Quba teatrı: Xatirələr səhnəsindən
Könüllülər səhnəsinə
(Əvvəli ötən sayımızda)
Teatrdakı nöqsanlara son qoyulması diləyi ilə
Məmmədağailə görüşdüm. Eşitdiyim
şikayətləri ona deməyə başlamışdım
ki:
- Pah atonan, - dedi, - indi gəl bu məxluqa
yaxşılıq elə. Ə kişi, onların əyinlərindəki
qostyumları da mən almışam.
Çox həyəcanlı olduğu üçün
(hər halda o özünü belə göstərirdi)
söhbəti kəsdim, aktyorların yanına gəlib:
- Deyirsiniz ki, maaşlarınız vaxtı-vaxtında
verilmir, həm də ondan müəyyən bəhanə ilə
kəsirlər. Əyninizdəki kostyumu da o alıb ki!- dedim.
Əli Cəfərov başını buladı, Mustafa
Süleymanov: - Düz deyir o alıb. Ancaq necə? Getmişdik
qostrola. Əynimizdəki kostyum sökülüb
dağılırdı, boynu, qolları çox işləndiyindən
elə sökülmüşdü ki, ipləri
çıxıb, astarı görünürdü.
Ağdaş rayonunda olanda bizi mağazaya aparıb hərəmizə
880 manata bir kostyum aldı. Altı aydır 880 manatı
üç dəfə ödəmişik, hələ də
borcundan çıxa bilmirik ki bilmirik.
Doğrusu, ürəyimdə kədərə
bürünmüş bir nifrət oyandı. Kədər cəfakeşliklə
həyatda və səhnədə bir iş görmək,
insanlara xidmət etmək istəyi ilə yaşayan, fəqət
yalnız öz mənfəətini güdən nadan, cahil bir
müdir əlində yazıqlaşan, fağırlaşan
aktyorların vəziyyətindən doğmuşdu; nifrət
isə öz milli mənliyini dərk etməyən, bir erməni
qadınının hikkəli, hegemon, rəftarına rəğmən,
hərəkət edən savadsız, düşüncəsiz,
mənəviyyatsız bir teatr direktoruna yönəlmişdi.
İstədim gedib onu rüsvay edim, yenə də səbirli
olmağa üstünlük verdim. İş otağına gəlib
dedim: - Hörmətli direktor, mən teatrın aktyorları,
texniki işçiləri ilə xeyli söhbətdən sonra
inandım ki, teatrda vəziyyət çox pisdir, hamı sizdən
şikayətçidir. Arvadınızın hikkəsi,
hegemonluğu, oğlunuzun şıltaqlığı
hamını təngə gətirib. Bəlkə...
Mən danışdıqca dişini qurdalayan,
qulağının dalını qaşıyan, hiyləgərcəsinə
gülümsəyən direktor söz bu yerə çatanda
ilan vurmuş adam kimi yerindən qalxıb, hirslə: - Bilirsən
nə var, hər kim, hər nə deyir, desin, mənim vecimə
deyil. Sən də cavan oğlan, eşit, bura Məmmədağa
teatrıdır. Vəssalam. Məni heyrət
bürüdü, bir söz demədən otaqdan
çıxdım; istədim həmin an Bakıya qayıdam;
aktyorlara verdiyim söz yadıma düşdü. Onlar xahiş
etmişdilər ki, axşam "Qatır Məmməd"
tamaşasına baxım. Baxdım. Heç bir tənqidə
dözməyən bu zəif, solğun tamaşa məni heyrətə
saldı. Hündür boylu, əndamlı Şaginyan kobud hərəkətləri,
qulaqbatıran gur, heybətli səsi ilə obrazı
gülünc bir vəziyyətə salmışdı. Bu
gülünclük Gülcamalın Qatır Məmmədlə
(artist Mustafa Suleymanov) görüşü, söhbəti
zamanı daha da şiddətlənirdi.
Tamaşadan sonra Məmmədağa mənə
yaxınlaşıb heç bir şey olmamış kimi: - Mənim,
səndən yaxşı olmasın, bir dostum var. O, mənim sənin
kimi hörmətli qonağım gəlməsi münasibəti
ilə qoyun kəsib, süfrə düzəldib. İndi
gedirik ora, çörək kəsək, yeyək-içək.
Bu fərsiz, demaqoq aktyorlar da imkan vermədilər ki,
bütün gün ərzində bir çörək kəsək,
- dedi. Ciddi və ötkəmliklə: - Yox, gedə bilmərəm,
səninlə çörək kəsmək qəbahətdir,
hətta günahdır, - dedim. Sonra əlavə etdim: - Sən
düz deyirsən, mən səhərdən heç nə yeməmişəm,
yorğunluq və aclıq hiss edirəm. Təbii ki, mən bir
şey yeməliyəm. Buralarda harada bir loxma çörək
yemək olar?
Məmmədağa mənim sözlərimin mənasına
əhəmiyyət vermədən,
hey ziyafətə getməyimi israrla xahiş edirdi. Birdən
gündüz gördüyüm bir köşk yadıma
düşdü, orada konservləşdirilmiş balıq diqqətimi
cəlb etmişdi.
Oraya doğru addımladım. Məmmədağa məndən
əl çəkmirdi.
Xoşbəxtlikdən gec olmasına baxmayaraq,
köşk açıq idi. Bir qutu konservləşdirilmiş
balıq açdırdım, tez də pulunu verdim. Mən yeməyə
başlayanda Məmmədağa da məzə
üçün mənə qoşuldu.
- Məmmədağa, mən səninlə
çörək kəsmirəm ha, aclığımı dəf
edirəm, çörək kəsmək çətin və
məsuliyyətli işdir. Oradan mehmanxanaya tərəf
yollandım. Yol boyu Məmmədağa heç nə demirdi,
ürəyində yəqin fikirləşirdi ki, "gecənin
xeyrindən, səhərin şəri yaxşıdır".
Sabah hər şeyi yoluna qoyar. Mən isə səhər tezdən
Quba-Bakı marşrutu ilə işləyən avtobusla yola
düşdüm. Ertəsi gün Quba Dövlət Dram
Teatrındakı vəziyyəti yerli-yataqlı "Azərbaycan
gəncləri" qəzetinin redaktoruna və işçilərinə
danışdım. "Xalq teatrlarından da bir addım
geri" adlı məqaləm həmin qəzetdə çap
olundu.
Məqalə qəzetdə çap olunandan iki gün
sonra işə gedirdim. O zaman mən Nəriman Nərimanov heykəli
qoyulan yerdən təxminən 200 metr aralıda - "1-ci
Xrebtovı" deyilən küçədə
yaşayırdım.Çalışdığım
Memarlıq və İncəsənət İnstitutu isə
Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin
binasında yerləşirdi. Bu yolda tramvay işləyirdi.
Tramvaya mincək Məmmədağaya rast oldum. O, irişə-irişə,
həm də rişxəndlə: - Nə olsun ki, yazdın, ona
baxan kimdir, - deyib məndən aralaşdı.
Varlığımda naxoş bir duyğu hiss etdim. Fikir məni
götürmüşdü. İnstituta çatan kimi
Respublika Mədəniyyət Nazirliyi İncəsənət
İşləri İdarəsinin sədr müavini Hüseyn
Əhmədov zəng edib dedi ki, dünən Məmmədağa
gəlmişdi nazirin yanına, otağa qəmli girib, sevincək
çıxdı. Vaxt itirmədən nazirliyə getdim.
Köməkçisinin narazılığına, müqavimətinə
baxmayaraq, nazir Məmməd Qurbanovun iş otağına daxil
oldum. Bu hərəkətim təbii ki, nazirin
narazılığına səbəb oldu.
- Nazirin otağına icazəsiz daxil olmaq xoşagələn
iş deyil, - dedi, Bax, istəsəm, indi mən səni dinləmədən
otaqdan çıxırda bilərəm.
- Doğru deyirsiniz, yoldaş nazir. Mən vaxtı ilə
bir il sizin işçiniz olmuşam. Xasiyyətim, tərbiyəm
haqda yəqin ki, məlumatınız var. Məni bu cür
xoşagəlməz hərəkətə vadar edən
ümumi işimizə, mədəniyyətimizə, xüsusilə
teatr sənətimizə ziyan toxunduran halların nazirlik tərəfindən
müdafiə olunmasıdır.
Söz bu yerə çatanda nazir fikrə getdi. - Necə
yəni ziyanlı halların bizim tərəfimizdən
müdafiə olunması, bu nə cəfəngiyyatdır? -
Hörmətli nazir, buna necə qiymət vermək
lazımdır ki, mən Quba Dövlət Dram Teatrına gedib,
oradakı əyintiləri, özbaşınalıqları
görüb, bu barədə qəzetdə məqalə
çap etdirirəm. Teatrın direktoru cəzalandırılmalı
olduğu halda, sizin yanınıza gəlib
otağınızdan gülə-gülə, sevincək
çıxır, tramvayda mənə rast düşdükdə
"nə olsun ki, yazdın, kimdir ona fikir verən" deyə
təkəbbürlü halda rişxənd edir.
Nazir xeyli susdu, sonra: - O sənə elə beləmi
dedi? Dedim: - Bəli. Düyməni basıb, köməkçisini
çağırdı, incəsənət işləri idarəsinin
sədrini istədi. Tapşırdı ki, bir həftədən
sonra nazirliyin kollegiyası çağırılsın. Quba
Dövlət Dram Teatrının işi müzakirə olunacaq:
"O vaxta kimi iki nəfəri Qubaya ezamiyyətə göndərin.
Həmin teatrın işi barədə ətraflı
arayış hazırlasınlar. Kollegiyaya bütün teatrların
direktorları çağırılsın. Ədil İskəndərovu,
Mehdi Məmmədovu, Tofiq Kazımovu, vaxtilə bizim
işçimiz olan bu cavan oğlanı da dəvət
edin".
Kollegiyada Məmmədağanın iş üsulunu
möhkəm tənqid atəşinə tutdular, teatrın pis
vəziyyətdə, aşağı səviyyədə,
ölü vəziyyətində olduğunu söylədilər.
Demə, çox adam bu teatrın vəziyyətindən
narazı imiş, ancaq heç kəs birinci danışmaq istəmirmiş.
Qərara alındı ki, Quba Dövlət Dram Teatrı
bağlansın".
İnqilab müəllim danışdıqca Düriyyə
xanım da xatirələrə dalır, həmin günləri
yada saldıqca gözləri dolurdu.
- Bilirsinizmi, teatr bağlananda biz qastrolda idik - Qaxda.
1962-ci ilin soyuq günlərindən biri idi. Biz teleqram aldıq
və sarsıldıq. Məmmədağa nazirliyə zəng
vurdu, amma bir faydası olmadı. Avtobusda hamımız
sarsıntı keçirir, kədərlə Qubaya
qayıdırdıq...
Üçümüz də dərin düşüncələrə
dalmışdıq. İnqilab müəllim birdən ayağa
qalxıb getməli olduğunu bildirdi. Bir addım atıb geri
döndü, Düriyyə xanıma diqqətlə baxıb
üzünü mənə tərəf döndərdi:
- Cavan oğlan, Qubanın teatr ənənəsi var.
Çalışın bu ənənəni davam etdirin. Qubada
teatr bərpa olunmalıdır. Özü də müasir,
peşəkar bir teatr!
Bunu deyib iti addımlarla zaldan çıxdı və
bizi tərk etdi. Sağollaşarkən Düriyyə xanım
da yaxınlıqda olan qardaşıgilə gedəcəyini
bildirib ayrıldı. Ayrılarkən İnqilab müəllimin
Quba teatrı haqqında dediyi bu sözlər isə həmişəlik
yaddaşıma həkk olundu və getdikcə məni narahat
etməyə başladı. Sonralar Xalq artisti Səyavuş
Aslanla görüşərkən Quba teatrından söz
açdıq. Səyavuş müəllim də ayrılanda
bir qədər niskilli, bir qədər də amiranə səslə
dedi: - Qubada teatrı bərpa edin. Nə lazım olsa, mən də,
digər teatr xadimləri də kömək edərik.
Həmin görüşdən neçə il
keçib. İnqilab müəllim də, Düriyyə
xanım da, Səyavuş müəllim də artıq
dünyasını dəyişib. O xatirələr və
ayrı-ayrı mənbələrdən topladığım məlumatlar
məni rahat buraxmırdı. Quba teatrı haqqındakı
düşüncələrim bir-birini əvəz edirdi. Vaxtilə
bu teatrda çalışan adamlarla, teatrın o zamankı
tamaşaçıları ilə görüşlərimdən
topladığım xatirələr, qubalı filoloq, alim Nazif
Qəhrəmanlının araşdırmalarından əldə
etdiyim məlumatlar məni Quba teatrı haqqında yazmağa
sövq edirdi. Azərbaycanın ilk əyalət teatrı olan
A.Bakıxanov adına Quba Dövlət Dram Teatrının 22
illik fəaliyyət dövrü gözlərim
qarşısında canlanırdı. Əslində Qubada teatr ənənəsi
XIX əsrin sonundan başlayır. Həmin dövrdə burada
mədəni mühit bərqərar olmaqda, kitabxana və qiraətxanalar
açılmaqda idi. Bu vaxt həvəskar aktyorlar tərəfindən
tamaşaların göstərilməsi, dram əsərlərindən
ayrı-ayrı parçaların səhnələşdirilməsi
tamamilə təbii görünürdü. Burada müəllimlərdən
Şıxəli Nəzirov və Ağababa Yusifzadə
ayrı-ayrılıqda teatr truppaları təşkil
etmişdilər. İlk teatr tamaşası XIX əsrin sonunda,
Azərbaycanda teatr irsinin formalaşması və güclənməsi
ilə bir vaxta təsadüf edir. Bu zaman teatr ümummədəni
prosesin bir hissəsi kimi meydana çıxırdı.
1896-cı ildə yerli həvəskarların tamaşaya
qoyduğu "Müsyö Jordan" komediyası yerli qiraətxananın
nəfinə oynanılmış, burada hasil olan pul da qiraətxananın
hesabına keçirilmişdi.
(Ardı var)
Ramiz RAMAZANLI
Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət
Mərkəzinin direktoru
525-ci qəzet .- 2025.- 13 mart(№47).- S.15.