Görkəmli pedaqoq Qüdrət Orucovun 100 illik yubileyi qeyd olunub

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində Xalq müəllimi, Qərbi Azərbaycanın görkəmli ziyalısı Qüdrət Orucovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə ictimai və siyasi xadimlər, ziyalılar, universitetin rəhbərliyi və müəllim kollektivi iştirak edib.

Çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev bildirib ki, zamanında Qüdrət Orucovun dərs verdiyi şagirdlər sovet dövrünün ən adlı-sanlı ziyalıları, aydınları oldular. Qüdrət Orucovun qüdrəti savadında, elmində, bir də mərhəmətində idi. Onu təkcə bir pedaqoq kimi deyil, həm də bir insan kimi sevirdilər. Bu gün 100 illiyini qeyd etdiyimiz ziyalının şəxsi keyfiyyətləri, həyat yolu gənc nəsil üçün əsl örnəkdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov bildirib ki, 1924-cü ildə anadan olan Qüdrət Orucov 17 yaşında könüllü olaraq cəbhəyə yollanmış, ön sıralarda xidmət edib. O, müharibənin qanlı-qadalı illərində bir çox medallara layiq görülüb. El arasında böyük nüfuz qazanmış pedaqoq-müəllim olub. İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır: "Müəllim gənc nəslin mənəvi aləminin və təfəkkürünün memarı, cəmiyyətin sabahını etibar etdiyi şəxsdir. Bu baxmdan, müəllimlik, sözün əsl mənasında, çox şərəfli peşədir, məsuliyyətli vəzifədir. Müəllimlər tarix boyu cəmiyyətin ən fədakar, qayğıkeş, etibarlı dayağı olub. Ürəyinin istisi, zəkasının nuru ilə ömrü boyu nəsil-nəsil vətəndaşlar yetişdirir müəllimlər. Bu və ya digər peşə sahibləri nail olduqları uğurlara görə daha çox öz müəllimlərinə borclu olduqlarını həmişə iftixarla qeyd ediblər. Bütün dövrlərdə müəllim peşəsinin əhəmiyyəti, şərəfliliyi, yüksəkliyi barədə müdrik kəlamlar söyləyiblər. Müxtəlif dövrlərdə yaşamış müdriklərin müəllim haqqında deyimləri göstərir ki, dövründən asılı olmayaraq, həmişə əsl müəllim milli sərvət kimi qəbul edilib. Qüdrət Orucov da bizim milli sərvət sayılan müəllimlərimizdəndir".

ATU-nun İctimai fənlər kafedrasının müdiri Qoşqar Əliyev Qüdrət Orucov kimi müəllimlərin varlığının nə qədər vacib olduğunu vurğulayıb. O bildirib ki, müəllimlər yalnız bilik öyrədən deyil, həm də xalqın mənəvi dayağıdırlar. Müəllimlər cəmiyyətin formalaşmasında mühüm rol oynayırlar. Qoşqar Əliyev müəllimin milli kimliyimizin, mədəniyyətimizin və dövlətimizin dayağı olduğunu qeyd edib: "Şərəfli, ancaq çətin və ən məsuliyyətli peşə sayılan müəllimliyi seçən bir vəzifənin öhdəsindən layiqincə gələn müəllim şagirdlərinin yaddaşında bir ömür qalır. Peşəkar pedaqoq, sözün əsl mənasında yaxşı müəllim, qayğıkeş və dəyərli insan kimi şagirdləri tərəfindən sevilən Qüdrət Orucov da yaddaşlarda daim qalacaq müəllimlərdəndir".

Onun dediyinə görə, Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunmuş, böyük hörmətlə, yüksək ehtiramla çəkilib. Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq bu gün də hər bir azərbaycanlı cəmiyyətdəki mövqeyinə, qazandığı biliklərə, ümumən, bir şəxsiyyət kimi formalaşmasına görə özünü məhz müəllimlərinə borclu sayır: "Bu gün Qüdrət Orucova özünü borclu sayan, ona minnətdar olan yüzlərlə belə insan var".

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Hidayət Orucov Qüdrət Orucovun şəxsiyyətindən və onun müəllim peşəsinə olan vurğunluğundan danışıb. Hidayət müəllim Qüdrət Orucovu təkcə pedaqoq kimi deyil, həm də ziyalı, elmə və insanlığa xidmət edən şəxsiyyət kimi səciyyələndirib: "Müəllimlik sadəcə bir peşə deyil, əsl mənada həyat tərzidir. Bu peşəyə ürəklə bağlı olan insanlar cəmiyyətin gələcəyini formalaşdırır, gənclərin dünyagörüşünü, düşüncə tərzini və mənəviyyatını formalaşdırırlar. Qüdrət Orucov məhz belə insanlardan idi. Onun müəllimliyə olan sevgisi və bu sahədə göstərdiyi fədakarlıq onu tanıyan hər kəsin yaddaşında dərin izlər qoyub".

ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Elza Orucova bildirib ki, Qüdrət Orucov hər hansı haqsızlıq və qəsdən edilən səhvlə heç vaxt barışmazdı. Bu prinsipiallıq onun təkcə pedaqoq kimi deyil, həm də şəxsiyyət kimi yüksək mənəvi keyfiyyətlərə sahib olduğunu göstərirdi.

Tədbirdə Sultan Orucov və Svetlana Orucova Qüdrət Orucovun həm də ailə dəyərlərinə sadiq şəxsiyyət, nümunəvi müəllim olduğunu bildirdilər. Çıxış edənlər onun gənclərin yetişməsində və cəmiyyətə layiqli vətəndaşlar kimi böyümələrində oynadığı mühüm rolu vurğulayaraq Qüdrət müəllimi xatırlamağın həm də böyük mənəvi borc olduğunu qeyd etdilər.

 

S.QARAYEVA

525-ci qəzet .- 2025.- 7 mart(№43).- S.13.