Tarixi lift və Dario Morenonun hekayəsi
Son vaxtlar İzmiri addım-addım kəşf edirəm.
Bəzən belə modern şəhərin necə bu qədər
sakit və hüzurlu olması məni çox düşündürür.
İstanbul və Bakı kimi çılğın şəhərlərdən
sonra belə düşünməyim yəqin ki, təəccüblü
deyil. Havası həmişə bahar havasıdır.
Qışın ortası da yaz kimidir. Ona görə yox ki,
hava isti olur, əksinə, çox soyuq günləri də az
olmur, amma bu soyuq insanı narahat etmir. Ətrafda aqressiv insanlar
çox deyil. Adamlar təlaş içində deyillər.
Qaçaqaç, qovhaqov eləmirlər, qaşları
çatılmış, dişləri sıxılmış,
yumruğu düyünlənmiş gəzmirlər. Ən
azından mən belə müşahidə etdim. Daha
axıcı, daha sakit, daha çox rahatlıq sezdim bu şəhərdə.
Məsələn, ilk gündən özümü burada yad
hiss eləmədim, daimi güvəndə hiss etdim.
Çünki şəhərin dörd bir yanında simit
satanından lüks restoranına qədər Mustafa Kamal
Atatürkün bir cüt gözünü üzərində
görürsən. Sözün həqiqi mənasında hər
yerdə şəkli var, hər addımda Atatürklə
qarşılaşırsan. Bu da istər-istəməz
insanın içində əminlik, güvən yaradır.
Düşünürsən ki, "Atatürkün olduğu
yerdə mənə heç nə olmaz".
Kəşf etdiyim yerlərdən biri də Karataş
oldu.
İzmirin bu bölgəsi tarix boyu karxana kimi istifadə
edildiyi üçün dənizin sahili, yəni bugünkü
Mithatpaşa küçəsi ilə yuxarı tərəfdəki
Halil Rıfat Paşa səmti bir-birindən uçurumla
ayrılır. Bir vaxt aşağı ilə yuxarı
arasında yaranmış əlli səkkiz metrlik
boşluğa iki pilləkan inşa edilir. Biri
"Karataşlar pilləkəni", digəri "Devidaslar pilləkəni"
adlanır. Pilləkənlərin yuxarısında Devidas ailəsinin
evi, aşağıdakı ən böyük evdə isə Nəsim
Levi Bayraqlıoğlu adlı tacirin evi olur. İzmir yəhudilərindən
olan Devidaslar ailəsinin böyüyü Devidas bir gün pilləkənlərdən
yıxılıb ayağını qırır. Bu hadisədən
sonra aşağıda yaşayan dostu yəhudi əsilli Nəsim
Levi Avropa şəhərlərində gördüyü liftlərdən
birini burada quraşdırmaq fikrinə düşür.
XIX əsrin sonlarında Karataş bölgəsində
yaşayan zəngin yəhudi ailələr, evlərini dəniz
mənzərəli bu yamaclarda inşa etdirirmişlər. Bu
evlərə getmək üçün isə dik
yoxuşları qalxmaq lazım gəlirmiş. Xüsusilə
yaşlılar və hamilə qadınlar üçün bu
hal böyük çətinlik yaradırdı. Həm dostunun
ayağının qırılması, həm də gələcəkdə
digər problemlərin baş verməməsi və səmtin
aşağı ilə yuxarı məhəllələri
arasındakı gediş-gəlişi asanlaşdırmaq
üçün Nəsim Levi bu proyekti həyata keçirir. Nəzərdə
tutulan layihə adi liftlərdən olmur. Nəsim Levi içərisində
lift olan qala inşa etdirmək istəyir. Təbii ki, bu, ciddi
bir yenilik hesab edilirdi. Abidə Marseldən gətirilən kərpiclərlə
tikilməyə başlanır. İnşa işləri 1907-ci
ildə tamamlanır. Giriş qapısının üstündə
həm ibranicə, həm də fransızca "Ascenseur
Construit Par Mon. Nissim Levy 1907" yazılı lövhə var.
Liftli qala
Qalanın təməldən başlayan qismi ağ mərmər,
yuxarılara doğru qırmızı kərpiclə
hörülüb. Qüllə qismində teras mövcuddur.
Teras Avropadan gətirilən barmaqlıqlarla əhatələnib.
Dəmirlərin üzərində fərqli motivlərdən
istifadə edilib. Qüllə qismində taxta balkon var. Qala uzun
illər Cozef Palambo tərəfindən idarə edilir. Buradan əldə
edilən gəlir 1942-ci ildə baş tutan satış tarixinə
qədər Karataş Müsəvi Xəstəxanasına
yönləndirilir. Elə həmin il əl dəyişdirən
lift bəzilərinin işdən çıxmağı, bir
qisminin ölməyi kimi səbəblərlə xeyli vaxt
qapalı qaldıqdan sonra 1983-cü ildə İzmir Bələdiyyəsinə
eyni məqsədlər üçün istifadə edilmək
şərti ilə bağışlanır.
Tarixi lift, 58 metr hündürlükdə, qala
formasındadır. Alt qismi geniş, üst qismi daha
yığcamdır. Liftin içində iki kabinə
mövcuddur. İkisi də eyni anda işləyirlər. Biri
aşağı doğru enərkən, digəri yuxarıya
qalxır. Liftin fasadı İzmirin ənənəvi
memarlığını yansıdan tərzdə dizayn edilib.
Qalanın üst qismində yerləşən pəncərələr
İzmirin möhtəşəm mənzərəsini ziyarətçilərin
ayaqlarının altına sərir. Lift inşa edildiyi ilk illərdə
buxar gücü ilə işləyirdi. 1915-ci ildə isə
elektrik sisteminə keçirildi. İnşa edildiyi gündən
Karataş sakinlərinə xidmət edən lift, uzun illər
baxımsızlıqdan istifadə edilməyəcək vəziyyətə
düşür. 1983-cü ildə İzmir Bələdiyəsinin
nəzdninə keçən lift, 1985-1992-ci illər
arasında dərin restevrasiyadan keçirilir. Bu yenilənmə
liftin orijinal memarlığını qorumaqla yanaşı,
modern təhlükəsizlik sistemi əlavə edir.
Restavrasiyadan əvvəl liftlərdən biri buxarla, digəri
elektriklə işləyirdi. Ancaq sonra hər ikisi elektriklə
işləyəcək vəziyyətə gətirilir. Bu
gün Tarixi lift İzmirin ən əhəmiyyətli turistik məkanlarından
birinə çevrilib. Liftin qüllə qismində yerləşən
restoran, kafe, ziyarətçilərə İzmir mənzərəsində
yemək yemə fürsəti yaradır. Lift hələ də
orijinal funksiyasını icra edir və Mirtahtpaşa
küçəsi ilə Nihat bəy küçəsi
arasında insanları aşağı-yuxarı
daşıyır. Gündə təxminən 600-700 insan bu
liftdən istifadə edir.
Zaman tuneli
Tarixi liftin funksiyası sadəcə yuxarıya
qalxıb enməkdən ibarət deyil. Eyni zamanda İzmirin Mədəni
mirasının əhəmiyyətli parçasıdır. Yəhudi
iş adamı tərəfindən inşa edilmiş
olmağı şəhərin kosmopolit keçmişinin
olduğuna işarədir. Bundan əlavə, lift İzmirin
modernləşmə dönəminin də simvolu hesab edilir. XX
əsrin əvvəllərində belə bir abidənin
inşa edilməsi İzmirin o dönəmdə nə qədər
uzaqgörən, yeniliklərə açıq şəhər
olduğunu göstərməkdədir. Bundan əlavə,
tarixi liftin olduğu Karataş səmti, İzmirin ən qədim
məhəllələrindəndir. Ensiz yolları, köhnə
rum və levant evləri ilə məşhur olan bu bölgə
ziyarətçilərə zaman tunelindəymiş kimi
maraqlı hisslər yaşadır. Lifti görmək
üçün ən ideal vaxt günəşin
batdığı saatlardır. Həmin saatlarda liftin üst mərtəbəsindən
İzmir Körfəzinin möhtəşəm mənzərəsini
seyr etmək həqiqətən də unudulmaz an kimi qalır
insanın yaddaşında. Yay aylarında lift həddən
artıq basırıq olur. Buna görə də səhər
saatlarında getmək məsləhət görülür.
Qış aylarında isə ziyarətçi sayı daha
azdır. Hətta demək olar ki, ətrafda daha çox sakinlər
gözə dəyir. Mən ilk etdiyim vaxt əlində
bazarlıq torbaları ilə liftə minməyi gözləyən
insanları görəndə ziyarətə gəldiklərini
düşünüb təəccüblənmişdim. Sən
demə, həmin adamlar yuxarıya, evlərinə
çıxmaq üçün növbə gözləyirmişlər.
Məşhur Dario Moreno küçəsi
Liftin qarşısında maraqlı bir küçə
var. Açığı, bu küçəni görmək
üçün getmişdim, Tarixi lifti təsadüfən
gördüm, bu da "bir daşla iki quş vurmaq" oldu mənim
üçün. Qeyd edim ki, liftə sadəcə buradan
keçib getmək mümkündür. Adı Dario Moreno
küçəsidir. "Dənizlə mehtap"
mahnısının beynimdə damğa kimi həkk
olmağına səbəb olan, möhtəşəm səsin
sahibi Dario Moreno... Köhnə adı "Tarixi lift" olan bu
küçənin adı İzmirin məşhur sənətçilərindən
olan Dario Morenonun xatirəsini əbədiləşdirmək və
ona ehtiram əlaməti olaraq dəyişdirilib. Ancaq
küçənin girişində insanı ilk olaraq Əlcəzair
əsilli məşhur fransız sənətçisi Enriko
Makiasın büstü qarşılayır. Makias liftə gedən
bu küçənin açılışda iştirak
etmiş, İzmir aşiqi sənətçi Moreno ilə
kiçik yaşlarda tanış olmuş və onun sayəsində
tanındığını açıqlamışdı.
Eyni zamanda Moreno kimi o da İzmir aşiqi imiş. Buna görə
də küçənin bir küncündə Makiasın
büstünə yer verilib.
Digər tərəfdə isə Makias ilə
üz-üzə İzmirdə doğulan, bu şəhərin
vurğunu, italyan yəhudilərindən olan sənətçi
Dario Morenonun büstü var. 1950-60-cı illərdə Fransada
səsi və aktyorluğu ilə şöhrət qazanır.
Əslində 1921-ci ildə Aydında doğulduğu
deyilir, bəzi mənbələr isə İzmirin Məzarlıqbaşı
bölgəsində dünyaya gəldiyini bildirir. Amma nəticədə
adı İzmirlə birgə çəkilir.
Ağrılı uşaqlıq dönəmi olur. Dəmiryolunda
işləyən atası qatarın altında qaldıqdan
sonra yetim qalır. Ardınca anası və dörd
bacı-qardaşı ilə birlikdə İzmirə
köçürlər. Kasıblıq ucbatından anası
balaca Morenonu yetimxanaya verir. Uşaq dörd yaşına qədər
orada qalır. Daha sonra Yəhudi orta məktəbini bitirir. Gənclik
illərində ən müxtəlif işlərdə
çalışır. Həmin vaxtlar özünü
yetişdirir. Əlaltı işlərdən vəkil köməkçisinə
qədər yüksəlir. Milli kitabxanaya gedib orada fransız
dilini öyrənir. Fransız dili ilə birlikdə ingilis,
italyan, ispan dillərinə də hakim olur. Gitara
çalmağa da o dönəmlərdə başlayır. Hətta
artıq tədbirlərdə, xüsusi mərasimlərdə
mahnılar da oxuyur. Gənclik çağlarında İzmirdə
məşhurlaşır. İkinci Dünya müharibəsinə
qatılır. Daha sonra caz orkestrində solist olur. Konya, Adanada
hərbi hissələrdə keçirilən şənliklərdə
səhnələrə çıxır. İlk konsertini
İzmirin Konak səmtindəki kazinoda verir. İşləri
yaxşı getdiyini görür, anası Madam Roza ilə
birlikdə Mithatpaşa küçəsində, yəni
yuxarıda haqqında söhbət
açdığımız Tarixi Lift küçəsinə
köçürlər. Sənətçi uzun müddət
burada yaşadığına görə, illər sonra
adını dəyişdirib Dairo Moreno küçəsi
qoyurlar.
Daha sonra İstanbulda, Ankarada kazinolarda səhnəyə
çıxan Moreno bir az da məhşurlaşır. Ankarada
iki il yaşayır. Həmin illərdə Orhan Vəli ilə
yaxın dostluğu başlayır. Əvvəlcə
Yunanıstana, ordan da Parisə qədər yayılır
şöhrəti. Avropada səhnəyə çıxır.
Bundan sonra 32 filmə çəkilir. Teatr səhnələrində
rolları olur. Bu qədər məşhurlaşıb,
yaxşı həyat yaşadığını
sandığı günlərin birində Parisdə baş
tutacaq oyununa və ilk dəfə keçirilən
"Türk Gecəsi"nə getmək üçün
İstanbul Yaşılköy hava limanına gedir. Gecikdiyi
üçün təyyarəyə minməsinin
mümkünsüz olduğunu deyən hava limanı əməkdaşı
ilə mübahisə edir. Təzyiqi qalxır. Ardınca yerə
yıxılır. Yüksək təzyiqdən əziyyət
çəkən sənətçi xəstəxanaya
çatdırılanda iş-işdən çoxdan
keçmiş olur. İstanbulda gözlərini yuman, həyatı
boyu özünü "İzmirli Dario" olaraq tanıdan
Moreno həmişə İzmirdə dəfn edilməyini vəsiyyət
edirdi. Hətta "Vəsiyyət edirəm, sevimli və
şirin şəhərim İzmir, bir gün səndən
uzaqda ölsəm, məni sənə gətirsinlər. Fəqət
torpağa tapşırılmaq üçün aparılarkən
öldü deməsinlər, uyuyur desinlər" desə də,
vəsiyyəti yerinə yetirilmir. İsrailə köçərək
orada yaşayan anası Madam Roza buna icazə vermir, oğlunun cənazəsini
İsraildə Holon şəhərində dəfn edir. Ancaq
buna rəğmən, sənətçi bu gün İzmirin qəlbində,
adını daşıdığı küçədə
yaşamağa davam edir. Küçənin hər tərəfindən
mahnıları eşidilir, divarlarda karikaturaları var.
Küçə sözün bütün mənalarında
möhtəşəmdir. Ətraf rəngli, canlı, fərqli
sənət qalereyaları, kafelər, butiklərlə zəngindir.
Hətta kafelərindəki musiqidən binaların
fasadlarındakı rəsmlərə, rənglərə,
dekorlara qədər nostalji qoxur. Burada gəzərkən
özünü sanki Yaşılçamdan qalma film səhnələrinin
içindəymiş kimi hiss edirsən. Elə bu məqamda
ağacların arasından göyə doğru ucalan, ətrafında
rəngarəng dibçəklərdə al-əlvan güllərlə
əhatələnmiş lift qalasını görür, heyran
qalırsan və Nazım Hikmətin misrası ağlına gəlir,
"Seni seviyorum, "yaşıyoruz, çok
şükür" der gibi". Çünki gözəllikləri
görəndə yaşamaq şükür səbəbinə
çevrilir.
Türkan TURAN
525-ci qəzet .- 2025.- 15 mart(№49).- S.17.