Qovuşdurana şükür
Bakı-Quzanlı-Ağdam Muğam Mərkəzi
marşrutundan telefonumda qalan qeydlər
Ağdamda, Mərzilidə çəkilişdə
idim. Elə çəkilişin ortasında Ağdam İcra
Hakimiyyətindən zəng gəldi. Dedilər ki, rəsmi tədbir
olacaq, sizi də dəvət edirik, şəxsiyyət vəsiqənizi
göndərə bilərsinizmi? Dərhal göndərdim. Təəccübləndim
və mat qaldım... Çünki neçə ilin
tanınmış jurnalistiyəm, məhz Ağdamla
bağlı layihəm var, daim Qarabağ mövsuzunda işləyirəm,
amma Ağdam İcra Hakimiyyəti birinci dəfə idi ki, məni
itirib axtarırdı... Tədbirin adını demədilər,
intizarda qaldım...
Çəkilişim bitəndən sonra tədbir haqda
məlumat topladım. Həyəcanlandım, həvəsləndim
və səbirsizləndim...
Həmin vaxt gəlib çatdı. "Mayın 9-da
saat 11.30-da Bakıda Funikulyorun yanında olun" elanı
verildi.
Mən, bacım Vüsalə, Ağdamın
keçmiş mədəniyyət şöbəsinin
müdiri və eks millət vəkili Çimnaz Əliyeva
toplanma və dərdləşmə məntəqəsinə
gələndə ancaq Molla Arif burada idi. Papağını dəyişmişdi
deyə əvvəl tanımadım, sonra
gülüşündən anladım. Uzun zamandır bir-birini
görməyən insanlar gəldikcə qucaqlaşmağa, dərdləşməyə
başladılar. Elə ona görə bu yerə dərdləşmə
məntəqəsi deyirəm...
Avtobusa qalxıb yerimizi rahatladıq. Bir qədərdən
sonra əlində siyahı olan məsul təşkilatçılar
gəlib davamiyyəti yoxladılar və bacımla mənim digər
avtobusa keçməyimi xahiş etdilər. Qonaqlar avtobuslar
üzrə də dəqiq bölünmüşdü...
Dəyişdiyimiz avtobusda yerimizi tutduq, bizdən sonra
jurnalist Firuzə Nadir gəlib yanımızdakı sırada əyləşdi.
Aparıcı Səyyarə Səyyaf da gəldi.
Salamlaşıb Firuzənin arxasındakı sırada oturdu.
Dörd xanım jurnalist avtobusun mərkəz nöqtəsində
təzəcə yerləşmişdik ki, yazıçı
Mustafa Çəmənli gəldi. Dördümüzü də
bir yerə görüb qaşını alnına doğru
qaldırdı və həyəcanla dedi:
- Boooyyy, Allah sən saxla...
Gülüşdük və birdən duruxduq:
- Niyə Mustafa müəllim, nə oldu?
Mustafa müəllim:
- Heszat, elə sevindim... Hamınızı bir yerdə
gördüm, Allah haqqı ayrı cür sevindim ey...
Sonra bir-bir hərə öz yerinə keçdi.
Öndə deputat və rektorlar, vəzifəlilər
oturmuşdu... Yol boyu maraqlı söhbətlər gedirdi.
Bizim arxamızdakı oturacaqda əyləşən
professor Cahangir Məmmədli yanındakı ilə yol boyu
yorulmadan elmi söhbətlər etdi, universitetdən, tələbələrdən,
müdafiələrdən danışdı. Maşallah olsun
onun zehninə və enerjisinə... Gözə gətirməyim,
amma heyran qaldım...
Vüsalə vaxt tapmışkən sağlam qidalanma
mövzusunda ChatGBT ilə söhbət edirdi və məni
arıqlatmaq üçün ondan məsləhətlər
alırdı. Mənim də başım sağ tərəfdən
dəhliz qonşumla yeyib-içməyi sevən ərəblər
haqda söhbətə qarışmışdı... Sağ
cinahda həmsöhbətim rəhmətlik Xuraman Abbasovanın
qızı Aida xanım idi. O, ərəbşünasdır,
ciddi alimdir, çox savadlı və kübar bir
xanımdır. Söhbətimiz yaman yaxşı tutmuşdu...
Ərəblərin dilindən, milli xüsusiyyətlərindən
tutmuş İspaniyadakı ərəb izlərinə qədər
hər şeydən danışdıq... Axırda da onun
Amerikadan aldığı nəfis kolyesinin tərifi ilə
söhbəti yekunlaşdırdıq...
Arxa tərəfdən Abdal Qəhrəmanın səsi
gəlirdi. Fasiləsiz nitq söyləyirdi, həm də uca səslə...
Bu müddətdə dövlət başçısına
yazdığı şeiri əzbərləsəydi, vallah daha
yaxşı olardı... Prezidentin qarşısında şeiri
kağızdan oxumazdı... Ağdam camaatı demişkən,
məndən inciməsin eeey, çox istədiyimdən deyirəm...
Rey Kərimoğlu bir yerdə qərar tuta bilmirdi,
avtobusu aşağı-yuxarı gəzərək hamı ilə
söhbətləşir, xəbərləşir, gündəmi
müzakirə edirdi... Bizimlə də oğlu Qayanın
Şıxbabalı sərgüzəştlərindən
danışdı. Deyir ki, dağılmış evimizin salamat
divarına boya ilə öz adını yazıb...
Boran müəllim də gəzib söhbətləşməyi
sevir. Hamı ilə danışdı, sıra mənə
çatanda tarixdən danışdı:
- Ay Səadət xanım, Baxşeyiş bayaq deyirdi
ki, sən Ağdamda türk əsgərlərin məzarları
haqda araşdırma aparmısan. Nəsə əldə edə
bildin?
Dedim ki, yox, Boran müəllim, araşdırmam bir yerə
varmadı. Bu haqda mənə yaşlı insanlar öz
ata-babalarından eşitdiyini danışmışdı,
Muradbəyli, Şelli, Güllücə qəbiristanlıqlarında
bu qədirlər olub. Onların Ağdama 1918-ci ildə gəldiyi
və ölənlərin də bir neçə kənddə
dəfn olunmasını deyirlər, amma mən Ağdamda
1918-ci ildən qalmış türk əsgərlərinin məzarları
haqda heç bir mənbədə informasiyaya rast gələ
bilmədim. Siz tapsanız, mənə də deyin...
Çay fasiləsinə dayandıq...
Yanımdan keçənlərin çoxu "sən
də məni çəhmədin dana" deyib incikliyini izhar
edirdi... BSU rektoru Anar Nağıyev şirin təbəssümlə
mənə baxıb Şəfəq Mehralıyevaya nəsə
demək istəyəndə dərhal özümü yetirdim:
- Anar müəlim, sizin Novruzlu kəndi hələ
minalıdır, təmizlənəndə sizi də çəkəcəyəm...
Anar müəllim "Səadət xanım adı
çəkiləndə söhbətin nədən gedəcəyini
artıq bilir" deyib ürəkdən güldü, biz də
ona qoşulduq. Özü kimi pozitiv insan çətin
tapılar. Çox hörmətim var ona - həm Novruzlu
balası kimi, həm ziyalı kimi, həm rektor kimi, həm də
"Qarabağ" azarkeşi kimi...
Başımı sağa çöndərəndə
Habil Qurbanov da mənə eyni eyhamı vurdu:
- Hamını çəkdin, mən qaldım, evimizi
də sökdülər, yeri parka düşür...
Hərçənd Habil müəllimi "Hasarın
o üzündəkilər"də çəkmişdim, amma
ata yurdunda tarixə düşməyi arzulayırmış...
Sadir müəllim də məni yüngülcə
qınadı: "O boyda işlər görmüşəm,
heç məni danışdırmamısan".
Bir sözlə, hamı özünü "Ağdam
və mən"də görmək istəyir...
Qınamıram. Haqlıdırlar. Amma onlar çoxdur, mən
tək. Çatdırmıram...
Bax beləcə deyə-gülə, şad-xürrəm
gəlib çatdıq Quzanlıya. Hamımızdan koronavisa
qarşı test götürüldü. Sonra yollandıq
axşam yeməyinə... Dedilər İcra hakimiyyəti
yaxşı hazırlıq görüb...
Fikirləşdim ki, mən bu layihəni işlədiyim
4 il ərzində Quzanlıda nə qalmağa otel, nə də
ürəyimcə restoran tapmışam. Görəsən,
bizi hara aparacaqlar?!.
Xınıdırıstanda çox kreativ adı olan
bir şadlıq evi varmış: GOLD MƏTİN. Bizim
üçün qonaqlıq burada verilirdi. .Rəsmi adı
axşam yeməyi olsa da, yerli ləhcədə buna qonaqlıq
deyirlər.
İçəri girməzdən öncə təklif
gəldi ki, icra başçısı ilə bir kollektiv xatirə
şəkli çəkdirək. Ümumiyyətlə, bəndəniz
nəinki ilk dəfə idi Ağdamın icra
başçısı Vaqif müəllimlə şəkil
çəkdirirdi, ümumiyyətlə birinci dəfə
onunla üzbəüz görüşürdü. Qonaqları
sadə və xoşsifətlə qarşılayırdı.
İcra Hakimiyyəti insafən "Qold Mətin"də
çox ləyaxlı yeyib-içmək təşkil
etmişdi. Bu illər ərzində ilk dəfə Ağdam
İcra Hakimiyətinin sırfasının qırağında
oturmuşdum. Bir dəfə qonaq evində mənə
qalmağa yer verməmişdilər. Acığım
tutmuşdu, asıb-kəsən status yazmışdım...
Sonra barışdıq. Zatən azad edilmiş ərazilərdə
otel çoxaldı, daha Quzanlıya və icra hakimiyyətinə
möhtac qalmadıq...
Sizə danışım "Qold Mətin"dəki
qonaqlıqdan. Bahooooo... Orqanik bir kənd süfrəsi -
dadlı pendir, tər və gözəl qoxulu göyərtilər,
təzə salat, çolpa soyutması, təndir çörəyi,
yaxşı lülə, qəşəng tikə, canım sizə
desin, evdə bişib gətirilmiş boyanalı aş kənd
çolpası ilə... Bəh-bəh... Ağdamda evdə sizə
yaxşı süfrəni necə açardılarsa, bax o
qabiliyyətdə süfrə idi. Hamısı dadlı-ləzzətli,
qulluq da ki, necə lazımdır. Restoran əhli əldən-ayaqdan
getmişdi. Başçı özü yuxarı başda
oturmuşdumu, ya nə idi, ta bilmirəm... Amma hamının
arzu və istəyinin üzərində tək-tək əsirdilər.
Mən yuxa istədim. Ofisiant dedi yoxdur... Dedim, yaxşı,
nooolar, canın sağ olsun... 5 dəqiqə sonra başqa
ofisiant mənə ayrıca boşqabda yuxa gətirdi və
üzr istədi ki, o uşaq bilməyib,
bağışlayın.
Qoy bunu da deyim. İndi təzə dəb
düşüb, rayonda restoranlarda yuxanı dörd yerə
bölüb süfrəyə gətirirlər. Ay restoran
kollektivi, yuxanı bölməyin, bəlkə biri (elə mən
özüm) dürmək düzəldib yemək istəyir, kəsilmiş
yuxa ilə necə düzəltsin...
Süfrəyə verdikləri boyanalı aş bir az
soyuq idi. Dedilər evdə dəmlənib, bura gələnədək
bir az soyuyub. Aş gələndə hamı eyni anda soruşdu
ki, qatıq yoxdurmu??!! Masamıza baxan oğlan dedi ki, 30
yaşım var, ilk dəfədir eşidirəm ki, boyanalı
aş qatıqla yeyilir. Hamı bir ağızdan Mustafa müəllimin
sözünü dedi: "Boooy, Allah sən saxla"...
Yaşlılar dərhal gəncin Qarabağdan olub-olmaması
ilə maraqlandılar, qarabağlı imiş. Niyə
onların evində boyanalı aş qatıqla yeyilmir,
anlamadıq. Kütləvi məzəmmətin yekunu belə
oldu ki, qaqa, sən nəsə düzgün boyana plov yeməmisən.
Rey abi nə desə yaxşıdır:
- Yox ey... qaqa... Mən məkir ağdamlıyam ey,
qatıq olmasa, bu aşı yemərəm.
Qaqa da ərinmədi, gənc ofisiantı göndərib,
qatıq aldırdı, süfrəyə gətirdi. Nəhayət
Rey abi boyanalı aşı üsulunca yedi...
Çay istədik...
Qatıq almağa gedən, bayaqdan bizim
üçün canfəşanlıq edən gənc adam
çayı süzəndə masadan kimsə "bu çay
milsəner görüf???" sualını verdi. Milsəner
dövrünü görməyən gənc anlamadı, izah
etdilər ki, çay çox rəngsizdir. Getdi təzəsini
dəmləməyə...
Maraqlı söhbətlər edirdik...
Baxşeyiş müəllim masamızda Qarabağ ləhcəsinə
xarakterik sözlərin yarışını keçirirdi...
Söhbətin və yemək-içməyin şirin
yerində təzə çay gəldi. Həmin oğlan
çayı birinci mənə süzdü... Nə desə
yaxşıdır???!!! Əhvalımın möhtəşəm
modunda ofisiant maaa "bibi" deməzmi...
- İndi çay yaxşıdır, bibi???...
Çaya baxdım, ofsianta baxdım. Dedim bayaqkından
babatdır, amma yaxşı döyül...
Fikir vermişəm, rayon uşaqları
"xanım" xitabını bilmir, ya da sevmirlər, onlara
görə özündən böyük hər bir qadın
"bibi"dir...
Yüz faiz bizim masaya baxanlar sonra yığılıb
dedi-qodumuzu ediblər ki, bunlara da heszat bəyəndirmək
olmur.
Amma bunların hamısı məkirlikdən deyildi,
xoşbəxtlikdən idi - Ağdama gedirdik...
Bu yerdə kimdən deyim, Rəşad Məciddən.
Mədəniyyət Nazirliyinin heyətində gedib Ağdam
şəhərinə, düz bizim məhlədə, qəşəngcə
"Aghdam City Hotel"də yerləşib. Ofisiant mənə
"bibi" deyəndə mısmırığımı
töküb telefona baxarkən gördüm ki, başqan ilk dəfə
Ağdamda gecələməsi haqda status yazıb... Məhləmizdə
gecələməsinə həsəd apardım. Səhərəcən
Bərdədə oteldə gözümə yuxu getmədi.
Yazdım ki, sübhdən durub günəşə baxın,
görün heç o cür günəş
görmüsünüz??!!
Səhər rastlaşanda görəcəm ki, Rəşad
müəllim yaman kövrəlib - uzun illərdən sonra ilk
dəfə doğma şəhərdə gecələməyin
duyğusallığı içindədir. Bircə kəlmə
dedi ki, Günəşi gördüm, şəklini də
çəkdim.
Nə isə...
Səhər 7-də Quzanlıda İcra Hakimiyyətinin
qarşısında toplanmalı idik.
Dağılışdıq qalacağımız ünvanlara,
yatan yatdı, yatmayanlar da mənim kimi saat 3-dən
başladı bayram bəzəyinə... Geyindik, bəzəndik,
süsləndik, Quzanlıda avtobuslara minib yola
düşdük bizim məhləyə. Bizim məhlə ona
görə deyirəm ki, Ağdam Muğam Mərkəzi də
"Aghdam City Hotel" kimi bizim məhlədə tikilib.
Gəldik çatdıq. Hava çox isti idi, binaya girməyə
tələsdik...
Bacımla məni ilk özəl salamlayan mədəniyyət
naziri Adil Kərimli oldu. Əsalətinə dərin rəğbət
bəslədiyimiz Adil müəllim bizimlə görüşüb
təbrikləşəndən sonra soruşdu ki, necədir,
xoşunuza gəlirmi? Dedik əlbəttə, Muğam Mərkəzi
məhləmizin gözəlliyinə gözəllik qatır.
Bu arada görməyənlər üçün deyim
ki, Ağdam Muğam Mərkəzində Heydər Əliyev Mərkəzinin
memarlıq üslubuna bir qədər bənzərlik var -
fasadda və foyedə əsasən ağ rənglərdən
istifadə, zalın işlədiyi rəng və material və
s.
Ağdam Muğam Mərkəzinin
açılışına gəlmişdik. Bu, Ağdama
doğma səslərin qayıtmasının təntənəsi
idi. Bu, Qarabağın mühüm şəhərindən
dünyaya Zəfər və Sülh, Mədəniyyət və
Hüzur səslənişi idi. Bu, RUHLAR
ŞƏHƏRİNİN DİRİLİŞİ idi.
Konsertə hamınız dəfələrlə
baxmısınız. İfalardan, ssenaridən, təşkilatçılıqdan
danışmayacam. Amma onu deyim ki, hamı kövrəlmişdi.
Prezident İlham Əliyev özü 2 dəfə kövrəldi
- uşaqlar "Qarabağ şikəstəsi" oxuyanda və
binanın qarşısında yenidən "Qarabağ"
mahnısı səslənəndə..
Dövlət başçısının hər kəsə
göstərdiyi diqqət və şəfqəti diqqətlə
izləyirdim. Şəhid valideyni ilə
görüşdü, çempion Ceyhun Məmmədovu
xüsusilə salamladı, balacalara yenidən nəvaziş
göstərərək yaşlarını belə soruşdu.
Qazilərlə məxsusi görüşdü və foto
çəkdirdi. Abdal Qəhrəman "cənab prezident,
ömrümün axırında... Allaha yalvarmışam ki, o
kişi ilə görüşə bilim" deyib o qədər
hay-küyün içində ucadan səslənməsinə
də səs verdi və şairin oxuduğu şeiri axıradək
səbrlə dinlədi...
Prezident o boyda qarışıq, səs-küylü
ortamda necə də diqqət göstərə bilir hər məqama.
Vallah, bu kişi rəhmətlik atası kimi fenomenal diqqət
və yaddaş sahibidir. Yaxından izləyə bilən
insanlar deyir ki, Prezident İlham Əliyev avtomobilinə minərkən
yenidən qayıdıb yanaşı dayanan icra
başçısı Vaqif Həsənov və Aqil Abbasla
şəkil çəkdirib. Aqil Abbasla qucaqlaşıb,
öpüşüb-görüşüb və "Aqil
müəllim mənim qardaşımdır" deyib.
Cənab Prezident maşına minib gedəndən sonra
da Muğam Mərkəzinin qarşısında eyforiya idi. Hava
isti, sıxlıq, tünlükdə tərpənmək
olmurdu, sevinmək səsləri bir-birinə
qarışmışdı... Hamı "Ağdam Muğam Mərkəzi"
yazısının qarşısında şəkil çəkdirməyə
növbəyə düzülmüşdü,
tanıyan-tanımayan hər kəs biri-biri ilə şəkil
çəkdirirdi, təbrikləşirdi... Lap köhnə el
bayramlarında olduğu kimi.
Mən o anda ətrafa, məhləmizə, İmarətə
boylandım. Elə hiss etdim ki, bu günü görməyənlərin,
nakam ağdamlıların hamısının ruhu
yanımızdadır. Elə hiss etdim ki, sonuncu dəfə
İmarətdə baxdığı
"Xarıbülbül"dən sonra heç bir konsertə
getməyən, ömrü bu günədək gəlib
çatmayan Ağdam sakinlərinin hamısı o zalda oturub
balaca Əhədin şikəstə hayqırtısını
dinləyir...
Zala girə bilməyənlər də qıraqdan
boylanır, o vaxtlar İmarətdə yer tapmayıb hasarın
üstündən, ağacın başından konsertə
baxanlar kimi...
Bu günü görməyənlərin
hamısının ruhu şad olsun...
Qovuşdurana şükür!
Səadət MƏMMƏDOVA
525-ci qəzet .- 2025.- 16 may(№84).- S.8;9.