"Şeirlərim məni köləlikdən,
ölümdən xilas etdi"
RUSİYADA YAŞAYAN AZƏRBAYCANLI ŞAİR VƏ
NASİR ELDAR ƏHƏDOVLA SÖHBƏT
Həmsöhbətimin - Rusiyada yaşayan azərbaycanlı
şair, nasir, nağılçı Eldar Əhədovun zəngin,
maraqlı tərcümeyi-halı var. 1960-cı il iyulun 19-da
Bakıda anadan olub. 1983-cü ildə Leninqrad Dağ-mədən
İnstitutunu bitirib. 1986-cı ildən Krasnoyarskda
yaşayır. E.Əhədov yaradıcılıq fəaliyyəti
ilə yanaşı, ixtisası üzrə də işləyir.
10 il ərzində (2000-2010) Krasnoyarsk Diyar Xalq
Yaradıcılığı Dövlət Mərkəzi
Ədəbiyyat Birliyinin və korlar və zəif görənlər
üçün "Bılina" ədəbiyyat
studiyasına rəhbərlik edib. Sibir
Yazıçıları Assosiasiyasının Krasnoyarsk Diyar
Yazıçılar Təşkilatının, Rusiya Ədəbiyyat
Fondunun, Rusiya Yazıçılar İttifaqı Krasnoyarsk
regional bölməsinin, Rusiya Markşeyderlər
İttifaqının, həmçinin Azərbaycan Yazıçılar
Birliyinin üzvüdür. Poeziya və nəsrin müxtəlif
janrlarında yazılmış 30-dan çox kitabın müəllifidir.
2012-ci ildə E.Əhədovun beşcildlik seçilmiş əsərləri
işıq üzü görüb. İki kitabı ABŞ-də,
bir çox əsərləri isə Bolqarıstan, İsrail,
Almaniya, Ukrayna, Qazaxıstan, Belarus və Azərbaycanda nəşr
edilib. O, milli-regional komponent üzrə "Krasnoyarsk
diyarına səyahət" adlı unikal məktəb vəsaitinin
həmmüəllifidir.
- Yaradıcılıq yolunda ilk addımlarınız
və bu sahədəki təcrübələriniz barədə
ilk növbədə nələri bölüşmək istərdiniz?
- Mənim yaradıcılıq qolum 2 may 1968-ci ildən
başlayıb. O zaman yeddi yaşım vardı. Bir mayda atam və
bacılarımla birlikdə "mayovkaya" getmişdik. Orada
çox gözəl hərbi nəfəs alətləri
orkestri ifa edirdi. Bakı o gün çox möhtəşəm
idi: dəniz, səma, gözəl hava, günəş.
Hamısı sanki bir-birini tamamlayırdı. Orkestrin ifa etdiyi
musiqi də çox gözəl idi. Həmin paradda
bütün bunlardan o qədər təsirlənmişdim ki,
sanki ruhumda kəpənəklər uçuşurdu. Mən evə
qayıtdım və nə isə yazmaq istədiyimi hiss etdim.
Evimizdə təmir gedirdi, hər şey ortalıqda
qarışıq idi. Divar kağızları, yapışqan,
rənglər... Evin bir tərəfində yanakı mətbəx
bufeti dayanmışdı. Mən də o yana-bu yana var-gəl
edir, nə yazacağımı və hara yazacağımı
düşünürdüm. Birdən gözüm bufetin
yanında karandaşa sataşdı. Ehtimal ki, ustalar unudub
getmişdi. Mən ilk misralarımı həmin bufetin
arxasına yazdım: "Toçka-toçka, oqureçik,
poluçilsə çeloveçek!". Bu, mənim ilk
misralarım oldu. Anam həmin bufeti 25 il saxladı, deyirdi ki,
bu, mənim oğlumun ilk yaradıcılıq nümunəsidir.
Mən hər şeylə çox maraqlanırdım. Uşaq
vaxtı "Pioner evi"nə (indiki Tofiq İsmayılov
adına Uşaq-Gənclər Yaradıcılıq Sarayı)
gedirdim. Orada astronomiya dərnəyinə qoşulmuşdum.
Teleskop yığmağı sevirdim, ulduzlara baxmağı
sevirdim. Ümumiyyətlə göy cisimləri, göy hadisələri
mənə çox maraqlı gəlirdi. Bir dəfə yayda
Şamaxıya - Pirquluya getmişdik. Orada ulduzları izləməyi
çox sevirdim. Mənim taleyim də ulduzlarla bağlı
oldu. Necə? Bir dəfə düşündüm ki, əgər
yerə baxsan, onun o biri tərəfində də ulduzların
olduğunu görəcəksən, çünki Yer kürəsi
dairəvidir. Deməli, o biri üzündə də ulduzlar
var. Baxın, əgər Yer kürəsi şəffaf olsa, bu
daha aydın görünərdi.
- Həm şairsiniz, həm də yazıçı.
Hansı janrda yazanda özünüzü daha yaxşı hiss
edirsiniz?
- Heç bilmirəm. Mən özümü hər
ikisində çox yaxşı hiss edirəm. Mənim prozam
poetikdir, poeziyam isə prozaikdir. Hər iki janr mənim
üçün çox əzizdir. Amma proza olaraq, mən
nağıllar da yazıram.
Yaradıcılığımın üçdə biri
nağıllardır. Bu nağıllar yalnız uşaqlar
üçün deyil, həm də böyüklər
üçündür. Eyni mətni çoxmənalı
yazıram, buna görə də nağıllarım hər
yaşa uyğun olur. Hərə öz yaşına, öz
dünyagörüşünə və anlamasına görə
həmin nağılları dərk edir. Yəni yaş dəyişdikcə
eyni oxucu eyni nağılı başqa cür dərk edə, anlaya
bilər. Ümumiyyətlə, bu işi çox sevirəm.
- Çox məşhur bir şeiriniz var - "Molitva o
tebe" ("Sənin üçün dua"). Sizcə, o
şeirin uğur qazanmasının səbəbi nədir?
- Bu şeir, bu dua onu necə oxusan, başqasına həsr
olunur. Sanki sən duanı düşündüyün insan
üçün oxuyursan. Bu duada hər şey var - bir
insanın özü üçün arzu edə biləcəyi
hər şey. Baxın, nə gözəldir, mən bir insan
üçün, bir insan digər insan üçün, digər
insan bir başqa insan üçün, bir başqa insan da mənim
üçün dua edir bu şeiri oxumaqla. Mənə elə
gəlir ki, insan özü-özü üçün yox,
başqaları üçün dua etməlidir. Bu şeirin əsas
məğzi də elə ondadır. Bəlkə də,
çox yayılmağının səbəbi budur elə. Hələ
bəziləri plagiat da etdilər. Mənim misralarımı
utanmadan öz adlarına çıxartdılar. Hətta bir
qadın yazmışdı ki, bu şeiri siz yazmamısız,
bunu sizin vasitənizlə Allah yazıb.
- Azərbaycan ədəbiyyatından hansı müəllifləri
oxuyursunuz?
- Anar, Çingiz Abdullayev, Tofiq Məlikli və
başqaları.
- Teatr haqqında nə
düşünürsünüz? Son dəfə hansı
tamaşanı izləmisiniz?
- Kukla teatrında "Leyli və Məcnun"
tamaşasını izləmişdim. Kuklalar oynayır, musiqi səslənirdi,
çox gözəl idi hər şey. O qədər xoşuma
gəlmişdi ki! Rusiyada isə bu yaxınlarda Opera və Balet
teatrında "Yevgeni Onegin"i izlədim. Onu da çox bəyəndim.
İllah da ki, səhnənin yuxarısında "qaçan sətirlər"lə
oxunan mahnının sözlərini yazılmasını.
Bilirsiniz, adətən operaya gedəndə, musiqidən, oyundan
zövq alırdım, amma nə oxuduğunu başa
düşə bilmirdim deyə tam zövq ala bilmirdim. Amma bu dəfə
mən tam harmoniya altında operanı dinləyə, duya,
görə bildim.
- Şuşada Cıdır düzünə
ayaqyalın qalxmısınız...
- 2020-ci ildəki 44 günlük Vətən
müharibəsində biz zəfər çaldıq. 8 Noyabr
bizim müqəddəs, uca Zəfər
Günümüzdür. Biz bununla çox qürur duyuruq. Həmin
il Zəfərdən sonra - noyabrın 20-də Krasnoyarskda idim
və məni küçədə polis tutdu. Maşına
atıb bölməyə gətirdilər. Orada bildim ki, məni
tutan polis serjantı erməni Karen Canayandır! O məni təhqir
etdi, bir cinayətkar kimi barmaq izlərimi götürdü,
fotolarımı çəkdi və daha sonra işgəncə
verməyə başladı. Üstümdə olan sənədlərdə
adımın, soyadımın, milliyyətimin
yazılmağına baxmayaraq, məndən "rus
olduğumu" deməyimi tələb edirdi, amma mən azərbaycanlı
olduğumu deyirdim. Bu, onu daha da əsəbiləşdirir,
özündən çıxarırdı. Mənə o qədər
işgəncə verdi ki, oradan çıxandan sonra gəzə
bilmədim. Ayağımın barmaqları amputasiya olundu. Məndə
şəkərli diabet olduğundan əməliyyat narkozsuz
keçdi və mən amputasiya vaxtı barmaqlarımın necə
kəsildiyini belə eşidirdim...
Keçən il 9-11 sentyabrda burada xaricdə yaşayan
azərbaycanlı alimlərimizin forumu keçirilirdi.
Sentyabrın 11-də bizi Şuşaya ziyarətə
apardılar. İki avtobusda Şuşaya yollandıq.
Bütün Şuşanı gəzəndən sonra
Cıdır düzünə qalxdıq. Barmaqlarıma görə
gəzəndə çətinlik çəkirdim. Və yola
baxıb düşündüm ki, çəkməylə o
yolu qalxa bilməyəcəm. Ona görə də, çəkmələrimi
çıxartdım, corablarımı soyundum və
Cıdır düzünə ayaqyalın qalxdım. Ora
çatanda təzim etdim, ayaqlarıma dedim ki, baxın siz bu
torpağa görə xəsarət almısınız.
- Həyatda çox sınaqlara çəkilmisiniz?
Heç olubmu ki, elə məqamlarda şairliyiniz köməyinizə
çatsın?
- 1995-ci ildə Tacikistanda - Düşənbə
yaxınlığında idim. Sərhəd
yaxınlığında tam təsadüfən bir quldur dəstəsinin
əlinə keçdim. Onlar məni tutub yük
maşınının arxasına atıb apardılar, başa
düşdüm ki, kölə kimi satmaq istəyirlər.
Tanımadığım bir yerə gətirdilər və bir
otağa atdılar. Özləri isə digər otaqda yemək
yeyirdilər. Arada səslərini eşdirdim, amma nə
danışdıqlarını başa düşə
bilmirdim. Bircə buna əmin idim ki, daha burdan qurtuluş yoxdur.
Vəziyyətim çox çətin idi, amma
özümü cəmləyib şeir oxumağa
başladım. Bir anda həmin quldurlardan biri otağa daxil oldu
və dedi: "Nə edirsən?" Mən də cavab verdim:
"Heç nə, şeir oxuyuram". O soruşdu: "Kimin
şeirini?" Dedim: "Öz şeirlərimdir". Çıxdı,
bir müddət danışdılar. Sonra yenidən
qayıtdı və məni süfrəyə dəvət
etdi. Süfrəyə plov gətirdilər, amma mən
çaşqınlıq içində idim, çünki 15 nəfər
əlində avtomatla kənarlarda oturmuşdu. Nə edəcəyimi
bilmədim, amma onlar dedilər: "Səni buraxacağıq,
bizimlə yemək ye". Doğrudan da, yeməkdən sonra məni
buraxdılar. Sonradan bildim ki, o tayfa üçün şair
çox müqəddəs bir varlıqdır. Onlar şairə
əl qaldırmağın haram olduğunu
düşünürdülər. Və onların inancına
görə, şairə zərər yetirən kimsəni Allah
dərhal cəzalandırar, rəhmi gəlməz. Bu inanc
onları çox qorxudurdu. Beləcə, şeirlərim məni
köləlikdən, hətta ölümdən xilas etdi.
- Olumla ölüm arasındakı həyat, ruh və
ürəyin fərqi, sizcə, nədir?
- Həyat, doğrudan da, qısadır. O qısa
ömrü xoş, sevinc içində yaşamaq
lazımdır. İnsanlara maksimum sevgi, qayğı və
mehribanlıq göstərmək lazımdır. İnanın
ki, onda hamı xoşbəxt olar, hamının üzündə
təbəssüm görünər. Ruh və ürəyə
qalanda isə, mənim üçün bunlar hər ikisi
eynidir, amma bir fərqlə: ürək dayanandan sonra da ruh
yaşayır...
Söhbətləşdi: Xanım AYDIN
525-ci qəzet .- 2025.- 2 may(№75).- S.11.