"Fikirləşdim
ki, görəsən, mən də yaşlananda bu vəziyyətə
düşə bilərəm?"
Aktyor və dublyaj rejissoru Rövşən Məmmədli:
"Dedim ki, nəyə görə özümə gün
ağlamayım, oturub gözləyim ki, nə vaxtsa mənə
ad, ev, təqaüd verəcəklər?"
Müsahibimiz aktyor, dublyaj prodüseri və rejissoru
Rövşən Məmmədlidir. O,
tamaşaçıların yaddaşında daha çox
"Bir rəngin min çaları", "Ağabəyovlar",
"Əli və Nino", "Qanlı Yanvar", "Kəklikotu",
"Əqrəb mövsümü", "Göyçək Fatimə"
və "Niyyət" kimi film və seriallarda
aldığı rollarla yadda qalıb.
Aktyor, dublyaj prodüseri və rejissoru Rövşən
Məmmədli ilə müsahibəni təqdim edirik.
- Rövşən bəy, uzun müddətdir dublyajla
məşğulsunuz. Bununla yanaşı, aktyor kimi də fəaliyyət
göstərirsiniz. Obrazı hansı üsulla canlandırmaq
daha çətindir?
- Təbii ki, səslə canlandırmaq daha çətindir.
Çünki teatrda və kinoda səni, mimikalarını,
jestlərini görürlər. Amma dublyajda obrazı elə
canlandırmalısan ki, dinləyicidə obrazın təsviri
yaransın. Mən özüm buraya teatr və kino
aktyorluğu ixtisasından gəlmişəm. O vaxtlar
dublyajın populyarlaşdığı bir dönəm idi və
hamının da arzuladığı bir sahə idi. Əslində
indi də elədir, amma hər adam dublyaj işini bacara bilmir.
Mən gəldim, kastlardan keçib dublyajı öyrəndim,
eyni zamanda həm filmlərə, həm də seriallara çəkilirdim,
teatrda rol alırdım. Amma sonralar teatrdan uzaqlaşdım.
Ondan sonra dublyaj rejissoru və prodüseri kimi fəaliyyət
göstərməyə başladım.
- Hazırda Azərbaycanda bu sahədə vəziyyət
necədir?
- Desək ki, pisdir, yalan olar. Amma istədiyimiz səviyyədə
də deyil. Mənfi yanı odur ki, Azərbaycan dilində
kinoteatrlarda dublyaj yoxdur, televiziyalarımızda dublyaj yoxdur.
Dublyaj olunmuş köhnə filmlər göstərilir, amma
yeni filmlər dublyaj olunmur. Axı hər il onlarla, yüzlərlə
yeni filmlər, animasiyalar çəkilir.
Tamaşaçımızı bundan məhrum edirik və onlar
da məcbur qalıb həmin filmləri başqa platformalarda
başqa dillərdə izləyirlər. Niyə görə
onlar yeni filmlərə Azərbaycan dilində
baxmamalıdırlar? Bir tamaşaçı kimi də bundan
narazıyam. Nəyə görə məsələn,
"Vikinqlər" serialına öz dilimizdə baxa bilmirəm?
O vaxt biz həmin serialı bir sezon səsləndirdik, sonra
dayandı. Başqa dilləri bilsək belə, film və
seriallara öz dilimizdə baxmağın
üstünlüyü başqadır. Dili də millətə
bu yolla sevdirirlər. Eyni problem animasiyalara da aiddir. Niyə
görə son dövrdə olan animasiyalara uşaqlar başqa
dillərdə baxmalıdırlar? Əgər uşaq gedib
kinoteatrda animasiyaya türk dilində, rus dilində baxırsa,
sən sonra ona öz dilini necə sevdirəcəksən? Sonra
da rus sektorunda oxuyanları, başqa dildə
danışanları qınayırıq. Kino və animasiyalar
başqa dillərdə olduğuna görə
uşaqlarımız başa düşmürlər. Axı
onlar da nəyəsə baxmalıdır. Buna görə də
valideynlər uşaqları xarici dil kurslarına göndərirlər.
Qınamaq asandır, amma əvvəlcə ortada iş
olmalıdır. Çox təəssüf ki, acınacaqlı
məqamlardan biri də uşaq kanalımızın
olmamasıdır. Bu problem hamımızın yaralı yeridir.
Bizim bir dənə uşaq kanalımız var, orada da
dublyajı peşəkar aktyorlar səsləndirmirlər.
Əslində onları da qınamaq olmaz. Onlar orada başqa
işlə məşğul olan insanlardır, məcbur olub
dublyaj işini görürlər. Bu, uşaqlara, gənclərə
birbaşa zərbə vurur. Sonra da deyirik ki, niyə uşaq
"çiyələk" yox, "çilek" deyir. Yenə
deyirəm, qınamaq ən axırıncı mərhələdir
və bizim üçün ən asan variantdır.
Günahı ilk növbədə özümüzdə
axtarmalıyıq. Bəzən deyirlər ki, kino, teatr,
televiziya tərbiyə vermir. Necə vermir? Tərbiyə
vermirsə, bu qədər insan bu şeyləri hardan öyrəndi,
necə yetişdi? Nəyisə görüb, izləyib, kimlərisə
özümüzə nümunə götürüb öyrənirik
də. O baxımından vəziyyət yaxşı deyil. Amma
şükür ki, İctimai TV, AzTV, son dövrlər Space TV
kimi bir neçə kanalımız var ki,
tamaşaçılara Azərbaycan dilində, yaxşı səviyyədə
məhsullar təqdim edirlər.
- Rövşən bəy, tez-tez deyirlər ki, kino sənayesi
inkişaf etmədiyi müddətdə dublyaj da inkişaf etməyəcək.
Siz bu barədə nə düşünürsünüz?
- Ümumiyyətlə, çəkilən kinoların
hamısının alt səslərini yazmaq üçün
böyük studiyalar lazım olur. Bəli, peşəkar səviyyədə
səslənmələr olmalıdır. Bu da "A"
kateqoriyalı filmlərə aiddir, amma bizdə elə filmlər
yoxdur. Kinomuzun bugünkü vəziyyətinə baxaq, ildə
barmaqla sayılacaq qədər az sayda film istehsal olunur. Amma
dublyaj tərəfindən baxsaq, görərik ki, nə qədər
Hollivud və ya digər ölkələrin filmləri
kinoteatrlarda yayımlanır. Azərbaycanda kino sənayesi
inkişaf etmirsə, onda niyə xarici filmləri dublyaj edək
yanaşması doğru deyil. Biz həmin filmləri dublyaj edə
bilərik. Bunun üçün bizə bu sahə üzrə
mütəxəssislər lazımdır. Bunun
üçün bir yol keçmək, aktyor sayını
çoxaltmaq, mütəxəssis yetişdirmək
lazımdır. Bunun üçünsə zaman və peşəkar
studiyalar lazımdır. Amma kino sahəsinin inkişafı ilə
dublyajın inkişafını əlaqələndirmək
doğru deyil. Kino çəkilişinin mühiti, dərdi-səri
başqadır. Ortada bir körpü var, müəyyən qədər
bir-birilə əlaqələndirmək olar, amma birbaşa
bağlılığını mən görmürəm.
- Bir tənqidçi bildirmişdi ki, dünyanın
yüzlərlə məşhur filmləri Azərbaycan
türkcəsinə dublyaj olunmayıb. Həmçinin qeyd
edir ki, hamının anladığı türk filmləri
çox eybəcər və yanlış şəkildə
dilimizə uyğunlaşdırır. Ümumiyyətlə,
sanki tamaşaçılarımız da türk filmlərinin
dublyaj olunmasına qarşıdırlar.
- Mən hər bir halda bu fikrin əleyhinəyəm.
Əgər bizim kino Türkiyə bazarına çıxanda
onu türk dilində istəyirlərsə, biz nəyə
görə Azərbaycan dilində türk filmi istəməyək?
Özümüzə qoyduğumuz hörmət söhbəti
var. Dublyaj aktyoru kimi yox, bir tamaşaçı kimi deyirəm,
əgər bu film mənim ölkəmə gəlibsə, həmin
filmin dilini başa düşməyimə baxmayaraq, nəyə
görə onu öz dilimdə izləməyim? Bizim dövlət
dilimiz var. Əgər xarici bazardan gələn filmlər Azərbaycan
kanallarında yayımlanacaqsa, öz dilimizdə
yayımlanmalıdır da. Onda Azərbaycan kanalları nəyə
lazımdır? Axı bu kanallar hər şeyi öz dilimizdə
yayımlamaq üçün var.
- Maraqlıdır, teatr və kino aktyorluğu
ixtisasını oxumağınıza baxmayaraq, sizi teatrda
görmürük. Hansı ki, səsiniz belə kifayət
edir ki, sizi tamaşalara dəvət etsinlər.
- Mən tələbə vaxtından həddindən
artıq teatr eşqi ilə yaşayan bir insan olmuşam və
arzu edirdim ki, nə vaxtsa öz teatrım olacaq, ən
azından teatr studiyam olacaq. Amma bir müddət orada işləyəndən
sonra gördüm ki, cavan vaxtı bizdə olan enerjidən,
arzulardan kimlərsə öz məqsədlərinə görə
istifadə edirlər. Bir növ hiss elədim ki, kolxoz kimi plan
ödəməliyik. İndi danışacağım hadisə
sizə gülməli gələ bilər. Təsəvvür
edin, müsahibə verən adamın təşəkkürünü
müxbir qeyd etməyib deyə böyük bir tamaşa ləğv
olunub, afişalar sökülüb. Bu kimi hallar və teatrda
olan münaqişələr məni oradan
uzaqlaşdırdı. Bir dəfə teatra gedəndə elə
bildim, kimsə rəhmətə gedib. Gördüm səhnədə
aktyorlar əlləri ilə başlarını tutub oturublar, mən
də 22 yaşındayam, gəlmişəm ki, məşq edəcəyik.
Elə bildim yasa gəlmişəm. Soruşuram ki, nəsə
olub? Deyirlər, xəbərin yoxdur, bəs fəxri adlar
verilib, amma bizdən heç kim almayıb. Həmin gün həddindən
artıq pis aura var idi, deyəsən, heç məşqimiz də
alınmadı. Bu hadisələrin hamısı ardıcıl
baş verdi və öz-özümə dedim ki, görəsən,
mən də yaşlananda bu vəziyyətə düşə
bilərəm? Axı nəyə görə mən əl
açıb kimdənsə nəsə gözləməliyəm?
Bu adamlar indiyə kimi buna görə, ad almağa görə
işləyiblər. Allah mənə iki əl, iki ayaq verib, nəyə
görə mən özümə gün ağlamayım, nəyə
görə gözləyim ki, nə vaxtsa mənə ad, ev, təqaüd
verəcəklər? Verməyəndə də o
depressiyanı yaşayım. Deyim ki, həmin depressiyadan ürəyi
tutub ölən aktyorlarımız da olub. Niyə görə
mən həmin stressi yaşamalıyam? O an qərar verdim ki,
bu mühitdən uzaqlaşmalıyam və gedib özümə
yeni həyat qurmalıyam. İndiki dövrdə Azərbaycan
reallığında bizə teatr lazım deyil. Bu, sadəcə
süni vəziyyətdə ayaqda duran strukturdur. Bəli, əziyyət
çəkən, o eşqlə yaşayan insanlar var. Məni
bu dəqiqə yaxşı tamaşaya dəvət eləsələr,
gedib oynayaram. Amma daimi orda qalmaram.
- Gələn iş təkliflərinin maddi tərəfi
sizi daha çox maraqlandırır, yoxsa həmin işin
yaradıcılığınza təsiri?
- Əgər zəif işdirsə, mənim karyerama
heç bir müsbət təsiri olmayacaqsa, o təklifi qəbul
etmirəm. Ekranlarda az görünməyimin səbəbi də
budur. Bəli, bir müddət serial bumu yaşananda kifayət
qədər seriala mən də çəkilmişəm.
Ondan sonra bir stop qoydum, dedim, bəsdir. Amma nə vaxtsa,
yaxşı bir iş olacaqsa, orada işləyəcəyəm.
Stop qoymağımın səbəblərindən biri də
serialın maddi tərəfinin məni qane etməməsidir.
Əgər oradan aldığım qonorar bir ay ərzində məni
dolandırmırsa və bir aylıq həyatımı mütəmadi
olaraq mənim əlimdən alırsa, digər işlərimə
mane olursa, mən orada qala bilmərəm. Üstəlik,
mövzular da məni qane etmirdi. Artıq sevgini, qızın
varlı oğlana ərə getməyini,
qayınana-qayınata-gəlin davasını dəfələrlə
oynamışıq. Bu mövzular məni o qədər
boğaza yığmışdı ki, dedim, bu ölkədə
bundan başqa mövzu yoxdur? Ondan sonra aktyorluq fəaliyyətimə
bir müddətlik stop qoydum. Maddi baxımdan da vəziyyət
yaxşı deyildi. Seriala çəkilmədən də
yaşaya bilirəmsə, nəyə görə gedim ora? Ona
görə seçimimi bu tərəfədən eləmişəm
və çox uğurlu bir yoldur. Son dövrlərdə
çəkilən və yadda qalan rolum "Əqrəb
mövsümü" serialında Zabil obrazıdır. O
cür yadda qalmaq mənim üçün daha
yaxşıdır, nəinki gündəlik məişət
mövzusunda olan bəsit seriallarla. Həmin mövzular
adamı özündən də iyrəndirir.
- Rövşən bəy, son zamanlar bir çox
rejissorlar, aktyorlar bildirirlər ki, İncəsənət Universitetini
bitirib setə gələn tələbələr demək olar
ki, çox şeyi setdə öyrənirlər. Universitet
onlara kifayət qədər təhsil vermir. İncəsənət
Universitetinin tələbəsi olaraq bu barədə nə deyə
bilərsiniz?
- Sözün düzü, bəxtimdən mənə
çox yaxşı müəllimlər dərs keçib. Səhnə
danışığından Əzizağa Quliyev, aktyor sənətindən
Fikrət Sultanov, Fərhad İsrafilov dərs keçib, Azər
Paşa Nemətov kurs rəhbərimiz olub və Ötkəm
İsgəndərov diplom işimdə müəllimim olub, həm
də dekanımız idi. Saydığım bu insanlar özləri
bir tarixdir. Mən elə bir tələbə tanımıram
ki, gəlib bu müəllimlər haqqında mənfi rəy
bildirsin. Biz tələbə olanda teatrlara təcrübəyə
gedirdik, hətta orda işləmək imkanımız da var
idi. Mən universitetə idman çantasıyla gedirdim,
çünki hər gün səhnəyə
çıxırdıq, geyimlərimizi dəyişməli
olurduq. Çox gözəl, maraqlı, yaradıcı dövr
olub. Müəllimlərimiz bizim üçün hər
cür şəraiti yaradırdılar. Amma müasir dövrlə
bağlı deyə bilərəm ki, eşitdiyimə görə
tələbələr üçün əvvəlki şərait
yaradılmır. Hətta tələbələrə çəkilişə
getməyə belə imkan vermirlər. Bunu eşitmişəm.
Yaxşı müəllim, sənə təcrübə verən
müəllim varsa, təhsil vacibdir. Mənim dövrümdə
bu tip müəllimlərin sayı az idi. Operatorluğu oxuyan tələbə
var idi ki, kamera üzü görmürdü. Kameranı
arendaya götürməli idik, amma universitetə getmək
üçün yol pulunu güclə tapırdıq.
İndiki dövrdə də tələbələrin texniki tərəfdən
təminatı yüksək səviyyədə deyil. Dublyaj sahəsində
belə problemlər az deyil. Universitet səs rejissoru
yetişdirmir, bu dəqiqə kinoda, efirdə, dublyajda səs
rejissoru var, amma belə bir ixtisas, fakültə yoxdur. Bu
peşəni tələbələr kinostudiyalara kimlərinsə
yanına gedib öyrənirlər, ya da internetdən öyrənilər.
Eşitdiyimə görə, universitetdə dublyaj dərsləri
yarım semestr tədris olunur. Amma o dərsləri keçən
müəllim özü dublyajla məşğuldurmu? Nə qədər
film və serial təcrübəsi var? Bu, problemdir. Bizim
vaxtımızda bir fakültə var idi, orda ancaq qadınlar
idi. Onların heç birinin nə teatr, nə də televiziya
təcrübələri var idi. Sadəcə oxuyublar və gəlib
dərs keçirlər. Onlar nə qədər yaxşı tələbə
yetişdirə bilərlər? İndi yaxşı və pis tərəflərini
dərinliyinə qədər bilmirəm, amma onu bilirəm ki,
axsayan tərəflərimiz çoxdur.
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 8 mart(№44).- S.14;15.