninə layiq görülmüş, hətta verilməsə
də, Sovet İttifaqı Qəhrəmanı adına təqdim
olunmuşdu. Surxay Qurbanov müharibədən sonrakı illərdə
Oğuz rayonunun prokuroru, Gəncə Vilayət
Prokurorluğunun İstintaq İdarəsinin rəisi vəzifələrində
çalışmış, işlədiyi yerlərdə təmiz
adı və ədalətliliyi ilə seçilmişdi.
Müqayisə etdikdə aydın görünür ki, Habil
Qurbanovun həyat yolu müəyyən mənada bütöv
bir nəslin müəllimi, el ağsaqqalı,
tanınmış maarifçi və təşkilatçı
Surxay Qurbanovun keşməkeşli tale yolunun daha yüksək
səviyyədə təkrarıdır, ata yolunun
davamıdır. Yol da davam edir, yolçuluq da.
Habil Qurbanov Birinci Qarabağ müharibəsində
hüquq mühafizə orqanının təcrübəli
zabiti kimi iştirak etmiş müharibə veteranıdır.
Onun polis orqanlarında, ondan sonra prokurorluq sistemində
qazandığı əməli təcrübə gələcək
elmi-nəzəri fəaliyyətinə qiymətli təcrübi
material verib. Ona görə Habil Qurbanovun hüquqa, qanunvericiliyə
dair elmi əsərləri akademik dəyərləri ilə
yanaşı, həm də ölkəmizdə hüquq
quruculuğunun ayrı-ayrı aparıcı sahələrinə
dair əməli əhəmiyyətli elmi nəticələr,
təlimatlar, təklif və tövsiyələrdir. Onun
hüquq tədqiqatlarında dünya təcrübəsi ilə
müqayisəli araşdırmalar xüsusilə önəmlidir.
1990-2001-ci illərdə Bakı şəhər
prokurorluğunda məsul vəzifə, ardınca
Bakının Qaradağ rayonunda, Dəvəçi (indi
Şabran) rayonunda prokuror olaraq çalışması,
Respublika prokurorluğunda Cəza yerlərində qanunların
icrasına nəzarət idarəsinin rəisi vəzifəsində
işləməsi Habil Qurbanovun praktik bilik və
bacarığını daha da zənginləşdirməklə
gələcək elmi fəaliyyətinə də zəngin təcrübə
bazası yaratmış oldu.
Habil Qurbanov Azərbaycan Elmlər Akademiyasında
1975-ci ildən başlanan və sonra fasilələr yaranan elmi
fəaliyyətini 2010-cu ildən etibarən uğurla davam
etdirib. O, 2010-2016-cı illərdə AMEA Fəlsəfə və
Hüquq İnstitutunun "Dövlət və hüquq nəzəriyyəsi,
mülki hüquq və mülki proses" şöbəsinin
müdiri olub, 2017-ci ildən AMEA Azad Həmkarlar
İttifaqının, hazırda isə Elm və Təhsil
Nazirliyinin Elmi İşçilərin Azad Həmkarlar
İttifaqının sədridir.
Habil Qurbanov 320 elmi və publisistik məqalənin, 16
monoqrafiyanın, 5 dərs vəsaitinin və 4 kitabın müəllifidir,
onlardan 5 monoqrafiya və 70 elmi məqalə xarici ölkələrdə
nəşr edilib. Onun "Azərbaycan Respublikasının
yeni cinayət qanunvericiliyinin nəzəri əsasları"
monoqrafiyası 1997-ci ildə Moskvada çap edilmişdi,
hüquq elmləri doktoru, professor A.V.Naumovun "Cinayət
hüququ" dərsliyini dilimizə tərcümə etməsi
bu sahənin mütəxəssisləri və tələbələri
üçün çox faydalı olmuşdu. Habil Qurbanov
müxtəlif ölkələrdə keçirilən beynəlxalq
elmi konfranslarda Azərbaycan hüquq elmini uğurla təmsil
edib. Təqdirəlayiqdir ki, Habil müəllimin elmi rəhbərlik
etdiyi 15 nəfər hüquq üzrə elmlər doktoru və
fəlsəfə doktoru olaraq ölkəmizdə və onun
hüdudlarından kənarda səmərəli fəaliyyət
göstərirlər.
Habil Qurbanov Avropa Humanitar Elmlər Akademiyasının
və Türk Dünyası Araşdırmaları
Uluslararası Elmlər Akademiyasının akademikidir. Beynəlxalq
Narkotizmlə mübarizə Cəmiyyətinin
üzvüdür. Ölkəmizdə və bir sıra xarici
ölkələrdə hüquq sahəsində elmi
jurnalların redaksiya heyətində, hüquq elmi sahəsindəki
dissertasiya müdafiə şuralarında iştirak edir.
Həm qazandığı yüksək peşə
etikasına, həm də illər ərzində qanunun tələbinə
və vicdanının səsinə əməl edərək ədalətli
olmağı həyat norması olaraq qəbul edən Habil
müəllim buna görə işlədiyi məsul vəzifələrdə
ancaq "yaxşı kişinin yaxşı oğlu" kimi
nüfuz və hörmət qazanıb. Azad Həmkarlar Komitəsinin
sədri kimi onun fəaliyyəti nəticəsində son 7 ildə
maddi imkanları məhdud olan elmi işçilərin mənzil-məişət,
sanator-müalicə və sair ehtiyaclarının müəyyən
qədər ödənilməsinə şərait
yaradılıb, Akademiyanın müxtəlif institutlarında
çalışan Qarabağ müharibələrinin qazilərinə,
veteranlarına, eləcə də ölkəmizdəki şəhid
ailələrinə imkanlar çərçivəsində
maddi və mənəvi dəstək verilib.
Qeyd etmək lazımdır ki, Habil müəllimin
ictimai fəaliyyəti daim onun peşə vəzifələrini
tamamlayıb və daha da zənginləşdirib. Gəncliyindən
idmana, xüsusən futbola maraq, Ağdamın "İmarət"
stadionundan başlanan futbol həvəsi indi də sönməyib.
Şabran rayonunda prokuror işlədiyi zaman futbola
yaratdığı həvəs və stadion tikintisinə
verdiyi dəstəkdən bu gün də
danışılır və idarə-müəssisələrin
həvəskar futbol komandalarının oyunlarının
keçirilməsi ənənəsi davam etdirilir.
Habil Qurbanovun Azərbaycan Konstitusiyasına, əmək,
cinayət, bələdiyyə hüququna dair əsərləri,
xüsusən dərs vəsaitləri 1990-cı illərdə
və 2000-ci illərin əvvəllərində həm
hüquqşünasların, həm də geniş oxucu dairələrinin
maraqla qarşıladığı və
faydalandığı qaynaqlar olub. Dövlət quruculuğuna
dair nəzəri və təcrübi araşdırmaların
yenicə başladığı dönəmdə onun
hüququn müxtəlif sahələrinə dair yazıb nəşr
etdirdiyi məqalələri, əsərləri, dərs vəsaitləri
bu sahədəki ehtiyacın qarşılanmasında əhəmiyyətli
rol oynadı.
Habil Qurbanovun el-obasına, doğma Qarabağa olan təbii
bağlılığı otuz illik işğal dövründə
onun qələmə aldığı elmi, elmi-publisistik məqalələrində,
qaçqın həmyerliləri ilə görüşlərindəki
çıxışlarında, erməni vandalizmini ittiham edən
yazılarında həmişə bariz şəkildə əks
olunub. Azad Ağdamda Müzəffər Ali Baş Komandan
İlham Əliyevin doğma şəhərin sakinləri ilə görüşündə də
Habil Qurbanov bir ağdamlı, bir Azərbaycan ziyalısı
olaraq minnətdarlıq duyğularını möhtərəm
Prezidentə yetirdi.
Müzəffər Ali Baş Komandan İlham
Əliyevin iradəsi və birbaşa rəhbərliyi ilə
Ermənistanın işğalçı ordusu üzərində
çalınan qələbə və Vətənimizin torpaq
bütünlüyünün, dövlətimizin tam
suverenliyinin təmin edilməsi vətənsevər Birinci Qarabağ müharibəsinin
iştirakçısı Habil Qurbanovu bu tarixi qələbənin
elmi təhlilinə sövq edib və 2022-ci ildə onun
"Qarabağın azadlığı və Zəfərə
gedən yol: hüquqi-sosio-mədəni baxış"
kitabının ərsəyə gəlməsinə yol
açıb.
Xüsusilə əlamətdardır ki, Habil Qurbanovun
"Müqayisəli hüquqşünaslıq"
monoqrafiyası (Comparative Law, Maryland, USA, 2022) 2022-ci ildə
Amerika Birləşmiş Ştatlarında nəşr edilib və
geniş elmi maraq doğurub. Habil Qurbanov 2023-cü ildə nəşr
etdirdiyi "Heydər Əliyev Azərbaycanda milli
qanunvericiliyin və hüquqi dövlətin
yaradıcısıdır" əsərində Ulu öndərin
zəngin siyasi irsi, müstəqil dövlətçiliyin təşəkkülündə
bu irsin nəzəriyyə və təcrübəsinin müstəsna
rolunu hərtərəfli tədqiq edib.
Onun hüququn ümumi məsələlərinə,
xüsusən cinayət hüququna, cinayət məcəlləsinə,
onun təkmilləşdirilməsinin nəzəri və
praktiki problemlərinə dair elmi əsərləri, məqalələri
müvafiq hüquqi qurumlar tərəfindən dəyərləndirilir
və istifadə olunur. O, eyni zamanda, uzun illər boyu müxtəlif
ali məktəblərdə hüquq elminin tədrisinə
öz töhfəsini verib, 2003-2010-cu illərdə Azərbaycan
Universitetində hüquq fakültəsinin dekanı vəzifəsində
çalışıb, dəfələrlə Bakı
Dövlət Universitetinin Hüquq fakültəsinin Magistr
Buraxılış Komissiyasının sədri təyin edilib.
Elmdə və ictimai fəaliyyətində göstərdiyi
xidmətlərə görə Habil müəllim həm Azərbaycan
Milli Elmlər Akademiyasının, həm də Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının təltiflərinə
və mükafatlarına layiq görülüb.
Ömrünün 70-ci baharını və elmi
yaradıcılığının mükəmməllik
dövrünü yaşayan, elmi işçilərin, eləcə
də, onu tanıyanların dərin hüsn-rəğbətini
qazanan, səmimiliyi, təvazökarlığı və ətrafındakılara
yanımlılığı ilə seçilən Habil
Qurbanovu ürəkdən təbrik edir, sağlıqlı və
məhsuldar alim ömrü arzulayırıq.
Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər
üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə
və səlahiyyətli səfir
525-ci qəzet .- 2025.- 7 mart(№43).- S.14.