Bir fincan sükut
...Bu şəhər danışmaqdan yorulmur.
Ətrafımızda səslər bir-birinə
qarışır; yollar boyunca şütüyən avtomobillərin
gurultusu, telefon bildirişləri, klaviaturanın qulaqbatıran
çıqqıltısı, durmadan yel kimi qanadlanan saat əqrəbləri,
yetişdirməyə çatdırdığın bir
yığın iş, bir qalaq məsuliyyət, insan seli kimi
axan statuslar, xəbərlər, sözlər... Bu hay-küy
içində isə bir səs gedərək itib-batır:
içimizdəki o səs.
Bəlkə də biz ən çox
özümüzü dinləməyə acıq. Bəlkə
də ən çox özümüzə möhtacıq. Hər
gün başqalarının fikirləriylə, gündəmin
sürətiylə, ekranların parıltısıyla
yoğruluruq. Gözümüz axtarır, qulağımız
eşidir, dilimiz danışır. Bəs qəlbimiz? O
haradadır? Nə deyir, nə düşünür?
İnsan içindəki dünyaya çox zaman
yalnız sakitlikdə çatır. O sakitlik ki, nə
pıçıltıdır, nə də səssizlik,
xüsusi bir haldır. Ruhun bir azca dayanıb nəfəs
aldığı o an. Və çox vaxt bu halı biz bir fincan
çayda tapırıq, ya da nə təsadüfdürsə,
həmin an "yoldaşımız" o bir fincan çay
olur...
Bəli, bir fincan çay. O da hər şey kimi sadələşdirilib:
kafe menyusundə bir seçim, iş fasiləsində vərdiş,
adət xatirinə içilən içki. Amma əslində,
çay bəzən bir nəfəsdir. O dəmlənən
zamanla birlikdə içimiz də dəmlənir. Qaynar suyun
yarpaqlara toxunduğu kimi, hüzur da ruhumuzun yorğun nöqtələrinə
toxunur. Sükutla içilən çay insanı özü
ilə, öz "mən"i ilə baş-başa qoyur.
O anlarda dünyanın ritmi də bir az
yavaşlayır sanki. Tələsik addımlar dayanır, gərgin
fikirlər kənara çəkilir, narahatlıq öz yerini
bir anlıq da olsa hüzura verir. İnsan öz ruhunun
qapısını aralayır və içəridə
unudulmuş qalaq-qalaq duyğularla qarşılaşır. Bir
az yorğunluq, bir az minnətdarlıq, bir az da cavabsız
suallar.
Hər şeyin çox olduğu bu dövrdə -
çox informasiya, çox danışıq, çox plan,
çox məsuliyyət, çox səs - bəlkə də
bizə çatmayan tək şey sadəcə
azlıqdır. Az danışmaq, az paylaşmaq, az qaçmaq,
az gözləmək. Bir az da daxilimizə baxmaq. Öz
içində oturub bir fincan çay içmək. Heç
kimə, heç nəyə tələsmədən. Heç
nəyi heç kimə sübut etmədən. Heç nəyi,
heç kimi gözləmədən...
Axı insanın özüylə barışması
bir anda olmur. Bu, zamanla, səbrlə, ən çox da səssiz
anlarla, daxili hüzurla baş verir. O səssizlik ki, bir musiqi
kimidir; biz ona qulaq asdıqca içimizdəki sözlər
canlanmağa, bütün ruhumuzu ələ keçirməyə
başlayır.
Sükutdan qorxmaq lazım deyil. O, daxili "mən"imizin
nəfəs almağa çalışdığı,
"danışmağa" başladığı yerdir. Ora
gedə bilmək üçün bəzən sadəcə
bir fincan çay kifayətdir. İsti və ətirli
çaydan gözəl yol yoldaşı varmı ki?!
Əgər bir gün hər şey ağır gələrsə,
sanki özünü itirmiş kimi hiss edərsənsə, ətrafındakı
səslər təkcə qulaqlarını deyil, ruhunu da
yorarsa, çox uzağa getmə, sadəcə dayan.
Özün üçün bir çay dəmlə. O
buxarın içində bəlkə də ən çox
ehtiyac duyduğun şeyi tapacaqsan: səssiz, sakit və sənin
olan bir dünya.
Elə o an anlayacaqsan: bəzən insana sadəcə
bir fincan sükut kifayətdir.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.-17 may(№85).- S.13.