Son borc, son xidmət...
Dahilərin böyüklüyü ondadır ki, onlar hər
şeyin əvvəlini bildikləri kimi, sonunu da görür və
dərk edirlər, onlar tarixin istiqamətverici qüvvəsidir. Heydər Əliyev
də məhz belə insanlardandı... O, mübarizəyə
ilk atılan sərkərdə kimi həmişə meydanı
qalib kimi, sonuncu olaraq tərk etməyə adət etmişdi.
Amma yaxşı bilirdi ki, bu sonuncu çarpışmadan, bu
sonuncu döyüşdən heç bir dahi, heç bir sərkərdə
qalib çıxmayıb. Xəstəlik adı ilə
qapını kəsdirmiş ölüm artıq öz
hökmünü verməkdə israrlı idi. Namərd
ölüm onun ağlına, iti zəkasına,
düşüncəsinə qalib gələ bilməsə də,
taqətini üzürdü... Xəyal onu bir anda doğma Azərbaycana
gətirdi. Çöhrəsinə xəfif bir təbəssüm
qondu. Budur, yenə iş başındadır. Gecə
yarıdan keçir, onun kabinetinin işıqları isə hələ
də yanır. Müstəqil Azərbaycanın beynəlxalq
aləmdə mövqelərinin möhkəmlənməsi, bu
istiqamətdə atılacaq növbəti addımları
götür-qoy edir. Zamanın, vaxtın fərqinə
varmır, ağlının, zəkasının sürəti
ilə zamanı qabaqlamaq istəyir. Sanki sabah olmayacaq, vaxt burda
bitəcəkdi. Bu dahi bütün ömrünü belə
yaşamışdı. Onun böyüklüyü, dahiliyi bir
də elə bunda idi ki, öz ömrünün bədxərci
idi. O, bu ömrü sədaqətlə xidmət etdiyi Vətəninə,
işinə xərcləyirdi. Hətta Klivlenddəki, bu
ağır dəqiqələrdə də özünü
"bütün varlığı qədər sevdiyi Azərbaycan"
qarşısında borclu bilirdi.
Axı ölkəsi, Vətəni üçün bu
qədər xarüqələr yaradan bir insanın nə borcu
ola bilərdi ki? Heydər Əliyevin düşüncəsində
də bu məqamda ən mühüm iş müstəqil Azərbaycanın
gələcək taleyi idi. Artıq dərk etmişdi ki,
düşüncələrində qurduğu əzəmətli,
tərəqqi etmiş güclü müstəqil Azərbaycanla
bağlı bütün arzularını gerçəkləşdirməyə
onun daha vaxtı qalmamışdı. O bilirdi ki, Azərbaycanın
müstəqilliyi hələ o qədər də möhkəm
deyil ki, onun gələcəyi üçün narahat olmayasan.
Bəs yarımçıq qoyduğu işlər necə
olsun? Azərbaycanın gələcəyinin asılı
olduğu bu işləri kim tamamlasın? Heydər Əliyevin
son qərarı əslində Azərbaycana son borcu, son xidməti
idi. Bu qərardan Azərbaycan dövlətinin taleyi
asılı idi. Heydər Əliyev bu son borcunu da şərəflə
yerinə yetirdi. Onun doğma xalqına
ünvanladığı son müraciət Vətənə ləyaqətlə
xidmətin son nümunəsi idi.
Ulu öndərin hər kəlməsində sədaqət,
hər sətirində millətə sevgisi yaşayan bu
müraciəti xalqa ləyaqətli xidmətin ən ali nümunəsinə
çevrildi. Heydər Əliyev son müraciətində dəbdəbədən,
ritorikadan uzaq, xalqın qavradığı dildə
özünəməxsus səmimi üslubla millətinə
müraciət etmişdi: "Əziz həmvətənlər,
hörmətli Azərbaycan vətəndaşları! Bu illərdə
istər bir azərbaycanlı, Azərbaycan
Respublikasının vətəndaşı, istərsə də
onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım
yalnız Sizə - bütün varlığım qədər
sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə,
ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına
xidmət olmuşdur. Bu yolda bütün gücümü və
iradəmi yalnız müdrik və qədirbilən
xalqımdan almışam. Ən çətin anlarda, ən
mürəkkəb vəziyyətlərdə yalnız və
yalnız xalqıma arxalanmışam. Bu da mənə
dözüm, iradə verib və bütün
uğurlarımı təmin edib".
Heydər Əliyev müraciətində Azərbaycan
xalqının dünyanın ən qabaqcıl xalqları
sırasında öz layiqli yerini tutduğunu bildirərək
ölkəmizin demokratik cəmiyyət, hüquqi dövlət,
insan və vətəndaş maraqlarının aliliyi, siyasi
plüralizm prinsiplərini rəhbər tutaraq,
respublikamızın Avropanın və dünyanın ən
qabaqcıl, qüdrətli dövlətləri ilə
çiyin-çiyinə fəaliyyət göstərdiyini qeyd
etmişdi. O, həmin müraciətdə 1988-ci ildə ermənilərin
Dağlıq Qarabağda başladıqları avantürist
millətçi separatizminin qarşısının Azərbaycan
rəhbərliyinin qətiyyətsizliyi üzündən
vaxtında alınmadığını, 1990-1993-cü illərdə
respublikamızda yaranmış siyasi və hakimiyyət
böhranından, iradəsizlik və
qarmaqarışıqlıqdan istifadə edən Ermənistan
ordusunun Azərbaycanın torpaqlarını işğal etməsini
və bir milyondan çox soydaşımızın
qaçqın və köçkün vəziyyətinə
düşdüyünü vurğulamışdı.
Ümummilli lider dövlətimizi
və dövlətçiliyimizi məhv etməyə,
dağıtmağa nə qədər səylər göstərildiyini,
bütün bunların qarşısının
alındığını müraciətində qeyd
etmişdi. Heydər Əliyev xaos və anarxiya dövründə
Azərbaycanın pozulmuş ərazi
bütövlüyünü, qaçqın və
köçkünlərin öz yurd-yuvasına
qaytarılması probleminin də gələcəkdə həll
olunacağına əminliyini vurğulamış, bunun
üçün yalnız milli
birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik
inkişaf edən, güclü dövlət təsisatları
olan demokratik və vətəndaş cəmiyyətinə əsaslanan
müstəqil dövlətlə hər şeyi, o cümlədən
ərazi bütövlüyü və digər məsələləri
həll etməyin vacibliyini müraciətində önə
çəkmişdi.
Ulu öndər 2003-cü ildəki həmin tarixi
müraciətində xalqımızı qarşıdan gələn
prezident seçkilərində prezidentliyə namizəd,
özünün siyasi varisi, Yeni Azərbaycan Partiyası sədrinin
I müavini İlham Əliyevi dəstəkləməyə
çağırmışdı. İlham Əliyevi yüksək
intellektual, praqmatik düşüncəli, müasir dünya
siyasətini və iqtisadiyyatını gözəl bilən,
enerjili və təşəbbüskar bir şəxsiyyət
kimi səciyyələndirən Ulu öndər inamla
bildirmişdi: "İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən
ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm".
Ulu öndərin bu səmimi və tarixi etirafı sadəcə
siyasi bəyanat deyildi. Bu, xalqla bir müqavilə idi - etimadla,
uzaqgörənliklə, millətin taleyinə olan dərin məsuliyyət
hissi ilə yazılmış müqəddəs bir sənəd.
Tarix öz hökmünü verdi: Heydər Əliyev
zamanın və xalqının qarşısında bir daha
haqlı çıxdı.
Ümummilli lider Heydər Əliyevin özü qədər
inandığı İlham Əliyev bu etimadı
xalqının işıqlı gələcəyini quran əməlləri
ilə doğrultdu. O, tarixə sadəcə Ulu öndərin
oğlu kimi deyil, müasir Azərbaycanın qurucularından
biri, qüdrətli lideri kimi həkk olundu. Prezident
seçildiyi ilk gündən başlayaraq İlham Əliyev
ölkəni yalnız daxili sabitliklə deyil, eyni zamanda
çevik və prinsipial xarici siyasət strategiyası ilə
də irəli apardı. Onun rəhbərliyi ilə Azərbaycan
nəinki regional gücə çevrildi, həm də beynəlxalq
arenada söz sahibi olan, müstəqil qərarlar qəbul edən,
öz yolunu özü seçən bir dövlət oldu.
İlham Əliyev Heydər Əliyevin dövlətçilik məktəbinin
müdavimi idi və bu irsi yeni zamanın tələblərinə
uyğun olaraq inkişaf etdirdi. Neft və qaz
strategiyasını müasir dövrün enerji təhlükəsizliyi
siyasətinə çevirdi, Avropanın enerji xəritəsini
dəyişdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TANAP və
TAP kimi layihələr onun təşəbbüskar liderliyinin,
qlobal baxışının bəhrəsi oldu. Bu siyasət
sayəsində Azərbaycan dünya enerji bazarında
mühüm tərəfdaş kimi tanındı.
Nəhayət, İlham Əliyevin xalqı və
dövləti qarşısında ən böyük siyasi və
tarixi xidməti 44 günlük Vətən müharibəsi
idi. Bu, İlham Əliyevin ali sərkərdəlik
missiyasının, milli ruhun, texnologiyanın, diplomatiyanın və
ordu quruculuğunun zirvəsi idi. Onun rəhbərliyi ilə əldə
olunan bu zəfərlə
torpaqlarımız düşmən tapdağından azad olundu, həm də xalqımızın
30 illik gözləntisi gerçəyə çevrildi. Bununla
da İlham Əliyev xalqın yaddaşında Müzəffər
Lider obrazı ilə əbədiləşdi. Bu, yalnız hərbi
zəfər deyildi - bu, xalqımızın on illərlə
gözlədiyi tarixi ədalətin bərpası idi. İlham
Əliyev sadəcə Prezident deyil, həm də yeni
dövrün Öndəridir. Vətən müharibəsindəki
zəfərdən sonra başladığı yenidənqurma və
bərpa prosesi isə onun liderliyinin davamlılıq üzərində
qurulduğunu sübut edir. "Ağıllı kənd"lərdən
"yaşıl enerji zonası"na, Zəngəzur dəhlizindən
beynəlxalq nəqliyyat yollarına
qədər bütün layihələr Azərbaycanın
təkcə regionun deyil, Avrasiyanın strateji mərkəzinə
çevrildiyini göstərir. Bu uğurların hamısı
sakit və təmkinli bir siyasi üslubun - İlham Əliyev
liderliyinin təntənəsidir. Bu, Ali Zəfər İlham
Əliyevin məqsədyönlü siyasətinin
möhürüdür, onun tarixdəki ən parlaq
imzasıdır.
Dünyanın çətinliklərlə
üz-üzə, regionda və qlobal miqyasda gərginliyin
artdığı bir vaxtda Azərbaycan İlham Əliyevin
liderliyi ilə sabit, güclü və gələcəyə
inamla addımlayan bir dövlətdir. Onun xarici siyasəti
balanslı, milli maraqlara əsaslanan və prinsipialdır. O,
Heydər Əliyevin dediyi kimi, həqiqətən
yarımçıq qalan bütün işləri axıra
çatdırdı. Bu, bir
liderin inamının, bir siyasi varisin, prezidentin əməli sədaqətinin
və bütöv bir xalqın bu inama olan güvəninin təntənəsidir.
Azərbaycan bu gün sabitliyin, gücün və gələcəyə
inamla addımlayan bir xalqın dövlətidir. Bu nailiyyətin
arxasında təkcə siyasi mexanizmlər, iqtisadi planlar,
diplomatik razılaşmalar dayanmır - burada bir liderin şəxsiyyətindən
doğan əzmkarlıq, müdriklik və sədaqət
dayanır.
Prezident İlham Əliyev XXI əsrin mürəkkəb
siyasi coğrafiyasında yalnız Azərbaycanın deyil, Cənubi
Qafqazın taleyini formalaşdıran əsas simalardan biridir.
İlham Əliyev heç vaxt populist ritorikanın arxasına
sığınmadı. Rusiya, Avropa İttifaqı, Türkiyə,
İran, Çin kimi nəhəng güc mərkəzləri
ilə paralel əməkdaşlıq aparmaq və eyni zamanda Azərbaycanın
milli maraqlarını qorumaq - bu, hər liderin bacaracağı
məsələ deyil. Bu, yalnız müstəqil iradəyə,
prinsipial mövqeyə və siyasi uzaqgörənliyə malik
rəhbərin missiyası ola bilər. İlham Əliyev bu
missiyanı üzərinə götürdü və illər
içində Azərbaycanın dünya xəritəsindəki
yerini bir neçə pillə yüksəltdi.
Onun xarici siyasəti yalnız geosiyasi deyil, həm də
mənəvi gücün nümayişidir. Azərbaycan bu
gün sülhə, multikulturalizmə, mədəniyyətlərarası
dialoqa ev sahibliyi edir. Bakı Prosesi, Beynəlxalq Humanitar
Forumlar, COP29 kimi tədbirlər Azərbaycanın beynəlxalq
miqyasda nə qədər etibarlı və sivil tərəfdaş
olduğunu sübut edir. Bu, həm də İlham Əliyevin
dünya siyasətindəki diplomatik nüfuzunun göstəricisidir.
Əsl liderin işi təkcə rəhbərlik etmək deyil.
Əsl lider millətin ruhuna çevrilməyi
bacarmalıdır. İlham Əliyev bunu bacardı, tarixi
fürsətləri gerçəkləşdirdi.
O, sadəcə siyasi sələfi Heydər Əliyevin
yolunu davam etdirməklə qalmadı, o, yolu zamanın tələblərinə
uyğun şəkildə yenidən inşa etdi. Ulu öndərin
"yarımçıq qalmış işlər" dediyi nə
varsa, artıq tarixdə tamamlanmış şanlı səhifələrə
çevrildi.
İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən
tarixi uğurlar və nailiyyətlər Ulu öndər Heydər
Əliyevin dahi uzaqgörənliyinin özünü
doğrultmasıdır. Bu siyasi uzaqgörənlik gələcəyə
yönəlmiş müdriklik kimi daim yaşamağa davam edəcək.
Hüseynbala MİRƏLƏMOV
yazıçı-publisist
525-ci qəzet.- 2025.- 7 may(№78).- S.10.