Ermənistan sülh istəyirsə,
niyə silahlanır?
Azərbaycanla Ermənistan arasında sülh sazişi
layihəsinin mətninin razılaşdırılması
müsbət xəbər olsa da, İrəvanın
addımları heç də sülh niyyətindən xəbər
vermir. Mətn üzrə işlərin
yekunlaşdığı barədə rəsmi informasiya
açıqlanandan dərhal sonra Ermənistan yenə də
silaha əl atdı. Belə ki, Azərbaycan Müdafiə
Nazirliyinin yaydığı məlumata görə, martın
16-da Ermənistan silahlı qüvvələrinin bölmələri
müxtəlif saatlarda gün ərzində üç dəfə
olmaqla Gorus rayonunun Dığ, Xəzinəvar və Burun
yaşayış məntəqələri istiqamətində
yerləşən mövqelərindən ordumuzun mövqelərini
atıcı silahlardan atəşə tutub.
Ermənistanın İkinci Qarabağ müharibəsindən
sonra sürətlə silahlanması, havadarlarının dəstəyi
ilə hərbləşdirilməsi onun Azərbaycanla yeni
müharibəyə hazırlaşdığını
göstərir. İrəvan Fransadan, Hindistandan,
Yunanıstandan və digər ölkələrdən silahlar
alır, hərbi büdcəsini artırır. Avropa
İttifaqının missiyasını müşahidə
adı ilə Azərbaycanla şərti sərhədə yerləşdirib.
Və təxribatlarını davam etdirir. Sülh sazişinin mətni
ilə bağlı danışıqlar prosesinin
yekunlaşdığı bir vaxtda Ermənistanın silaha əl
atmasının səbəbi nədir?
Milli Məcliin deputatı Hikmət Baboğlu mövzu
ilə bağlı "525"ə bildirib ki, bir neçə
gündür bütün dünyaya sülhlə bağlı
çar çəkən və mələk simasında
görünən Nikol Paşinyanın əsl üzü indi
göründü. Sutka ərzində üç dəfə
atəşkəsi pozmaqla əslində Ermənistanın niyyətinin
nə olduğunu nümayiş etdirmiş oldu.
Onun sözlərinə görə, Paşinyan hesab
edir ki, dünya ictimaiyyəti və qlobal ictimai rəy o qədər
sadəlövhdür ki, bir tərəfdən sülhdən
danışıb, digər tərəfdən müharibəyə
hazırlaşmaqla onu aldatmaq və Azərbaycanı sülh
istəməyən tərəf kimi hədəfə gətirmək
olar: "Amma bu, baş tutmayacaq. Çünki bu,
mümkün deyil. Görünür, 44 günlük
müharibədən ötən beş il ərzində
Paşinyan Azərbaycan diplomatiyasının gücünü
hələ də obyektiv qiymətləndirə bilməyib. Ona
görə də belə yanlış həvəslərə
düşüb".
H.Babaoğlu hesab edir ki, atəşkəsin
pozulması Ermənistanın əsl simasının göstəricisidir:
"Biz bilirik ki, Ermənistan müharibəyə
hazırlaşır. Bunun üçün də çox ciddi
silahlar alır, ciddi ordu komplektləşməsi aparır.
Xaricdən hərbi təlimçilər dəvət edir. Onun
müharibə istəyini dəstəkləyən tərəflər,
mərkəzlər də var. Ona görə də Paşinyan
hesab edir ki, bir tərəfdən sülh deyib, başqa bir tərəfdən
müharibəyə hazırlaşmaqla, Azərbaycan üzərində
bir diplomatik hərbi-siyasi üstünlük quracaqdır. Amma
bu, mümkün deyil. Artıq bu səhifə çoxdan
çevrilibdir. Ortada olan isə ondan ibarətdir ki, Paşinyan
daha çox müharibəyə hazırlaşır, nəinki
sülhə. Baxmayaraq ki, artıq sülh sazişi layihəsinin
17 maddəsinin hamısının
razılaşdırıldığı bildirilib. Nə qədər
ki, əməldə Ermənistan lazımi addımları
atmayıb, yəni Konstitusiyasına dəyişiklik etməyib,
ATƏT-in Minsk qrupunun ləğv olunması ilə
bağlı Azərbaycanla birgə müraciət etməyib,
Avropa İttifaqının casus missiyası Ermənistan-Azərbaycan
sərhədindən çəkilməyib, nə qədər
ki, 300 mindən çox azərbaycanlı öz tarixi
torpaqlarına qayıtmayıb, bir o qədər də biz
Paşinyanın sülh niyyətinə və sülh niyyətində
səmimi olduğuna inanmayacağıq".
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
(BMTM) eksperti Sultan Zahidov isə "525"ə deyib ki, Ermənistanın
son atəşkəs pozuntuları bir daha onu göstərir ki,
bu ölkənin sülh niyyəti sadəcə
dırnaqarası xarakter daşıyır. Atəşkəs
pozuntularının məqsədi əvvəlkilərdən fərqli
deyil. Ermənistan bununla ordumuzu və dövlətimizi təxribata
çəkərək bütün dünyaya car çəkmək
istəyir ki, baxın, Azərbaycan sülh istəmir.
Onun sözlərinə görə, əslində Ermənistanın
razılaşdırılmayan iki maddəni birdən-birə
razılaşdırıb, guya Azərbaycandan sülh
sazişinin imzalanmasının yeri və vaxtı ilə
bağlı danışıqlar aparmaqla bağlı bəyanat
verməsi də ona dəlalət edir ki, Ermənistan sadəcə
və sadəcə sülhün imitasiyasını həyata
keçirməkdədir: "Necə olur ki, 17 maddəlik
sülh sazişi layihəsinin 15 maddəsi qısa zamanda
razılaşdırılır, qalan iki maddə ətrafında
müzakirlər gedir və iki il sonra Ermənistan ona
razılıq verdiyini açıqlayır. Bütün bunlar
onu göstərir ki, dünyanın geosiyasi
konyukturasının dəyişməsi Ermənistanın lehinə
olmadığına görə qısa zamanda belə bir
ritorika yaratmaq istəyir ki, guya sülhün tərəfdarıdır.
Bununla da beynəlxalq aləmin dəstəyini qazanmağa
çalışır. Amma reallıq ondan ibarətdir ki,
baxmayaraq ki, Ermənistan iki maddəyə razılıq verib,
bu özü də sırf sülh sazişi layihəsinin,
sülh prosesinin irəliləməsi baxımından müəyyən
mənada müsbət addım kimi göstərilə bilər.
Amma Ermənistan hələ də Azərbaycanın irəli
sürdüyü ədalətli şərtləri yerinə
yetirməyib. Söhbət burda konstitusiyanın dəyişdirilməsindən,
Minsk qrupunun ləğvindən, eyni zamanda Ermənistanın
demilitarizasiyasından gedir. Bu çox təzadlı və təhlükəli
məqamdır ki, Ermənistan bir tərəfdən bəli,
"sülh göyərçini" rolunu oynamağa
çalışır, amma digər tərəfdən də
biz görürük ki, intensiv şəkildə silahlanır.
Fransadan, Hindistandan öldürücü hərbi texnikalar
alır".
Ekspert əlavə edib ki, İrəvan Hindistandan
"Akaş", "Pinaka" sistemlərini, Fransadan
Sezar" özüyeriyən artilleriya qurğuları,
"Bastion" zirehli transportyorları tədarük edir. Eyni
zamanda da, şərti sərhəddə mövqelərini
möhkəmləndirir: "Ordakı Avropa
İttifaqının "müşahidə missiyası"
bütün bunlara göz yumur. Bu o deməkdir ki, İrəvanın
yeni himayədarı olan Brüssel sözün əsl mənasında
ondan bir geosiyasi alət, plasdarm kimi istifadə edir və Ermənistanın
həm təxribatlarına göz yumur, həm də ki,
özü Azərbaycana qarşı kəşfiyyat tərkibli
fəaliyyətlər həyata keçirməkdir.
Bütün bunlar sözsüz ki, sülh prosesinə mənfi
təsir göstərir. Azərbaycan həmişə
olduğu kimi, öz milli maraqlarını, mövqelərini
müdafiə etməyə hazırdır. Ermənistanın
Azərbaycana qarşı hansısa qəsdinin
qarşısı artıqlaması ilə alınacaqdır.
Sadəcə olaraq Ermənistanın həm şərtləri
yerinə yetirməməsi, həm təxribatları sadəcə
özünə başağrısı olacaqdır".
S.Zahidov başqa bir məqama da diqqət çəkib.
Onun sözlərinə görə, sülh sazişi hətta
bu gün imzalansa belə, onun dayanıqlı olması
üçün müəyyən şərtlər yerinə
yetirilməlidir: "O şərtlərdən biri də Ermənistan
cəmiyyətinin sülhə hazır olub-olmaması, azərbaycanlılarla
nəqliyyat-kommunikasiya xətlərini bərpa edib birgə
layihələrə hazır olmasıdır. Bu gün biz Ermənistanda
bu hazırlığı görmürük, əksinə,
revanşizm, faşizm ideyaları daha da baş
qaldırmaqdadır və Ermənistan rəhbərliyi buna
göz yumur. Nümunə üçün, fevralın 26-da
"Daşnaksütyun"un 35-ci assambleyasında həm onun,
həm də Ermənistanın digər müxalifət
partiyalarının, o cümlədən Respublika partiyası
nümayəndələri iştirak etdilər. Orda
açıq-aşkar Azərbaycana qarşı ərazi
iddiaları, təxribat yönümlü ifadələr yer
aldı. Yəni bütün bunlar onu göstərir ki,
faşizm hələ Ermənistanda var və nə qədər
ki, bu, faşizm ideologiyası Ermənistan dövlətinin, cəmiyyətinin
daxilinə sirayət edib, rəhbərlik də buna göz
yumur, biz onların sülh niyyətlərinə əmin ola
bilmərik. Bu da Cənubi Qafqazda, ümumiyyətlə təhlükəsizliyə
və sülhə mənfi təsir göstərən bir məqamdır.
Gələcəkdə hansısa bir münaqişə
ocağının yenidən yarana bilməsinə vəsilə
olacaq bir faktdır".
Politoloq Zaur Məmmədov isə hesab edir ki, əgər
Ermənistan sülh istəsəyirsə, o zaman bir sıra
addımlar var ki, onları atmazdı: "Ermənistan
hökuməti 1 aprel - 13 iyun 2025-ci il tarixləri arasında
ehtiyatda olan hərbçilərin toplanışını
planlaşdırır. Bu toplanış rekord müddətdə
- tam 10 həftə davam edəcək ki, bu da standart
hazırlıq müddətini xeyli üstələyir. Şərti
sərhədlərdə istehkamlar qazır və mövqelərin
möhkəmləndirir. Sputnikdən çəkilən
görüntülərə əsasən, Ermənistan sərhəd
bölgələrində yeni səngərlər qazaraq
müdafiə mövqelərini gücləndirir.
Naxçıvan MR istiqamətində də erməni ordusunun
istehkamlar qazdığı məlum oldu.
Hərbi texniki resursların artırır. Son vaxtlar
dronların alınması diqqəti çəkir. 2024-cü
ilin dekabrından etibarən Ermənistan silahlı qüvvələri
əsas diqqətini pilotsuz texnologiyalara yönəldir. Son
günlər mütəmadi olaraq ordumuz istiqamətində atəş
açılır".
Politoloq Paşinyana müharibənin niyə lazım
ola bildiyi sualına da aydınlıq gətirib. Onun sözlərinə
görə, səbəblərdən biri
seçkiqabağı vəziyyət və Rusiyapərəst
müxalif qüvvələrinin fəallaşmasıdır:
"Ermənistan cəmiyyətində və müxalifət
dairələrində 2020-ci ildəki Qarabağ məğlubiyyətdə
onu günahlandıranlar mövcuddur. Son zamanlar müxalifət
partiyaları aktivləşməkdə davam edir.
Qarşıda seçkilərin gəldiyini də nəzərə
alsaq, Paşinyan bu təzyiqləri neytrallaşdırmaq və
hakimiyyətini qorumaq üçün hərbi hiyləyə əl
ataraq şərti sərhədlərdə müəyyən
irəliləyişə nail olmağı istəyə bilər.
Eyni zamanda, ictimai dəstək qazanmaq istəyir. Müharibə
təhlükəsi yarandıqda insanlar daha çox hökumətin
ətrafında birləşir. Paşinyan bu mexanizmdən
istifadə edərək, daxili siyasi rəqiblərini zəiflətməyə
çalışa bilər, həmçinin bəzi xarici
ölkələrin daxildəki siyasi proseslərə
müdaxiləsini zəiflətməyi qarşısına məqsəd
qoya bilər.
Digər tərəfdən unutmayaq ki, hazırda
bütün kommunikasiya yolları uğrunda mübarizənin və
toqquşmaların getdiyi bir vaxtda Zəngəzurda da vəziyyəti
müharibə həddinə çatdırmaq istəyən
qlobal və regional qüvvələr arasında mübarizə
şiddətlənməkdədir. Hazırda husilərə
qarşı ABŞ ordusu tərəfindən avia zərbələrin
endirilməsi, İsrail-Qəzza-Livan-Misir kommunikasiya xəttindəki
məlum proseslər, Rusiya və Ukrayna arasındakı
müharibə, Suveyş kanalı və Panama kanalları ətrafında
gərginliklər onu göstərir ki, yollar uğrunda
müharibələrə start verilib və bütün bunlar Cənubi
Qafqaz üçün də bir sıra
çağırışlar vəd edir".
Pərvanə
525-ci qəzet .- 2025.- 18 mart(№50).- S.5.