"Ermənilərin
ekoloji terroru Azərbaycan təbiətinə ağır zərbələr
vurub"
Şərqi Zəngəzur və Qarabağ ərazisi
Azərbaycan, həmçinin Qafqaz florasının növ
müxtəlifliyi ilə zəngin bölgələrindəndir.
Ümumi sahəsi 8 min hektardan çox olan palıd, ardıc,
fıstıq, vələs, şam, göyrüş və qoz
ağacı meşələrindən ibarət bənzərsiz
bir ekosistemin məhv edilməsi endemik biomüxtəlifliyi əsaslı
şəkildə korlayıb. İşğalçı Ermənistan
qoşulmuş olduğu ekologiya və ətraf mühitlə
bağlı beynəlxalq konvensiyaların, o cümlədən
"Ətraf mühitin dəyişdirilməsi
üsullarının hərbi və ya hər hansı başqa
düşmənsayağı istifadəsinin qadağan edilməsi"
haqqında BMT konvensiyasının müddəalarını
pozub.
Ermənilərin onilliklər boyu davam edən ekoloji
terroru Azərbaycan təbiətinə ağır zərbələr
vurub.
Yerli floranın ən qiymətli ağacları ilə
zəngin olan Qarabağ meşələri qırılıb və
xaricə daşınıb. Təbiətin müvazinəti, balansı
pozulub, torpağın eroziyası başlanıb. Otuz il erməni
işğalında qalmış 43 min hektar sahəsi olan
xüsusi mühafizə olunan təbiət ərazilərində
- Bəsitçay və Qaragöl dövlət təbiət
qoruqlarında, Arazboyu, Laçın, Qubadlı və
Daşaltı dövlət təbiət yasaqlıqlarında
"Azərbaycan Respublikasının Qırmızı
Kitabı"na daxil edilən 24 fauna və 69 flora növü
qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv
edilib.
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun
baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə
İbadullayevanın sözlərinə görə,
Qarabağın dağlıq əraziləri 6 silsilədən
ibarətdir, lakin 3 silsiləsi - Qarabağ, Zəngəzur və
Dərələyəz silsilələrinin florası uzun illərdən
bəri işğal altında olub. Qarabağın meşə
fondu 247352 hektar, o cümlədən 13197,5 hektar qiymətli
meşə sahələri, 152 ədəd təbiət abidəsi,
5 ədəd geoloji obyekt öncədən var idi. Qiymətli
ağac növlərindən ibarət 986 hektar dövlət
meşə fondu, 560 hektar Tuqay meşələri (çaykənarı
meşələr) və 710 hektar kolxoz meşələri
işğal zamanı törədilən yanğınlar nəticəsində
məhv edilib və indi yerində heç nə qalmayıb.
Ağdam şəhərində yaşı 150-250 il
arasında 6 ədəd, Şelli, Seyidli, Sarıhacılı,
Əliağalı kəndlərində yaşı 200-250 il
olan 8 ədəd, Boyəhmədli kənd ətrafında
yaşı 400 ilə çatan 71 ədəd təbiət abidəsi
kimi qorunan, pasportlaşmış çinar (Platanus orientalis)
növü məhv edilib.
Ağdam ərazisinin relyefi, əsasən, düzənlik,
qismən dağlıqdır. Ərazinin maksimal
hündürlüyü 1365 m-ə çatır. Cəbrayıl
rayonu, əsasən, maili düzənlik (İncəçöl,
Gəyan çölü) ərazidə yerləşmişdir.
Cəbrayıl rayonunun iqlimi cənub hissəsində yayı
quraq keçən mülayim-isti yarımsəhra və quru
çöl iqlim, şimal hissəsində isə yayı quraq
keçən mülayim istidir. Dağ şabalıdı,
şabalıdı və qəhvəyi dağ-meşə
torpaqları yayılmışdır. Füzuli rayonunun relyefi
isə çox yerdə Araz çayına tərəf
alçalan maili düzənlik, qərbdə alçaq
dağlıqlardan, boz və çəmən-boz,
şabalıdı və açıq şabalıdı,
dağ şabalıdı, dağ boz-qəhvəyi torpaqlardan
ibarətdir. Kür-Araz ovalığının qərb hissəsində
yerləşən Tərtər rayonunun səthi düzənlik
olub qərbdən şərqə meyilli, iqlimi isə
qışı quraq keçən mülayim isti yarımsəhra
və quru çöl iqlimidir. Burada, əsasən,
şabalıdı, boz və çəmən - boz torpaqlar
yayılıb. Geoloji quruluşunda kiçik Qafqazın ikinci dərəcəli
tektonik elementlərindən Murovdağ, Qarabağ, Ağdam
antiklinoriumları və onları bir-birindən ayıran
Torağayçay və Xocavənd sinklinoriumları əsas
yer tutur. Antiklinoriumların tağı Orta Yuranın vulkanik
süxurları, tağın uzaq qanadları və onları
mürəkkəbləşdirən sinklinal strukturlar isə
Üst Yuranın əhəngdaşı, Təbaşirin
vulkanogen və çökmə süxurlarından təşkil
olunub. Onlar da bəzən intruziyalarla kəsilir. Düzənliklərdə
və çay dərələrinin aşağı hissələrində
Antropogen çöküntüləri yayılıb. Orta
temperatur yanvarda düzən və dağətəyi yerlərdə
2-0. 50 C-yə, yüksək dağlıqda -4; -130 C
arasında, iyulda müvafiq olaraq 25-260 və 15-140 C olur.
Yüksək dağlıqda illik yağıntı 800-900 mm-dən
çox olur. Murovdağ silsiləsinin yüksək zirvələri
bəzən il boyu qarlı olur. Əsas çayları
Kür, onun qolları - Tərtər, Xaçın, Qarqar və
Araz, onun qolları olan Köndələnçay, Quruçay,
Qozluçay və digər çaylardan ibarətdir. Eyni
zamanda, bu ərazilərdə "Azərbaycan
Respublikasının Qırmızı Kitabı"na daxil edilən
məməlilərin 4, quşların 8, balıqların 1,
amfibiya və reptililərin 3, həşəratların 8,
bitkilərin isə 27 növü qorunurdu. Ağdamda
şabalıdı, açıq şabalıdı,
dağ-tünd şabalıdı, qəhvəyi dağ-meşə,
qonur dağ-meşə, qaramtıl dağ-çəmən və
s. torpaqlar geniş yayılıb. Ağdam rayonu ərazisinin
torpaqları əsasən şabalıdı, açıq
şabalıdı və qəhvəyi dağ-meşə
torpaqlarıdır.
Zəngin bitki örtüyünə malik olan ərazidə
2000-dən çox bitki növünə rast gəlinir.
Düzən yerlərdə yovşan,
yovşanlı-şoranotlu yarımsəhra, dağ ətəklərində
daşdayan, şibyə, yovşanlı-darağotlu bozqır və
yarımbozqır bitkiləri, dağ yamaclarında kolluqlar,
enliyarpaqlı meşələr (fıstıq, palıd və
s.) geniş yer tutur. Dəniz səviyyəsindən 2000-2300 m-dən
yüksəklikdə subalp və alp çəmənlikləri
mövcuddur.
İl ərzindəki günəş
parıltısının miqdarı 2000-2400 saatdır. Ən
soyuq ayın orta temperaturu baxımından qışın sərtliyi
ərazi üçün çox yumşaq (2. 5-00 C),
yumşaq (0; -50C) şəraitdə keçir.
İsti dövrlərdəki (aprel - oktyabr)
mümkün buxarlanma 400-800 mm tərtibindədir.
İyun-sentyabr aylarında quraqlıq keçən günlərin
sayı 5-25 gün və az olur. Küləyin orta illik sürəti
2-3 m/san və daha az olur. İqlim kontinentallığı zəif
(130-dan az), mülayim (165-ə qədər əmsalla) və
orta (205-ə qədər əmsalla) kontinentallıq
intervalında səciyyələnir. İl ərzində
şaxtasız dövrün davamiyyəti 150-225 gün, havanın
temperaturunun 00C-dən aşağı olan günlərin
sayı isə ərazi üzrə 10-100 gün intervalında
olub Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam və Tərtərdə
10-50, Xocalı və Xankəndində 20-50, Şuşada isə
50-100 gün təşkil edir. İl ərzində qar
örtüyü olan günlərin sayı ərazinin əksər
rayonlarında 10-120 gün olur.
Səyyarə İbadullayeva bildirib ki, Laçın, Kəlbəcər,
Ağdərə rayonlarında 26 min hektar meşə ərazisində
qiymətli fıstıq, cökə, vələs, palıd
ağacları qırılaraq yandırılıb, meşələrimiz
məhv edilib. Avropada yeganə təbii çinar (Platanus
orientalis) meşəsi Kiçik Qafqazın qərbində Zəngilan
rayonundadır, lakin 27 il durmadan 117 hektar ərazidə
yayılan çinarlar məhv edilmiş, ətrafında
ağac emalı zavodu tikilmişdi. Elə bitkilər var ki,
onların areal diapazonu yalnız Qarabağla məhdudlaşır.
Topxana meşəsi Qarabağın nadir sərvətlərindən
biridir. Meşə Şuşa ətrafında olan
torpaqların 20 faizini əhatə edir. Burada palıd,
fıstıq, qarağac ağacları, heyvanlardan isə
canavar, tülkü, dovşan, cüyür və kəklik,
turac, göyərçin kimi quşlar çoxluq təşkil
edir. Meşənin adının yaranması da olduqca
maraqlıdır. Belə ki, Topxananın adı 1795-ci ildə
Ağa Məhəmməd şah Qacarın Şuşanı
mühasirə etdiyi zaman topların yerləşdirildiyi məkan
olması ilə bağlıdır. "Qarabağnamə"lərdə
qeyd olunur ki, Qacar Şuşa üzərinə ikinci
yürüşündə topları həmin meşədə
gizlədib şəhərin müdafiə barısını
vururmuş. Topçular qalanın hündür
barısını gündüz topla vurub dağıdır,
qaladakılar isə gecə ilə həmin yeri yenidən
hörüb bərpa edirmişlər. İbrahimxəlil xan
özü başda olmaqla, bir dəstə süvari ilə qəflətən
Topxanaya hücum edərək Qacarın toplarını məhv
edr.
Azərbaycan dövlətinin əldə etdiyi tarixi qələbə
nəticəsində işğal altında olan bütün ərazilərimiz
azadlığına qovuşdu. Artıq 4 ildir Qarabağ və
Şərqi Zəngəzur yenidən tikilib qurulur, məhv olan
təbiət canlanır. Dövlət
başçısının rəhbərliyi ilə
aparılan bərpa-quruculuq işləri yenidən bu yerlərə
həyat verir. Ermənilərin ekoterroruna məruz qalan
yaşıllıq zolaqları, meşə təsərrüfatları
bərpa edilir. Ekoloji tarazlığın bərpası istiqamətində
görülən tədbirlərə Topxana meşəsi də
daxildir.
İllərlə ermənilərin mina tarlasına
çevirdikləri ərazilər təmizlənir, istifadəyə
yararlı hala gətirilir. Müharibənin bitməsindən cəmi
bir il sonra - 2021-ci ildə işğaldan azad edilmiş ərazilərdə
20 mindən çox ting əkilib. 3 tona yaxın toxum səpilib
ki, bu da gələcəkdə bu ərazilərin zəngin təbii
resurslarını yenidən əldə etməyə şərait
yaradacaq. Quruculuq dövrü meşə sahələrinin də
bərpasına təkan verir. Heydər Əliyev Fondunun layihəsi
çərçivəsində "Regional
İnkişaf" İctimai Birliyinin könüllüləri
tərəfindən Topxana meşəsində ağacəkmə
aksiyası çərçivəsində 3 hektar ərazidə
dağdağan, göyrüc, saqqızağacı və
qarağac kollarının əkilməsi, əraziyə 100
kiloqram palıd toxumu səpilməsi artıq meşəyə
yeni həyatın qayıtmasından xəbər verir. 28 il
işğal altında qalmış Topxana meşəsində
dağıdılmış bitki örtüyü, məhv
edilmiş heyvanat aləminə yeni nəfəs gəlib. Qələbəmizin
simvolu olan Azərbaycanın mədəniyyət paytaxtı
Şuşaya yerli sakinlərin qayıtması ilə qaynar həyat
başlayıb. Böyük Qayıdış çərçivəsində
qarşıda duran əsas vəzifələrdən biri də
işğaldan azad olunan ərazilərdə bioloji müxtəlifliyin,
habelə nadir və itməkdə olan bitki növlərinin bərpa
edilərək sağlamlaşdırılmasıdır. Bu
baxımdan, həmin ərazilərdə bioloji müxtəlifliyin
bərpası, nadir və nəsli kəsilməkdə olan
bitki və heyvan növlərinin mühafizəsi istiqamətində
işlər aparılır.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2025.- 7 may(№78).- S.14.