Müasir Azərbaycan gəncliyi:
konstitusion hüquqlar və vəzifələr
2025-ci il AZƏRBAYCANDA "KONSTİTUSİYA VƏ
SUVERENLİK İLİ" ELAN EDİLİB
Ölkəmizin müstəqilliyini, qanunun aliliyini,
hüquqi, dünyəvi və müstəqil dövlət
quruculuğunu, eləcə də digər prinsipləri
özündə əks etdirən yeni milli Konstitusiyamız
1995-ci ilin 12 noyabrında Ulu öndər Heydər Əliyevin
müdrik rəhbərliyi altında, ümumxalq referendumu əsasında
qəbul edilib və həmin il noyabrın 27-də hüquqi
qüvvəyə minib. Bu Əsas Qanun Azərbaycan
Respublikasında müstəqilliyin bərpasından sonra qəbul
olunan ilk Konstitusiyadır. Konstitusiyamız 5 bölmə, 12 fəsil
və 158 (164) maddədən ibarətdir. Qəbul olunan vaxtdan
bu günə kimi Azərbaycan Respublikası Konstitusiyasına
ümumxalq referendumu (səsvermə) yolu ilə bir neçə
dəfə əlavə və dəyişikliklər edilib. Azərbaycan
Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı
ilə 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və
Suverenlik İli" elan olunub.
"Konstitusiya" sözü latın mənşəlidir.
Azərbaycan dilinə tərcümədə "quruluş, təsisat"
mənalarını verir. Müasir anlayış kimi dövlətin
ali və yüksək hüquqi qüvvəyə malik olan
Əsas Qanunu deməkdir. Yəni dövlətin ictimai və
dövlət quruluşunu, seçki sistemini, dövlət
orqanlarının fəaliyyət və təşkilatı
prinsiplərini tənzimləyən, vətəndaşların
hüquq və vəzifələrini müəyyən edən
Əsas Qanun kimi izah olunur. Ölkənin siyasi, hüquqi və
iqtisadi sisteminin əsasları bu qanunla müəyyən
edilir.
lll
Tarixin müxtəlif dövrlərində kənar
müdaxilələrə igidliklə sinə gərən
xalqımız, hər nə qədər çətin olsa da,
öz kimliyini, dilini, dinini, milli qürurunu qoruyub saxlaya bilib.
Azərbaycan xalqı lap əzəldən milli əxlaqını,
adət və ənənələrini ən dəyərli sərvət
kimi gənc nəsillərə ötürməyə müvəffəq
olub. Ata-babalarımız müstəqil, suveren dövlət
qurmaq, kimsədən asılı olmadan, heç kimdən
yardım almadan azad və təhlükəsiz şəraitdə
yaşamağı hər şeydən üstün tutmuşlar.
Milli özünüdərki, milli mənlik şüurunu
düzgün formalaşdırmaq və inkişaf etdirmək
haqqında cəsarətlə qərarlar vermişlər.
1918-1920-ci illərdə cəmi 23 ay hakimiyyətdə
olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə
dövlətin Əsas Qanunu olan Konstitusiyanı qəbul etmək
mümkün olmamışdı. SSRİ-nin tərkibində
15 müttəfiq respublikadan biri kimi fəaliyyət göstərən
Azərbaycan SSR-in ilk Konstitusiyası 1921-ci ildə, son
Konstitusiyası isə 1978-ci ildə qəbul edilmişdi. Həmin
Əsas Qanunlar ictimai və dövlət quruculuğunu,
seçki sistemini, vətəndaşların hüquq və vəzifələrini,
eləcə də digər prinsipləri özündə
geniş əks etdirirdi. Azərbaycan SSR-in son Konstitusiyası
ilk müstəqil respublikanın Əsas Qanunu qəbul olunan
vaxtadək, yəni 1995-ci ilədək (bəzi dəyişikliklərlə)
qüvvədə qaldı.
Hər zaman müstəqil və suveren dövlət
quruculuğuna can atan Azərbaycan xalqı artıq 30 ildən
çoxdur ki, haqq-ədalət və humanizm prinsiplərinə,
qanunun aliliyinə, zəngin milli dəyərlərə,
yüksək əxlaqa, mütərəqqi adət və ənənələrə,
milli həmrəylik təcrübəsinə əsaslanan,
dünyada qabaqcıl elmə və inkişaf etmiş
texnologiyaya sahib hüquqi-dünyəvi dövlətini qurub.
Çox sevindirici haldır ki, indi bizim müstəqilik və
suverenlik çeşməsindən qidalanan və bütün
respublika qanunlarının əsasını təşkil edən,
dünyanın azad və demokratik ideyalarından qaynaqlanan
Konstitusiyamız vardır və bu il Əsas Qanunumuzun qəbulunun
30 illiyi tamam olacaq.
Azərbaycan Respublikasında Konstitusiya Qanunun yerinə
yetirilməsinə nəzarət Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən
həyata keçirilir.
Müasir Azərbaycan dövlətçiliyinin banisi
olan Ümummilli liderimiz Heydər Əliyev müstəqilliyimizin
ilk dövründə və hələ çox kövrək
olduğu məqamda milli dövlət quruluşunu müəyyən
edən yeni Əsas Qanunumuzun hazırlanması ideyasını
irəli sürdü və bu nəhəng işi uğurla həyata
keçirdi. Ulu öndərin Konstitusiya layihəsinin
hazırlanmasında və ümumxalq referendumu yolu ilə qəbul
olmasında böyük və müstəsna rolu oldu. Əsas
Qanun layihəsi hazırlanarkən iti ağıla, zəngin təfəkkürə,
fenomenal yaddaşa, geniş dünyagörüşünə,
ümumdünya təcrübəsinə malik, milli-mənəvi
və dövlətçilik dəyərlərimizə dərindən
bələd olan Ümummilli liderimizin bütün göstəriş,
məsləhət və tövsiyələri bu ali sənədin
hazırlanmasında nəzərə alındı. Ulu öndər
1995-ci ilin 3 oktyabrında Azərbaycan Respublikasının yeni
Konstitusiyasını hazırlayan Komissiyanın iclasında
çıxışı zamanı belə demişdi:
"...İndiyə qədər Azərbaycan Respublikası
1978-ci ildə qəbul olunmuş konstitusiya ilə
yaşayır, işləyir. Doğrudur, bu müddətdə
konstitusiyaya bir çox əlavələr, dəyişikliklər
edilibdir. Xüsusən qeyd etmək lazımdır ki, Azərbaycan
dövlət müstəqilliyini əldə edəndən
sonra - 1991-ci il oktyabrın 18-də Konstitusiya Aktı qəbul
edibdir. Doğrudur, o vaxt bu sahədə müəyyən
anlaşılmayan hallar da olubdur. Xatirinizdədir ki, 1991-ci il
avqustun 30-da Azərbaycan parlamenti müstəqillik haqqında bəyanat
qəbul etdi. Ancaq görünür ki, Azərbaycan
Respublikasının o vaxtkı rəhbərləri müstəqilliyi
nədənsə istəmirdilər. Çünki bu
aktları, şübhəsiz, vaxtında keçirmək
olardı..."
Müstəqil dövlət quruculuğunu təmin edəcək
yeni milli Konstitusiya müstəqil və suveren dövlətimizin
zəngin mənəvi dayağı, möhkəm hüquqi və
dünyəvi əsası-dayaqları demək idi.
Ulu öndər yeni Konstitusiyanın layihəsinin
hazırlanmasını və ümumxalq referendumu ilə qəbul
olunmasını ölkəmizin müstəqillik tarixinin
böyük uğuru hesab edərək: "Biz elə bir layihə
hazırlamalı və nəhayət elə bir Konstitusiya qəbul
etməliyik ki, o müstəqil Azərbaycan
Respublikasının demokratik prinsiplər əsasında uzun
müddət sabit yaşamasını təmin edən Əsas
Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü -
qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar
hamısı xalqın iradəsinə söykənməli,
seçkilər yolu ilə təmin olunmalıdır" -
demişdi.
Bu gün Azərbaycan Respublikası ölkə
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin uğurlu rəhbərliyi ilə özünün ən
parlaq inkişaf dövrünü yaşayır, dünyada
suveren dövlət mövqeyini layiqincə qoruyub saxlayır və
müstəqil siyasətini müvəffəqiyyətlə
davam etdirir.
Əsas Qanunumuzun ölkə həyatında və cəmiyyətin
inkişafında müstəsna rolu vardır. Ona görə də
hər bir Azərbaycan vətəndaşı, xüsusən gənclər
Konstitusiyamızı diqqətlə öyrənməli, öz
hüquqlarını aydın bilməli, onlardan düzgün və
səmərəli istifadə etmək yolunu mənimsəməlidirlər.
Bütün vətəndaşlar kimi, gənclər də
dövlətimizin Əsas Qanununda əksini tapmış vəzifələrini
vaxtında və düzgün yerinə yetirməyə
borcludurlar. Çünki hər bir vətəndaş
Konstitusiyamızın qarşıya qoyduğu, ona aid olan vəzifələrin
icrasına cavabdehdir və onu pozmağa görə qanun
qarşısında ciddi məsuliyyət daşıyır.
Gənclər can-başla dövlətin özəyi
olan ailəyə, dövlət dili hesab edilən Azərbaycan
dilinə, dövlət rəmzlərimiz olan
bayrağımıza, gerbimizə və himnimizə hörmət
etməlidirlər. Konstitusiyamızda əksini tapan
bütün insan və vətəndaş hüquqları, eləcə
də azadlıqları qanunla ciddi şəkildə qorunur və
gənclər də bu hüquqların himayəsi
altındadırlar. Bütün insanların, o cümlədən
hər bir gəncin ləyaqəti qorunur və ona hörmət
edilir. Azərbaycan cəmiyyətində yaşayan
bütün insanlar kimi gənclərin toxunulmaz, pozulmaz və
ayrılmaz hüquq və azadlıqları vardır. Gənclərimiz
bilməlidirlər ki, heç kimə bu hüquqlardan
sui-istifadəyə icazə verilmir. Respublikada yaşayan
bütün əhali, xüsusilə gənclər qanun və
məhkəmə qarşısında bərabərdirlər.
Kişinin və qadının hüquqları və
azadlıqları eynidir. Dövlətimiz irqindən, etnik mənsubiyyətindən,
əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən,
siyasi partiyalara, həmkarlar ittifaqına, başqa ictimai birliklərə
daxil olmasından asılı olmayaraq hər bir şəxsin,
o cümlədən gəncin hüquq və
azadlıqlarının bərabər olmasına təminat
verir.
Konstitusiyamıza əsasən, ölkə gənclərinin
yaşamaq, azadlıq, mülkiyyət, təhlükəsiz
yaşamaq, şəxsi toxunulmazlıq, mənzil
toxunulmazlığı, nikah, əmək, tətil, istirahət,
sosial təminat, sağlam ətraf mühitdə yaşamaq, mədəniyyət,
sağlamlığın qorunması, təhsil, mənzil, milli
mənsubiyyət, ana dilindən istifadə, şərəf və
ləyaqətin müdafiəsi, seçki, fikir və söz,
vicdan, sərbəst toplaşmaq, siyasi sığınacaq, məlumat
almaq, yaradıcılıq azadlıqları, vətəndaşlıq,
cəmiyyətin və dövlətin siyasi həyatında
iştirak, dövlətin idarə olunmasında iştirak etmək,
məhkəməyə təkrar müraciət etmək,
hüquqi yardım almaq, şikayət və təkliflərlə
müraciət etmək, birləşmək, azad sahibkarlıq
və sair hüquqları, hüquq və azadlıqların
inzibati və məhkəmə təminatı vardır. Bundan əlavə,
özbaşınalıqdan müdafiə, vicdanlı
davranış hüquqları, eləcə də əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
hüquqları da dövlət tərəfindən müdafiə
olunur. İnsan və vətəndaş, xüsusən gənclərin
hüquqlarının və azadlıqlarının
qorunması və müdafiəsi dövlət tərəfindən
təmin edilir.
Əsas Qanunda ölkəmizdə yaşayan
insanların, eləcə də gələcəyimiz olan gənclərin
Konstitusiya hüquqları ilə yanaşı, bu sənəddən
irəli gələn vəzifələri də geniş əksini
tapıb. Həmin vəzifələrə: hər bir şəxsin,
o cümlədən gəncin Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına əməl etməsi, digər
şəxslərin hüquq və azadlıqlarına hörmət
etməsi tələb olunur. Qanunları bilməmək
heç bir kəsi, o cümlədən gənci məsuliyyətdən
azad edə bilməz. Vətənə sədaqətli
olmalı, seçilmək və ya təyinat yolu ilə gəldiyi
və daşıdığı vəzifəyə məsuliyyətlə
yanaşmalı, onu düzgün icra etməlidir. Vətəni
müdafiə etmək, qanunla müəyyən edilmiş
icbari hərbi xidməti yerinə yetirmək, hər kəsin,
o cümlədən, bütün gənclərin müqəddəs
borcudur. Ölkəmizin ərazisində yerləşən
tarix və mədəniyyət abidələrini və ətraf
mühiti qorumaq hər kəsin borcudur. Qanuna zidd olan hər
hansı vəzifənin icrasına yol vermək olmaz. Azərbaycan
Respublikası Konstitusiyasına və ölkə qanunlara zidd
olan hərəkət, iş, əməl və ya vəzifənin
icrasına heç kəs məcbur edilə bilməz. Kim Azərbaycan
Respublikası Konstitusiyasında və ya digər qanunlarda nəzərdə
tutulan hüquqlardan sui-istifadə edərsə, bu həmin
şəxsin qanun qarşısında cavab verməsi və məsuliyyətə
cəlb olunması ilə nəticələnəcək.
Zakir BAYRAMLI
Şair-publisist,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin
üzvü
525-ci qəzet .- 2025.- 14 may(№82).- S.15.