Mixaylo şəhərdədir
ya Heydər Əliyevin Mehdi Hüseynzadəyə son köməyi
O, kim ola bilərdi? Anlayıram, yolu insafsızca erkən
qırılmış, həm də hələ heç
onunçün başlıca olacaq səmti sonacan müəyyənləşdirməmiş,
hələ özünü aramaqda olan, istedadla
çağlayan bir gəncin yaşayarsa hansı yüksəkliklərə
çatacağını təsəvvür etməyə
çalışmaq bir xülyadır.
Amma illərdən bəri ömrünün çox
cizgilərini bitdə-bitdə öyrəndikcə,
doğmaları, yaxınları, ayrılmaz dostları ilə
dönə-dönə onun haqqında söhbət etdikcə,
öz yazdıqlarını oxuduqca asta-asta məndə bu
düşüncə də yaranıb ki, elə bil onu mən
də görmüşəmmiş,
tanışıqmış, məhrəmmişik.
Mənim Nizami muzeyində işləməyim artıq
40 ilə yaxınlaşır. Hər gün eyni şəkilləri
görmək, eyni heykəllərin yanından keçmək,
eyni dəhlizlərlə irəliləmək artıq
ömrümün təbii halına dönüb. Sanki işdə
deyil, elə evimdəyəm. Bunca bir yerdə olandan sonra həmin
rəsmlər də, heykəllər də səninçün
doğmalaşır, onları yaradanları da elə öz əqrəban
kimi qavrayırsan. Üstəlik, burası da var ki, mənim hələ
xeyli gənc, onlarınsa artıq xeyli yaşlı
çağıarında əksəri ilə daimi təmaslarım
olub. Bu muzeyin zallarını Kazım Kazımzadənin
(1913-1992), Tağı Tağıyevin (1917-1993), Oqtay
Sadıqzadənin, Əlibala Kazımovun, Əli Zeynalovun... əsərləri
bəzəyir. Bu adları muzeyə gözəllik verən əsərləri
yaratmış onlarca başqa görkəmli sənətkarların
arasından seçərək bu məqamda ona görə
sadalayıram ki, onlar hamısı 1930-cu illərin birinci
yarısında ovaxtkı səviyyəsi ilə elə
Akademiyaya bərabər Bakı Rəssamlıq Texnikumunda bərabər
oxumuşdular. Əlibala Kazımovla yaxınlığım
olmayıb, ancaq digərləri ilə illərcə mehriban təmaslarımız
davam edib, bəziləriylə elə simsar olmuşuq ki, hətta
evlərinə gedib-gəlmişəm - mən Nizami muzeyində
işə başlayanda Əli Zeynalov burada baş rəssamdı,
Tağı Tağıyev, həyat yoldaşı Həbibə
Məmmədxanlı mənimçün elə
doğmalarım kimiydilər, Seyid Hüseyn yadigarı Oqtay
Sadıqzadə də eləcə, yaşlaşdıqca nuru
artan Kazım müəllim də o cür. Onlardan mənə
qalan bolluca xatirələr içində Mehdi söhbətləri
də az deyil. Həm də bu, çox zaman elə
öz-özünə, söz-sözü çəkərək
baş verirdi. Bu, onların həyatı idi, gəncliyi idi,
dünənləri ananda qeyri-ixtiyari solmaz yaddaşların bir
başı gəlib Mehdidə dayanırdı. Bir də
görürdün ki, nəyisə axtarıb tapa bilməyəndə
Tağı müəllim heç dəxli olmadan
başlayırdı Həbibə xanımı qınamağa.
Deyinirdi ki, o vaxt şəkillərimi də sən aparıb
itirdin. Həbibə xanımın şirin gülümsəməyi,
aram danışığı və davranışı ilə
ən gərgin vəziyyəti də səngitmək qabiliyyəti
vardı. Tağı müəllim hər o təhər
başlayanda qımışırdı ki, mövzunu dəyiş,
bunu demisən.
Həbibə xanım Televiziyanın Ədəbi-dram
verilişləri redaksiyasında işləyirdi. Bir dəfə
Mehdi Hüseynzadə haqqında veriliş hazırlananda əməkdaşlardan
hansınınsa yadına düşür ki, bəs Həbibə
vaxtilə ağzından söz qaçırıbmış,
onlarda evdə Mehdinin Tağı Tağıyevlə, digər
sonranın tanınmış rəssamları ilə texnikumda
oxuyanda çəkilmiş nadir fotoları var. Həbibə
xanım 2, ya 3 fotonu aparıbmış, şəkillər o
gedən olur. Bəlkə də verilişin hazırlanması əsnasında
həmin fotoları itirən, ya özündə saxlayan kəs
üçün bu, elə vaxtaşırı baş verən
adi itkilərdən biriymiş ki, adama çox da təsir etməməliymiş.
Ancaq Tağı müəllimə bu, canından qopmuş tikələr
kimi gəlirdi. Üstündən nə qədər illər
sovuşandan sonra da yadına düşəndə təzədən
qızışırdı, toxtaya bilmirdi. Deyirdi ki, axı daha
o gün qayıdan deyil, o uşaqları bir yerə daha fələk
də toplaya bilməz.
Şəkillər 1934-dəmi, 1935-dəmi Rəssamlıq
Texnikumundakı dərs otaqlarında çəkilmişdi.
Tağı müəllimin "uşaqlar" dediyi Mehdi
Hüseynzadə idi, sonraların tanınmış sənətşünası,
professor, Mehdi ilə lap kiçik yaşlarından dostluq
etmiş Mürsəl Nəcəfov idi, sonralar Musiqili Komediya
Teatrının baş rəssamı olmuş Əsgər
Abbasov (1916-1970) idi, sonranın tanınan rəssamları Həbib
Əzimzadə, Ələsgər Dostəliyev idi. Həmin
fotolar onların dəstəsindən olan daha bir tələbə
dostun aparatı ilə çəkilmişdi və o
"uşaq" - sonraların görkəmli təsviri sənət
tədqiqçisi, professor Məmmədağa Tərlanov
(1918-1988) özü də onların arasındaymış.
Fotoaparatı bir başqasına veribmiş ki, düyməsini
bassın, özü qoşulubmuş yoldaşlarına.
Tağı müəllim şəkillərin itməsinə
növbəti dəfə heyifsilənərək köks
ötürürdü, qayıdırdı dünyanın ən
qayğısızı, ən xoşbəxti olduqları
günlərə, Mehdi Məmmədovla aralarında sukeçməz qədər
məhrəm olduqlarından, o Mehdiylə bu Mehdini tanış
etməsindən danışırdı, yada salırdı
günlərin birində Mehdi Hüseynzadəylə
özünün Koroğlunun surətini yaratmağa cəhd
etmələrini, o biri Mehdinin bunlara münsif duraraq şəkilləri
qiymətləndirməsini.
Qayıdırdı ki, dünyanın işinə bax,
qismət elə gətirdi ki, Mehdi özü bir Koroğlu kimi
ad çıxartdı, surət olub səhnəyə gəldi
və bir zamanlar bizim çəkdiyimiz Koroğlu rəsmlərinə qiymət verən Mehdi Məmmədov
da o tamaşanın rejissoru oldu, mərhum dostumuza səhnə
həyatı bağışladı...
Həqiqətən, nə məsud, min bir
sıxıntıyla müşayiət edilsə də, nə
asudəliklə dolu günlərmiş!..
...Dənizdə dalğalar bir-birinə təkan verən
kimi, şirin diləklər, saf niyyətlər onların qəhqəhələrlə,
çılğınlıqla daşan günlərini rövnəqləndirirmiş.
O əziz günlərlə əbədi vida
günü arasındakı təqvim məsafəsi əslində
heç çox da deyildi ki!
Mehdinin Novxanıda Xəzərə baş vurub ləpələrin
sığalı ilə xumarlandığı, narın qumlar
üstünə sərilərək səmanın
sonsuzluğunu arxayınca seyr etdiyi günlərdən nə
keçirdi ki!
Göz yaddaşındakı o əlvan mənzərələr
də, hansısa fotolar da vaxtın axarında itib-gedə
bilir, sellərin-suların yuya bilmədiyi sözlərsə
qalır, dünən olanları sabah da elə bir an qabaq cərəyan
edirmiş kimi dirçəldir.
Bütün bunlar şair Süleyman Rüstəmin
gözləri qarşısında baş vermişdi və
onillər sonra xəyalən həmin məsud əyyamlara
qayıdaraq belə yazmışdı:
Mən səni çox görmüşəm
cavanlıq çağlarında,
Bol əncirli-üzümlü Novxanı
bağlarında.
Ailənə yaxındım, bir qədər də qohumduq,
Sevərdi bacın, bibin səni canından artıq.
Sən bir od parçasıydın uşaqlar
arasında,
Bədənin bərkiyirdi bağların havasında.
Başına toplayaraq dostları dəstə-dəstə,
Oynardın, güləşərdin mirvari qumlar üstə.
Yaman qoçaqdın, qoçaq,
Boyuna baxmayaraq,
Dənizdə çarpışardın dağ boyda
dalğalarla,
Sahildə əl-qol atıb gəzişərdin
vüqarla.
Eloğlum, yadımdadır o dəmlər indikitək
Bağdakı uşaqlara, bir söz, ürəkdin,
ürək.
Bibin hərdən çatılmış
gördümü qaşlarını,
Sənə şirin dil töküb oxşardı
saçlarını.
Sən onun əziziydin,
Görən iki gözüydün.
Dalğalar sahillərdəki izləri yalayıb silən
kimi, illər də o bəxtiyar günləri yuyub-aparıb,
vaxtın uzaqlarında sayrışan ilğımlara döndərib...
...2011-ci ildə ilk dəfə Sloveniyaya yolum
düşüb Mehdinin məzarını ziyarət etdiyim
günlərdə, Şempasda, Çepovanda, Nova-Qoritsada olanda
mütləq Mehdinin bir zamanlar hünərləri ilə tarix
yazdığı İtaliyanın Triyest şəhərinə
də baş çəkməyi arzuladım, bu rahat şəhərin
küçələrində xeyli gəzib dolaşdım.
Gözəl Triyestdə çoxdan bitmiş müharibənin
yaddaş üşüdən kədərli ləpirləri də
ara-sıra gözə dəyirdi, İkinci Dünya
savaşı zamanı partladılmış ayrı-ayrı
binaların qalıqları elə o çağdakı kimi
saxlanmışdı.
Arada şakərimə uyğun olaraq yan keçə
bilmədiyim bir kitab mağazasına girmişdim, orada da
gözümə italyanca bir kitab sataşdı. Müharibə
dövrünün fotolarından ibarət albom idi. Bu tarixi
fotolar Triyestdə dava illərində viran edilmiş
binaları - onların ilkin göz oxşayan vəziyyətini
və partlayışdan sonra düşdükləri halı
göstərirdi.
Triyestə, təbii ki, avtomobillə gəlmişdik və
xeyli də yoldur. Amma düşünürdüm ki, axı
1944-cü ildə dağlar başındakı Çepovan kəndinə
sığınmış Mixaylo və silahdaşları hər
dəfə riskli əməliyyatları yerinə yetirməkçün
Triyestə indi bizim 40-45 dəqiqəyə qət etdiyimiz rahat
şose yollarından keçərək, həm də
hansısa nəqliyyat vasitəsindən istifadə etməklə
yox, xəlvəti, sıx meşələrdən,
daşlı-qayalı narahat dağ cığırlarından
aşaraq payi-piyada gedirmişlər. Mehdi və onun məslək
qardaşlarının fövqəladə şücaətləri
bir ayrı, amma o hünərləri göstərənədək
və hər əməliyyatdan sonra,
payızın-qışın sərt günlərində, gecənin
qaranlığında nigaran, təşvişli anlar
yaşayandan sonra həndir-hamar yolları qət etmələrinin
özü də ayrı bir igidlik idi.
Yadıma düşür yenə partizan yoldaşı
Mikayıl Qulubəyovun Bakıda, Dövlət Təhlükəsizlik
Komitəsində Mehdi Hüseynzadənin qəhrəmanlıqları
tarixçəsini bərpa etməkçün aparılan
dindirməsində məhz başverənləri ən
yaxın məsafədən izləməsi səbəbiylə
kimsənin görmədiyi, bilmədiyi ayrıntıları
çatdırması. 1956-cı il aprelin 19-dakı ifadəsində
Qulubəyovun bəhs etdiyi həmin əməliyyat haqqında əvvəl
söz açımışamsa da, dəqiqlik naminə o
doğruçu şahidin danışdıqlarını bu
yerdə sözbəsöz saxlayıram. Deyirdi ki, Mixaylonun
Triyest şəhərindəki ikinci böyük əməliyyatı
1944-cü il mayın sonlarında oldu. Mehdiyə komandanlıq
tərəfindən Triyestdə "Soldatenheym"i partlatmaq
tapşırılmışdı. "Soldatenheym" -
"Əsgər evi" alman əsgər və zabitləri
üçün bir mehmanxana idi ki, orada yerli və gəlmə,
o cümlədən tranzit alman əsgər və zabitləri
qalırdı. Mehdi bu əməliyyatı da 9-cu korpusun
komandanlığının tapşırığı ilə
yerinə yetirmişdi. Həmin əməliyyat belə baş
vermişdir: Mehdi əməliyyat vaxtı alman mayoru rolunda idi.
Tağı Əliyev, Frits və başqa adyutantlar,
tabeçilikdə olan zabitlər isə onun dəstəsini təşkil
edirdi. Onlara belə sənəd hazırlanmışdı ki,
guya hansısa hissənin sərəncamına gəliblər və
tranzitlə burada qaldıqdan sonra cəbhəyə gedəcəklər.
Onlar Triyest şəhərinin mərkəzindəki
"Soldatenheym"də yerləşmişdilər. Bu,
dördmərtəbəli daş bina idi və alman
komendaturası da onun aşağı mərtəbəsində
yerləşmişdi. İkinci mərtəbə restoran idi,
üç və dördüncü mərtəbələr
isə mehmanxana (Hələ buracan neçə təfərrüat
var ki, həmin əməliyyat haqqındakı heç bir xəbərdə,
yazıda yoxdur. Hələ ardı da gəlir. Məhz belə
detallara görə bu qəbil şahid söyləyişlərini
yuvarlaqlaşdıraraq deyil, olduğu kimi təqdim etmək həmişə
daha məsləhətlidir - R.H.). Mixaylo naharın hansı
saatda ediləcəyini irəlicədən müəyyənləşdirmişdi
və həmin vaxt onu müşayiət edən zabitlər yeməyə
gəldilər. Yeri gəlmişkən, onlardan hər biri
ayrıca stolda oturmuşdu və hər birinin də yanında
içərisində partlayıcı olan öz
çamadanı var idi. Belə şərtləşmişdilər
ki, nahar edəndən bir saat sonra cəld qurğularını
işə salaraq binanı tərk etsinlər.
Danışmışdılar ki, yaxınlıqdakı bir
binanın yanından əməliyyatın nəticəsini
müşahidə etsinlər. Restoranın dolu olduğu,
naharın gur dəqiqələrində Mehdi və onun
komandası yeməklərini yedikdən sonra hər biri
içərisində 15 dəqiqə sonra işə
düşmək üçün tənzimlənmiş
partlayıcı qurğu olan öz çamadanını
oturduğu stulun altındaca qoyaraq qəfildən restoranı tərk
etdi, az sonra isə yalnız Triyest şəhərinin mərkəzində
deyil, ən uzaq ətraflarda da eşidilən dəhşətli
partlayış qopdu. Hətta Villa Obçinadakı almanlar da
o partlayışın səsini eşitdilər. Dördmərtəbəli
bina tamamilə yerlə yeksan olmuşdu. Ölən alman əsgər
və zabitlərinin, generallarının sayı həddən
artıq çox idi. Dəqiq rəqəm yadımda
qalmayıb, təxminən 300 nəfərə qədər
insan həlak olmuşdu. İki dəfə, bəlkə də
çox sayda isə yaralananlar vardı. Bu, Mehdinin Triyestdə
həyata keçirdiyi ən böyük əməliyyat idi.
Partlayışdan sonra Mehdi yenə almanların arasında
olmuş, qayda-qanun, sahman yaratmaq prosesini idarə etmişdir.
Ertəsi gün Mehdi və onun komandası uğurla
partizanların yanına qayıtdı".
Diqqət edirsinizmi - Mixaylo "Soldatenheym"in
partladılmasını təşkil edir, əməliyyatda
müşahidəçi kimi iştirak edənlərdən,
gedişata köməkçiləri olaraq qatılanlara
tapşırığı bu olur ki, siz gedin. Özü isə
qalır. Alman zabiti kimi girir partlayışın ardınca gələn
proseslərin içinə - bina tar-mar olandan sonra sağ
qalanların guya xilası, ölülərin
dağıntılar altından çıxarılaraq hospitala
göndərilməsi prosesində iştirak edir. Yəni
öz yüksək çinli alman zabiti rolunu axıracan
"vicdanla" oynayır.
Mikayıl Qulubəyov o hadisəyə şahidliyini belə
davam etdirirdi: "Ertəsi gün Mehdi və onun komandası
müvəffəqiyyətli bir şəkildə
partizanların yanına qayıdıb gəldi. Mehdi müfəssəl
şəkildə, hər dəfə olduğu kimi, yenə əməliyyatın
gedişi haqqında məlumat verdi. O, özü ilə
baş verən hadisə barədə xəbərlər dərc
edilmiş qəzetləri də gətirmişdi. Həmin əməliyyatdan
sonra Mixaylonun adı yalnız Sloveniyada deyil, onun sərhədlərindən
xeyli uzaqlarda da, o cümlədən bütün Yuqoslaviyada
dillərdə gəzirdi. Marşal Tito özü də
artıq bu barədə eşitmişdi və Mehdinin qəhrəmanlığını
imzaladığı sərəncamda da əks
etdirmişdi".
Mehdi və onun dəstəsinin ertəsi gün
qayıdıb gəldiyini deyir.
"Ertəsi gün" ona görə ki, o həngamədən
sonra Triyestdən bunca uzun və narahat yolu piyada aşaraq qərargaha
gəlib çatmaqçün 9-10 saat deyil, bəlkə bundan
da artıq vaxt gərəkdi.
Yaxud Qulubəyov həmin ifadə-müsahibəsində
Mehdinin daha bir ciddi təxribat əməliyyatını yerinə
yetirməsindən ən xırda cizgiləriylə
danışandan sonra yenə əlavə edir ki, qərargaha gəldi,
hesabatını verdi: "Mehdinin üçüncü
böyük əməliyyatı Triyestdəki alman əsgər
və zabitlərinin getdiyi fahişəxananın
partladılması idi. Kəşfiyyatçılar - məxfi
fəaliyyət göstərən partizanlar komandanlığa
məlumat verdilər ki, hər gün həmin fahişəxanada
çoxlu alman hərbçisi toplaşır və onların
sırasında həm yerli, həm gəlmə alman zabitləri
olur. Mehdiyə o binanı da partlatmaq
tapşırığı verildi. Mehdi
tapşırığı aldıqdan sonra yoldaşları ilə
bərabər alman zabiti formasında Triyestə gəldi. O
fahişəxana Viya Formono küçəsində yerləşirdi.
Özlərini həmin binaya gələnlər kimi qələmə
verərək Mehdi və ətrafındakılar binaya daxil olub
gözləmə zalında növbədə dayandılar.
Onlar ətrafı seyr edir, almanların buraya daha çox
yığışmasını gözləyirdilər.
Görəndə ki, gözləmə zalında artıq xeyli
alman əsgər və zabiti var, onlar partlayıcı
qurğunu gizlədərək fahişəxananı tərk
etdilər və kənardan partlayış məqamını
gözləməyə başladılar. 20-25 dəqiqə
sonra fahişəxana partladı və ora gələnlərin
heç biri salamat qurtara bilmədi. Burada, eyni zamanda, xeyli
ağır yaralananlar vardı. Mehdi
tapşırığı yerinə yetirəndən sonra
komandanlığa gələrək əməliyyatın yerinə
yetirilməsi barədə hesabat verdi".
Deməli, bir daha həmin yorucu, üzücü, həm
də daha təhlükəli, bəlkə əməliyyatın
özündən də qat-qat artıq güc və əsəb
aparan məsafəni arxada qoyaraq Mixaylo və yoldaşları qərargaha
gəlirlər. Təhlükənin daha artıq olmasına isə
səbəb o idi ki, bu 50-60 kilometrlik məsafəni piyada qət
edərkən elə 50-60 dəfə faşist dəstələriylə
qarşı-qarşıya gəlmək, əzazil düşmənin
qurduğu pusqu tələsinə düşmək ehtimalı
da nə qədər desən vardı.
İnsanı əqidə, amala sadiqlik idarə etməsə,
ömründə bir belə əziyyətə tablaşa bilməz,
ya da bir-iki dəfədən sonra bezər, çiyrinər.
İndinin şüşə kimi hamar asfalt yolu ilə
İtaliyanın Triyestindən ovaxtkı Yuqoslaviyanın -
indiki Sloveniyanın Çepovanına, Şempasına gəlməklə
həmin məsafənin dağlardan-daşlardan keçərək
getməyin fərqini düşünərkən kilometrlərin
ikiqat uzandığını da ağla gətirmək gərəkdir.
Şahid partizanlar şəhid partizanın - Mixaylonun
yenə qərargahdan çox uzaqda törətdiyi, yenə
piyada çətin və qorxulu yolları keçərək
qayıdıb komandanlığa hesabatını verdiyi, oradan
da yenə piyada düşərgəyə
yollandığı 4-cü böyük əməliyyatından
da soraq verirlər.
Bu hadisə yenə İtaliyanın Qoritsa şəhərində
olmuşdu. Mixaylo rəhbərliyin tapşırığı
ilə Qoritsa və Triyest şəhərlərini elektrik
enerjisi ilə təmin edən böyük transformatoru
partlatmalı idi. Əmri yerinə yetirir və bu təxribat nəticəsində
Qoritsa və Triyest şəhərləri uzun müddət
işıqsız qalır.
Ölümün çəngindən salamat qurtararaq
ev-eşiyinə dönə bilmiş, haqqı gizlətməməyi
vicdan borcu sayan keçmiş partizan yoldaşlarının
hamısının təsdiq etmiş olduğu bir həqiqət
də budur ki, həmin böyük əməliyyatlardan
savayı Mehdinin onlara başqa, nisbətən xırda, ancaq hər
biri faşistlərdə vahiməni artıran, xofu şiddətləndirən
əməliyyatları olmuşdu.
Elə bu səbəbdəndir ki, Mixaylonun şücaətləri
haqqında yalnız özümüzünkülər deyil,
başqa xalqlardan olan keçmiş partizanlar da onillər
ötəndən sonra belə susmağı rəva görməmişlər.
Moskvada "Nauka" ("Elm") nəşriyyatında
1973-cü ildə çıxmış "Sovetskie lödi v
osvoboditelğnoy borğbe öqoslavskoqo naroda" ("Sovet
adamları yuqoslav xalqının azadlıq mübarizəsində")
adlı kitabda Yuqoslaviya Xalq Azadlıq Ordusunun 31-ci diviziyası
9-cu korpusunun keçmiş qərargah rəisi Stanko Petelin
Voykonun belə bir xatirəsi yer alır ki, "1944-cü ilin
yazında 31-ci diviziyanın həyata keçirdiyi təxribat əməliyyatlarından
söz açarkən Tadek Sadevski Tomo və Yevgena
Mateyka-Pemtsin adları ilə yanaşı 31-ci diviziyanın
iki fəal minaçısının - Mark Kalaşnikov və
Mixaylo-Mehdi Hüseynzadənin adlarını çəkməmək
ədalətsizlik olardı".
...Mehdi bu şeiri yazanda hələ onun bir-birindən
heyrətamiz igidlikləriylə işıqlanan və hər
növbətisi qələbəyə inamı daha da
artıran günləri qarşıda idi. Ancaq əl-qolunun
daha bağlı olduğu həmin günlərdə də
içərisində heç vəchlə solmayacaq ümid
çırpınırdı, ürəyi Azərbaycanda,
Bakıda, sevdiklərinin yanında idi. Elə olmasa, bu
şeiri yaza bilərdimi?
Əsincə sabahın sərin yelləri,
Baxıb uzaqlara yar gəlib dedim.
Töküb gərdəninə qara telləri
Bəlkə bir məqsədi var gəlir dedim.
Bəyaz üfüq al qana bulananda,
Pərvanələr başına dolananda,
Könül həyəcandan coşub-yananda
Yaxın-uzaqlardan yar gəlib dedim.
Nə edim, aldanıb oldum naşı mən,
Fərhadtək qopardım hər bir daşı mən.
Nə olar, görəydim qara daşı mən,
Mənə mehman olub, yar gəlir dedim.
Neylərəm nəş`əni o nazlı yarsız,
Sevginiz olarsa bunu duyarsız.
Baxıb qəhqəhəmə söyləmə
"arsız",
Bəlkə uzaqlardan yar gəlir dedim.
Bu şeirin altında Mehdi imzasını belə qoyub:
"Legionçu Qürbətzadə".
Vətəndə yarı görüb ürəkdən
qəhqəhə çəkəcəyi o günə
çatmaq Mehdiyiə nəsib olmadı. Vətənə onun əvəzinə
heykəli gəldi. Onda Mehdinin 55 yaşı olmalı idi. Ancaq
26 yaşında qalmışdı...
...Belə ssenarini yazmağa Pərvərdigardan qeyri
kim qadir olar?!
1935-ci ildə qəlbində çoxdan bəslədiyi
arzusuna yetişmiş, Leninqradda (indi Sankt-Peterburq) Rəssamlıq
Akademiyasının Heykəltəraşlıq fakültəsinə
qəbul olunmuş, həyatında büsbütün yeni səhifə
açılmış Fuad Əbdürrəhmanovun yeniliklərlə
dolu günlərinin içərisində ürəksevindirən
bolluca təzəliklərin böyründə könlünə
təsəlli olan köhnələr də vardı - bu soyuq
şəhərdə isti Bakısından, Azərbaycandan,
doğmalarından ötrü çox darıxırdı,
içərisindəki boşluğu dolduran, onu ruhən
ovunduran isə tez-tez görüşdüyü əski
dostlarından biri idi.
Mehdi ilə Fuadın
yaş fərqi 2-3 il idi. Amma bu, onların arasında
möhkəm dostluğun yaranmasına mane olmamışdı.
Yaxınlıqları Bakı Rəssamlıq
Texnikumunda birgə oxuduqları vaxtlardan
başlanmışdı.
Fuad Əbdürrəhmanovun həyat yoldaşı
Şükufə xanım Mirzəyeva ilə mən Elmlər
Akademiyamızın Fəlsəfə və Hüquq
İnstitutunda birgə işləmişəm. O vaxt artıq
neçə il idi ki, ömür hayanını itirmişdi.
Şükufə xanım mənə Fuadın Leninqrad
illəri, Mehdi Hüseynzadə ilə bağlı söylədiyi
xatirələri ərinin dilindən danışırdı. Fuad
deyirmiş ki, Leninqradın bəyaz gecələrində Mehdi
ilə bəzən səhərə qədər gəzib-dolaşır,
söhbət edir, gələcək haqda xəyallarımızı
bölüşürdük. Mehdi də Leninqrada Rəssamlıq
Akademiyasına girmək arzusu ilə gəlmişdi. İlk cəhdi
alınmamışdısa da, Xarici Dillər İnstitutuna qəbul
olunmuşdusa da, ürəyindəki qəti arzusu bu idi ki, təhsilini
hökmən Rəssamlıq Akademiyasında davam etdirsin.
Leninqradın gündüz kimi işıqlı bəyaz
gecələrində səhərə qədər gəzirlərmiş,
sakit küçələrdən keçə-keçə dərdləşirlərmiş.
Fuad Şükufə xanıma söyləyibmiş ki,
zarafatcıl Mehdi gülə-gülə deyibmiş: "Gələcəkdə
biz ikimiz də mütləq böyük olacağıq. Mən
böyük rəssam, sənsə böyük heykəltəraş.
Çox əsərlər yaradacağıq, amma sən də,
mən də böyük olacağımız
üçün gərək bir-birimizin də surətlərini
yaradaq. Mən sənin portretini çəkərəm,
böyük heykəltəraşın surətini yaradaram, sən
də mənim - böyük rəssamın
heykəlini düzəldərsən".
İki gənc Neva sahili ilə gəzə-gəzə
bu söhbətləri edəndə 1930-cu illərin
ortaları idi və dümağ gecələrin sakitliyində
dilə gətirdikləri bu diləklərini onların ikisindən
başqa eşidən bircə Allah idi.
Onillər ötəcək, vaxt dənizində
dalğalar çox qalxıb-enəcək və bu iki gəncin
Leninqradın həlim yay gecələrinin səssizliyinə
tapşırdıqları vədləri, arzudan daha çox
duaya bənzəyən o sözləri gerçəyə
çevriləcək.
Hər ikisi, həqiqətən, böyük olacaq!
Mehdi Hüseynzadə rəssam kimi yox, cəsur
müharibə qəhrəmanı kimi şöhrət tapacaq,
tarixdə həmişəlik qalacaq, xalqının
iftixarına çevriləcək.
Fuad Əbdürrəhmanov Vətəninin və
dünyanın tanıdığı görkəmli heykəltaraşa
dönəcək.
Ancaq bir-birinə gələcəyə bağlı
arzularını xısın-xısın söylədikləri
həmin Leninqrad gecələrindəki vədlərdən biri
baş tutacaq, digəri yox.
Mehdi rəssam olmağına oldu, amma araya dava girdi,
fırçasından, rənglərindən, molbertindən
ayrılaraq odun-alovun ağuşuna atılası, cəhbələrə
yollanası oldu, silah götürdü, döyüşdü,
bəşəriyyəti faşizm taunundan xilas etmək
yolundakı savaşda canını qurban verdi.
Dilə gətirmiş olduğu arzularından daha birinə
yetişmək - böyük rəssama çevrilərək
böyük heykəltəraşa dönmüş dostunun rəsmini
çəkmək ona nəsib olmadı.
Fuad Əbdürrəhmanovsa vədinə əməl
etdi. Dostu Mehdi Hüseynzadənin möhtəşəm abidəsini
yaratdı.
Ancaq tale elə gətirdi ki, bu heykəl ondan qalan son
böyük əsər oldu...
Abidənin yeri bəlli idi - Bakının artıq mərkəzə
çevrilmiş hissəsində, daim izdihamlı,
bütün rayonların qovuşma nöqtəsində, avtobus
vağzalının həndəvərində
ucaldılması nəzərdə tutulan bu abidənin
üstündə Fuad çox əsirdi.
Söz yox, hər əsəri onunçün əziz
idi. Amma bu abidənin mənası onunçün
büsbütün başqa idi. Bu abidə onun
ömrünün bir parçası olan, həyatı
yarımçıq qırılmış istedadlı gənclik
dostu Mehdiyə Fuadın vəfa borcu idi. Gipsdən
hazırladığı heykəli tuncdan tökülməsi
üçün Moskvaya yola salır, səbirsizliklə
gözləyir ki, tezliklə abidə hazır olacaq, qayıdıb
gələcək Bakıya və Mehdi Hüseynzadənin heykəlinin
Bakıda ucaldılması bayramı onun həyatının ən
fərəhli hadisəsinə çevriləcək.
Lakin Mehdi Hüseynzadəyə dostunun - böyük
heykəltaraş Fuad Əbdürrəhmanovun portretini çəkmək
nəsib olmadığı kimi, Fuad Əbdürrəhmanova da əziz
dostunun, böyük qəhrəman Mehdi Hüseynzadənin abidəsinin
Bakıda ucalmasını görmək qismət deyilmiş.
Amansız xəstəlik Fuadı 1971-ci ilin 15 iyununda
aparır. Heykəlin üstündəki örtük təntənə
ilə 2 il sonra götürülür. 1973-cü ildə Mehdi
Hüseynzadənin heykələ dönüb Vətənə
qayıdışı bayramına qatılanlar arasında abidənin
müəllifi Fuad Əbdürrəhmanov artıq yox idi. O
gün Mehdi Hüseynzadənin abidəsini açan həmin
dövrdə Azərbaycan respublikasına rəhbərlik edən
Heydər Əliyev idi və bu da taleyin bir başqa cazibəsi
və yazısı idi.
...1957-ci il avqust ayının 3-də Heydər
Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin
Əks-kəşfiyyat şöbəsində
çalışırdı və 2-ci şöbənin rəis
müavini idi. Həmin gün mayor Heydər Əliyevin
masasının üstünə belə bir məzmunda məktub
gəlib çıxmışdı ki, SSRİ-nin
Belqraddakı səfarətxanasının müşaviri
Sergeyçik 1956-cı il oktyabr ayının 23-də
Yuqoslaviya Federativ Xalq Respublikası Dövlət Katibliyinin
Xarici İşlər üzrə Siyasi şöbəsinin
müdiri F.Babiçə müraciət edərək
"Mixaylo" ləqəbi ilə məşhur olan, Yuqoslav
ordusunun 9-cu korpusunun partizanı kimi 1944-cü ilin noyabrında
Şempas yaxınlığındakı Vitovle kəndində
həlak olmuş sovet vətəndaşı Hüseynzadə
Mehdi Hənifə oğlu haqqında material toplanmasını
xahiş edibmiş, lakin müxtəlif əlaqədar qurumlar
bu məsələ ilə məşğul olsa da,
axtarışlar müsbət nəticə verməyibmiş.
Lakin təhqiqat davam etdirilmiş və indi Yuqoslaviya Federativ
Respublikasının üç vətəndaşının
ifadələri əsasında səfirliyə belə bir məzmunda
məlumatlar daxil olmuşdur ki, 1943-cü ilin sentyabrında
almanlardan qaçaraq Yuqoslav ordusunun 9-cu korpusunun qərargahına
gəlmiş Mehdi Hüseynzadə 9-cu korpusun tərkibində
təxribat qrupunun üzvü olmuş və "Cəhənnəm
maşınları"nın quraşdırılmasında
ixtisaslaşmışdır. Bir neçə uğurlu əməliyyat
keçirmişdir. Uğurlu əməliyyatlara görə
9-cu korpus onu təxribatçıların xüsusi qrupunun
komandiri təyin etmiş və ona xüsusi tapşırıq
vermişdir. 1944-cü ilin noyabrında Şempas
yaxınlığındakı Vitovle kəndində bir evdə
almanlar tərəfindən mühasirəyə
alınmış, qısa və qəhrəmancasına
döyüş gedişində çoxlu alman
öldürülmüş, ancaq Mehdi Hüseynzadə həmin
evin qarşısında yaralanmış və
öldürülmüşdür. Onunla birlikdə daha iki
partizan həlak olmuşdur. Onu tanıyan
yoldaşlarının deməsinə görə,
keçirdiyi bütün əməliyyatlarda o, xüsusi qəhrəmanlıq
və şücaət göstərmişdir.
Məktub-arayışda Mehdi Hüseynzadənin sonralar
hər kəsə bəlli olacaq şücaətlərinin bir
qismi sadalanırdı.
Bu da qeyd edilirdi ki, xidməti arayışı sovet tərəfinə
təqdim edərkən Yuqoslaviya Dövlət Katibliyinin rəsmisi
Babiç hələ bunların Hüseynzadənin qəhrəmanlıqları
haqqında məlumatların hamısı
olmadığını bildirib.
Bu, Mehdi haqqında Moskvadan Bakıya dövlət səviyyəsində
göndərilən və xarici mənbələr əsasında
Mehdinin qəhrəman olduğunu təsdiqləyən ilk
mötəbər sənəd idi.
Bu, Azərbaycan DTK-sı üçün artıq
Mehdi Hüseynzadənin döyüş yoluna yeni
baxışla yanaşmaq istiqamətində daha qətiyyət
və inamla çalışmaqdan ötrü vacib bir ipucu idi.
Heydər Əliyev Moskvadan gələn məktuba dərhal dərkənar
qoyaraq DTK-nın 3-cü şöbəsinin 2-ci bölməsinin
rəisi, sonralar da illərcə onunla yanaşı işləyəcək
kapitan Vladimir Bantserevə yönəldir və rəhbərliyə
məruzə etmək, Mixaylo ilə əlaqədar fəaliyyətləri
genişləndirə bilməkçün yuqoslavlar tərəfindən
hazırlanmış mətnin əslini istəyir.
...Bu söhbətləri isə unudulmaz Heydər
Əliyev artıq 38 il sonra, 1995-ci il dekabrın 16-da Azərbaycan
Kinematoqrafçılar İttifaqı İdarə heyətinin
üzvləri ilə görüşəndə
keçmişləri xatırlayaraq edirdi ki, "1950-ci illərin
əvvəlləri idi, biz DTK-da müharibə vaxtı kimin
faşistlərə xidmət etməsi, kimin onlara
satılması, kimin qəhrəman olması məsələləri
ilə məşğul idik. Düzünü deyim, ümumiyyətlə,
o zaman bizim sistemin istiqaməti də bundan ibarət idi ki,
düşmənlərimizə kimin kömək etdiyini
axtarıb tapaq. Bu işlər gedirdi. Mehdi Hüseynzadə
haqqında materiallarda onu təqdim edirdilər ki,
başqaları kimi əsir düşübdür, faşistlərə
xidmət edibdir. İlkin məlumatlardan Mehdi Hüseynzadə
haqqında belə təsəvvür yaranırdı. Ancaq
xoşbəxtlik ondadır ki, biz bunun dərinliyinə getdik. Baxıb
gördük ki, doğrudan da, əsir düşübdür,
faşistlərin yanında xidmət edibdir. Ancaq həmin xidməti
nədən ibarətdir? O materialları qaldırdıq. Yenə
xatirimdədir, təxminən 1956-57-ci illər idi, ancaq
bunları qəbul etmək istəmirdilər. Yenə deyirəm,
istiqamət ondan ibarət idi ki, düşmənləri tapaq -
kim gedib legionda qulluq edib, kim faşistlərə qulluq edib.
Orada kim qəhrəmanlıq göstərib - bunu axtaran yox idi.
Özü də düşmən arxasındakı qəhrəmanlar
sonradan meydana çıxdı. Həmin o "Baharın 17
anı" və başqa filmlər görün nə vaxt
çəkildi, amma biz "Uzaq sahillərdə"ni nə
vaxt çəkdik?"
Görün ha, baxmayaraq ki, Mehdi Hüseynzadənin bir
qəhrəman olaraq cəmiyyətə təqdim edilməsi
haqqında artıq Kremlin göstərişi vardı, yenə
ifrat mühafizəkarlar, inadla müqavimət göstərənlər,
həqiqəti qəbul etmək istəməyənlər
varmış. Hər halda Heydər Əliyev DTK-da bu məsələlərin
pərdəarxasını görən insan idi və o hadisələrdən
onillər ötəndən sonra elə həmin
görüşdə belə yada salırdı ki, "Mehdi
Hüseynzadənin Sovet İttifaqı Qəhrəmanı
adı alması da uzun çəkdi. Bunu etmək istəmirdilər.
Moskvada bəziləri buna inanmırdılar. Biz bu barədə
çox əziyyət çəkdik".
Bu sözlərin böyük həqiqəti ondan ibarətdir
ki, Mehdi Hüseynzadənin qəhrəmanlıqlarının
araşdırılıb aşkarlanması ilə əlaqədar
sovet lideri İosif Stalin göstərişi 1952-ci ildə versə
də, Mehdinin Sovet İttifaqı Qəhrəmanının
"Qızıl ulduz"una layiq görülməsi
haqqında fərman yalnız 1957-ci ilin aprelində
imzalandı.
Mehdinin qayıdışı yolunun
başlanğıcında dayananlardan olmuş Heydər
Əliyev buna görə də özünü məsud hesab
edirdi ki, Mehdi Hüseynzadənin heykələ çevrilərək
Azərbaycana qayıdışı da onun respublikaya rəhbərlik
etdiyi dövrə təsadüf etmişdi. 1973-cü ildə
Mehdi Hüseynzadəyə böyük heykəltəraşımız
Fuad Əbdürrəhmanovun yaratdığı "Mehdi
Hüseynzadə" heykəlinin
açılışını, sonralar hər ilin 9
mayında - Qələbə günündə o heykəlin ətrafına
yığışaraq bayram təntənələrinin qeyd
edilməsini də Heydər Əliyev məmnunluqla
xatırlayırdı.
Ancaq İlahi cazibə hələ xeyli sonralar da davam
etməliymiş və Heydər Əliyevin Mehdi Hüseynzadəyə
daha bir ciddi köməyi və yaxşılığı
artıq özünün də həyatda olmadığı
çağlarda baş tutmalıymış - Heydər
Əliyev bu dəfə öz böyük adı ilə Mehdiyə
dayaq duracaqdı. Bu tarixçəni də gərək nəql
edim ki, ibrətli hekayət bütövləşsin.
...Avropa Şurasının növbəti yay
sessiyasında iştirak etməkçün 2012-ci ilin iyununda
Strasburqa uçurdum. O vaxtlar adətən Bakıdan
"Lufthansa" təyyarəsi ilə Frankfurta uçar,
yolun davamını avtobusla gedərdik. Təyyarənin enməsi
ilə avtobusun yola düşməsi
arasında isə xeyli gözləmə saatları vardı.
Frankfurt hava limanında köhnə dostum, AZAL-ın oradakı
təmsilçisi olan Tahir Əskərovla rastlaşdım,
kafedə əyləşib Allah-bəndə söhbəti
edirdik, birdən qayıtdı ki, sonra səni görməmişəm,
Kişinin heykəli necə gedib çatdı? Düzü,
sualı anlamadım. Soruşdum ki, nə heykəl?
Qayıtdı ki, keçən il axı sən muzey düzəldirdin,
Sloveniyaya Heydər Əliyevin heykəli getməli idi. Dedim:
"Yox, ora Heydər Əliyevin heykəli getmirdi ki! Mehdi
Hüseynzadəyə muzey yaradırdıq,
açılışını Prezident İlham Əliyev edəcəkdi,
ancaq bütün eksponatları, o cümlədən Mixaylonun
heykəlini şirkətiniz mənim uçduğum təyyarə
ilə göndərməli olduğu halda
yollamamışdı, mən də həddən ziyadə
böhranlı vəziyyətə düşmüşdüm,
çünki bütün məsuliyyət boynumda idi".
Tahir təəccüblə dilləndi ki, gec saatlarda rəhbərliyimizdən
təcili tapşırıq gəldi ki, xüsusi təyyarə
ilə yük göndərilir, Kişinin heykəlidir,
Sloveniyada muzey açılmalıdır, gecə ilə
maşın tapıb bunları səhər açılanadək
ora çatdırmalıyıq. Biz də tez əlhaya
düşdük, ən etibarlı daşıma şirkəti
ilə danışdıq. "Kişinin heykəli"
demişdilər, biz də fikirləşdik, yəqin, yük
Heydər Əliyevin heykəlidir, ona görə işə
ikiqat artıq məsuliyyətlə yanaşdıq. Bakıdan
gələn qutuları təyyarədən enən kimi kirələdiyimiz
maşına ehmallıca qoyduq ki, zədələnib-eləməsin,
sürücüyə də dönə-dönə
tapşırdıq ki, muğayat olsun, çox vacib bir abidəni
aparır.
2011-ci ilin yazında Mehdi Hüseynzadənin Sloveniyada
muzeyi açılarkən, o muzeydə qəhrəmanın Vətənində,
Novxanıda olan möhtəşəm heykəlinin eynisi
ucaldılarkən Mixaylonun həlak olmasından 67 il
keçirdi, Heydər Əliyev də artıq 8 il idi ki, həyatda
yox idi.
Heydər Əliyev 1969-cu ildə Azərbaycan
respublikasına rəhbərliyə başladığı,
işə odlu-alovlu girişdiyi illəri yada salanda söyləyirdi
ki, real vəziyyəti gözümlə görüb qiymətləndirməkçün
hərdən özüm şəhərə
çıxırdım, bazara-dükana, camaat arasına
yollanırdım. Əvvəllər Dövlət Təhlükəsizlik
Komitəsində çalışdığımdan
televiziyada-filanda görünməmişdim, qəzet-jurnalda
şəkillərim dərc olunmamışdı, hələ
məni üzdən tanıyanlar lap az idi. Şəhərə
belə çıxışlarım bəzilərində həyəcan,
narahatlıq oyadırmış, nə şəkildəsə
yenə şəhəri gəzdiyimi bilincə xəbər
yayırmışlar ki, "Mixaylo şəhərdədir!"
...2011-ci ilin 10 iyununda Azərbaycan Prezidenti İlham
Əliyev Şempas kəndinə gələcək, orada
Sloveniya Prezidenti Danilo Turkla birgə Mehdi Hüseynzadənin xatirə
muzeyinin açılışını edəcəkdi. Heydər
Əliyevsə oralara daha əvvəldən gəlib
çıxmışdı. Gəlmişdi ki, onillərcə
dayaq durduğu igid eloğlusuna daha bir köməyini etsin.
Mixaylolar yenə şəhərdə idi!..
28 aprel 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025. -3 may(№76).- S.18-19;26.