Azərbaycan-İran əlaqələrinin
möhkəmləndirilməsi üçün tarixi imkan
Azərbaycanla İran arasında münasibətlər
qədim tarixə, yaxın qonşuluq prinsiplərinə, ortaq
dini-mədəni dəyərlərə əsaslanır.
İki ölkəni həm də iqtisadi maraqlar birləşdirir
ki, bu sahədə də çox əhəmiyyətli layihələr
var, eyni zamanda böyük potensial mövcuddur. Son illər
Tehranın bəzi regional məsələlərdə
tutduğu mövqeyə görə münasibətlərdə
müəyyən çətinliklər, soyuqluq yaşansa da,
indi artıq bu mərhələnin geridə
qaldığını deyə bilərik. İran İslam
Respublikasının yeni seçilmiş Prezidenti Məsud
Pezeşkianın Azərbaycana səfəri, verilmiş bəyanatlar
tərəflərin əlaqələrində yeni bir dönəmin
başladığını göstərir. Ümumiyyətlə,
Azərbaycan hər zaman İrana yaxın qonşu, dostluq
münasibəti bəsləyib. Ulu öndər Heydər
Əliyev tərəfindən təməli qoyulan İran-Azərbaycan
əlaqələri Prezident İlham Əliyev tərəfindən
dünyada və regionda yaranmış yeni siyasi-iqtisadi
gerçəkliklər nəzərə alınaraq uğurla
davam etdirilir. İran-Azərbaycan münasibətlərində
yaxın qonşuluq, ortaq tarixi və mədəni irs, dəyərlərdən
əlavə, qohumluq və qardaşlıq amili də
mövcuddur.
Prezident İlham Əliyev iranlı həmkarı Məsud
Pezeşkian ilə görüşdə bu məqama toxunaraq
xalqlarımızın əsrlər boyu mehribanlıq,
qardaşlıq şəraitində
yaşadığını və bu gün dövlətlərarası
münasibətlərimizin möhkəm təməl üzərində
inkişaf etdiyini vurğulayıb. İran Prezidentinin Azərbaycana
rəsmi səfərini əlaqələrimizin yüksək səviyyədə
olmasının təzahürü kimi dəyərləndirib:
"Biz əsrlər boyu bir məkanda yaşamışıq,
bir dövlət çərçivəsində
yaşamışıq. Yəni qohumluq əlaqələri də
çox genişdir. Bu gün iki müstəqil dövlət
kimi biz bölgəmizdə önəmli rol oynayırıq.
Bölgə məsələlərinin bölgə ölkələri
tərəfindən həll olunması da hər iki tərəfin
fikridir və siyasətidir. Mən heç şübhə
etmirəm ki, bu səfər bizim münasibətlərimizin
inkişafında çox önəmli rol oynayacaq".
Dövlət başçısı səfərin
münasibətlərimizin inkişafında çox önəmli
rol oynayacağına əminliyini bildirib. İkitərəfli
formatda bölgədəki vəziyyət, sülhün
dayanıqlı olması, əmin-amanlığın təmin
edilməsi, ölkələrin suverenliyi, ərazi
bütövlüyü, ölkələrin daxili işlərinə
qarışmama kimi prinsiplər də üstün
tutulduğunu söyləyib.
Ümumiyyətlə, qonşu dövlətlərlə
münasibətlər Azərbaycanın xarici siyasətində
prioritet istiqamətdir. Ölkəmiz Türkiyə və Rusiya
ilə rəsmi müttəfiqdir, Gürcüstanla strateji tərəfdaşlıq
münasibətləri mövcuddur. İranla əlaqələrin
möhkəmləndirilməsi və münasibətlərin
strateji tərəfdaşlıq səviyyəsinə
qalxması üçün hər hansı maneə mövcud
deyil və indi əlaqələrin möhkəmləndirilməsi
üçün tarixi imkanın yarandığını
söyləmək olar.
İran Prezidentinin "Çalışacağıq
ki, gələcək üçün geniş, əhatəli
və daha yaxşı strateji planımız olsun. Bütün
sahələrdə - sənaye, elm, mədəniyyət,
iqtisadiyyat, siyasət, təhlükəsizlik üzrə
planlarımız olsun. Biz birlikdə bölgədə
sülh, təhlükəsizlik və əmin-amanlığı
təmin edəcəyik və öz çətinliklərimizi
həll edəcəyik. Əminəm ki, əgər biz müsəlman
ölkələri, regional dövlətlər və
qonşular, qədim dövrlərdən bir yerdə olmuş
qardaş və bacılar əl-ələ verib bir-birinin ərazi
bütövlüyünə hörmətlə yanaşsaq,
dünyaya baxışlarımız qarşılıqlı
qaydada razılaşdırılmış olacaq", fikirləri
də bunu deməyə əsas verir.
Azərbaycan və İran prezidentlərinin bir-birinə
"əziz qardaşım" deyə xitab etmələri də
tarixi bağların, dostluq, qonşuluq münasibətlərinin
bu gün də davam etdirilməsi əzmini nümayiş
etdirir.
Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsinə
qarşı üçüncü dövlətlərin
müdaxiləsinin yolverilməzdir və Bakı hər zaman bu
məsələdə prinsipial olub. İranın 12 dövlətlə
quru sərhədləri var, ən etibarlı sərhəd məhz
Azərbaycanladır. Vətən müharibəsindən sonra
2020-ci ilin noyabrın 16-da Prezident İlham Əliyevin Xudafərinə
səfəri zamanı Xudafərin körpüsünü
"Dostluq körpüsü" adlandırmışdır.
Azərbaycan və İran beynəlxalq təşkilatlar
çərçivəsində də bir-birini dəstəkləyir.
BMT olsun, İslam Əməkdaşlıq Təşkilatı,
ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar
çərçivəsində tərəflər bir-birinin
yanındadır.
Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə
bağlı deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin
İran Prezidenti Məsud Pezeşkian ilə
görüşündə iki ölkə arasındaki iqtisadi
münasibətlər, o cümlədən nəqliyyat və
infrastruktur imkanları müzakirə olundu: "Son illər
ölkələrarası ticarət dövriyyəsində
artımlar müşahidə olunur. Bütövlükdə,
ticari əlaqələrdə son dövrlərin ən
aşağı dövriyyəsi 2020 və 2021-ci illərə
təsadüf edilir. 2020-ci ildə ölkələr
qarşılıqlı münasibətdə 18.4 milyon
dollarlıq dövriyyəyə malik olublar.
2021-ci ildə bu rəqəm 61.8 milyon dollaradək
yüksəlsə də, bu dövriyyə də müqayisəli
şəkildə yüksək olmayıb. Bununla belə, Azərbaycan
ilə İran arasında ticarət dövriyyəsi 2022-ci ildə
426 milyon dollar, 2023-cü ildə isə 402 milyon dollar olub.
Ötən il isə ölkələr arasında ticarət
dövriyyəsi 647 milyon dollaradək yüksəlib. Bu o deməkdir
ki, Azərbaycan ilə İran arasındakı ticarət
dövriyyəsi ötən il 38 faiz artıb. Onun 633 milyon
dolları İrandan idxal, cəmi 14 milyon dolları isə
ixrac olub. Bu o deməkdir ki, ötən il
qarşılıqlı ticarət dövriyyəsində 619
milyon dollarlıq mənfi saldo qeydə alınıb.
Bütün bunlarla yanaşı, ölkələrin nəqliyyat
dəhlizlərinin genişlənməsində, xüsusən
də Şimal-Cənub Nəqliyyat dəhlizində əməkdaşlığı
dərinləşdirmək potensialı kifayət qədər
yüksəkdir. Avropanın şimalından Hindistana qədər
uzanan bu nəqliyyat dəhlizi ölkələrin beynəlxaq
yükdaşımalardan əldə etdiyi gəlirləri kəskin
artıra bilər. Bu isə, region üçün yeni imkanlar
deməkdir".
Milli Məclisin deputatı Sevinc Fətəliyeva isə
bildirib ki, bu gün Azərbaycan dünyanın aparıcı
dövlətləri, o cümlədən, beynəlxalq təşkilatlar
ilə geniş ikitərəfli əlaqələrə malikdir.
Azərbaycan nəinki regionun, dünyanın siyasi cəhətdən
ən sabit ölkələrindən biri sayılır. Eyni
zamanda, Azərbaycan dövləti hər zaman yaxın
qonşuluq münasibətlərinə üstünlük
verir. 30 ilə yaxın Azərbaycan torpaqlarını
işğal altında saxlayan təcavüzkar Ermənistanı
çıxmaq şərtilə dövlətimiz bütün
qonşuları ilə yaxın iqtisadi-siyasi münasibətlərə
malikdir. Bu gün məhz Azərbaycanın iştirakı və
təşəbbüsü ilə bir neçə istiqamətdə
regional və qlobal layihələr icra olunur, dövlətlərarası
əlaqələr qurulur, genişləndirilir.
Deputat bildirib ki, Azərbaycan hər zaman öz
qonşuları ilə əlaqələrin möhkəmləndirməsi,
daha da yaxınlaşdırılması istiqamətində
siyasət aparır: "Yerləşdiyimiz Cənubi Qafqaz
regionu geosiyasi baxımdan strateji əhəmiyyət
daşıdığı üçün region ölkələrinin
yaxın qonşuluq münasibətləri zəminində əməkdaşlığına
hər zaman böyük ehtiyac duyulub. Bu amil həm də həyati
əhəmiyyət kəsb etməkdədir. Xüsusilə,
yeni siyasi-iqtisadi reallıqlar regonal əməkdaşlığın
inkişafına böyük töhfələr verir. Dünya
ölkələri ilə müsbət tərəfdaşlıq
münasibətlərinin inkişafına hər zaman önəm
verən Azərbaycan regionda planlaşdırılan layihələrdə
qonşu dövlətlərin iştirakında maraqlı
olduğunu önə çəkir. Bu mənada, İran
İslam Respublikasının da Azərbaycanla əlaqələrinin
daha da yüksəldilməsi istiqamətində aparılan
siyasət əhəmiyyət kəsb edir. Yeni dövr
üçün isə əlaqələrin yeni mərhələdə
inkişafına ehtiyac duyulur. Bu, yeni
çağırışlara, bölgənin yeni statusuna və
iqtisadi potensialına uyğun münasibətlər sisteminin
qurulması hər iki ölkə üçün olduqca
böyük dividendlər vəd edir".
Millət vəkilinin sözlərinə görə,
İran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də
Bakıya rəsmi səfəri çərçivəsində
mətbuata bəyanat zamanı Prezident İlham Əliyev
bildirib: "Əsas məsələ ondan ibarətdir ki, hər
iki tərəf Azərbaycan-İran əlaqələrinin
inkişafına çalışmalıdır və
çalışır. Hörmətli Prezidentin böyük
heyətlə Azərbaycana gəlməsi və bu gün bir
çox önəmli sənədlərin imzalanması, o
cümlədən prezidentlər səviyyəsində
imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi
göstərir, onu göstərir ki, biz bütün istiqamətlər
üzrə bir-birimizə daha yaxın olmağa
çalışırıq".
Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycan qlobal məkanın
gənc, amma qətiyyəti, birlik və həmrəylik təşəbbüsləri
ilə seçilən bir üzvü olaraq əlaqələrin,
münasibətlərin beynəlxalq hüquqa əsaslanan
prinsiplər üzərində qurulmasını təşviq
edir. Bu mənada Azərbaycana xas olan çoxtərəflilik
konseptual olaraq fərdi maraqları deyil, ümumən regional, hətta
qlobal maraqları, dəyərləri qorumağı
özündə ehtiva edir. Azərbaycan öz xarici siyasətini
konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə
əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən
xətt üzrə yürüdür. Bu gün Prezident
İlham Əliyev tərəfindən dünyada və regionda
yaranmış yeni siyasi-iqtisadi gerçəkliklər nəzərə
alınaraq uğurla həyata keçirilən siyasətdə
İranla strateji tərəfdaşlıq xüsusi yer tutur.
İran-Azərbaycan münasibətlərində yaxın
qonşuluq, ortaq tarixi və mədəni irs, dəyərlərdən
əlavə qohumluq və qardaşlıq amili əsas
götürülür. Eyni zamanda, Azərbaycan-İran
münasibətlərinin möhkəmlənməsinə
qarşı üçüncü dövlətlərin
müdaxiləsi yolverilməz hesab olunur. Azərbaycan Cənubi
Qafqaz da daxil olmaqla hətta sərhəddindən kənarda
yerləşən ölkələr üçün də
sabitləşdirici faktor kimi çıxış edir.
İran ilə münasibətlərə də eyni kontekstdən
yanaşa bilərik.
O xatırladıb ki, İranın 12 dövlətlə
quru sərhədləri olsa da, ən etibarlı sərhəd
Azərbaycanladır: "Vətən müharibəsindən
sonra, 2020-ci ilin noyabrın 16-da Prezident İlham Əliyevin
Xudafərinə səfəri və Xudafərin
körpüsünü "Dostluq körpüsü"
adlandırması da qonşu ölkə üçün
mühüm mesaj idi. Nəzərə alaq ki, İranla Azərbaycan
arasında beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlıq mövcuddur. Buna nümunə olaraq,
İƏT, D8, ŞƏT, AQEM, ECO müstəvisində əməkdaşlığı
xatırlada bilərik. Bütövlükdə, İran
Prezidentinin ölkəmizə səfəri zamanı dövlət
başçılarının mesajları, imzalanan sənədlər
əlaqələrin daha da inkişafı edəcəyini deməyə
əsas verir. Yəni əlaqələrin möhkəmləndirilməsi
üçün tarixi imkan yaranıb. Hesab edirəm ki, bundan
sonra qarşılıqlı münasibətlər məhz
pozitiv müstəvidə davam və inkişaf edəcək".
Pərvanə
525-ci qəzet .- 2025.- 1 may(№74).- S.5.