"Heydər Əliyev elə etdi
ki, Azərbaycanda bircə nəfər də dissident peyda
olmadı"
AZƏRBAYCANIN XALQ YAZIÇISI MAQSUD
İBRAHİMBƏYOVLA SÖHBƏT
Azərbaycanın Xalq yazıçısı, publisist
Elmira Axundova "Heydər Əliyev və yaradıcı
ziyalılar" mövzusu üzərində işləyir.
2-cildlik kitab bu ilin payızında işıq üzü
görəcək. Kitabın 2-ci cildində Elmira
xanımın görkəmli sənət adamlarıyla
çox maraqlı, eksklüziv söhbətləri yer alacaq.
Bu söhbətlərdə təkcə dahi Heydər
Əliyevin obrazı, yaxud bu və ya digər cəhəti
deyil, elə müsahiblərin özləri də oxucu
üçün bəzən gözlənilməz, naməlum
tərəflərdən açılır. Onlar müəlliflə
canlı, səmimi, bəzən çox məhrəm dialoq
aparır, təkcə müsahibənin qəhrəmanı barədə
deyil, həm də öz həyatları haqda
danışırlar və quru rəsmiyyətdən uzaq
söhbətlər oxucu ictimaiyyətində şəksiz maraq
doğurur.
Mart ayından başlayaraq başlayaraq söhbətlərdən
bəzilərini "525-ci qəzet"də çap etməyə
qərara almışıq. Təqdim etdiyi eksklüziv
materiallara görə Elmira Axundovaya minnətdarlıq
bildiririk.
Elmira Axundova - Siz 5 avqust 1969-cu ilədək Heydər
Əliyevi tanıyırdınızmı?
Maqsud İbrahimbəyov - Bəli, şəxsən
tanış idik. Təsəvvür edin ki, biz ilk dəfə
restoranda qarşılaşmışıq. O zaman Heydər
Əliyev hələ DTK sədri idi və bir neçə nəfəri
dəvət etmişdi. Masa arxasındakılardan yalnız
Tahir Salahov yadımdadır. Restorana gedəndə artıq Heydər
Əliyevin kim olduğunu bilirdim. Bu, ucaboy bir azərbaycanlı
idi, özü də əfsanələr dolaşırdı
ki, o, qoltuğunun altında tapança gəzdirir. Heydər
Əliyev zövqlə tikilmiş qəhvəyi kostyumda idi.
Zahirən çox xoş təsir
bağışlayırdı.
Bu adamla bağlı yaddaşımda ömürlük
qalan nədir? Heydər Əliyevin öz müsahibinə, onun
danışdıqlarına səmimi marağı. O, çox
gülürdü, özü də Heydər Əliyevi
güldürən lətifələr DTK sədrinin
qulağı üçün deyildi. O, dostyana ünsiyyətdən
həzz alırdı. Heydər Əliyev belə idi. Yeri gəlmişkən,
o, elə uzun illər keçəndən sonra da dəyişmədi.
E.A. - O zaman sizin neçə yaşınız
vardı?
M.İ. - Mən gənc idim. Yeri gəlmişkən,
yaş məsələsi ilə bağlı bir şeyi də
deyim: o, Naxçıvandan Bakıya qayıdanda 70 yaşı
vardı. Yetmiş yaşlı bu adam, Gəncəyə,
qiyamın içərisinə getdi ki, o yaramazları sakitləşdirsin.
Onlar hamısı Heydər Əliyevin qarşısında mil
dayanmışdılar.
Mən Kremldə də onun yanında olmuşam,
Naxçıvanda da. Pəncərədən o tərəfdə
baş verənləri nəzərə almasaq, eyni adam idi, yəni
o, dəyişməmişdi, Naxçıvanda da
özünü Kremldəki kimi aparırdı.
Naxçıvanda onunla işləyənlər Moskva məmurlarından
yalnız simaca fərqlənirdilər - Naxçıvanda azərbaycanlılar
idi, lakin Kremldə olduğu kimi, bu adamların da hamısı
ütülü köynək geyinir, qalstuk
bağlayırdı, burada da eyni intizam vardı. Buna onun necə
nail olduğunu bilmirəm.
Mən Naxçıvanda olarkən Azərbaycanı tərk
edən iki rusiyalı general onun yanına gəldi. Heydər
Əliyev onlara dedi:
- Yeri gəlmişkən, sizdə yüzdən
artıq yük maşını var. Onları neyləyəcəksiniz?
- Aparacağıq, Heydər Əliyeviç.
Özü də söhbət belə gedir: Heydər
Əliyev əyləşib, mən əyləşmişəm,
iki general isə ayaq üstə dayanıb. O, generallara əyləşməyi
heç təklif də etmədi.
- Onlar sizin nəyinizə lazımdır? Köhnə
yük maşınlarını Rusiya neynir axı? Bizə isə
onlar çox lazımdır. Özünüz
görürsünüz, burada demək olar ki, heç bir
texnika yoxdur. Yük maşınlarını qoyun
Naxçıvanda qalsın.
- Baş üstə, - dedilər.
Heydər Əliyev belə adam idi. Harada olmasından
asılı olmayaraq, ondan hakimiyyət impulsları gəlirdi.
O, sanki hakimiyyət üçün doğulmuşdu.
Axı bu adamlar Rusiya ordusunun nümayəndələri
idi, amma Heydər Əliyevə tabe oldular. Ona görə yox
ki, ondan qorxurdular. Ona görə ki, hörmət edirdilər.
Onun buna xüsusi cəhd göstərməsinə ehtiyac
qalmadı, sadəcə xahiş etməsi kifayət idi...
E.A. - Yeri gəlmişkən, DTK sədrinin respublikaya
birinci katib təyin olunması Azərbaycan ziyalıları
üçün gözlənilməz olmadı ki?
M.İ. - Oldu, bu, heç kimin gözləmədiyi xəbər
idi. Ancaq şok doğurmadı.
E.A. - Siz necə fikirləşirsiniz, onun respublikaya rəhbər
qoyulmasının əsas səbəbi nədir? Bu işdə
əsas rolu nə oynayıb?
M.İ. - O, şəxsiyyət idi.
E.A. - Həmin vaxt Azərbaycanda nə baş verirdi?
M.İ. - Əvvəla, yuxarı dairələrdə
bir-birinin "ətini yeyirdilər". Mən bunun şahidiyəm.
Axundovun heç bir sözü keçmirdi. İsgəndərov
yekəxanalıqla deyirdi: "Mən isə hesab edirəm ki,
belə olmalıdır". Əlixanov da öz tərəfinə
çəkirdi. Onlar açıq-açığına
Axundova zidd gedirdilər. Onun isə bu təzyiqə müqavimət
göstərməyə gücü çatmırdı. Ancaq
bu, "Axundov niyə vəzifədən getdi" sualına
cavabdır.
E.A. - Bəs nə üçün seçim Heydər
Əliyevin üzərinə düşdü?
M.İ. - Mən belə düşünürəm ki,
SSRİ imperiya idi, Azərbaycan isə onun bir hissəsi. Həm
də qeyd edək ki, bərabərhüquqlu hissəsi. Ona
görə də imperiya rəhbərliyi, əlbəttə
ki, respublikanı əsl rəhbərin idarə etməsində
maraqlı idi.
E.A. - Hər şey bir yana, bəs onlar respublikada millətçiliyin
baş qaldıracağından narahat deyildilər?
M.İ. - O zaman SSRİ o qədər güclü idi
ki, belə fikirlər heç kəsin ağlına da gəlmirdi.
Heydər Əliyev hamıda çox güclü təəssürat
oyadırdı. İkincisi, o, tamamilə dürüst adam idi və
Moskvada bunu bilirdilər. İnanırdılar ki, o, heç
vaxt xoşagəlməz işlərlə məşğul
olmaz, o, iradəli şəxsiyyətdir, dövlət idarəetmə
strukturuna daxildən bələddir. Ümumiyyətlə,
onunla söhbətdən sonra hər kəsdə belə bir təəssürat
oyanırdı ki, bu insan hər şeydən xəbərdardır.
Buna görə də onun DTK sədri olması onun
birinci katib təyin olunmasına həlledici təsir göstərə
bilməzdi.
E.A. - Buna qədər belə bir presedent
olmamışdı...
M.İ. - Buna qədər heç Heydər Əliyev də
olmamışdı. Əsas o idi ki, Əliyev kommunist idi və
onlar bilirdilər ki, bu adam, onların təsəvvüründəki
kimi, əsl kommunist idi.
Heydər Əliyev ilk dəfə avqust plenumunda çıxış
edəndə, mən Siyasi Maarif evində mərkəzi radio və
televiziyanın xüsusi müxbiri kimi iştirak edirdim. Zal
ağzınadək dolu idi.
Plenumda çıxışı zamanı o, elə məqamlara
toxundu ki, əvvəllər bu barədə
pıçıltı ilə yalnız mətbəxlərdə
danışırdılar. Zaldakılar özlərini
itirmişdilər. Respublikanın rəhbəri
çıxışında, hamının yaralı yeri olan məsələlərdən
danışaraq, cəmiyyətin həyatındakı
çatışmazlıqları
açıq-açığına tənqidə məruz
qoydu. O vaxtlar, həqiqətən də, korrupsiya
respublikanı dəhşətli vəziyyətə
salmışdı.
O, bir çox mafiozların ipini yığsa da, elə
şeylər var ki, onların qarşısında Heydər
Əliyev də, Yuli Sezar da, Napoleon da acizdirlər...
E.A. - Heydər Əliyevin gəlişi ilə ədəbiyyatda,
ümumiyyətlə mədəniyyətdə nə baş
verdi?
M.İ. - Liberal adam olan Vəli Axundovun dövründə
senzura tüğyan eləyirdi. Bir pyesdə əlli düzəliş
etməyincə səhnəyə yol tapmaq mümkün deyildi.
Bir dəfə teatra zərərsiz-ziyansız "Gecəyarısı
kim gələcək" pyesimi gətirmişdim, mənə
dedilər: "Bilirsiniz, pyesinizi nəzərdən
keçirtdik, burada filan şey əlavə edilməli, filan
şey də çıxarılmalıdır". Mən əvvəl
üzüyolalıqla hər şeyi cızıb
qaralayırdım, axır-axırda: "Dayanın, - dedim. -
Siz neyləyirsiniz?" Sonralar bütün pozulanları səhnədə
bərpa etdik. Hər hansı əsərini Moskvada çap
etdirməyincə Azərbaycanda üzə çıxarmaq
müşkül olurdu. Heydər Əliyev isə dahi insan idi.
O, elə etdi ki, Azərbaycanda bircə nəfər də
dissident peyda olmadı.
E.A. - Bunu nə ilə izah eləmək olar?
M.İ. - Ağılla. Onun ağlı ilə. O dedi: -
Uşaqlar, çap olunmaq istəyirsiniz, buyurun. Heydər
Əliyev Rüstəmlə məni qəbuluna
çağırdı. Mən o vaxt Moskvadaydım və
Bakıya gəlməyə qorxurdum.
E.A. - Bu, ideoloji məsələlərlə
bağlı oktyabr plenumundan sonra olmuşdu? O zaman Heydər
Əliyev demişdi ki, Maqsud İbrahimbəyov "Günlərin
bir günündə" adlı hekayəsində namuslu rəhbər
işçilərin üstünə kölgə salmağa cəhd
göstərmişdir".
M.İ. - Mən cəhd göstərməmiş, elə
həqiqətən də kölgə salmışdım.
E.A. - Bunun sizin üçün hansısa mənfi nəticələri
oldumu?
M.İ. - Oldu... İş ondadır ki, Danil Quliyev
"Malıy teatr"a, "Molodaya qvardiya", "Sovetski
pisatel" nəşriyyatına, daha harasa məktub
yazmışdı, üst-üstə altı məktub.
Yazmışdı ki, bizdə təxribatçılıq fəaliyyətilə
məşğul olan antisovetçi Maqsud İbrahimbəyov
var, siz isə orada onu təbliğ edirsiniz. Yadımdadır,
"Molodaya qvardiya"dan Qaniçev ona cavab vermişdi:
"Hörmətli Danil Quliyev, biz nədən söhbət
getdiyini bilmirik, amma İbrahimbəyovun "Molodaya
qvardiya"ya təqdim olunmuş əsərlərində sizin
yazdıqlarınızdan əsər-əlamət də
yoxdur". Və "Malıy teatr"dan Saryov da cavab
vermişdi ki, hazırda üzərində işlədikləri
pyesdə heç bir ziyanlı fikir onların gözünə
dəyməyib. Amma pyesi saxladılar. Tamaşaya sonralar
qoydular.
"Sovetski pisatel"də də kitabımın nəşri
dayandırıldı.
Onda Heydər Əliyevə teleqram göndərdim.
Teleqramın məğzi ondan ibarət idi ki, bizə
yaşamağa və işləməyə imkan yaradın, məmurlarınızın
hədsiz canfəşanlıq etməsinə imkan verməyin. Az
sonra mənə Moskvaya zəng vurub dedilər ki, Azərbaycana
gəlim, Birinci bizimlə söhbət etmək istəyir...
Rüstəmlə mən Heydər Əliyevin yanına
axşam saat səkkizdə gəldik, onun yanından isə on
ikinin yarısında çıxdıq. Özü də onun
işlərinin aşıb-daşdığı zaman. Söhbətləşdik,
danışdıq. Özümüzdən yox. Bildiyimiz nə
vardısa, ona söyləyirdik, o da cavab olaraq planlarını
bizimlə bölüşür, nə qədər zir-zibili
kürüyüb atmalı olduğunu dilə gətirirdi.
Axırda mənə dedi: "Bilirsən, mən sənin
povestlərini oxumamışam. Mənə elə sizin
yazıçılarınız əsəri altından
cızıqlanmış yerlərlə gətirib vermişdilər".
Hekayəm haqqında isə Dövlət Televiziya və Radio
Verilişlərı Komitəsinin sədri onun
"qulağını doldurmuşdu". Mən sədri hekayədə
"Qurban dayday" adlandırmışdım. Bir il sonra Heydər
Əliyev özü də onu belə
çağırırdı... "Bütün bunlar, - dedi, -
yəni Moskvada oturub qalmağın, nədənsə
qorxmağın düzgün deyil. Gəlin, qayıdın,
sizinçün əlimizdən gələni eləyərik,
işləyin ürəyinizcə". Bax belə...
E.A. - Deməli, dissident axtarışında onun ətrafında
mühiti gərginləşdirməyə
çalışanlar həmin bu "xeyirxahlar" imiş?
M.İ. - Axı elə Yazıçılar
İttifaqının özündə də xəbis, paxıl
adamlar az deyildi. Onlar ona (Heydər Əliyevə - E.A.) hekayələrimizi
aparır, haqqımızda qulağına hansısa iyrənc
uydurmaları pıçıldayırdılar. Nəbi Xəzri
"Ondan yaxşı qardaş yox idi" povesti haqqında
Bakı şəhər partiya komitəsi plenumunda
çıxış edərək demişdi ki, bizim öz
Soljenitsınımız - Maqsud İbrahimbəyov var, o, sevimli
vətənimizi ləkələyir. Başqa bir nəfər,
o da yazıçı idi, Heydər Əliyevin yanına gedə
bilirdi, hansısa əsərimi ona aparıb demişdi: "Bir
baxın görün bu yaramaz nələr yazır!"
Bütün bunları Heydər Əliyev o axşam
görüşündə danışdı. "Gəlin,
işləyin. Problem ortaya çıxarsa, zəng vurun".
Beləliklə, o, ətrafımızda gedən fitnə-fəsadlara
bir yağlı nöqtə qoydu.
E.A. - Bəs o sizə demədi ki, elə yox, belə
yazın? Tövsiyə vermədi?
M.İ. - Heydər Əliyev ömründə belə
söz deməzdi. Bu, onun üslubu deyildi. O, mətləbdən
danışırdı. Bu söhbət mənim
teleqramımdan sonra olmuşdu. Rüstəmə qarşı təqiblər
az idi, əsasən də filmə görə.
E.A. - Yenə də düşünürəm ki,
plenumlarda o, çox şeyi mərkəzi nəzərə
alaraq danışıb. Axı ikili standart var idi, sonradan bu barədə
bizə özü demişdi.
M.İ. - Bu, qismən doğrudur. O, fəaliyyətini
ortaya qoymalı və bu fəaliyyət də ona təqdim
olunanlara əsaslanırdı. Heydər Əliyev ədəbiyyat
tənqidçisi deyildi axı. Bir məqam var ki, onu deməyə
bilmərəm. Moskvada ideoloji vəziyyət Azərbaycanda və
ya başqa yerdə olduğundan qat-qat yaxşı idi. Orada
daha çox azadlıq və sərbəstlik vardı. Həm
Əliyevdən əvvəl, həm də Əliyev
dövründə. Moskvada yazılan bir çox şeylər
burada qiyama, üsyana çağırış kimi
sayılırdı.
E.A. - Amma həmkarlarınız - Anar, Vaqif Səmədoğlu,
əksinə, deyirdilər ki, burada Moskvadan yaxşı idi.
Çox şeylər əvvəlcə burada, sonra isə
Moskvada çap olunurdu.
M.İ. - Əvvəla, o zaman təhkimçilik
mövcud idi. Bu, ondan ibarət idi ki, bir adam Moskvada nəşr
olunmazdan əvvəl burada çap olunmalı idi. Mənimlə
bağlı məsələ başqa idi, mən rusca
yazırdım. Azərbaycan dilində yazanlar isə əvvəlcə
Bakıda nəşr olunmalı idilər. Bakıda nəşr
olunana qədər heç bir mərkəzi nəşriyyat əsəri
çap etməzdi.
Heydər Əliyev öz təkrarsız, orijinal
"oyununu" aparırdı. O, heç kimi təqlid etmirdi.
Heydər Əliyevin sayəsində yenidənqurmadan sonra Azərbaycanda,
ideologiya sahəsində bunca ağrılı, kəskin
keçid baş vermədi. Çünki onun vaxtında hər
şeyə icazə verilmişdi. Siz mənə heç bir
adamın adını çəkə bilməzsiniz ki,
şeirdə, yaxud nəsrdə yol verdiyi hansısa sərbəstliyə
görə təqiblərə məruz
qaldığını deyə bilsin. Heydər Əliyev ədəbiyyat
və incəsənət xadimlərinə misilsiz hörmət
nümayiş etdirdi və biz buna görə ona minnətdar
olmalıyıq.
90-cı illərin ortalarında Moskvada Sütunlu
salonda Füzulinin yubileyi qeyd ediləndə o mənə dedi:
"Mən yazıçılar üçün ordenlər
"qoparırdım", onlara fəxri adlar verirdim. Sən elə
bilirsən, onların bəzilərinin bu mükafatlara tam
halalca layiq olmadıqlarını anlamırdım? Amma yenə
də mən bunları ürəklə verirdim ki, onlarda (yəni
"bəziləri"ndə - E.A.) ləyaqətlilik nəşət
tapsın..." O, yaradıcı işlə məşğul
olanların hamısına həmişə ardıcıl diqqət
nümayiş etdirirdi...
E.A - Bəlkə mədəniyyət xadimlərinə
Heydər Əliyevin münasibəti - öz həyatında
realizə edə bilmədiklərinin əks-sədasıdır?
M.İ. - Ola bilər. Sənə bir maraqlı epizod
danışım. Bilirsən ki, Heydər Əliyev rayonlara gedəndə
özü ilə yazıçıları da aparardı. Bir dəfə
məni də belə səfərə aparmışdı. Bərdəyə
gedirdik. Cəmisi üç vaqon idi. Birinci vaqonda o özü
və ikinci katib, ya Puqaçov, ya da başqa kimsə, ikinci
vaqonda MK-nın ideologiya, kənd təsərrüfatı
üzrə katibləri, DTK-nın sədri, daxili işlər
naziri, yerli "Aeroflot"un rəhbəri Nuru Əliyev,
yazıçı İmran Qasımov və mən idik.
Üçüncü vaqonda isə jurnalistlər gedirdi. Yolda
Azərbaycanın Lenin ordeni ilə təltif edilməsi
münasibətilə "kiçik banket" təşkil
etdik. Heydər Əliyevlə ikinci katib bizimlə deyildilər,
qonaqlıqda təkcə ikinci vaqonun sakinləri idi.
MK katibi ayağa qalxıb dedi ki, müharibə
vaxtı neftin 80 faizə qədərini Azərbaycan verirdi,
bunun hesabına Sovet İttifaqı Hitler Almaniyası üzərində
qələbə çaldı. Ona görə də respublikamız
yüksək dövlət mükafatına layiq
görülüb. Sonra DTK-nın sədri, daxili işlər
naziri çıxış etdilər və hamısı da demək
olar ki, eyni sözü dedilər.
Növbə mənə çatdı. Mən
özümdən əvvəl çıxış edənlərlə
razı olduğumu bildirdim, ancaq əlavə etdim: "Əgər
Allah eləməsin, bir də müharibə olsa, gərək
Azərbaycanı düşmənə təslim edək.
Çünki almanlara təslim olan şəhərlər Qəhrəman
Şəhər adı aldılar, bizə isə Lenin ordeni
verdilər". Bu sözlərdən sonra həmsöhbətlərimin
qanı qaraldı. Bir dəqiqəlik sükutdan sonra bir-birinin
ardınca "gəmini tərk etməyə"
başladılar. MK-nın kənd təsərrüfatı
üzrə katibi dedi ki, "mənim işim var" və
öz kupesinə keçdi, daxili işlər naziri də kənarlaşdı,
bir sözlə, hamı qaçıb getdi. İmran
Qasımovla Nuru Əliyev qaldı. Yeri gəlmişkən, mənimlə
yeganə razılaşan da Nuru Əliyev oldu: "Maqsud
haqlıdır. Doğrudan da, onlara Qəhrəman Şəhər
adı verdilər, bizə isə Lenin ordeni". Hamı
öz kupesinə yatmağa getdi.
Səhər hamımız sıraya
düzüldük, Heydər Əliyev gəlib bizimlə
görüşməyə başladı. Mənə növbə
çatanda gördüm ki, çox acıqlıdır.
Narazı halda mənə dedi: "Sən yenə də
zarafatından qalmırsan?!" Vəssalam. Biz Bərdəyə
getdik. Hamı məndən vəba xəstəliyinə
tutulmuş adamdan qaçan kimi uzaq gəzirdi. Hansısa kolxoza
gəldik, tarlaları gəzdik. Mənsə yeməkxanaya
baş çəkib, qayğanaq götürdüm, qüssədən
bir stəkan araq içdim, sonra isə ağac altında oturub
mürgülədim.
Məni oyadıb dedilər ki, Heydər Əliyev səni
görmək istəyir. O, yüz metrlik məsafədə
pambıq tarlasında tək dayanmışdı. Mən ona
yaxınlaşdım. O, pambıq qozasını əzdi, orada
soxulcan vardı. "Görürsən, - dedi, - bu,
sovkadır, pambığın qənimi". - "Bəli,
murdar, iyrənc heyvandır", - dedim. O, mənə də
ikrahla baxdı və mən anladım ki, söhbətimiz
bununla bitdi. Geri qayıdanda, gördüm ki, mənə
münasibət dəyişib. Hamı yenidən mənə
yaxınlaşıb, heç nə olmayıbmış kimi
söhbət eləməyə başladı. Yəni ki, Heydər
Əliyev heç bir şeyi nəzərdən
qaçırmırdı, o, hiss eləmişdi ki, ona yaxın
adamlar məndən üz döndəriblər, onlara göstərdi
ki, biz həmişəki kimi həmsöhbətik.
Anlaşılmazlıq aradan qalxmışdı.
Axşam yenə də biz onunla bir stol ətrafında
oturmuşduq.
E.A. - Bəli, çox maraqlı və ibrətamiz
epizoddur. Bəs o, nə vaxtsa - sovet dövründə və
ya sonralar sizdə və ya başqa yazıçılarda nəyisə
bəyənmədiyini söyləyibmi?
M.İ. - Ömrü boyu belə şey olmayıb. Heydər
Əliyev heç kimlə belə söhbət etməyib. O,
çox nəzakətli adam idi. Ən pis halda o,
yazıçılara ərköyün uşaqlar kimi
baxırdı, amma adətən maraq və rəğbətlə
yanaşardı.
Vəfatından təxminən ilyarım əvvəl
o öz bağında bir masa arxasında Polad
Bülbüloğlunu, Rauf Abdullayevi, Müslüm Maqomayevi,
Eldar Quliyevi, Rüstəmi, Anarı, məni topladı. "Bu
gündən mən sizdən xahiş edirəm: heç bir
intriqa olmasın. Siz - dostsunuz, bizim bir vətənimiz var, siz
bunu yadınızda saxlamalısınız". O hamıya ev,
pensiya, ad, nə istəyirdilər, verdi. Heç bir başqa
respublikada belə şey olmamışdı.
...70-ci illərin əvvəllərində Heydər
Əliyev bizi - məni və qardaşımı "xilas
etdi" demək olmasa da, qorudu, yalnız Əliyevin sayəsində
biz vətəndə qala bildik.
Əlbəttə, Əliyev olmasaydı, formal olaraq
bizi dissident adlandıra bilərdilər. Amma onunla söhbətdən
sonra mənim bu sözü deməyə dilim gəlməz. O,
hər şeyi dəyişdi... Heydər Əliyev
yazıçılara deyirdi: "İdeologiya sizin öz
işinizdir, özünüz də məşğul olun".
525-ci qəzet .- 2025. -3 may(№76).- S.8-9.