Adlar: divarlara da
yazılır, tarixə də...
Esse
Bu esseni yazmağa məni həvəsləndirən
bir dostum oldu. Daha doğrusu, onun sosial şəbəkədə
öz adı ilə bağlı paylaşdığı postu.
Əlbəttə, təsadüfi heç nə yoxdur. Nə
böyük anlamda, nə kiçik... Əgər mən
oxuduğum status, orda paylaşılan fikir barədə daha əvvəl,
şüuraltı da olsa, düşünməsəydim, vərəqləyib
keçərdim, əhəmiyyət də verməzdim. Necə
ki, əksər yuzerlər belə etmişdilər. Hər
yazının öz oxucusu olduğu kimi, hər kəsin də
öz adamı var...
Müəllif yazır: "Kişi (burada insan)
adıyla yaşar. İnsanlar tarixdəki məşhur
adaşlarını tanıyır və özlərini onlara bənzətməyə
çalışırlar. Bu xüsusiyyət hamıda var.
Tarixdəki adaşları məşhur bir insan da olur, bir
çiçək də, bir məfhum da..."
Doğrudan elədir. Bir istedadlı,
tanınmış, həm də xoşuna gələn
adamın eyni zamanda adaşın olduğunu bilmək xoş
deyilmi? Əlavə stimuldur. Mən üstündə adım
yazılan mağaza, gözəllik salonu görəndə, dərhal
xoşbəxt poz verib qarşısında şəkil çəkdirirəm.
Adını daşıdığı küçənin
lövhəsinin, gəminin önündə və sair yerdə
foto paylaşanları da çox görmüşəm. O qədər
məmnun görkəm alır ki, sanki bu gəmi general Polad Həşimovun
yox, elə o şəkli çəkdirən tələbə
Poladın adınadır. Heç kim deməsin ki, bu belə
deyil, ya bu hissi yaşamayıb. Ad da dəb ilədir, ya müəyyən
bir hadisə ilə, tarix ilə bağlı
artıb-azalır. Məsələn, 1970-ci ildə İndira
Qandinin Bakıya gəlişindən sonra, həmin dövr Azərbaycanda
qızlara İndira adı qoyuldu. Qısa bir müddət. Məhz
İndira Qandinin şərəfinə. Sonradan populyarlıq
qazanmasa da. Bu hal şahbanu Fərəh Pəhləvinin,
Türkiyənin 8-ci prezidenti Turqut Özalın Bakıya səfərlərindən
sonra da baş vermişdi. Dilimizə yad olan İndiradan fərqli
olaraq, Fərəh və Turqut ad lüğətimizə
çox rahat yerləşdi (Özal da ayrılıqda) və
indiyə qədər də yaşayır. Bir təmiz azərbaycanlı
ailədə Svetlana adının haradan yarandığı ilə
maraqlananda "babadı da, Stalinin qızının şərəfinə
qoyub. İş burasındadır ki, indi nənə olan
Svetlana nəvəsinə adını bilmir necə qoysun,
axırı oxşadıb Şölə qoydu", - dedilər...
Azərbaycandakı Svetlanaların çoxu
aşağı-yuxarı həmyaşdılar...
İnsanla tanışlıq addan başlayır. Yeni
tanışlıq zamanı adımızı deyib
özümüzü təqdim edəndə "nə gözəl
adınız var" - nidasını eşitmək insanı
sevindirir, adından da, özündən də razı edir. Ad
insanın vizit kartıdır, haqqında yaratdığı
ilk təəssüratdır, ilk təəssüratın isə
ikinci şansı olmur:
"- Quzum, yavrum! Adın nədir?
- Gülbahar.
- Pəki, sənin, anan-baban varmı?
- Var.
(Hüseyn Cavid)
Bir az da yumor qataq:
- Adın nədir?
- Züleyxa!
- Aşiq olmazsan ki?
- Yox a!
("Ulduz" filmindən)
Adlar hansısa şəxsə heyranlıqdan,
İlahiyə minnətdarlıqdan (Allahşükür), ya elə
mövsümlə (Xəzangül), doğulduğu ayla (Maya) əlaqədar
qoyula bilər.
Elə adlar da var, ailəvidir. Əslində, bu
yaxşı ənənədir. Uğurlu, xoşbəxt
ömür yaşamış insanın energetikası onun
adına da sirayət edir, adı ilə də taleyinə,
xarakterinə, xarici görünüşünə
ötürülür. Güclü adların cazibəsindən
çıxmaq olmur, ha tərəfə getsən də, ona
dönürsən, sevə-sevə, təkrar-təkrar qoyulur,
nəsildən nəslə keçir.
Ad sadəcə səs yığını deyil. Fərdin
özüdür. Zaman keçdikcə insan adına
oxşamağa başlayır, ona öyrəşir, onunla eyniləşir,
bütövləşir. Bibim uşaqları evdə
analarını "mama, mama..." çağırıb
heç cür oyada bilməyəndə, "doktor Rəhimə
xanım" müraciətinə "bəlii" deyib dərhal
ayağa qalxırdı.
Ad - həm də şöhrətdir, markadır,
brenddir. Pyer Karden: "Mənim adım özümdən
qabaqda gedir", deyirdi.
Ad həm də, statistikadır. 44 günlük Vətən
müharibəmiz bu statistikanı xeyli dəyişdi.
Laçın boşaldılan gün
düşünmüşdüm: "Görəsən, bu
gün neçə Laçın doğuldu?" Necə ki,
Füzuli azad olanda doğulan füzulililəri, Cəbrayıl
işğaldan qurtaranda cəbrayılları,
Şuşanı alanda Şüşəxanımları
düşünmüşdüm. Prezident İlham Əliyev Vəng
kəndinin adını dəyişəndə həmin
günlərdə doğulan qızlar da,
Çinarlının şərəfinə valideynləri tərəfindən
Çinarə adlandırıldılar. Prezidentimiz demiş:
"Adı mübarək olsun!" Bütün xalqın
toy-bayram etdiyi qələbə naxışlı, heç vədə
unutmayacağımız günlərdə həyata vəsiqə
almaq! Poladın, Mübarizin də adı yerdə qalmadı. Məktəbdə
elə sinif, baxçada elə qrup yoxdur ki, orada Mübariz
olmasın! 2021-ci ildə 306 Polad doğulub, hələ
"Poladhəşim" kimi yeni ad da yaranıb.
"Xudayar" da favoritlər siyahısındadır. 33
oğlan "Xudayar"la şərəfləndirilib. Xudayar
Yusifzadə bu adı kəndxudalıqdan çıxarıb
şərəf zirvəsinə yüksəltdi (Elə illər
olub ki, statistikada "Xudayar" heç qeydə
alınmayıb). Xalq şəhidlərinin adını məhəbbətlə
balalarına qoyur, yaşadır.
İnsanın həyatı boyu ən çox
eşitdiyi kəlmə - öz adıdır. Ad çox həssas
məsələ olub şəxsiyyətin formalaşmasında
mühüm rol oynayır. İnsanla onun adı arasında
mistik, sakral bir bağlılıq var. Psixoloqlar belə deyirlər.
Psixologiya nədir? "Köhnə" Azərbaycan dilinə
çevirəndə "ruhiyyat" mənasını verir.
Əgər kimi isə özünə tərəf çəkmək
istəyirsən, ruhunu oxşamağa
çalışırsan, ona adı ilə çox müraciət
et. Gözəl müraciət et! Sanki həmin adamın qəlbinə
açar salmış kimi olursan.
Sənin adın - quş kimidi əlimdə.
Sənin adın - buz kimidi dilimdə.
Sənin adın - hərflərin beşidi.
Dodağımın bircə tərpənişidi.
(Marina Svetayeva. Tərcümə Ramiz Rövşənindir)
Sevdiyin adamın dilində adın sənə daha
xoş gəlir. Hansı dildə səslənməyindən
asılı olmayaraq, əgər adın sevgi ilə, hörmətlə
çağrılırsa, sənin üçün bundan
şirin kəlmə ola bilməz.
Simpatiya bəslədiyin adamlarla adaş olmaq da bir
ayrı zövq... Həmbürclərlə olduğu kimi...
Ad - cəmiyyət hadisəsidir. Bu, həmişə
belə olub. Sovet hökuməti hakimiyyətə gələndə
bəzi üzdəniraq Məhəmmədlər öz
adlarını bəyənməyib Marat edirdilər... 2000-lərdə
yaxşı bir tanışım oğluna Bin Laden adı
qoymaq istəyirdi. Terrorçu axtarışda olanda.
Özü də məhz bu formada - Bin Laden. Bin Ladenin
şübhəli şəxsiyyətini qoyaq bir tərəfə,
ondan başlayaq ki, bu ad deyil. Şəxsin adı Üsamədi.
Sovet vaxtı qoyurdular "İliç", ona bənzər.
Nə məqsədlə? Məncə, prinsipiallıqdan. Mənasız
inada, kaprizə görə uşaq bir il adsız qaldı. Ailə
də etiraz etdi, qanunvericilik də... Ad qoymaq - ictimai olduğu
qədər, mədəni hadisədir. Bizdə dərin
kökləri var. Adqoydu, şəbbəxeyir mərasimləri...
Quranın altından keçirib xeyir-dua altında körpənin
adını qulağına oxumaq... Müqəddəslərin
adıdırsa, "adı köməyi olsun" demək...
Yoxsa ki, Məhərrəm adını yer
çatmadığı üçün Məhər kimi
yazdırmaq? Anadan olandan şəxsiyyətinə zərbə
vurmaq, zədələmək? Başqa adımız yoxdur,
olmayacaq. Valideynin övladına verdiyi ad ilk növbədə
elə onun özünü xarakterizə edir. Məsələn,
Fransada Nutella, Böyük Britaniyada Sianid "adları" məhkəmə
işə qarışandan sonra ləğv edilib.
Gözəl sözlər tək bədii ədəbiyyatın
predmeti deyil, lüğəti zənginləşdirməklə
də funksiyası bitmir... Yeni adların yaranmasına rəvac
verir ki, bu da əsasən, təbiət hadisələri ilə
bağlı olur. Leysan, Yağmur, Dəniz, Üfüq...
İldırım, Qaya, Buludxan zatən varımız idi...
İkili adlar da var. Bizdə geniş yayılmasa da,
yaxşı variantdır. Ata-ana ortaq məxrəcə gəlməyəndə
istəklər birləşir. Məsələn, ata Emil deyir,
ana Əzəmət. Uşağın adı qoyulur Emil Əzəmət
(tanıdığım nümunə). Həm ailədaxili
diskriminasiya olmur, balans pozulmur, həm də valideyndən gələn
müsbət enerji, qoruma ikiqat çoxalır. Bununla da,
uşağın resursu və güc potensialı artır. Səslənişi
də gözəl. Eyni komfortla istəyirsən qərbdə gəz,
istəyirsən şərqdə.
Ad - həm də, kodlaşdırılmış
informasiyadır. Şəxsin İctimai mənşəyi,
milliyyəti, dini mənsubiyyəti və sair haqqında məlumatdır.
Ad - uğurun yarısıdır. Bir sıra məşhur
adamlar, sənət, səhnə ulduzları əsl
adlarını qoyub özlərinə psevdonim
götürürlər ki, bu da çox vaxt onların xeyrinə
işləyir. "Ornella Muti" sahibinə
"Françeska Rivelli"dən çox yaraşır. Cey
Lo onsuz da epataj Cennifer Lopesin imicinə orijinal əlavədir.
"Mahsun Kırmızıgül" də
ifaçının səhnə adıdır. Bizdə -Azərin
(Anaxanım)... "Nura Suri" də gözəl səslənir
və sahibi ilə eyni dalğadadır.
Ad həm də, sirdir... Bir ailə tanıyıram, 3
uşaqdırlar. Üçünün də adı həm
qadın, həm kişi adıdır: Əşrəf,
İmruz, Müqəddəs...
Adı dəyişməyin də düşər-düşməzi
olur... Bəxtini dəyişirsən sanki... Bəxt-taleyə
inanmayan adam da ad məsələsində ehtiyatlı tərpənir.
Hər insanın qoruyucu mələyi var. Bəlkə o səni
elə köhnə adla qoruyacaq, onda necə?! Bir neçə
il əvvəl milli bir tövr nümayiş etdirərək
adını dəyişən, ən azı zahirən
çox sağlam təsir bağışlayan
tanınmış hərbçi-analitikimiz, çox təəssüf
ki, qısa müddət sonra dünyasını da dəyişdi.
Təsadüfmü? Nə bilmək olar...
Adı daşımağı da bacarmaq lazımdır.
Eyni adı ayrı-ayrı fərdlər fərqli
daşıyırlar. Ad da geyim kimidir, gərək sahibinə
yaraşsın, böyük-kiçik, boş-dar olmasın,
qutu kimi dursun üzərində.
Ad eyni zamanda məsuliyyətdir. Layiqli ada layiq olmaq,
doğrultmaq da var. Adı Hüseyn olanın yanlışa
haqqı yoxdur, nədən ki, dünya onun adına
ağlayır. Ada dua da edilir, lənət də
yağdırılır.
Con Kennedi deyirdi: "Düşmənlərinizi
bağışlasanız da, adlarını unutmayın".
Şəxs adlarımız mənəvi sərvətimizdir...
Türkdilli xalqlar, biz azərbaycanlılar da daxil qızlara
"aylı-güllü" (Aynur, Gültəkin),
oğlanlara "ərli-elli" (Ərtoğrul, Elgün)
adlar qoyarıq. Həm də, məmnuniyyətlə
qoyarıq... Mərhum professor Şirindil Alışanlı bir
dəfə zarafatla demişdi ki, daha bizim şöbəyə
planet adlı qız göndərməsinlər,
çağıranda çaşdırıram...
Ad da assosiasiyadır. Arina - ancaq A.S.Puşkinin dayəsi
ola bilər sanki, Diana - ancaq şahzadə. Əsli deyəndə
Kərəm yada düşür, Tahir deyəndə Zöhrə...
Çox zaman belə adlar qoşa qoyulur. Bizim ailədə
Elxan da var, Aqşin də... (Cəfər Cabbarlı). Rəfiqəm
İradənin qardaşı Raufdur ("Göz həkimi"
pyesi) və sair. Başqa bir rəfiqəmdən "niyə nəvənə
adını qoymadın?", - soruşanda "Sən
heç xoşbəxt Lalə görmüsən?", -
dedi... Əlbəttə, bu belə deyil... Sadəcə, onun
qarşılaşdığı Lalələrin xoşbəxtlik
payı bir qədər az olub ki, bu da şüüraltı
öz işini görüb.
İnsanın ilk sənədi adı ilə
bağlıdır, "adı ilə böyüsün",
- deyirlər. Son sənədi də. Ölümündən
sonra da etibarlıdır. Özü həyatda olmayanda da. Bizi
ilk növbədə adımızla xatırlayacaqlar.
Uşağa ad seçmək də bir incə sənətdir.
Böyüklərin seçdiyi ad hər yaşa uyğun
olmalıdır, insanın uşaqlığına da
yaraşmalıdır, ixtiyar vaxtına da. Yeddinci qızına
Şahanə adını verən əslində ona hər
şey vermiş kimidir. Ad müqəddəsdir, onunla məzələnmək,
lağa qoymaq yolverilməzdir. Hətta belə bir fikir də
mövcuddur ki, insanın özü ilə zarafat etmək olar,
adı ilə heç vaxt! Valideyn də var, semantikasına
varmadan, tələffüzü çətin bir sözü,
sadəcə qulağa xoş gəldiyi üçün ada
çevirib onomastikaya öz "töhfə"sini verir.
"Ad - taledir" deyirlər, emosional yükü insanın qədərinə
təsir edir. Adından dolayı bəxtindən giley edən
Hicran və Natəvan tanıyıram ki, haqsız da
sayılmazlar. Bəs övladını ömürlük
"Cəllad" adına məhkum edən valideyn nə
düşünür, ona nə arzulayır görəsən?
("Cəllad"lar əsasən şimal bölgəmizdən
çıxır). Ata-ananın birgə məhsulu kimi
uşağın adını "Məhsul" qoyan var.
İçimizdə körpəyə xörək adı da
verən tapılır. Ad qəhətçiliyidir? Ata
qayğanağı sevirsə, övladın adı Qayğanaq
olmalıdır? Uşağa elə ad qoymaq lazımdır ki,
ondan utanmasın, adını qoyana ömrü boyu dua etsin.
Dilçiliyin ən gənc sahəsi olan onomastikanın (advermənin)
öyrənəcəyi çox şey var...
Məhəmməd Peyğəmbərin xatirəsinə,
yoluna edilən hücumlara baxmayaraq, dünyada ən çox
qoyulan ad yenə Məhəmməddir... Peyğəmbərimiz
ad məsələsinə ciddi yanaşmış və hədislərində
buyurmuşdur ki, övladın valideyn üzərində
gözəl bir isim ilə isimləndirilib islam ədəbi ilə
tərbiyə olunmaq kimi bir haqqı vardır. Bu arada - Azərbaycanda
Məhəmmədin təhrif olunmuş Məmməd
forması Məhəmmədin lehinə ləğv edildi.
Xritsian adları müsəlmanlar arasında yayılsa
da, xristianlar bizim adları demək olar qoymurlar. Müsəlmanlığı
qəbul edənlər istisnadır. Yeri gəlmişkən...
tarazlıq pozulmasın deyə qeyd edim ki, müsəlmanlar da
xristianlığı nadir hallarda qəbul edirlər.
İnsanın öz adına münasibət vaxt
keçdikcə dəyişir. Uşaqlıqda adımdan
xoşum gəlmirdi. Ətrafdakı tək-tük Dilarə
xalaları çıxsaq, yaşıdlarımın
arasında, demək olar ki, adaşım yox idi. Mən də
bundan kompleks keçirir, saysız-hesabsız Gülnarələrdən
biri olmaq istəyirdim. Amma yaşım artdıqca, mənasına
vardıqca, ən başlıcası, özümə
inamım çoxaldıqca, nəinki adımla
barışdım, onunla dostlaşdım da. Hətta indi bizim
evdə 12 yaşlı Dilarə də böyüyür. Ad
insanı bəzəmir, insan adı sevdirir, ya da... əksinə...
Adı qorumaq da var. Elə olur ki, adın canından
qabaq olur. Bu, artıq qəhrəmanlıqdır.
Canlı-cansız hər şey adıyla bilinir... Materiklər
də, uzaq ulduzlar da, qasırğalar, sunamilər, kokteyllər,
başqa nələr də... Amma yəqin ki, bilmədiyimiz
adlar olduğu kimi, adı heç bilinməyənlər da var
və bu ikincilər adama daha qorxulu gəlir...
Dilarə ADİLGİL
525-ci qəzet .-2025. -20 mart(№52).- S.18;19.