Əsir mühəndisdən "Səhra
gülü"nə qədər...
İkinci Dünya müharibəsi haqqında
yazılan kitabları, lentə alınan bədii və sənədli
filmləri, təntənəli paradı insanlar bu gün də
maraqla izləyir. Bu da səbəbsiz deyil. Başa
çatmasının 80 illiyini qeyd etməyə
hazırlaşdığımız bu dəhşətli
savaş hər bir ailədə kədərli izini buraxıb.
Kitab və filmlərdə, çəkilən tablolarda hər
birimiz yaxınımızı axtarır, bədii qəhrəmanları
onlara bənzədirik.
Təkcə Avropanın deyil, dünyanın qorxunc
yuxusuna çevrilən və "Qoca qitə"nin xəritəsini
dəyişən İkinci Cahan savaşı bizim ailəyə
də təsir edib. Ana babam Ələkbər Zeynalov müharibədə
həyatını, ata babam Yaqub Məmmədov isə bir
ayağını itirib. Bu itkilər, sovet-alman
savaşının kədərli epizodları barədə
yaşlı qohum-qonşunun xatirələri uşaqlıq
yaddaşımda silinməz iz kimi qalıb.
Gənclik illərindən taleyim elə gətirib ki,
ömrümün çox hissəsini almanlarla təmaslarda
keçirmişəm. Əlaqələr bu gün də davam
etməkdədir. 1990-cı ildən Almaniyada fəaliyyətə
başladığım zamandan İkinci Dünya müharibəsi
mövzusu müxtəlif situasiyalarda qarşıma
çıxıb. Tarixi qələbənin növbəti və
yubiley ildönümü ərəfəsində həmin məqamları
tez-tez xatırlayıram.
İndi artıq gizlin deyil ki, Azərbaycanın
müxtəlif yerlərində, o cümlədən Bakıda,
Sumqayıtda, Mingəçevirdə, Salyanda, Xızıda,
indiki Göygöl rayonunda alman əsirləri yaşayıb və
əsasən də onlardan tikinti-quruculuq işlərində
ucuz işçi qüvvəsi kimi istifadə ediblər. O da məlumdur
ki, Bakı şəhərinin memarlığında xüsusi
iz buraxmış bir neçə əzəmətli binanı
məhz hərbi əsirlər tikiblər. Həyatını
itirən alman hərbi əsirlərin sadalanan şəhər
və rayonlardakı məzarlıqlarının bu gün də
qorunub saxlanılması Azərbaycan
tolerantlığının bariz nümunəsidir.
Bütün çətinliklərə rəğmən,
sağ qalan hərbi əsgərlər isə Almaniyanın o
zamankı kansleri Konrad Adenaurun Sovet İttifaqı rəhbərliyinə
müraciəti əsasında ötən əsrin 50-ci illərdə
əsirlikdən azad olunaraq vətənlərinə dönə
biliblər.
Vətəninə dönə bilən alman hərbi əsirlərdən
biri Hoyzenştam (Heusenstam) şəhərindən olan Villi
Deş (Willi Desch) 50 il sonra oğlu Tomasla birlikdə Mingəçevirə
səyahət də edib, bir zamanlar salınmasında
yaxından iştirak etdiyi şəhəri gəzib, mühəndis
kimi gördüyü işlərdən danışıb,
xatirələrini yerli sakinlərlə bölüşüb.
Mingəçevirdən Hoyzenştama dönərkən əsirlik
dövründə tərtib etdiyi xatirə dəftərini
muzeyə bağışlamağı da unutmayıb.
Bu hadisəni Əməkdar incəsənət xadimi
Elçin Musaoğludan eşitmişəm. İllər
öncə eşitdiyim bu gerçək əhvalat mənə
çox maraqlı gəldi və Alman-Azərbaycan Cəmiyyətinin
dəstəyi ilə sənədli film çəkmək
ideyası gerçəkləşdi. Almaniyadakı əlaqələrimdən
istifadə edərək Villi Deşlə təmas qurduq,
2003-cü ilin martında Maynts şəhərində Alman-Azərbaycan
Cəmiyyətinin iştirakı ilə təşkil
olunmuş Azərbaycan Mədəniyyət Günlərinə
onu da dəvət etdik. Ömrünün müəyyən
hissəsi Azərbaycanla bağlı olan cənab Villi Deş dəvətimizi
məmnuniyyətlə qəbul edərək tədbirdə
yaxından iştirak etdi. 2007-ci ildə Azərbaycan-Alman
Dostluğuna həsr olunan filmin əsas çəkilişləri
Almaniyada aparıldığından Villi Deşlə
müsahibə Azərbaycana olan məhəbbəti ilə
müşayiət olundu. Sağollaşıb ayrılarkən
unudulmaz anlar yaşadıq. Çiskinli havada evinin
astanasından bizimlə sağollaşan Villi Deşin əlində
Azərbaycan bayrağını tutması təsiredici məqam
idi.
Çəkilişlər zamanı alman dostlar azərbaycanlıların
humanistliyi və ölkəmizdəki multikultural mühit
haqqında xeyli xoş sözlər, fikirlər səsləndirdilər.
Azərbaycanı, burada yaşayan insanları həmişə
xoş hisslərlə xatırlayan Villi Deş əlyazma şəklində
qeydlərini bizim Cəmiyyətə hədiyyə etdi.
İkinci Cahan müharibəsi mövzusunu
düşünərkən daha bir maraqlı məqamı
xatırlayıram. 1991-ci ilin mayında Köln şəhərində
səfərdə idim. Savaş zamanı Türküstan
Legionunun rəhbəri olmuş özbək əsilli alim
Baymirzə Həyati məni şəhərətrafı evinə
qonaq dəvət etdi. Həmin gün masa ətrafında
Rusiyanın tanınmış ictimai xadimi, Ümumrusiya
müftisi Ravil Qaynutdin, Qırğızıstan
Respublikasının keçmiş mədəniyyət naziri,
SSRİ Xalq artisti Çolpanbek Bozarbayev kimi maraqlı insanlar
da var idi. Maraqlı və umudulmaz söhbətimizin xeyli hissi
İkinci Dünya müharibəsinin acıları ilə
bağlı oldu.
Mövzunun davamı kimi Almaniyada Azərbaycan Legionu
haqqında tədqiqat aparan Nəsiman Yaqublunu rəhmətlə
anıram. Bu gün aramızda olmayan Nəsiman bəy Alman-Azərbaycan
Cəmiyyətinin təşəbbüsü ilə Neu-Ulm
şəhərinə səfər edə bildi,
soydaşımız Bəşir Əlizadə ilə
görüşlərdən maraqlı məlumatları qələmə
aldı.
Almaniyada yaşadığım dövrdə Azərbaycan
Legionunun üzvlərindən Ali Lodos, Qılınc Avarla
ötəri görüşlərimi, onların əzablı
həyat hekayələrini unuda bilmirəm. Dəhşətli
müharibə, onun gətirdiyi fəlakətlər,
qırılan talelər...
Yazımın əvəllində qeyd etdiyim kimi,
qanlı-qadalı müharibənin başa çatmasından
80 il keçməsinə rəğmən, insanlar o
dövrü anladan əsərlərə yenə də maraq
göstərirlər. Kinorejissor Tahir Tahiroviçin lentə aldığı
"Rudolfun gündəliyi" sənədli filminin keçən
il Avstriyanın paytaxtı Vyanada nümayişi zamanı
yaşananlar buna bir nümunədir. Vyanadakı Azərbaycan Mədəniyyət
Mərkəzində filmə baxışda
tamaşaçıların keçirdikləri həyəcan
başadüşüləndir.
Yeri gəlmişkən, Tahir Tahiroviç bu mövzunu
kino dilində əvvəllər də uğurla
çatdırıb. Rejissor müharibə vaxtı yaralı
azərbaycanlı əsgərə qayğı göstərən
və sonra həyatını Naxçıvana bağlayan Erika
xalaya həsr etdiyi "Səhra gülü" sənədli
filmi məhz müharibənin bir insan həyatında
buraxdığı iz barədədir.
Ötən ay Berlindəki "Urania" Elm Mərkəzində
maraqlı tədbir keçirilib. İkinci Dünya müharibəsində
faşizm üzərində qələbənin 80 illiyinə həsr
olunmuş tədbirdə görkəmli rejissor Tofiq
Tağızadənin "Uzaq sahillərdə" filmi
nümayiş etdirilib. Azərbaycanın mərd və qəhrəman
oğlu Mehdi Hüseynzadənin obrazı filmdə ustalıqla
canlandırılıb.
Alman-Azərbaycan Cəmiyyəti bu mövzunu daim diqqət
mərkəzində saxlayır. Təsadüfi deyil ki, əsirlikdə
vəfat edən azərbaycanlı əsgər, əslən Qərbi
Azərbaycanın Meqri bölgəsindən olan Balaca Məmmədxan
oğlu Hacıyevin Almaniyanın Zeithain Şəhər Məzarlığındakı
qərib məzarını ziyarət etmək
üçün Cəmiyyətimiz onun qohumlarına şərait
yaratmışdı.
2021-ci ilin oktyabrında Alman-Azərbaycan Cəmiyyətinin
təşəbbüsü ilə tarix elmləri doktoru Həcər
Verdiyevanın rəhbərliyi ilə tarixən Azərbaycanda
məskunlaşmış almanların Sibirə və
Qazaxıstana deportasiya olunmasının 80 illiyinə həsr
olunmuş beynəlxalq konfrans da tarixin yaddaşına bir səyahət
oldu.
Yuxarıda sadalanan xatirələr
ağrılı-acılı olsa da, 1941-45-ci illərdəki
qanlı savaşı və savaşdan sonrakı dövr
tarixin unudulmaz səhifəsidir.
Çingiz ABDULLAYEV
Professor, Alman-Azərbaycan Cəmiyyətinin sədri
525-ci qəzet.- 2025.- 8 may(¹79).- S.11.