Azərbaycan
Oman şirkətləri üçün Orta Asiya və
Avropaya çıxış nöqtəsi ola bilər
Səfir Rəşad İsmayılov: "Birbaşa
aviareyslərin açılması və dəhlizlər
üzrə əməkdaşlığın gücləndirilməsi
əsas prioritetlər arasındadır"
Azərbaycanın Oman Sultanlığındakı
fövqəladə və səlahiyyətli səfiri Rəşad
İsmayılovun "525-ci qəzet"ə müsahibəsi.
- Cənab səfir, Oman Sultanlığı Azərbaycanın
müstəqilliyini tanıyan və diplomatik əlaqələr
quran ilk ölkələrdən biri olub. Amma iki dövlətin
əlaqələrində inkişaf son illərdə,
xüsusilə Omanda səfirliyimizin təsis olunmasından
sonra müşahidə edilir. Siz Azərbaycan-Oman münasibətlərini
necə xarakterizə edərdiniz?
- Oman Sultanlığı Azərbaycanın müstəqilliyini
tanıyan və diplomatik əlaqələr quran ilk ölkələrdən
biri olub. Oman Sultanlığı 30 dekabr 1991-ci ildə Azərbaycan
Respublikasının müstəqilliyini tanımış, iki
ölkə arasında diplomatik əlaqələr isə 13
iyul 1992-ci ildə qurulub. Azərbaycan və Oman
Sultanlığı arasındakı münasibətlər
dostluq və qarşılıqlı ehtirama əsaslanır.
Son illərdə, xüsusilə 2024-cü ildə Omanda Azərbaycan
səfirliyinin təsisindən sonra əlaqələrdə
yeni müsbət dinamika müşahidə edilir. Bu addım
diplomatik əlaqələrin daha da güclənməsinə və
müxtəlif sahələrdə, o cümlədən ticarət,
investisiyalar, mədəniyyət, turizm, enerji və bu kimi digər
strateji istiqamətlərdə əməkdaşlığın
perspektiv inkişafına təkan verib.
Azərbaycan Prezidenti cənab İlham Əliyev və
Oman Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səid əlaqələrin
inkişafına böyük önəm verirlər. Dövlət
başçılarının siyasi iradəsi iki ölkə
arasında əməkdaşlığın strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlməsinə və
bütün sahələrdə daha sıx işbirliyinin
qurulmasına zəmin yaradır. Bu, təkcə iqtisadi və
siyasi sahədə deyil, eyni zamanda mədəni və humanitar
sahələrdə də özünü göstərəcəkdir.
Önümüzdəki illər ərzində yüksək
səviyyəli səfərlərin həyata keçirilməsi
planlaşdırılır ki, bu da ikitərəfli əlaqələrin
daha da inkişafına önəmli təkan verəcək,
münasibətlərin hərtərəfli inkişafında
mühüm rol oynayacaq.
- Beynəlxalq təsisatlar çərçivəsində
iki ölkənin əməkdaşlığı nə yerdədir?
- Oman Sultanlığı beynəlxalq təşkilatlarda
hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib,
bu da iki ölkə arasındakı dostluq və
qarşılıqlı faydalı əməkdaşlığın
bariz nümunəsidir. Azərbaycan da öz növbəsində
Omanın beynəlxalq arenada irəli sürdüyü təşəbbüslərə
daim dəstək nümayiş etdirir. Hazırda Birləşmiş
Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq
Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı
kimi beynəlxalq platformalarda Azərbaycan və Oman arasında
fəal əməkdaşlıq davam edir. Xüsusilə
İƏT çərçivəsində hər iki dövlət
müsəlman dünyasının maraqlarının müdafiəsində
və qlobal sülhün təmin olunmasında eyni mövqedən
çıxış edir. Qoşulmama Hərəkatına Azərbaycanın
uğurlu sədrliyi dövründə Oman bu fəaliyyətləri
dəstəkləyib. BMT çərçivəsində də
Azərbaycan və Oman beynəlxalq təhlükəsizlik,
sülh və ədalətin bərqərar olması
üçün bir-birinə qarşılıqlı dəstək
göstərir. Əminəm ki, beynəlxalq təşkilatlarda
qarşılıqlı dəstək praktikasının
müsbət dinamikası gələcəkdə də davam edəcək.
- Siyasi əlaqələr yaxşı səviyyədə
olsa da, iqtisadi sahədə bunu demək mümkün deyil.
İqtisadi əlaqələrin inkişafı
üçün nə kimi yeni təşəbbüslər
var?
- Doğrudur, iqtisadi əlaqələrdə hələ
də tam potensialdan istifadə olunmadığını qeyd
etmək lazımdır. Bu sahədə əlaqələrin
inkişafı üçün bir sıra yeni təşəbbüslər
gündəmdədir.
Hazırda iki ölkə arasında iqtisadi əməkdaşlığın
gücləndirilməsi məqsədilə birgə
işçi qrupun yaradılması istiqamətində işlər
aparılır. Bu qrup qarşılıqlı
investisiyaların təşviqi, ticarət dövriyyəsinin
artırılması və biznes forumların təşkili
kimi məsələlərdə mühüm rol oynayacaq. Eyni
zamanda, müqavilə-hüquq bazasının genişləndirilməsi
istiqamətində də işlər aparılır.
Hazırda bir sıra önəmli saziş və anlaşma
memorandumlarının imzalanması üçün tərəflər
arasında müzakirələr davam edir. Bu sənədlər
iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi
və biznes mühitinin yaxşılaşdırılması
baxımından mühüm əhəmiyyət
daşıyır.
Azərbaycanın enerji sektoru, nəqliyyat-tranzit
imkanları və kənd təsərrüfatı sahəsində
Oman şirkətləri üçün geniş imkanlar
mövcuddur. Azərbaycan regionun mühüm logistika mərkəzi
kimi Oman şirkətləri üçün Orta Asiya və
Avropa bazarlarına çıxış nöqtəsi ola bilər.
Bu baxımdan, iki ölkə arasında birbaşa aviareyslərin
açılması və nəqliyyat dəhlizləri üzrə
əməkdaşlığın gücləndirilməsi əsas
prioritetlərdən biridir.
Bütün bu təşəbbüslər iki ölkə
arasında iqtisadi əlaqələrin daha da güclənməsinə
və ticarət dövriyyəsinin artmasına mühüm
töhfə verəcək.
- Ötən ay keçirilən Azərbaycan və
Oman XİN-ləri arasında siyasi məsləhətləşmələr
zamanı yaşıl enerji, nəqliyyat və kommunikasiyalar sahələri
üzrə mümkün birgə layihələr üzrə
imkanlar da nəzərdən keçirildi. Bu istiqamətlərdə
hansı birgə layihələr mümkündür?
- Azərbaycan və Oman xarici işlər nazirlikləri
arasında siyasi məsləhətləşmələr
zamanı yaşıl enerji, nəqliyyat və kommunikasiyalar sahələri
üzrə də təşəbbüslər müzakirə
olunub və bu istiqamətdə mümkün birgə layihələrin
həyata keçirilməsi imkanları nəzərdən
keçirilib. Bu, iki ölkə arasında strateji əməkdaşlığın
genişləndirilməsi baxımından mühüm
addımdır. Yaşıl enerji sahəsində Azərbaycan
və Oman arasında əməkdaşlıq üçün
geniş imkanlar mövcuddur. Azərbaycanın zəngin külək
və günəş enerjisi potensialı Omanın bu sahədəki
təcrübəsi ilə birləşdirilərək birgə
bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə
yol aça bilər. Xüsusilə Qarabağ və Şərqi
Zəngəzurda yaşıl enerji zonalarının yaradılması
və bu sahəyə Oman investisiyalarının cəlb edilməsi
mümkün perspektivlərdən biridir. Bundan əlavə, Azərbaycanın
Xəzər dənizində külək enerjisi potensialı
Oman şirkətləri üçün cəlbedici ola bilər
və burada birgə enerji parklarının qurulması imkanları
mövcuddur.
Nəqliyyat və kommunikasiyalar sahəsində də əməkdaşlıq
üçün mühüm potensial var. Azərbaycanın
tranzit imkanları və coğrafi mövqeyi Oman
üçün Mərkəzi Asiya və Avropa bazarlarına
çıxış baxımından strateji əhəmiyyət
daşıyır. Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir
yolu və Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə
Oman məhsullarının Avropa və MDB bazarlarına
çıxarılması üçün birgə logistika mərkəzlərinin
yaradılması nəzərdən keçirilir. Həmçinin
Bakı və Maskat arasında birbaşa aviareyslərin
açılması turizm və biznes əlaqələrinin
inkişafına əlavə təkan verə bilər.
Digər perspektivli sahələrə gəldikdə,
infrastruktur və informasiya texnologiyaları (İT) sahəsində
əməkdaşlıq da diqqət mərkəzindədir.
Bundan əlavə, kənd təsərrüfatı və ərzaq
sənayesi sahəsində əməkdaşlıq
üçün də geniş imkanlar var. Oman bazarı
üçün Azərbaycan istehsalı olan kənd təsərrüfatı
məhsulları - xüsusilə meyvə, tərəvəz və
süd məhsulları cəlbedici ola bilər.
Turizm sahəsində də əməkdaşlıq
üçün potensial böyükdür. Azərbaycanın
qış dağ turizmi, termal kurortları və mədəni
irsi Oman turistləri üçün maraqlı ola bilər. Bu
istiqamətdə birgə turizm paketlərinin
hazırlanması və turizm agentlikləri arasında əməkdaşlığın
genişləndirilməsi nəzərdə tutulur.
- İnvestisiya imkanları barədə soruşmaq istərdim,
Omanda Azərbaycan yatırımları mövcuddurmu?
- Oman Sultanlığı investisiyaya açıq
ölkədir. Bununla bağlı Oman hökuməti hər il
"Duqm Forumu" təşkil edir. Məqsəd mavi
iqtisadiyyat, ərzaq təhlükəsizliyi, logistika, turizm və
bərpa olunan enerji sektorlarında ölkəyə investisiya cəlb
etməkdir. 1995-2024-cü illər üzrə Omandan Azərbaycana
6,6 milyon ABŞ dolları (əsasən qeyri-neft sektoruna), Azərbaycandan
Omana isə 1,5 milyon ABŞ dolları məbləğində
sərmayə qoyulub. Bunun da əsas hissəsini qeyri-neft sektoru
təşkil edir. Hazırda Azərbaycan tərəfi Omana
investisiyaların yatırımının
artırılması üçün işlər aparır.
Yaxın zamanlarda sözügedən investisiya
artımlarının şahidi olacağıq.
- Oman əsasən idxal ölkəsi sayılır. Bu
baxımdan Azərbaycan mallarını Omanda bazarlarında
görmək mümkündür?
- Bəli, düz qeyd etdiniz, Oman hazırda əsasən
idxaldan asılı ölkədir və buna görə də
bir çox ölkələr bu boşluqdan məharətlə
istifadə edərək öz məhsullarını Oman
bazarına çıxartmaqda maraqlıdırlar. Eləcə
də ölkəmiz də Omana məhsul ixrac etməkdə
maraqlıdır. Ölkəmizdən ixrac olunan mallar əsasən
tütün və tütün məmulatları, kakao və
kakao məmulatları, qoz-fındıq məhsulları, meyvə
və tərəvəz, ölkəmizə idxal olunan əsas
mallar isə dərman preparatları, elektrik naqilləri, mərmər
və travertin, ətir və s.
Məlumat üçün bildirim ki, 2024-cü il
üzrə Azərbaycanla Oman Sultanlığı arasında
ticarət dövriyyəsinin həcmi 66,57 mln. ABŞ
dolları, o cümlədən idxalın həcmi 0,38 mln.
ABŞ dolları təşkil edib. Xarici ticarət saldosu isə
müsbət 65.81 mln. ABŞ dolları olib.
Gələcəkdə Azərbaycan brendi ("Made in
Azerbaijan") adı altında çoxlu məhsul
çeşidlərinin Oman bazarlarında görəcəyik.
Bununla bağlı Səfirliyimiz Azərbaycanın bir sıra
biznes sektorlarının Oman bazarlarına çıxması
istiqamətində işlər aparır.
- Oman turizm istiqaməti kimi də populyarlıq
qazanmaqdadır. Azərbaycan və Omanın bu sahədə əməkdaşlığı
nə yerdədir?
- 2024-cü il üzrə Omandan Azərbaycana 24140 nəfər
turist səfər edib. Səfərlərin əksəriyyəti
yay aylarına təsadüf edir. Yay mövsümü
zamanı Omanın "SalamAir" aşağı büdcəli
aviaşirkəti iki paytaxt arasında birbaşa
uçuşlar yerinə yetirir. Bir məsələni də
qeyd etmək istərdim ki, 2016-cı ilin 1 fevral tarixindən
Oman vətəndaşları sadələşdirilmiş viza
rejimindən istifadə etməklə Azərbaycanın istənilən
hava limanlarından viza əldə edə bilir.
- Birbaşa reyslərin açılması hazırda
müzakirə olunur? Eyni zamanda, viza rejiminin aradan
qaldırılması mümkünlüyü barədə də
soruşmaq istəyirdim...
- Səfirliyimizin öndə duran əsas priotetlərindən
biri də Azərbaycan Hava Yollarının (AZAL) Bakı və
Maskat şəhərləri arasında birbaşa aviareysinin
açılmasıdır. Hazırda bunun üzərində
işlər aparılır. Aviareysin açılması
ölkə iqtisadiyyatına və turizminə təkan verəcək.
Eyni zamanda, hər iki ölkənin hava limanlarından
"hub" kimi istifadə oluna biləcəyinə zəmin
yaradacaq.
Ümumvətəndaş pasportlarına sahib vətəndaşların
qarşılıqlı olaraq vizasız səfər etmələri
üçün də Səfirlik tərəfindən işlər
aparılır. Bu, həmçinin Azərbaycanla Oman
arasında iqtisadi, ticarət xüsusən də turizm sahəsində
əlaqələrin inkişafına, iş adamlarının
qarşılıqlı səfərlərinin artmasına,
xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə
töhfə verəcək.
- Humanitar, eyni zamanda mədəniyyət, təhsil sahəsində
əməkdaşlıq üçün hansı işlər
görülür?
- Öncədən vurğuladığım kimi, Səfirliyimizin
Oman Sultanlığında yeni açılması ilə əlaqədar
diplomatik korpusun 2025-ci il iş planına uyğun olaraq bir
sıra mədəni, humanitar tədbirlərin keçirilməsi
planlaşdırılır. Təhsil sahəsində əməkdaşlıqla
bağlı qeyd etmək istərdim ki, səfirlik
qarşılıqlı tələbə mübadilə
proqramlarının həyata keçirilməsi və bu
çərçivədə omanlı tələbələrin
ölkəmizdə təklif edilən təhsil təqaüdlərindən
fəal istifadə etmək üçün təbliğat
işləri aparacaq. Eyni zamanda, azərbayanlı tələbələrin
və mütəxəssislərin ərəb dilini öyrənməsi
və təkmilləşdirilməsi üçün Oman tərəfindən
dil təlimlərinin təşkil edilməsi üzərində
işlər aparılacaq.
Pərvanə SULTANOVA
525-ci qəzet .- 2025.- 18 mart(№50).- S.7.