Nəsrin... mərtəbəsi
Yazıçı-tərcüməçi Məmməd
Məmmədlinin "Yerdələnin birinci mərtəbəsi"
kitabı nəşr olunub. Fantastik janrda yazılmış
"Yerdələnin birinci mərtəbəsi" müəyyən
məqamlarda gerçək həyatla səsləşir. Burada
hadisələr yerin altında tikilmiş 100 mərtəbəli
binada cərəyan edir. Əsərin qəhrəmanı
azadlığa can atır, Yerdələndə dolaşan
söz-söhbətə inanmır və ən əsası bədənindən
sovrulub çıxarılan müəmmanı geri
qaytarmağa çalışır.
Kitaba müəllifin retrospektiv tərzdə
yazdığı daha bir povesti - "Axırıncı yol qəhvəxanası",
həmçinin üç hekayəsi daxil edilib. "Zərdabi"
nəşriyyatında çap olunan povest və hekayələr
toplusuna yazılmış ön sözü təqdim edirik.
"Diqqət, diqqət! Yupiterin atmosferinə daxil
oluruq. Toqquşmaya hazır olun..." - Məmməd Məmmədli
povestinin (qabaq uzun hekayəyə elə deyirdilər) əlyazmasını
mənə çatdıranda gözüm ilk bu cümlələri
aldı, ardınca müəllif bərk-bərk
tapşırdı ki, əsəri başdan ayağa deyil,
ayaqdan başa (!) nəzərdən keçirim.
"Qarabasma" janrında qələmə
alınmış "Yerdələnin birinci mərtəbəsi"
mənə elmi-fantastik-bədii nümunədən daha
çox pandemiya günlərini xatırlatdı və
özümü yenidən dörd divar arasına məhkum elədim:
"Bu dəmdə,
Quşlar səkidə gəzir,
Adamlar damda..."
Məmmədin yaratdığı əsas obraz
torpağın altından üstünə can atır, Günəşi,
səmanı, yeri görmək istəyir.
Eynilə karantində:
doğmalarını, həyət-bacanı,
çayxananı, hətta sevmədiklərini belə,
bağrına basmağa təşnə olan COVID-19 məhbusları
kimi!
Təsadüfdü, ya nəydisə, mərhum alimimiz
Arif Əmrahoğlunu xatırladım. Daha doğrusu, onun
dilimizdə "hördüyü" "Yeddinci mərtəbə"ni:
adi bir mərəzdən ötrü (yaxşı
tanımadığı) şəhər xəstəxanasının
yeddinci mərtəbəsində yüngülcə müalicə
alan, hər dəfə bir bəhanəylə aşağı
endirilən, hər qatda sağlıq durumu daha da pisləşən,
birinci mərtəbədə həyatla vidalaşan qəhrəmanın
(bəlkə qorxağın?!) hekayəti başdan-ayağa
(bu dəfə ayaqdan başa yox!) rəmzlərlə
nağıl olunduğundan uzun müddət onun təsirindən
çıxa bilməmişdim.
Söhbət Dino Butsatidən gedir. İtalyan
yazıçısından.
Məmməd Məmmədli bu hekayənin
astarını yazıb.
Amma Məmməd italyan deyil. İspandı.
Ciddi deyirəm.
Onun gözəl tərcümələri var.
"Ulduz" jurnalında da dərc eləmişik, ayrıca
kitab kimi də! "Ulduzlu nəşrlər" seriyasında
gənc tərcüməçi-yazıçı Məmməd
Məmmədlinin ispandilli ədiblərin
yaradıcılığından çevirdiyi əsərləri
"Ay işığı" adı altında çapa
vermişdik. 2019-cu ildə "Ay işığı" kimlərin
üzünə düşməmişdi:
X.Serkas, Q.Bekker, V.İbanyes, X.Rulfo...
Gördünüzmü, Məmməd həqiqətən
ispandı.
Tərcüməçi-yazıçı indi defisin
yerini dəyişib: yazıçı-tərcüməçi
olur.
Olsun.
Yeni kitabını oxumağa dəyər.
Mən bir əsərindən danışdım, siz
hamısına baxarsınız.
Kitaba dikiləndə nəzər nöqtəsi dəyişir.
Məmmədə bircə iradım var. Adı
soyadındandı. Növbəti kitabda, nəhayət ki,
özünə təxəllüs götürsün.
Vəssalam.
Nəsrin... mərtəbəsinə xoş gəldin!
Qulu AĞSƏS
525-ci qəzet .- 2025.- 18 mart(№50).- S.9.