Paul Hindemitin 130 illiyi
münasibətilə musiqi gecəsi
Bu günlərdə Beynəlxalq Muğam Mərkəzində
böyük alman bəstəkarı Paul Hindemitin (1895-1963)
anadan olmasının 130 illiyinə həsr olunmuş gecə
keçirildi. Tədbir Almaniyanın Azərbaycandakı səfirliyinin
dəstəyi ilə baş tutdu. Əvvəlcə tanınmış
jurnalist, Əməkdar mədəniyyət işçisi Rahib
Azəri "Almanlar Azərbaycanda" mövzusunu
işıqlandıraraq, Bakı memarlığında yer alan
alman irsindən danışdı. Sonra söz
musiqişünas, professor, Əməkdar incəsənət
xadimi Zümrüd Dadaşzadəyə verildi. Zümrüd
xanım konsert barədə təəssüratlarını bizimlə bölüşüb.
Paul Hindemiti XX əsrin birinci yarısının
Şönberq, Stravinski və Bartok kimi ən mühüm
simalarından biri adlandırırlar. Hindemit deyirdi ki, "ənənə
- külə sitayiş deyil, odu qorumaqdır". Bəstəkar
bu odu həssaslıqla qoruyanlardan, eyni zamanda yeni, kəşf
edilməmiş üfüqlərə can atanlardan biri idi.
Hindemit ənənəvi olaraq neoklassisizmin parlaq
nümayəndəsi hesab olunur. Lakin onun
yaradıcılığı müəyyən olunmuş
çərçivələrə sığmır, çətin
bir araya gələn xüsusiyyətlərin uzlaşması ilə
səciyyələnir. Belə ki, Hindemit dərin fəlsəfi
konsepsiyalara əsaslanan əsərlərlə ("Rəssam
Matis", "Dünyanın harmoniyası") yanaşı,
epataj xarakterli opuslar da (musiqidə qəzet elanlarından, qatar
cədvəllərindən istifadə) yaradırdı. Onun
yaradıcılığında yüksək akademizm - mükəmməl
konstruksiyalar, hər bir elementi düşünülüb
daşınılmış polifonik musiqi toxuması
üstünlük təşkil edir. Amma eyni zamanda o, geniş
auditoriyanı musiqiyə cəlb etmək məqsədi
daşıyan "tətbiqi musiqi" (Gebrauchsmusik) hərəkatının
təşəbbüskarı idi.
Sovet dönəmində Hindemit sənətinə
münasibət birmənalı olmasa da, bəstəkarın əsərləri
mütəmadi olaraq Bakıda, xüsusən də Qara Qarayev
adına Müasir Musiqi Festivallarında səslənirdi. Bu,
"Biz də dünyanın bir hissəsiyik" deyən
Q.Qarayevin qəti mövqeyini əks
etdirərək, Azərbaycanın
həmişə dünya musiqi mədəniyyətindəki ən
yeni təmayüllərə açıq olduğunu əyani
şəkildə sübut edir.
Hindemiti adətən "XX əsrin Baxı"
adlandırırlar. Buna görə də konsertdə bəstəkarın
Klavierstück əsəri ilə yanaşı,
İ.S.Baxın musiqisinin (orqan üçün e-moll
sonatasından Adagio A.Stradalın fortepiano versiyasında) səslənməsi
tamamilə təbii idi. Gecədə "lied" janrında bəstələnmiş
alman vokal musiqisinin gözəl çələngi də təqdim
olundu. Mahnı janrını simfoniya səviyyəsinə
yüksəldən Şubertin bir neçə mahnısı,
"beyni ilə hiss edən və ürəyi ilə
düşünən" Bramsın miniatürləri, həmçinin
XX əsrdə romantizmin qürub çağını təmsil
edən və romantizmin "vida mahnıları"nı yazan
R.Ştrausun mahnıları çox təbii səsləndi.
Gecənin baş qəhrəmanları isə ifaçılar idi. Konsertin baş
tutmasında beynəlxalq müsabiqələr laureatı,
müxtəlif festivalların iştirakçısı
pianoçu Tofiq Şıxıyevin rolu müstəsnadır.
O, mütəmadi maraqlı çıxışları ilə
sevindirərək, hər bir konsertin proqramına ciddi
yanaşma nümayiş etdirir. Yaxınlarda Tofiq
Şıxıyevin Osman Əyyublu və Aleksey Miltıxla
ansamblda Şubertin fortepiano triosunu (op.100) səsləndirməsi
yaddaqalan hadisə oldu.
Pianoçunun soprano Nigar Cəfərova ilə dueti
sözügedən gecədə
öz nadir ahəngdarlığı, hər bir əsərin
mahiyyətinə nüfuz etnək iqtidarı ilə sevindirdi.
Qeyd edək ki, N.Cəfərova Bakı Musiqi
Akademiyasını Fidan Qasımovanın sinfində bitirdikdən
sonra Qalina Vişnevskayanın opera mərkəzində
ustalığını təkmilləşdirib. Hazırda Azərbaycan
Opera və Balet Teatrının solisti olan N.Cəfərova
müxtəlif vokal gecələrində uğurla
çıxış edir. Məsələn, onun Fərhad Bədəlbəyli
ilə birlikdə ifa etdiyi Raxmaninov romansları xoş təəssüratlar
doğurmuşdu.
Hiss olunurdu ki, Muğam Mərkəzindəki konsert
arxasında ciddi yaradıcı iş durur. İki musiqiçi
bir-birini çox yaxşı anlayır və duyurdu: odur ansamblın ifası harmonik və bədii
cəhətdən inandırıcı idi.
Konsertin özəl cəhətləri sırasında R.Ştrausun son
opuslarından biri - "Soprano və orkestr üçün 4
mahnı" silsiləsindən miniatürün (Herman Hessenin
sözlərinə "Beim Schlafengehen" - "Yuxuya gedərkən")
Bakıda ilk ifası oldu. Səs və fortepiano
üçün təqdim olunan versiyada duet
iştirakçıları bərabərhüquqlu tərəfdaşlar
kimi çıxış etdilər. Həmin kövrək
vokal kompozisiyanın piano intermediyasında səhnədəki
musiqiçilərə qəflətən qoşulan violinin səsi
xüsusi bədii effekt yaratdı.
Konsert Hindemitin xatirəsinə ehtiramı ifadə edərək,
eyni zamanda Baxdan Hindemitə qədər alman musiqisi tarixinə
bir səyahət kimi düşünülmüşdü. Belə
ki, musiqiçilər
proqramı elə qurmuşdular ki, alman musiqi ənənəsinin
təkamülünü onun görkəmli nümayəndələrinin
yaradıcılığı timsalında - Baxın
polifoniyasından Şubert və Bramsın vokal miniatür
janrında yazılmış şah əsərləri,
Hindemitin novator eksperimentləri və Rixard Ştrausun qürub
romantizminə qədər göstərməyi bacardılar.
Konsert proqramında Hindemit bir əsərlə təmsil
olunsa da, onun musiqisinin alman bəstəkarları əhatəsində
təqdim olunması, bu sənətkarın musiqi
kontinuumundakı yerini daha dərindən hiss etməyə və
yaradıcılığının qaynaqlarını daha
yaxşı anlamağa imkan verdi.
Hindemitin yubiley ili davam edir. Musiqisinin mürəkkəbliyinə
baxmayaraq, XXI əsrdə də dinləyicilərin ürəklərinə
yol tapmağa davam edən, yeni nəsil musiqiçilər və
sənət həvəskarları üçün aktual və
ilhamverici qalan bu ustadın sənət dünyası ilə
yeni görüşlərin olacağına ümid edirik.
Hindemit "Bəstəkarın dünyası"
kitabında yazırdı ki, musiqi tarixini saysız-hesabsız
təpələr və dağ zirvələrindən ibarət
olan landşaftla müqayisə
etmək olar. Özü də həmin yüksəkliklərdən
heç birini daha əhəmiyyətli adlandırmaq olmaz. Buna
baxmayaraq, düşünürəm ki, Hindemiti musiqi tarixinin
zirvələrindən biri kimi səciyyələndirsək,
yanılmarıq. Çünki Hindemit XX əsrin musiqiyə hədsiz
sevgi, ali sənət prinsiplərinə nadir sədaqət sərgiləyən
nəhəng simalarından biridir.
525-ci qəzet .- 2025.- 2 may(№75).- S.9.