SONDAN GÖRÜNƏN ƏVVƏL
Əsla şübhə yoxdur ki, 1940-cı illərin əvvəllərində
Moskva, xüsusi kəşfiyyat tapşırığı ilə,
İrana bircə Məmmədhüseyn Əsədovu yox,
onlarla peşəkar çekisti göndərmişdi.
Böyük Britaniyanın, Almaniyanın, ABŞ-nin də bu
istiqamətdə, İrana daha yaxın və bilavasitə həmsərhəd
SSRİ qədər olmasa da, öz hərəkətləri
vardı.
O dövrdə sovetin İranda yaratdığı və
minlərlə insanı əhatə edən etibarlı agentura
şəbəkəsi isə tam ayrı bir uzun hekayətdir.
İran müharibədən əvvəl də daim
Sovet İttifaqının diqqət mərkəzində idi, bu
ölkənin gələcək taleyində həlledici olmaq
sovetin uzaq hədəfləri nişan alan niyyəti idi.
Sovet siyasəti İranın idarəçilik sistemini
dəyişərək oranı birbaşa öz nüfuz dairəsinə
daxil etməyə, burada iqtidarı birbaşa təsiri və
iradəsi dairəsində saxlayaraq Yaxın və Orta Şərqdəki
siyasətini daha rahat şəkildə gerçəkləşdirə
bilməkçün çox münasib fəaliyyət
meydanı qazanmağa can atırdı. Son məqsəd
İranda xalq respublikası qurmaqdı və bu istiqamətdə
xüsusi xidmət orqanlarının bilavasitə və fəal
iştirakı ilə geniş əməliyyatlar dairəsi
müəyyənləşdirilmişdi.
Məsələnin ultra əhəmiyyətliliyinin
başlıca sübutlarından biri də budur ki, gedişat
sovet lideri Stalinin birbaşa, daimi nəzarəti və diqqəti
altında idi, bunun izləri onun ovaxtkı Azərbaycan
respublikasının rəhbəri Mircəfər
Bağırovla yazışmalarında da qalmaqdadır.
Həmin dövrün dolğun və gerçək mənzərəsi
yalnız Rusiya xüsusi xidmətlərinin arxivlərindəki
İran, Şimali və Cənubi Azərbaycan məsələlərinə
dair o çağlara aid məxfi qovluqlara elmin əli
çatandan sonra bütövlüyü ilə görünməyə
başlayacaq. Hələliksə nəinki daha dərindəki
kəşfiyyat arxivləri, hətta bir vaxtlar
baxılmasına imkan olmuş siyasi arxivlərdəki Cənubi
Azərbaycan, İran materiallarını vərəqləmək
imkanları belə məhdudlaşdırılıb.
Sovet kəşfiyyatı İkinci Dünya müharibəsi
ərəfəsindəki illərdə İranda baş verən
hadisələri addım-addım izləməkdə idi və
Güney Azərbaycanın da etirazçı, inqilaba mail təbiətindən
yetərincə xəbərdardı.
İranda həyata keçirməyi nəzərdə
tutduğu əsaslı dəyişikliklərdə, təbii
ki, bu amilə fövqəladə dəyər verməli, həmin
qüvvədən geninə-boluna istifadəni istisna etməməli
idi. Nəzərə alaraq ki, Güney və Quzey arasında
get-gəllər, təmaslar sıx idi, əslən İrandan
olan minlərlə insan bu tayda işləyirdi,
yaşayırdı, sərhədlərin də
quşkeçməzlikdən uzaq vaxtları idi, bəlli
planları olan SSRİ-nin təhlükəsizlik orqanlarına
Sovet Azərbaycanındakı kontingentlə intensiv iş
aparmaq tapşırığı da verilmişdi.
Burada son dərəcə həssas və tarixi
baxımdan önəmli məqam var ki, üzərində
mütləq ayrıca dayanılmalıdır.
Cənubi Azərbaycanda 1940-cı illərin əvvəllərindən
vüsət almağa başlayan, nəhayətdə Təbrizdə
Milli Hökumətin elan edilməsi, 1 il sürəcək elə
müstəqillik kimi qiymətləndirilməli
azadlığın əldə edilməsinə gətirib
çıxaran coşqun istiqlal hərəkatını
gözdən salmaqçün bəzən olanları belə
qələmə verməyə cəhdlər edilib və edilir
ki, guya bunlar Moskvanın əli ilə oynanılmış bir
tamaşaymış, hər şey Kremldən idarə
edilirmiş.
Nabələdlər bəlkə də bu cəfəngiyyatı
həqiqətəoxşar saya bilər. Amma şanlı tarixlərdən
agah olanlar Pişəvəri hərəkatının əslində
Xiyabanilər, Səttarxanlar yolunun davamı olduğundan xəbərdardılar
axı.
Moskva XX yüzilin əvvəllərindən
başlayaraq Təbrizdə, bütün Güneydə və
tamam İranda get-gedə güclənən cəmiyyət
çalxantılarına biganə qala bilməzdi, bu təmayüldən
öz məqsədlərinə uyğun şəkildə
istifadə etməkdən vaz keçmək fikrində də
deyildi.
SSRİ-nin İran ərazisindən ona qarşı
törədilə biləcək mümkün təhlükələrdən
sığortalanmaq üçün ora hərbi kontingentini yerləşdirməsi
öz yerində, ancaq bu ölkəyə 1930-cu illərin
ortalarından planlaşdırılan digər çox vacib əməliyyatla
əlaqədar tökdüyü tədbirlər də
genişmiqyaslı idi.
1938-ci ildə SSRİ ərazisindəki, ilk növbədə
Sovet Azərbaycanında yaşayan iranlıların ailələri
təcili şəkildə öz ölkələrinə
köçürülməyə başlandı.
Onların arasında sovetin əməkdaşlığa
cəlb etdiyi şəxslər də az deyildi.
İranda həmin dövrdə güclü ictimai-siyasi
dalğaya çevrilən həmkarlar hərəkatında da
bu qəbildən olan insanlar az deyildi.
Güney Azərbaycanda, apardıqları ardıcıl
mübarizə sayəsində Milli Hökumətin
qurulmasınadək gəlib çatan fədakar insanların
neçəsi şah zindanı görmüş, bərkdən-boşdan
çıxmışdı və onları hansı qüvvələrinsə
ələ alması xam xəyal idi.
Həyatın zəngin təcrübə
bağışladığı bu insanlara son, ali məqsədə
yetişmək yolunda kömək də gərəkdi.
Onlara sovetin köməyi nə qədər
lazımlı idisə, sovetə də onların
yardımı bir o qədər gərəkdi.
Ayağa qalxan, haqqını tələb edən
güneylilər özləri idi, bunu kənardan göstərişlə
deyil, içəridən yetişmiş tələbatla həyata
keçirirdilər. Onların belə mübarizliyi sovetin
bütün İran üzrə gerçəkləşdirməyi
düşündüyü köklü dəyişikliklər
müstəvisində parlaq və yoluxucu ola biləcək
örnəkdi. Belə bir nümunə isə öz məqsədləri
naminə sovetə də çox gərəkdi. Ona görə
də bu gedişatda köməkgöstərmə, dayaqdurma əslində
qarşılıqlı idi.
İranda 1940-cı illərdə belə hadisələrin
cərəyan etdiyi, belə siyasətlərin meydanda olduğu
çağlarda Məmmədhüseyn Əsədov kimi səriştəli
çekist bir sərvət idi.
Bütün başqa məziyyətləri - əslən
güneyli olması, farscanı yaxşı bilməsi, üstəlik
almancaya da bələdliyindən savayı, o həm də Seyid
Cəfər Pişəvəri (1892-1947) də daxil olmaqla,
İrandakı hərəkatdakıların neçələri
ilə də köhnədən tanışdı. Həm də
artıq üstündən onillər ötəndə o
dövrü yada salarkən qələmə aldığı
xatirələrindən sezilir ki, Moskvadan və Bakıdan
aldığı tapşırıqların necəliyi bir yana,
Əsədov təmasda olduğu, istiqlal mücadiləsinə
qoşulmuş fədailərə xüsusi rəğbətlə,
məhəbbətlə yanaşırmış, Mərkəzin
onlarla bağlı, Cənubdakı Milli Hökumətin müqəddəratı
ilə əlaqədar atdığı dönüklük təsiri
bağışlayan addımlar onu sarsıdırmış.
Amma neyləyə bilərdi, o, əsgər idi, əmrə
tabe idi.
Məmmədhüseyn Əsədov ömrünün səksənindən
həyatının qırxıncı illərinə belə
baxırdı: "Bu tarixçə mənim Vətən
müharibəsi dövründə İranda, Təbrizdə
sovet səfirliyinin məxfi əməkdaşlarından biri
kimi işə təyin olunmağımdan sonra başlandı.
Səfirlik vasitəsilə Cənubi Azərbaycandakı
demokratik hərəkatın rəhbəri Pişəvəri
yoldaş və Kürdüstandakı hərəkatın
başçısı Qazi Məhəmməd (1900/1901-1947 -
R.H.) Lavrenti Beriyanın adamı olan Mircəfər
Bağırovdan tapşırıqlar alırdılar (Əsədov
çekist terminologiyası ilə yazır:
"orientirovka" - fəaliyyət istiqaməti planı -
R.H.).
İranın şimal-qərb hissəsində
yaranmış siyasi vəziyyət - azərbaycanlılar və
kürdlər arasında genişlənən demokratik milli
azadlıq hərəkatı nəticə etibarı ilə
onların iflasına və rejimin təntənəsinə gətirib
çıxardı. Mənim bağlı olduğum Pişəvəri
və Qazi Məhəmməd onlara Bağırovdan
aldıqları və onları yanlış səmtə
yönəldən, mürtəce İran hökumətinə
güzəştlərə getməyi təklif edən və
başlanmış demokratik hərəkatın devrilməsinə
aparan müəyyən tapşırıqlara görə
çaşbaş qalmışdılar. Pişəvərinin,
Qazi Məhəmmədin və digərlərinin bu söylədikləri
və narahatlıqları özünü doğrultdu".
Əsədovun bu yadasalmalarından sonra iki məqam
üzərində dayanmasaq olmaz.
İrandakı milli-demokratik hərəkatın
güclənməsinə rəvac vermək, ardınca da Təbrizdə
Azərbaycanın Milli Hökumət qurmasına köməklərini
əsirgəməmək, Güneydə var olan 1 illik hakimiyyət
boyunca onların ayaq üstə durması, inkişafından
ötrü genişmiqyaslı və külli miqdarda vəsait
tələb edən işləri görmək sovet dövlətinin
böyük siyasi məqsədlərini həyata keçirmək
yolundakı planlı fəaliyyəti idi. Moskva milyonlar sərf
etdyi, minlərlə insanı cəlb etdiyi və Sovet
İttifaqından ötrü ümdə siyasi mənası
olan bu layihəni əsla yarımçıq qoymaq fikrində
deyildi, başlamışdısa, ilk uğurları
qazanmışdısa, arzuladığı son nəticəyədək
irəliləmək əzmində idi.
Ancaq qarşısını ABŞ kəsdi və
birbaşa hədəsini hələ SSRİ-də olmayan
silahla etdi - atom bombası ilə!
Stalin yalnız və yalnız məcburiyyət
qarşısında başlanılmış nəhəng
işin yarımçıq qoyulmasına, sovetə aid qüvvələrin
Cənubi Azərbaycandan, bütövlükdə İrandan
çıxarılmasına razılıq verdi.
Kreml də, Bakı da yaxşı bilirdi ki, bizimkilərin
İrandan çıxması, Milli Hökumətin təslimindən
sonra şah rejimi bu dikbaşlığı amansızca cəzalandıracaq,
çoxsaylı ölümlər də, sürgünlər də
olacaq. Bilməyinə bilirdi, ancaq başqa
çıxış yolu yoxdu. Sovetin gücü ona
çatdı ki, həbs, işgəncələr, dar
ağacı astanasında dayanan, güllələnməsi
labüd olan minlərlə hərəkat fəalını,
Milli Hökumət qurucusunun (və söz yox, həm də
sirr daşıyıcısının) təxirə
salınmadan sərhədi keçərək Sovet
İttifaqına mühacirət etməsinə müvəffəq
oldu. Rəsmi Bakının və onun tabe olduğu Moskvanın
guya etibarsız çıxdığını, hərəkatçıları
onları yarı yolda qoyduğunu deyərək hətta Mərkəzi
xəyanətdə ittiham edənlər haqlı deyillər.
Köhnə cənubluların, sabiq fədailərin neçəsindən
belə giley-güzarları həmin hadisələrdən
yarım əsrdən çox vaxt keçəndən sonra da
şəxsən dəfələrlə eşitmişəm.
Bu, qədər idi, tarixin bizdən üzdöndərməsi
idi, tam başqa cür ola biləcək milli
varlığımızın ayrı bir məcrada davam etməsinə
vaxt gedişinin məsləhət bildiyi kəc aqibət idi.
Amma heç vəchlə xəyanət deyildi. ABŞ-nin
nüvə silahı olmasaydı, çətin ki, o dövrdə
hansısa başqa təzyiq vasitəsilə Stalini qəti qərarlı
olduğu, uğrunda bu qədər zəhmətlər çəkilmiş
Güney, İran sevdasından imtinaya vadar etmək
mümkün olaydı.
Odur ki, bu məsələdə elə köhnə
dostu Seyid Cəfər Pişəvəri, digər cənublu
yaxınları kimi düşünən Məmmədhüseyn
Əsədov da hissə qapılır. Ancaq bu da təbiidir.
Axı o, Cənubi Azərbaycanda bircə il içində
hansı yüksəlişlərə
çatılmasının günbəgün canlı
şahidi olan, belə davam edərsə, bizi məsud edəcək
daha hansı nailiyyətlərin əldə
olunacağını işin içərisində olan şəxs
kimi aydın təsəvvür etdiyindən bu itkiyə, bu
yarı yolda qalmağa yanmadan, ən dərin təəssüflər
keçirmədən qiymət verə bilməzdi. Axı
qazanılmışlarda, o dövrdə İranda, Güneydə,
Təbrizdə çalışmış və bu işlərə
birbaşa bağlılığı olmuş insan kimi, onun da
payı vardı. Elə pay ki, sonra ömrü uzunu bu haqda
iftixarla danışa, öyünə bilərdi. Lakin qismət
elə gətirdi ki, sonra olub-keçənlər barədə
susası oldu. Hətta Mərkəz onu həmin dövrdəki
İran, Güney məsələləri ilə bağlı
ciddi dövlət sirləri daşıyıcısı
olması səbəbindən daha arxayın nəzarətdə
saxlamaq, kim bilir, bəlkə də aradan götürmək
üçün İrandakı uzunmüddətli ezamiyyətindən
sonra Moskvaya aparmaq istəmişdi.
Və bu yerdə də Bağırov Mərkəzin
umacağına rəğmən, başqa qərarın qəbul
edilməsinə nail olmuşdusa, aydın məsələdir
ki, bunu Beriya ilə danışaraq həll etmişdi və
çox tutarlı da səbəb gətirməyi
bacarmışdı - Azərbaycana minlərlə cənublu
siyasi pənahəndə təşrif gətirmişdi, onlarla
burada da mütəmadi iş aparılmalı idi və bunu da
edə biləcək ən uyğunlardan və
yaxşılardan biri Əsədov idi.
"Mən qeyri-ixtiyari Cənubi Azərbaycan və
Kürdüstana mürtəce İran qoşunlarının
daxil olması və sovet ərazisinə keçməyə
macal tapmamış demokratlara necə qəddarlıqla divan
tutulmasına şahid oldum. Kürdlərin başçısı
Qazi Məhəmməd də, şəxsən
tanıdığım bir çox başqaları da həlak
oldular.
1947-ci ilin əvvəllərində mən İran
hakimiyyət dairələrinin tələbi ilə əhalini
İran hökumətinin əleyhinə
qızışdıran şəxs kimi ölkədən
çıxarıldım. Mənim halımı təsəvvür
edirsinizmi ki, gözümün qabağında bizim təqsirimiz
ucbatından öz işinə sədaqətli, vicdanlı
adamlar, vətənpərvərlər həlak olurdu.
Görünür, bunlar Bağırova məlum olmuşdu.
1947-ci ilin yanvarında onunla görüşə
çağırıldığımda sual-cavablardan sonra
Bağırov mənə əlimdəki göndərişə
əsasən xidməti Moskvada davam etdirməli olduğum halda
ora getməyimə icazə vermədi. Mən Dövlət Təhlükəsizlik
Komitəsi bölmə müdirinin müavini təyin edilsəm
də, faktiki olaraq Sovet İttifaqına mühacirətə gəlmiş
İran demokratlarına xidmət üzrə işləyirdim".
Ən çətin dövrdə Məmmədhüseyn
Əsədov İranda vəzifəsini yüksək peşəkarlıqla
yerinə yetirmişdisə də, o, İran rəsmi dairələrinin
təkidi ilə ölkədən çıxarılanda sanki
Təhlükəsizlik Nazirliyi də onunla bağlı əmrini
elə həmin istəyə uyğun şəkildə tərtib
edir.
SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi 8-A
şöbəsi 2-ci bölməsinin rəis müavini,
podpolkovnik Oyzermanın 1947-ci il aprelin 21-də Məmmədhüseyn
Əsədov haqqında hazırladığı
arayışda belə tərs yanaşma yer alır:
"1941-ci ilin dekabrından 1947-ci ilin yanvarınadək
İranda uzunmüddətli ezamiyyətdə ikən kifayət
qədər agentura-əməliyyat təcrübəsi
olmamışdır, bircə dənə belə qiymətli cəlbetmə
aparmamışdır, az təşəbbüskar və qətiyyətsizdir.
Bu səbəblərdən də geri
çağırılmışdır".
Yaxşı, belə xasiyyətnamələr yazıb
belə mənfi səciyyələndirirsinizsə, onu elə həmin
1947-ci ildə yenidən Moskvaya işə
çağırmağınız nə idi?
Odur ki, bu sənəd də Əsədovu İran
ezamiyyətindən sonra Moskvaya getməyə qoymamış
Bağırovun onu şübhə doğurmadan
aradangötürülmədən xilas etməsi qənaətini
gücləndirir. Cavanlıq illərindən yoldaş
olduğu bir insana və qabiliyyətli həmkarına bu
yaxşılığı onun xidmətidir, ancaq hətta
mötəbər imzalarla işıq üzü
görmüş yazılarda 1930-cu illərin sonları,
1940-cı illərin əvvəllərində guya Mircəfər
Bağırovun müstəsna milli xidmət göstərərək
azərbaycanlıların SSRİ-dəki bir sıra başqa
türk xalqları - qaraçaylılar, kalmıklar,
çeçenlər, balkarlar, inquşlar, Krım
tatarları, ahısxalılar... kimi respublika ərazisindən
köçürülməsinin qarşısını
alması, guya hətta bundan ötrü təcili Moskvaya
uçaraq Stalinlə danışması sadəlövh
nağıl və məntiqsiz uydurmadan artıq deyildir, bunu
sübut edəcək heç bir sənəd-dəlil yoxdur,
ola bilməz. Azərbaycanlıların
köçürülməsi məsələsi gündəlikdə
yox idi və ilk növbədə Cənub məsələsinə
görə də bunun nə şəkildəsə müzakirəyə
çıxması belə mümkünsüzdü.
Çünki Sovet İttifaqının 1930-cu illərin ikinci
yarısı, 1940-cı illərin birinci yarısında aktual
olan İranda demokratikləşmə, Cənubi Azərbaycanda
qurulan Milli Hökumətə dəstək xəttinin
gerçəkləşməsində Sovet Azərbaycanı
başlıca ötürücü körpü, vəziyyətlə
əlaqədar strateji mənası qat-qat artmış məkan
idi. Azərbaycanı və azərbaycanlıları qoruyan, əhəmiyyətini
artıran, Bağırovdan qəhrəman yaratmağa
çalışanların iddia etdiyi kimi, guya onun sinəsini
qabağa verərək göstərdiyi şücaət deyil,
məhz bu amildir. Onlar hamısı Kremlin hər sözünə,
Stalinin hər fərmayişinə gözüyumulu ani cavab verən
insanlardılar və Allah eləməmiş, oralardan
köçürülmə qərarı gəlsəydi,
Bağırov və ona bənzər müti buyruq qulları
özləri bu işin canfəşan qabağadüşənləri
olaraq xalqa bu köçürülmənin nə qədər
vaxtlı, nə qədər zəruri, nə qədər əhəmiyyətli
olması haqqında moizələr edəcəkdilər.
Tarix belələrini görə-görə gəlib.
Unutmamışıq axı - 1930-cu illərin Moskvadan
gələn siyahılar üzrə aparılan qanlı siyasi
repressiyalarını "uf" demədən, əksinə,
şövq və ilhamla tam həcmdə yerinə yetirən, həmin
siyahılara bir az da yaradıcı yanaşmaqla, yeni əlavələr
edərək diribaş əncamçəkənlərinin
başında gedən elə Mircəllad özü
olmuşdu. Hələ Mərkəzi Komitədə birinci katib
ola-ola NKVD-də düzəltdirdiyi xüsusi kabinetində
şəxsən yerinə yetirdiyi qətlləri demirəm.
Keçmiş tarix içərisindəki kələ-kötürlükləri
indiki ağılla bəzəmək sevdasına düşənlər
özləri istəmədən həmin səhifələrin
yenidən açılmasına, zorən bəraət
qazandırmaq istədiklərinin daha başqa naqisliklərinin
aşkarlanmasına bais olurlar.
Tarixi incitmək olmaz!
...Hələ Təbriz dövrünə, Əsədovun
1940-cı illərdəki fəaliyyətlərinə yenə
qayıdacağıq. Amma 1947-ci ildir, o, artıq
Bakıdadır, Dövlət Təhlükəsizlik Nazirliyində
işləyir və rəisi də polkovnik Nuru Quliyevdir.
Çekistlik karyerası boyunca Məmmədhüseyn
Əsədov çox şöbələrdə işləsə,
çalışdığı hər şöbənin də
bir ayrı müdiri olsa da, məhz bu şöbədəki
müdirinin adını əbəs vurğulamırıq, bunu
elə öz xatirələrində Əsədov da edib.
Onun haqqında açıq, konkret nəsə demir,
amma ötən günləri anırkən onu bir qədər
eyhamla yada salır. Xüsusən də Seyid Cəfər
Pişəvərinin ölümünə gətirib
çıxaran avtomobil qəzasından bəhs edərkən.
O şöbədə
çalışdığı dövrdə Əsədov yenə
arxadakı 6-7 ildə olduğu kimi, səhərdən-axşamadək
güneylilərlə idi. Sanki elə yenə Təbrizdə,
Ərdəbildə idi, hər gün sözü-söhbəti
köhnə tanışlarla idi. Ancaq bu köhnə
tanışlar, onun illərdən bəri
tanıdığı güneylilər əvvəlki adamlar
deyildilər, son ayların içərisində onlar dəyişib
başqa adam olmuşdular. Məmmədhüseyn bu güneylilərlə
Təbrizdə Milli Hökumət qurulanacan da, ümidli, arzulu,
mübarizəli günlərdə də, aylarda da mütəmadi
təmaslarda olmuşdu, ruh yüksəkliyi ilə daşan 1
illik bəxtəvər hakimiyyət dönəmində də
onlarla birlikdə idi, ümidlərin, arzuların daşlara
çırpılaraq çilik-çilik olduğu, Milli
Hökumətin süqut etdiyi, Təbrizin qara geydiyi
çağlarda da. Onların neçəsinin bu taya yola
salınmasında da iştirak etmişdi. Bu taya təzəcə
pənah gətirmiş, qayğıları,
sıxıntıları həddən ziyadə olan, yerləşməkdən
tutmuş mənəvi sarsıntılaradək saysız
qayğılarla yüklənmiş cənublu siyasi mühacirlərin
bir çoxunu şəxsən tanıdığından
Əsədov əsəbləri gərili bu bəlakeş
insanlarla əlüstü dil tapmağı bacarır,
onların hər ağrısını başqa heç kəsin
duya bilməycəyi həssaslıqla qəbul edir,
bacardığı, hətta ondan da artıq kömək
göstərməyə səy edirdi.
Və 1947-ci ilin qızmar bir yay günündə -
iyulun 11-də Azərbaycanda hər kəsi mütəəssir
edən dəhşətli hadisə baş verir.
Bir anda bütün Azərbaycan boyu bu acı xəbər
yayılır ki, Seyid Cəfər Pişəvəri Yevlax
yolunda avtomobil qəzasına uğrayıb. Biri "hələ
sağdır" deyir, bir başqası "elə yerindəcə
keçinib" söyləyir, bir başqası söz
yayır ki, "kişini aradan götürüblər",
şayiə şayiə üstünə qalaqlanmağa
başlayır.
Pişəvəri 1947-ci il iyun ayının 10-da
Qazanbulaq, Qasım İsmayılov (indi - Goranboy) və Gəncədə
məskunlaşmış siyasi pənahəndələri
yoluxmuşdu. İyunun 11-də Yevlaxda görüşlər
keçirib təzədən Hacıkəndə
qayıtmalıydılar. Çatdırsınlar deyə saat
7-dən yola çıxmağa qərar vermişdilər.
Lakin qəfildən Pişəvərinin adətən yola
çıxanda mindiyi böyük və daha təhlükəsiz
maşını - ABŞ istehsalı olan "Buyuk"
avtomobilində guya nasazlıq yaranmışdı,
maşın işə düşməmişdi və bu dəfə
yola sürücü Qarnik Melikyanın idarə edəcəyi
"Ford"la çıxası olmuşdular. Yollar bomboş,
o illərdə onsuz da maşınlar seyrək. Dümdüz
yolda avtomobili aşırmaq, ya hansısa başqa
maşınla toqquşma mümkünlüyü də yox
kimiydi.
Pişəvərinin silahdaşlarından olmuş,
Milli Hökumətin süqutundan sonra başqaları ilə bərabər
Bakıya sığınmış mayor Həsən Nəzəri
1992-ci ildə Berlində nəşr edilmiş "Xatirələr"ində
Seyid Cəfərin o son gününü yerli-yataqlı təsvir
edirdi.
Salamat qurtararaq Arazın bu tayına gəlmiş fədailər,
döyüşə, mübarizəyə
alışmış o cəsur insanlar baş verənləri
hələ də yuxu içərisindəymiş kimi
qavrayır, inana bilmirdilər, bu həqiqəti
düşüncələrinə yaxın buraxmaq istəmirdilər
ki, azadlığa qovuşandan, bayraq ucaldandan, 1 ilə
yaxın müddətdə müstəqilliyin şirinliyini
dadaraq yaşayandan, ana dilindəki dərsliklərdən ilk dəfə
olaraq anadilli məktəblərdə dərs oxuyandan sonra necə
ola bilər ki, bu xalq təzədən mənhus
keçmişə qayıtsın?! Axı Təbrizin
küçələrindən keçən Azərbaycan əsgərinin
gendən baxanları qəhərlə boğan, gözlərini
fərəh yaşları ilə dolduran şax sırası,
gur addım səsləri hələ göz önündə,
hələ qulaqlarda idi.
Ona görə də inanırdılar ki, tezliklə
geri dönəcəklər, yenə o günlər
qayıdacaq. Elə mühacirlərin bu istəyini nəzərə
alaraq respublika rəhbərliyinin icazəsiylə biri Gəncədə,
digəri Şəkidə olmaqla 1947-ci ilin iyununda 2 hərbi təlim
düşərgəsinin fədailəri ilə Seyid Cəfərin
ayaqüstü görüşü olubmuş. Ayın 11-də
isə günortadan sonra onlarla məxsusi görüş
keçirəcək, birgə nahar edəcəkmiş.
Həmin mayor Həsən Nəzəri (1921-1993) 120 fədaidən
ibarət Şəki, mayor Seyid Tağı Musəvi (1918-2000)
isə 250 fədaisi olan Hacıkənddəki hərbi təlim
düşərgəsinin komandiri idi.
O gün ki Pişəvəri həyatının son səfərinə
yollanmışdı və bir neçə saat sonra Hacıkənd
hərbi təlim düşərgəsinə
çatmalıydı, nə qədər gözləsələr
də, gəlib çatmır, belə olanda qət edirlər
ki, fədailər naharlarını etsinlər, ancaq Pişəvəriylə
digər qonaqların da payı ocağın üstündə
saxlansın ki, gəlincə isti-isti nuş eləsinlər.
Artıq günortadan xeyli keçəndən sonra,
saat 3 radələrində düşərgəyə acı xəbər
çatdırılır ki, gözləməyin, bu gün səhər
7-də içərisində Seyid Cəfərin, Qulam Yəhya
Daneşyanın (1906-1986) və polkovnik Nuru Quliyevin olduğu,
sürücü Qarnik Melikyanın idarə etdiyi avtomobil qəzaya
uğrayıb, hamısı yaralıdır, onları gətirib
Gəncə xəstəxanasında yerləşdiriblər.
Gedirlər, görürlər ki, ən ağır
yaralanıb ən çox qan itirən, vəziyyəti də
kritik olan maşında qabaqda, sürücünün
yanında əyləşmiş Pişəvəridir,
Daneşyanın döş qəfəsi ilə
qabırğası zədələnib, Quliyevin ayağı əzilib.
Qəzadan burnu belə qanamadan, tam sağ-salamat
çıxan elə bircə erməni sürücü olur.
Təəccüb oyadan və şübhə yaradan
ilk əlamət bu idi ki, adətən avtomobilində arxada,
sağ tərəfdə əyləşən Pişəvəriyə
guya hörmət əlaməti olaraq Quliyev təklif edibmiş
ki, qabaqda otursun.
Qəzanın səbəbi belə izah edilir ki, sən
demə, sərnişinlərin üçü də
yatıbmış, sürücünü də yuxu tutub,
maşın o səbəbdən qəzaya uğrayıb,
yoldakı beton dirəyə çırpılıb.
Yaxşı, sürücü yuxulamışdısa,
bəs niyə beton dirəyə çırpılan düppədüz
Pişəvəri səmti olmuşdu - nə bir az o yana, nə
bir az bu yana?!
Bütün nişanələr bu qəzanın və
bu ölümün ölçülü-biçili bir sui-qəsd
olması fərziyyələrinə yönəldir.
Necə olur ki, sərnişinlərin üçü
də birdən yuxulayır? Bəlkə onların
yuxulamasına kömək edilib?
Nə təhər olur
ki, vəzifəsi elə Pişəvəriyə nəzarət
və onu qorumaq olan Quliyev bu qəzanın baş verməməsi
üçün görməli olduğu işləri
görmür?
Bəs bu necə olur ki,
erməni sürücü də maşındakılara
qoşulub yatır və hətta bu təhər olarsa belə,
onu dümsükləyib oyatmaq, Pişəvərini hifz eləmək
əsas vəzifəsi olan Quliyevdən niyə heç bir səs
çıxmır, heç bir hərəkət olmur?
Bu sualların hamısının cavabı indiyədək
açıqdır, müəmmalı qətl mübhəmliyində
qalmaqdadır və ən başlıca sual da budur ki, bu
maşında Pişəvərini qorumaqçün oturmuş
Nuru Quliyev doğrudanmı onu qoruyurmuş, ya bu, onun yerinə
yetirilməsində bilavasitə iştirakçı və
koordinator olduğu qurulu ssenariymiş?
Pişəvəri yaralı halda bir neçə saat
Yexlax yolunda qalmışdı, onları Gəncəyə
çatdırandan sonra da yerli həkimlərə nəsə
etməyə icazə verməmişdilər ki, yoldaş
Bağırov Bakıdan cərrahlar dəstəsi göndərir,
Pişəvərini yalnız onlar əməliyyat edə bilərlər.
Bakıdan həkim briqadasının Gəncəyə varid
olması da əlavə 6-7 saat sürmüşdü.
Və bu gələnlər killerlərin qurbanlarına
çaxdığı axırıncı əminlik gülləsi
kimi olmuşdu. Beton dirəyə çırpılan avtomobillə
edilməli olanın qalanını da Bakıdan gələn cərrahlar
tamamlamışdı. Pişəvəri elə əməliyyat
masasında keçinmişdi.
Artıq Seyid Cəfərin cəsədini Bakıya gətiriləndən
2 gün sonra görən, Pişəvərinin ən sadiq
silahdaşlarından olmuş, Cənubi Azərbaycan Milli
Hökumətinin baş nazir müavini və Təbriz
Universitetinin rektoru işləmiş doktor Nüsrətulla
Cahanşahlı (1913-2012) sonralar təsdiqləyirmiş ki,
"Mən cənazəyə baxan kimi zəhərlənmə
əlamətlərini müşahidə etdim. Çünki
Pişəvərinin bütün bədəni
şişmişdi və yalnız iki kiçik yara, biri
üzünün sağ hissəsində, digəri isə
boynunda (çiyinə yaxın hissədə) müşahidə
olunurdu. Mən təəccüblənib Atakişiyevə
dedim: "Yoldaş general, bu iki kiçik yara adamı
öldürməz ki..." O, polis baxışlarına bənzər
dərin, mənalı və nəsihətamiz nəzərlərini
mənə zillədi və dedi: "Yoldaş həkim! Siz
onunla Rza şah zindanında olubsunuz. Bilirsiniz ki, o, illərlə
orada çox çətinliklərlə yaşayıb. Bu
hadisədə onun xəstə ürəyi, təəssüf
ki, tab gətirməyib, keçinib. Onun həyata
qaytarılması üçün əllərindən gələni
əsirgəməyiblər".
Amma tarixdə bu həyəcanlı səs də
qalır. Mircəfər Bağırovun 1956-cı ildəki
çox sirlərin üstündən pərdələri
çəkən məhkəməsində Yevlaxın
ozamankı DTK təmsilçisi Lətif Salayev ifadəsində
bildirmişdi ki, Pişəvərinin ölümü təsadüfi
qəza yox, planlaşdırılmış qəsddir.
Düyünlü suallar indi, üstündən 80 ilə
yaxın zaman ötərkən məni, müasirləri fikrə
daldırdığı kimi, hələ yaddaş təzəykən,
Pişəvərinin həlak olmasından 15-16 il keçərkən
də çoxlarını, elə o sıradan artıq təqaüdçü
olan Məmmədhüseyn Əsədovu da
düşündürmüşdü.
"1947-ci ilin yayında Azərbaycan
demokratlarının rəhbəri, 1925-ci ildən, eyni işlə
məşğul olduğumuz vaxtlardan (1924-1927-ci illərdə
Məmmədhüseyn Əsədov Ağdam İnformasiya məntəqəsində
müvəkkil köməkçisi vəzifəsində idi.
Görən, bu dövrdə Pişəvəri ilə iş
münasibətləri nədən ibarətmiş? - R.H.)
dostluq etdiyim Pişəvəri Azərbaycan
demokratlarının yerləşdiyi rayonlara səfərə
gedirmiş. Yeri gəlmişkən, onu Nuru Quliyev müşayiət
edirmiş. Quliyevin lazımınca diqqət göstərməməsi,
yaxud təqsiri üzündən avtomobil qəzası baş
verir və Pişəvəri həlak olur. Quliyev özü də
zədələnir, amma onlarçün hər şey
yaxşı qurtarır".
Bu sözləri Məmmədhüseyn Əsədov
kimsənin oxuması üçün deyil, elə ürəyini
boşaltmaqdan ötrü yazırdı. Təcrübəli
çekist kimi hətta özü ilə danışanda da
konspirasiyaya riayət etməsi ilk gəncliyindən
bağlı olduğu peşəsinin onun iliyinə qədər
işlədiyi keyfiyyət idi. Ancaq bir peşəkar kimi hər
halda açıqca anladır ki, vəzifəsi Pişəvərini
qorumaq olan çekist bu vəzifəni yerinə yetirməyib.
Bunun Moskvadan gələn məxfi tapşırıq
olması heç də kənara qoyulası güman
sayılmamalıdır.
Pişəvəri o qəza olmasa da, ehtimal ki, bir
başqa təsadüflə, yaxud elə təbii ölüm
kimi qəbul edilə biləcək bir gedişlə 3 ay tez, 5
ay gec həyata vida etməli idi. O, sovet dövlətinin xarici
siyasətindəki elə sirlərdən hali idi ki, bildikləri
onu çox təhlükəli edirdi. Dilini saxlaya bilməyərək
söyləyəcəyi hansısa artıq sözün aləmi
bir-birinə vuracağı şəksiz idi.
Yanındakı daimi əlavə - təhlükəsizlik
polkovniki Nuri Quliyev də ən əvvəl məhz buna görə
Pişəvəriyə yapışıb qalmışdı.
Ona həvalə edilmiş başlıca vəzifə Pişəvərinin
özünü qorumaq yox, sovet dövlətinin Şərq
siyasətini Pişəvərinin cızığından
çıxa biləcək müəyyən mülahizələrindən,
həqiqətləri qədərindən artıq açan
siyasi söhbətlərindən mühafizə etmək idi.
Canilər aləminin soyuqqanlı həyasızlıqla
ifadə edilmiş "Şahid var, problem var, adam yoxdur, problem
də yoxdur" sözlərinin sovetin təbiətinə nə
qədər uyğun olmasını yox etdiyi adamların qəmli
siyahısı əyani olaraq göstərməkdədir. Odur
ki, adamı tərpənişindən tanıyan Məmmədhüseyn
Əsədov hələ 1966-cı ildə Pişəvəri
qəziyyəsindən bəhs edərkən belə
yazırdısa, demək, o da haqlı idi, biz də haqsız
deyilik: "Tezliklə Quliyevi cinayət məsuliyyətinə
cəlb etməkdənsə, ona daha yüksək vəzifə
verildi. O, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin
sədr müavini təyin edildi. 1948-ci ilin aprelində Nuru
Quliyevin yanında mən ehtiyatsızlıq edərək
öz rəyimi bildirdim ki, bizim səhvlərimiz üzündən
İrandakı demokratik hərəkat məğlubiyyətə
uğradı, çoxlu sayda fəal, sədaqətli insanlar həlak
oldu. Quliyev o saat mənim söylədiklərimi Bağırov
işinə görə sonralar həbs edilən DTK-nın sədr
müavini Atakişiyevə çatdırdı, o da ertəsi
günü məni yanına çağıraraq
söyüşlər yağdırdı, dərhal da işdən
çıxarılmağım barədə əmr verdi".
Şübhəsiz ki, Əsədov təcrübəli
siyasət adamı və peşəkar çekist kimi
İrandakı Azərbaycan demokratik hərəkatının
belə faciəli sonluqla üzləşməsində, Milli
Hökumətin çökməsində, sovetin güneylilərin
arxasında dayanmaqdan imtina etməsində ABŞ amilinin həlledici
olduğundan bixəbər deyildi və bunu bilə-bilə yenə
də dönə-dönə bizim tərəfin oüzdəkilər
üçün yeni fəaliyyət xətləri müəyyənləşdirərkən
kobud səhvlərə yol verdiyini qabardırsa, bu da diqqətsiz
buraxılmamalıdır. Axı o, hadisələrin içərisində
olmuş, həmin tapşırıqları Mərkəzdən
alaraq icraya ötürənlərin ilkinlərindən
olmuşdu. Cərəyan edən həyata və hadisələrə
baxırmış, gələn tapşırıqlarla
tutuşdururmuş, uyğunsuzluqları, xətaları
görürmüş, dinə bilmirmiş. Görünür,
elə düz də edirmiş. Təsəvvür edin, hər
şey bitəndən sonra ağızucu,
üstüörtülü, heç bir təfərrüata
toxunmadan, elə bircə kəlmə səhvlərin
olduğunu dilinə gətirməsinə görə cəzasını
yubatmırdılarsa, bu da onun sübutudur ki, söz
yandırırmış, deməli, Əsədov belə deyəndə
söhbətin hansı qüsurlardan getdiyini onlar özləri
də bilirmişlər.
Beləcə, Güney məsələsi onun həyatında
daha bir həlledici izini qoyur. İşdən kənarlaşdırılır
- maaşa baxan adam, ailəsi böyük, külfəti
dolandırmaqçün heç bir imkanı yox, neyləsin?
Götürüb Moskvaya, Baş İdarəyə məktub
yazır, xidmətlərini sadalayır və onlar buradaklardan
daha insaflı çıxaraq köməyi əsirgəmirlər:
"Böyük ailənin yükü çiyinlərimdə
idi, ailəni yaşatmaqçün heç bir imkanım, vəsaitim
yoxdu, aylarla işsiz qaldım. Nəhayət, Moskvaya müraciət
etdim, mənə təqaüd kəsdilər ki, indiyədək
də onu alıram. Bağırov, Atakişiyev və digərləri
ifşa ediləndən sonra Quliyev də işdən getməyə
məcbur oldu. Uzun illər onlar kölgədə qala
bilmişdilər".
Kölgəyə çəkilmək iki cür olur.
Bir var çəkilib o kölgədə gizlənirsən, bəd
əməllərin də həmin alatoranda ört-basdır
olur, bir də var hər cəhətdən parlaq, dəyərli
olduğun halda səni kölgəyə doğru itələyirlər
ki, qaranlıqda işığın itsin,
solğunlaşsın, görünməzləşsin.
Dünəni yaxşı görməkçün gərək
o kölgədən də, bu kölgədən də qurtulaq.
Elə ömrün sonlarına doğru çekist Məmmədhüseyn
Əsədovun günlərin birində qələm-kağıza
sarılaraq ömrün o başındakılar barədə
yaddaşında qalanları kağıza köçürməsi,
gec də olsa yolun bitəcəyindən ömrün əvvəlini
bir daha seyr etmək istəyi tündləşmiş kölgələri
dağıtmaq cəhdi idi.
8 may 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.-17 may(№85).- S.14-15.