SİYAHIDAN
SİLİNƏN ULDUZ
Hər halda gələcəyin keçmişlərdən
daha gözəl olacağına ümid bəsləyərək
inanmaq istəyirəm ki, o müdhiş çağlar bir daha
təkrarlanmayacaq, sabahın adamları 1920-1930-cu illərin
sovet mətbuatındakı inkvizisiya hökmlərini
xatırladan əzazil ittihamlı, taleləri şikəst edən
yazılara bənzəyən rəzalətlərlə daha
heç vaxt rast düşməyəcəklər. Ancaq
bunları qorxulu yuxu kimi unutmaq da olmaz. Unudarsan, ən vahiməli
yuxular da təkrarlanmaq fürsəti qazanar.
Dünyaya gözəlliklər yaratmaqçün gələnlərdən
olan Xurşid Qacar və məsləkdaşlarını iftira
seylabında boğmağa hesablanmış bu qəzet
yazılarını tarixdən silmək mümkün deyil. O
çağın insanları ağrıları, qüssələri
və həyəcanları ilə ölüb-gedib, torpaq hər
acını soyudub, amma bu qəzetlərdəki xof vaxt
ötdükcə ölməyən vəba mikrobları kimi
könül sıyırmaqda, kədər gətirməkdə
davam edir.
...Bu məqaləni guya elə sadəcə
redaksiyanın özünün ayıq-sayıqlıq
nümayiş etdirərək ortaya çıxarmasını
düşünmək sadəlövhlük olardı. Bakı
Partiya Komitəsinin orqanında belə bir sərt ifşa məqaləsinin
dərc edilməsi, yuxarıdan xüsusi tapşırıq
olmasaydı, çətin ki, baş tutaydı.
Amma nədirsə, bu dəfə fırtına faciələr
törətmədən sovuşur. Çünki 1937-38-ci illərin
oxşar nümunələri göstərir ki, adətən
KQB dəsti-xətli belə yazılardan dərhal sonra kütləvi
həbslər başlanırdı.
"Vışka" qəzetində isə
oktyabrın 28-də təkzib yazısı dərc edilir və
bu, sadəcə redaksiyanın da cavabı deyil, Azərbaycan
Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin
qərarıdır.
Bu qərarın verilə bilməsi üçünsə
3 aya yaxın müddətdə ayrıca komissiya
araşdırmalar aparmışdı. Məlum olmuşdu ki,
Xalq Maarif Komissarlığının kassasından qəzetdə
göstərildiyi kimi son 2 ildə 55 min manat deyil, 12.839 manat 23
qəpik vəsait çıxarılmış və bunlar
tamamilə qanuni məqsədlərlə istifadə edilərək
Pedaqoji Texnikumu bitirmiş çox kasıb kənd müəllimlərinə
və elmi işçilərə - professuraya verilmişdi.
Komissiya bunu da ayrıca vurğulayır ki, Pepinov,
Manutsyan, Sultanov və maliyyə şöbəsinin müdiri
Yembayevin özləri özlərini maliyyələşdirməsi
faktları təsdiqini tapmamışdır. Başqa sözlə,
ağ yalan, qara böhtanmış.
Komissiya Mustafa Quliyevin ayrı-ayrı şəxslərə
himayədarlıq etməsi, kimlərəsə
etinasızlıq göstərməsi barədə
yazılanları da rədd edir: "Yoldaş Quliyevin guya
"yaşlı və istedadsız artist" Xurşid
Qacarı Moskvaya təkmilləşdirməyə göndərməkdə
proteksionizmə yol verməsi və İtaliyaya göndərilmiş
artist Bülbülə dəstək göstərməməsi
haqda ittiham da doğru deyildir. Bakı şəhəri incəsənət
işçilərinin rəylərinə əsasən,
yoldaş Xurşid Qacar Moskvaya göndərilməyə tamamilə
uyğun gəlir və yoldaş Bülbül də təqaüdünü
məqalədə göstərildiyi kimi Xalq Maarif
Komissarlığından yox, Zaqafqaziya Xalq Maliyyə
Komissarlığından səliqə ilə və
vaxtlı-vaxtında alır".
Komissiya bunu da dəqiqləşdirir ki, Mustafa Quliyev
evinin təmirində rəhbərlik etdiyi
komissarlığın texniki təmir şöbəsinin əməkdaşlarından
istifadə etməyinə edib, lakin həmin məqalənin dərc
edilməsindən bir il qabaq mənzilinin təmiri
üçün sərf edilmiş 379 manat 40 qəpiyi kassaya
ödəyib.
Amma təsəvvür edin ki, belə bir mötəbər
komissiya yaradılmır, belə bir ədalətli, obyektiv
araşdırma aparılmır, elə partiya qəzetində
sınanmış kommunist əməkdaşların
yazdıqları əsasında hökm verilir, Mustafa Quliyev,
komissarlığın digər neçə məsul
işçisi ləkələnir, cəzalandırılır.
O sıradan da müğənni və aktrisa Xurşid
Qacar.
Həmin çağların cəzası isə
yalnız müvəqqəti dilxorluq yaradan töhmət, xəbərdarlıq,
vəzifəsini kiçiltmək, işdən
çıxarmaq kimi dözüləsi tənbehlər deyil, adətən
uzunmüddətli həbslər, sürgünlər, "xalq
düşməni" damğası, yeri bilinməyən məzarlar
olurdu.
...Avropa musiqisi və musiqi janrlarının Azərbaycan
gerçəkliyində, Bakının mədəni həyatında
getdikcə daha artıq yer tutması, qadınların
ifaçılığa və səhnəyə gəlişi,
opera səhnəsində qadınların artıq nadir hadisə
kimi deyil, ardıcıl olaraq görünməsi 1920-30-cu illərin
hadisəsidir.
Avropa operasında Azərbaycan dilində ilk oxuyan
Şövkət xanım Məmmədova oldu.
1920-ci illərin başlanğıcında Bakıya
qayıtmış Şövkət xanım Azərbaycan Teatr
Texnikumunu təşkil etməklə yanaşı, burada təhsilin
səviyyəsini də qaldırmaq üçün Leninqraddan
(indi Sankt-Peterburq) məşhur rus aktyoru və pedaqoqu professor
Vladimir Vladimiroviç Sladkopevsevi (1876-1957), bir neçə
digər müəllimi dəvət edir. Elə Şövkət
Məmmədovanın təşəbbüsü və
yaxından iştirakı ilə 1923-cü ildə
Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) Edmond Qondin və
Filipp Jillin librettosuna Leo Delibin bəstələdiyi
"Lakme" operasını ilk dəfə Azərbaycan dilinə
tərcümə edir. Və Şövkət xanım baş
rolda çıxış edir.
(O vaxt - 1923-cü ilin 26 noyabrında "Bakinskiy
raboçiy" qəzeti bu haqda ayrıca məqalə də
buraxmışdı).
Şövkət Məmmədova İtaliyada təhsil
almışdı, başqa mədəni mühitin içərisindən
çıxaraq vətənə qayıtmış sənətkar
idi və təbii ki, opera səhnəmizdə elə buralarda
yetişən yeni başqa xanımlara ehtiyac böyük idi.
Elə həmin dövrdə Bakıda Əli Bayramovun
adını daşıyan ilk Qadınlar Klubu
açılır. Buradakı müxtəlif özfəaliyyət
dərnəklərində drama və musiqili teatra maraq
böyük idi və fəallığı, istedadı ilə
seçilən Gülsüm Gülüstani adlı bir azərbaycanlı
qız mütəmadi olaraq çeşidli opera və
operettalarda rollar ifa edir.
Azərbaycanın 1959-cu ildə Moskvada keçiriləcək
Ədəbiyyat və İncəsənət
Ongünlüyü qarşısında opera
teatrımızın keçdiyi tarixi yol haqda kitabını nəşr
etdirən rejissor Soltan Dadaşov opera səhnəmizdəki ilk
qadın aktrisalar sırasında Xurşid Qacarın
adını birinci çəkirdi: "1925-1926-cı il
mövsümündə Azərbaycan Opera Teatrı Dram
Teatrından ayrılaraq indiki M.F.Axundov adına teatrın
binasında müstəqil fəaliyyətə
başlamışdır. Azərbaycan operasında
qadınlardan Xurşid xanım Qacar, Məhbubə Paşayeva,
sonralar Fatma Gəncinskaya və başqaları
çalışırdı.
1923-24-cü il mövsümündə də yaradıcılıq
fəaliyyətinə başlamış Xurşid xanım
Qacar "Şah İsmayıl" operasında Gülzar,
"Şah Abbas və Xurşidbanu" operasında Xurşid
banu rolunda, "O olmasın, bu olsun" musiqili komediyasında
Gülnaz rolunda və "Arşın mal alan" musiqili
komediyasında Gülçöhrə rolunda
çıxış edən və Avropa qaydası ilə
oxuyan ilk aktrisalardan olmuşdur".
Xurşid xanımın arxivində ömrünün
opera illərindən saxladığı bir yadigar da var.
İndi bu qəbil kağızları çox adam
heç saxlamır. Çünki az qala hər gün,
günaşırı hansısa tədbirə
çağıran o qədər dəvətnamələr
alırsan ki, hamısını saxlasan, onlara evdə yer
çatmaz. Lakin sovet dövründə dəvətnamələr
də xüsusi hallarda çap olunurdu və hətta onlar da Mətbuatda
Dövlət Sirlərini Mühafizə edən İdarənin
- senzuranın nəzarətindən keçirdi.
Bu dəvətnamə isə sıradan olan bir tədbirə
deyil, Opera və Balet Teatrının 50 illiyinə səsləyir.
O teatrın ki, onun yüksəlişlərində, ən
çətin illərindəki dirçəlişlərində
Xurşid xanımın əvəzsiz xidmətləri
olmuşdu. Dəvətnamənin arasında 2 biletin kəsikləri
də var. Parterdə, 14-cü sırada, 23-24-cü yerdə
oturubmuşlar.
Həmin bayram gecəsinə Xurşid xanım kiminlə
gedibmiş, həmin axşam orada kimlərlə
görüşüb, nə söhbətlər ediblər?
Daha bu sualların cavabı yoxdur.
Ümidim gələn bircə 90 yaşlı Tofiq
Bakıxanov idi. Ondan da 2020-ci il mayın 6-da Xurşid
xanımı soruşuram, tanışlığımız
olmayıb deyir, Xurşid xanımla əmisi Məmmədxanın
yaxşı münasibətləri olduğunu, evdə
Xurşid xanımın adını tez-tez çəkdiyini
deyir.
Yenə Xurşid xanım özü kömək edir.
Həmin gün səhnəyə də qalxıb, təltif də
olunub, çıxış da edib.
Arxivində qalan bir şagird dəftərində
çıxışının mətni də qalır:
"Əziz yoldaşlar! Sizi ordenli teatrımızın
şanlı əlli illiyi münasibətilə salamlayır və
ürəkdən təbrik edirəm. Teatr kollektivinin şəxsimə
diqqəti məni qəlbən duyğulandırdı. Azərbaycan
opera sənətinin uzun və şərəfli yolunun göstəricisi
olan yubiley medalı ilə təltif edilməyimə görə
də minnətdaram. Xoşbəxtəm ki, sizinlə birgə
mənə teatrın yubileyini bayram etmək nəsib oldu".
Xurşid xanım "xoşbəxt"
sözünün altından xətt çəkib və onun həmin
əziz bayram günündə özünü bəxtiyar hiss
etmək haqqı vardı.
O, bu yolda can qoyanlardan idi.
Və kürsüdəydi, danışırdı:
"Mən opera teatrının formalaşmasının lap
başlanğıcından, 1924-cü il mövsümündən
bu səhnədəyəm və qadın rolları oynayan
kişiləri əvəz edən ilk azərbaycanlı
qadınlardanam. Mən 10 il bu səhnədə
çıxış etmişəm. Sonra isə bir neçə
il opera üçün kadrlar hazırlayan Opera studiyasına rəhbərlik
etmişəm və həmin məzunların çoxu indi
teatrda işləyirlər. Bütün bunlara görə mən
teatrı öz doğma kollektivim hesab edirəm. Həmin səbəbdən
də sizin yaradıcılıq yolundakı çətinlikləriniz
mənim qəlbimə çox yaxındır və vokal sənətində,
bədii sənətkarlıqda qazandığınız
nailiyyətlər məni hədsiz sevindirir.
Üzeyir Hacıbəyovun "Arşın mal
alan" musiqili komediyası dünya şöhrəti
qazandı. Bu əsərdə mənə dəfələrlə
Gülçöhrə və Asiyanın partiyalarını
oxumaq nəsib olub. "O olmasın, bu olsun"da
Gülnazı ifa etmişəm. İkinci görkəmli bəstəkarımız
və dirijor Müslüm Maqomayev 1938-ci ildə Moskvada dekadada
oynanan inqilabi "Nərgiz" operasını yazdı. Mən
10 il ərzində Müslüm bəyin "Şah
İsmayıl" operasında baş qəhrəman
Gülzarın partiyasını ifa etmişəm. Daha sonra bu
partiyanı ifa etməkdə mənim davamçım gözəl
səsə malik aktrisa Umuxanım Əhmədova oldu".
Xurşid xanım unudulmaz səhnə tərəfdaşlarını
da yada salır: "Mənim partnyorum əvvəlcə əla
muğamatçı və artist olan Hüseynqulu Sarabski idi.
Oyununun və səsinin zərifliyi ilə o, sözün əsl
mənasında dinləyənləri valeh edirdi.
Mənimlə birinci bariton müğənni, Aslan
şah rolunun gözəl ifaçısı Hənəfi
Terequlov da çıxış edib".
Xurşid xanım kimi fəal ictimai mövqeli, səhnəyə
büsbütün yeni ruh gətirmiş bir qadının
varlığı gendən hər kəsə
görünürdü və yeniləşməyə köklənən,
vaxtın çağırışlarına cavab verməyə
səy göstərən Azərbaycanda belə bir parlaq
nümunə xeyli dərinlərə işləyən təsirini
göstərirdi.
Xurşid Qacara göndərilmiş və olsun ki,
aldığı onlarla başqa məktubdan daha əziz, daha
qiymətli və fədakarlıqlarına mükafat sayaraq
saxladığı bu məktubda məhz həmin ovqat var. Bu məktub
Xurşid Qacarın oçağkı Azərbaycan
insanının şüurunda özünə necə yer
tapması və hansı dəyişikliklərə bais
olmasının nişanələrindəndir:
"Çox hörmətli Xurşid xanım! Sizi bu
mövsümdəki ilk çıxışınız və
türk xalqı arasında qazandığınız rəğbətə
görə təbrik edirəm.
Sizi bir də hələ bizim türk
qızlarının qapalı, çadrada olduğu vaxtlarda səhnəyə
çıxmış yeganə mədəni aktrisa olaraq
salamlayıram.
Beləliklə də, Siz unudulmuş türk
qadınına cəmiyyətə çıxmaq, indiki gənc
qadın aktrisalara səhnəyə gəlmək
üçün yol göstərdiniz.
Sizə baxaraq mənim valideynlərim teatr
işçisinə baxışlarını dəyişdilər.
Çünki əmin oldular ki, səhnədə yalnız
yüngülağıllı qadınlar deyil, mədəni,
ciddi, uşaqlara və gənc qızlara yaxşı nümunə
göstərən namuslu türk xanımları
çalışırlar.
Çox hörmətli Xurşid xanım, sözlərlə
və kağız üzərində Sizin türk teatrı və
türk xalqı üçün nələr etmiş
olduğunuzun hamısını ifadə etmək
mümkünsüzdür. Sizə gələcəkdə daha
böyük müvəffəqiyyətlər qazanmağı
arzu edirəm.
Sizə ehtiram bəsləyən Alya xanım".
Aşağıda Xurşid xanımın qara
karandaşla qeydi var: "Adilə xanım Məmmədova
hazırda Azərnəşrdə işləyir".
...Xurşid Qacarın operada oxuduğu və qeyd-şərtsiz
əvəzolunmaz olduğu 1924-27-ci illərdə hələ
heç Bakı şəhərində evi də yoxmuş,
Yefim Saratovets küçəsi (indiki Nigar Rəfibəyli),
40-da yerləşən yataqxanada qalırmış.
Və teatr, dünyanın hər yerində olduğu
kimi, teatrdır və hər yerdə olan sayaq, bizim operada da
dedi-qodular da varmış, umu-küsülər də,
intriqalar da, qəlbədəymələr də.
Teatr rəhbərliyinin aprelin 13-də (il göstərilmir),
yəqin ki, Xurşid Qacarın yazılı şikayətinə
cavab olaraq ona göndərdiyi kiçik sakitləşdirici məktub:
"Yoldaş Xurşid xanım! Sizə məşq vaxtı
"Karmen" operasında Mikaello rolu
tapşırılmasına baxmayaraq, tamaşa vaxtı həmin
rolun ifasına buraxılmamağınız haqda daxil olmuş
müraciətinizi nəzərə alaraq bu ayın 18-nə
sizin Mikaello rolunda iştirakınızla "Karmen"in
nümayişini təyin edirəm".
Lakin belə xırda-xırda narazılıqların
üst-üstə yığılaraq günlərin birində
Xurşid xanımı hövsələdən çıxarması,
onu işdən getmək haqda ərizə yazmağa sövq
etməsi də olub. Bir neçə gün əvvəl
yazdığı həmin ərizəyə qoyulmuş dərkənar
onu bir az da əsəbiləşdiribmiş və Opera
Teatrı müdriyyətinə 1933-cü il oktyabrın 8-də
surətini özündə saxlamış olduğu (həmin
surət olmasaydı, təbii ki, bu hadisədən də xəbərsiz
qalardıq) belə bir növbəti ərizə təqdim
edir:
"Opera Teatrının direktoru Kərimov yoldaşa.
Rəhbərlik etdiyiniz teatrdakı işimdən azad
olunmağım barədə sentyabrın 28-də
yazdığım ərizəyə oktyabrın 6-da
qoyduğunuz dərkənarla bu gün tanış olandan sonra
yenidən bəyan edirəm ki, mənə teatrda işləmək
üçün yaradılmış şərait qəbuledilməzdir.
Ona görə də teatrdan getməyimi qəti şəkildə
təkid edirəm. Sizin mənim kvalifikasiyam haqda
yazdığınız rezolyusiyaya gəlincə, hesab edirəm
ki, 9 il eyni teatrda işləmiş, bu mövsümün
afişasında da adı birinci dərəcəli artistlər
sırasında olan aktrisaya münasibətdə bu, tamamilə
qeyri-normal bir haldır".
...1923-cü ildə Nəriman Nərimanovun təşəbbüsü
ilə gələcək Azərbaycan Milli Elmlər Akademiyasının
təməli sayıla biləcək Azərbaycanı Tədqiq
və Tətəbbö Cəmiyyəti
yaradılmışdı. Qısa zaman ərzində
xalqımızın tarixi və mədəniyyətini
araşdırmaq istiqamətində böyük işlər
görmüş həmin quruma Xurşid xanımla sıx
yaradıcılıq əlaqələri olan görkəmli
yazıçı və dramaturq, eyni zamanda, SSRİ Elmlər
Akademiyası Diyarşünaslıq bürosunun müxbir
üzvü Əbdürrəhim bəy Haqverdiyev
başçılıq edirdi.
1925-ci il noyabrın 8-də Azərbaycanı Tədqiq
və Tətəbbö Cəmiyyətinin
yaradılmasının 2 illiyi münasibətilə təntənəli
mərasim keçirilir və həmin tədbir öncəsi əvvəlcə
oktyabrın 19-da qurumun İncəsənət alt
komissiyasının üçüncü plenumu baş tutur. Həmin
alt komissiyanın təşkilatçısı Hənəfi
Terequlov Xurşid xanıma göndərilən bildirişdə
onu sadəcə ənənəvi sözlərlə dəvət
etmir, "iştirakınız fövqəladə dərəcədə
zəruri və arzuolunandır" yazır.
Noyabrın 8-də "Satiraqit" türk
teatrının binasında sözügedən qurumun 2 illik
yubileyinə həsr edilmiş təntənəli iclas
Leninqraddan dəvət olunmuş professor (1932-ci ildən
SSRİ Elmlər Akademiyasının həqiqi üzvü,
1945-ci ildən Azərbaycan Elmlər Akademiyasının fəxri
üzvü) İvan İvanoviç Meşşaninovun
(1883-1967) "Urartu mixi yazıları əsasında Azərbaycan
haqqında ən qədim məlumatlar" adlı elmi məruzəsi
ilə başlanır. Daha sonra isə həm musiqi, həm də
teatr üzrə alt komissiyaların ayrıca məruzələri
dinlənilir və hər iki məruzədə adı dönə-dönə
çəkilənlərdən biri Xurşid xanım Qacar idi.
"Kommunist" qəzetinin daimi "Teatr və
musiqi" rubrikasında "Arşın mal alan"
haqqında digər yazını Xəlil İbrahim qələmə
alıb. "Kanun-i saninin (dekabr - R.H.) 6-da "Arşın mal
alan" yeni qüvvələr iştirakilə 2-ci dəfə
oynandı. Əvvəla onu qeyd etmək lazımdır ki, bu
gecə, ümumiyyətlə, qadınlar erkəklərə
faiq gəliyorlardı. Çünki dörd qadın rolunu
yaxşı, erkəklər isə zəif apardılar. Fəqət
rollara keçmədən əvvəl bəzi cəhətləri
qeyd edəlim.
Birinci calib-i diqqət (diqqəti cəlb edən - R.H.)
burasıdır ki, bu gecə orkestro ilə aktyorlar arasında əslən
rabitə yox idi. Birinci pərdədə əvvəlcə
Əskər tarsız başlayır, orkestro bir, Əskər isə
başqa bir pərdə götürüyor. Ahəng pozuluyor,
dirijor pərdəyi saldırıyor. Sonra hər musiqi nömrəsində
dirijor gah sağa, gah sola, gah da aktyora acıqlanıyor. Yenə
də düz getməyir ki, getməyir. Görünür ki,
orkestro eləmək zəif və az olmuşdur. Digər tərəfdən,
nədirsə rejissorluq əslən qrimlərə diqqət
verməyir. Səhnədə qrim simayı dəyişdirmək
üçün isə, bu da lazım olan yerdə qocayı
cavan, cavanı qoca, göyçəyi çirkin və biləks
etməkdən ibarətdir.
...Nəhayət, 3-cü məclisdə Soltan bəyin
evi bəy salonundan ziyadə qəza məscidlərinə
oxşayırdı. Amma "sütun"lar onun da üslubunu
pozuyordu.
...Oynayanlara gəlincə, xala (Əzizə xanım),
Asiya (Sona xanım) və Telli (Zərrintac) rollarını
yaxşı və təbii bir surətdə keçirdilər.
Gülçöhrə rolunda ilk dəfə
çıxan Xurşid xanım rolunu, xüsusən musiqi
nömrələrini çox müvəffəqiyyətli
keçirdi. Eyni zamanda, ifadəsi (danışığı)
gözlədiyimizdən yaxşı keçdi. Ümumiyyətlə,
Xurşid xanım bu rolu keçən dəfə ifa etmiş
olan Fatimə xanıma səbqət etdi (üstün gəldi,
onu arxada qoydu, ötdü - R.H.) və Məğfurə ilə
rəqabət edə bilir (Lakin ümumiyyətlə demək
lazımdır ki, bu rol Xurşid xanıma da yaraşmıyor).
Əskər rolunu ilk dəfə Bağırof
oynadı. Fəqət səsi nə qədər yaxşı
idisə, oyunu süst, hərakatı zəif idi və bir qədər
tələsiyordu. Ümumiyyətlə, Sarabski ilə rəqabət
edəmədi.
Yoldaş Atamalıbəyov çox
çalışdı ki, Süleyman rolunu yaxşı
oynasın, lakin özü də boynuna alır ki, bütün
səylərinə rəğmən, müvəffəq
olamadı. Çünki Süleyman şən, şalayin,
oynaq bir roldur. Atamalıbəyov isə ciddi və ağır
rolları yaxşı oynayır.
Yanmərdanova gəlincə, çox zəifdir və
bu rola layiq deyildir.
Bugecəki rolunda ilk dəfə çıxan
yoldaşlardan erkəklər arasında gənc aktyor
Şarsplı hamıdan artıq müvəffəq oldu".
Opera teatrımızın beşiyi başında
duranlardan olan Hüseynqulu Sarabski (1879-1945) səhnəmizin
qadınsızlığının əziyyətini öz səhnə
ömründə bilavasitə yaşayanlardan idi və 1908-ci
ildən 1920-ci ilə qədər dəfələrlə
kişi Leylilərlə, Əslilərlə,
Gülçöhrələrlə, Xurşidbanularla... səhnə
tərəfdaşı olmuş görkəmli müğənni
1935-ci ildə "Zarya Vostoka" qəzetində dərc
edilmiş "Yeni məsud həyat" adlı məqaləsində
operamızın qazandığı uğurlardan bəhs edərkən
səhnəmizdəki istedadlı ifaçı qadınlar
mövzusuna xüsusi diqqət ayırır və bu sırada
Xurşid xanımın adını əvvəldə çəkirdi:
"Türk Dram Teatrında Mərziyə, Sona xanım, Fatma
xanım, Qədərli çalışmaqdadır. Operada
Xurşid xanım Qacar, Şövkət xanım Məmmədova,
Həqiqət Rzayeva, Sona Mustafayeva, Firuzə Ağayeva,
Balabacı Muxtarova. Hələ nə qədər Dövlət
Konservatoriyasında oxuyan, nə qədər Moskvaya təhsil
almağa gedən var".
Xurşid xanımın üstünlüklərindən
biri də bu idi ki, o, şərqli ola-ola həm də qərbli
idi. Bunu 1935-ci il noyabrın 18-də Azərbaycan Xalq Maarif
Komissarlığının Böyük Dövlət
Teatrında təşkil etdiyi "Birinci böyük Şərq-Avropa
konserti" də əyani şəkildə nümayiş
etdirir.
O.M.Bron və doktor A.A.İonesyantsın idarəsi ilə
keçirilən həmin konsertdə Seyid Şuşinski,
Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyovla
yanaşı, Zaxarova, Atamanova, Olxovski, Moribel, Livinenko
çıxış edirdilər. Afişada Xurşid
xanımın adı birinci idi və bu azərbaycanlı
xanım həmin konsertdəki iki qütbün tən
ortası da hesab edilə bilərdi. Xurşid xanım həm
konsertin Şərq tərəfindən tək qadın idi, həm
də onun ifa etdikləri musiqi quruluşu və ifa tərzi
baxımından Avropaya aid olmaqla yanaşı, mahiyyətiylə
milli idi.
Azərbaycanda sovet hakimiyyətinin qurulmasının
15-ci ildönümündə Dövlət Opera
Teatrının daimi fəaliyyət göstərən Opera
studiyasının fəaliyyətə başlaması ilə
bağlı "Bakinskiy raboçiy" qəzetinin
müxbiri Xurşid xanım Qacardan müsahibə də
almışdı.
"Studiyanın yaranması ilə teatr ilk dəfə
olaraq öz gənc kadrları ilə əsaslı
yaradıcılıq işi aparmaq imkanları qazanır, -
söyləyən Xurşid Qacar görülən ilk tədbirlərdən
bəhs edərək bildirirdi: - Ən istedadlı gəncləri
seçmək məqsədi ilə biz studiyaya qəbul haqda
müsabiqə elan etmişik və həmin müsabiqədə
40-dan çox müğənni iştirak edib.
Studiyada həmçinin Dövlət Operasının
cavan artistləri də təhsil alacaqlar. Bir qayda olaraq, biz
studiyaya bitkin musiqi təhsilli oxuyanları
götürürük. Eyni zamanda, biz qabiliyyətli, ancaq
xüsusi hazırlığı olmayan cavan müğənniləri
də təhsillə təmin edə bilməkçün
studiyada vokal sinfi açırıq".
Xurşid xanım studiyanın hansı proqram üzrə
işləyəcəyini də vurğulamağı lazım
bilir: "Bizim studiyanın proqramı əsasən Moskva
Böyük Opera Teatrı studiyasının proqramı tipində
qurulur. Tədris-istehsalat işinin özünü isə
1936-cı ilin yanvarından başlayacağıq".
Qısa məqaləsində Əfrasiyab Bədəlbəyli
"həm "O olmasın, bu olsun"un müasir gerçəklikdəki
yeri məsələsinə toxunur, həm ayrı-ayrı
ifaçıların ifasındakı uğurlu və
uğursuz cəhətlərə diqqət yönəldir, həm
orkestri, həm xoru səciyyələndirir. Xurşid
xanımın ifasının yaxşılığı
ayrıca qeyd olunanların cərgəsindədir: "O olmasın,
bu olsun" vaxtilə həyatdan çox da uzaq olmayıb bir dərəcəyə
qədər doğru bir müəks idi. Orada göstərilən
tiplərin həman həpsi keçirmiş olduğumuz həyatdan
alınmışdırlar.
Fəqət həyati əsərlərin özlərinə
məxsus müəyyən bir dövri oluyor. Həyat ilə
iləriləyə bilməyib geridə qalıyorlar.
Bilxassə, əxlaq və tərbiyələri
dolayısıyla keçmiş mühitimizin birər mənfi
fərdləri sayılan "O olmasın, bu olsun" tipləri
bugünkü həyatımızda əski mövqelərini təmamilə
qeyb etmiş, özləri də qayib olmuşlardır.
Ona görə, "O olmasın, bu olsun" bu gün
yalnız keçmişimizi xatırlada biləcək bir musiqi
komediyasıdır (Əlbəttə, Əfrasiyab Bədəlbəylinin
bu fikirləri ilə razılaşmaq çətindir. Lakin həmin
sətirlərin hansı tarixi şərait içərisində
yazıldığını, o çağın hakim ideologiyasının
mətbuatdan, yazan qələmdən nə istədiyini də
unutmuruq. Sovet cəmiyyətini qüsursuz göstərmək cəhdi
bu xəsis qeydlərə belə sirayət etmişsə də,
həmin dövrün ictimai-siyasi və sosial mühitini
göz önünə gətirəndə hiss edirik ki,
Üzeyir bəyin qəhrəmanları həmin illərə
uyğun şəkildə necə həyatda idilərsə,
"O olmasın, bu olsun"un yazılmasından ötən
bir əsrlik müddətdə də başqa görkəmdə
və biçimdə yenə də diridirlər - R.H.).
Ümumiyyətlə, operetta musiqisi, təbiidir ki, nisbətən
sadə və yüngül olur. "O olmasın, bu olsun"da
olduqca sadə, ibtidai bir orkestrovka və harmonizasiya vardır.
Çəharşənbə günü noyabrın
11-də bu əsər Böyük Teatrda oynandı.
İştirak edənlərdən Sərvər rolunda
Hüseynağa Hacıbababəyov zəif idi. Bütün hərəkətlərini
sanki cəbrən icra ediyordu. Odur ki, açıq bir
süniliyin nəşət etməsinə bais oluyordu. Məşədi
İbad rolunda Mirzağa Əliyof yaxşı idi. Xüsusən
son pərdədə Sərvər qaçdıqdan sonra səs-küy
salması və ürəyinin getməsi müvəffəqiyyətli
idi.
Həmçinin Gülnaz rolunda Xurşid xanım
yaxşı idi.
Sayir iştirak edənlər ümumi ahəngi düzəltməyə
çalışıyordular.
Quruluş etibarilə nəzər-diqqəti cəlb edəcək
bir yenilik yox idi.
Bir dərəcəyə qədər ixtisara
uğramış orkestroyu Müslüm bəy yaxşı
idarə ediyordu. Xor unison idi".
Əfrasiyab Bədəlbəylinin "Kommunist" qəzetində
10 gün sonra işıq üzü görən digər
yazısı artıq Üzeyir bəyin başqa məşhur
operettası - 1925-ci il teatr mövsümündə noyabrın
25-də Opera Teatrında tamaşaya qoyulan "Arşın mal
alan" haqqındadır. Əfrasiyab Bədəlbəylinin tənqidi
özünəxas dəqiq, obyektiv təhlillər və əsaslı
iradlar üzərində qurulub. Nəinki rejissor, orkestr,
ifaçılar haqda mülahizələrini
bölüşür, hətta tamaşaçıdan,
tamaşaçıya ifrat sərbəstlik verən teatr
administrasiyasından narazılığını da içərisində
saxlamır. Yazır ki, dərs olsun və belə hallar gələcəkdə
təkrarlanmasın: "Teatr müdriyyəti körpə
uşaq gətirənlərə deməlidir ki: "Onların
teatroya gəlmələrinə hələ 7-8 il var".
Azərbaycan ədəbiyyatı və incəsənətinin
1938-ci ildə Moskvada keçirilmiş ongünlüyü
respublikanın mədəni həyatında o dövrdə
mühüm əks-sədalar doğurmuş, Azərbaycan mədəniyyəti
və sənət xadimlərimizin daha geniş çərçivədə
tanınıb şöhrətlənməsinə meydan
açmış əlamətdar hadisə idi.
Bunu da nəzərə alsaq ki, mahiyyəti ilə
bayram olan bu hadisə bütün Sovet İttifaqında, o
sıradan Azərbaycanda müdhiş repressiyaların baş
tutduğu, insanların ruhi sarsıntı və səksəkə
içərisində yaşadığı vaxt kəsiyində
baş verirdi, gələn hər xoş xəbərin necə
şəfaverici təsəlli olduğu, ürəklərdə
nə qədər xoş ümidlər oyatdığı təsəvvür
edilə bilər.
Həmin dekadadan SSRİ Xalq artisti kimi qayıdan,
1920-ci ilin aprelindən bəri başı üzərində hər
an qılınc kimi asılı qalan repressiya xofundan, nəhayət
ki, xilas olan, Stalinin birbaşa zəmanəti ilə kommunistlər
cərgəsinə qəbul edilən Üzeyir bəyin və
onun çox məsləkdaşının, tələbələrinin
həyatında yeni və coşqun, daim yaşayacaq sənət
bəhrələri ilə zəngin mərhələ
başlandı.
Dekadaya elə əvvəldən də məhz belə
uğurlu qapılar açacağı ümidləri bəslənirdi
və mədəni mühitimizdə müəyyən yeri olan
hər kəs çox istəyirdi ki, Moskvaya gedəcək heyətin
tərkibinə o da daxil edilsin. Siyahının ətrafında
isə qəliz pərdəarxası qarşıdurmalar da cərəyan
edirdi, xəbis addımlar da atılırdı, məkrlər
də törədilirdi.
Təbii ki, tarixin bu qaranlıq səhifələrini
qismən də olsa bərpa edə bilməkçün üz
tutula biləcək xatirə
daşıyıcılarının təxminən heç
biri artıq həyatda yoxdur. Amma bəzi qeydə
alınmış xatirələr və günümüzə
çatmış tək-tək sənədlər müəyyən
qənaətlərə gəlməyə imkan yaradır.
Dekada ərəfəsində heç də rahat
sayıla bilinməyəcək səksəkəli günlər,
həbs təhlükəsi qorxusu ilə yaşayan
Hüseynqulu Sarabski üçün digər narahat məqam da
bu idi ki, onun baş rolda oynadığı operaların
heç biri Moskvaya aparılmayacaqdı. Demək, onun dekadada
iştirakı da alınmaya bilərdi. Bu isə kənardan
bütün başqa mənəvi sıxıntılarından
əlavə dövlətin gözündən düşməyin
əlaməti təəssüratı yarada bilirdi. Lakin
yaxşı əl qabiliyyəti olan Hüseynqulu Sarabski dekadaya
Azərbaycan sərgisinin rəhbəri kimi aparılır və
önündə gedənlərdən biri olduğu Azərbaycan
mədəniyyət xadimləri cərgəsindən bu minvalla
kənarda qalmır.
Maestro Niyazi Moskva səfərinə qatılmaq yolunda cərəyan
edən intriqaların aşağı və yuxarı səviyyələrdə
hətta bəzən tragikomik hallar yaratdığı barədə
təfərrüatları da söyləyirdi. Anonim məktublardan
tutmuş şərləmələrədək hər cür
fəndlər işə salınırmış. Maestro Niyazi
bir musiqiçinin Üzeyir bəyin yanına gələrək
orkestrdəki kontrabasçalanın Moskvaya
aparılacağı təqdirdə bunun yaxşı nəticələr
verməyəcəyini söyləyir. Niyəsi soruşulanda
çox çək-çevirdən sonra həmin şəxs
deyir ki, bəs kontrabasçalan mavidir. Üzeyir bəy
özünəxas sarkazmla bu mərdiməzarın səsini kəsir:
"Tutalım lap elədir, kontrabası ki orası ilə
çalmayacaq!"
Tarixin unudulmuş səhifələrinə nəfəs
vermək niyyətli bir yazıda zahirən məişət
ayrıntıları kimi qavranıla biləcək belə məqamlara
yer ayırmağım bica sayılmasın. Hətta bu dəlillərdə
də tarixin gerçəkləri və vaxtın mənzərəsi
var.
Xurşid Qacar kimi bir təcrübəli sənətkar,
Azərbaycan operasının yüksəlişlərində əvəzsiz
xidmətləri və dekadada nümayiş etdiriləcək
"Nərgiz" operasının səhnəyə
hazırlanmasında da əməkləri olan bu güclü
ifaçı məhz qərəz, bədxahlıq nəticəsində
siyahıya salınmır. Bu, müğənnini çox
sarsıdır və hər şeydən küsür.
1938-ci il fevralın 27-də Azərbaycan Xalq
Komissarları Şurası yanında İncəsənət
İşləri üzrə İdarənin rəisi Mirzə
İbrahimova incik ərizə ilə müraciət edir,
Bakıda - Dövlət Opera Teatrı, Opera studiyası, Musiqi
nəşriyyatındakı 14 illik fəaliyyətinə, Azərbaycan
operasında faktiki ilk aktrisalardan olmasına rəğmən,
belə münasibəti anlamadığını və onunla
bu cür davranılmasının çox ədalətsiz
olduğunu yazır, öz arzusuyla tutduğu vəzifədən
kənarlaşdırılmasını istəyir.
Yəni Xurşid Qacar həmişə belə
olmuşdu. Haqsızlıq görəndə dinməməyə
tabı çatmamışdı. İstər bu
haqsızlıq ona qarşı olsun, istər başqalarına
qarşı yönəlsin.
...O qədər suallarım yaranır ki! Ancaq
çifayda! O sualları verib cavablar alası adamlar yoxdur.
Hamısı gedib. İstisnasız, hamısı! Nə Maestro
Niyazi həyatdadır, nə Əfrasiyab və Şəmsi Bədəlbəylilər,
nə Azər Rzayev, nə Bəhram Mansurov, nə...
Söz soruşalılar gedib, epoxa bitib.
O unudulmazların ömrümdəki boş qalan yerini
hər dəfə belə dalana dirənən anlarımda
bütün acısıyla daha artıq hiss edirəm. Amma buna
da şükür edirəm ki, nə yaxşı, heç
olmazsa ilk gənclik illərimdən bəxtimə o nəslin
bu qəbil bir çox insanıyla yaxın təmaslarda olmaq
düşdü. Onların söylədiklərinin sayəsində
hərdən mənə elə gəlir ki, elə
1920-30-40-50-ci illərin də axarında yaşamışam,
onların gördüklərinin hamısına özüm
şahid olmuşam.
Hətta o vaxtın səslərini
aydınlığı ilə eşidirəm, mənə elə
gəlir ki, elə özüm də həmin dövrün
adamıyam, indiyə o çağın xəbərlərini
çatdırmaqçün gəlmişəm. O zamanların
bütün sıxıntı və çətinliklərindən
agah olsam da, lap o vaxta düşsəm belə, heçə nəyi
dəyişə bilməyəcəyimi bilsəm də, yenə
həmin günlərdən, o ŞƏXSİYYƏTLƏR əyyamlarından
ötrü qəribsəyirəm...
4 mart 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 12 mart(№46).- S.12-13.