Pensiya kapitalını vaxtından əvvəl
necə əldə etmək olar?
Bu günlərdə ciddi müzakirəyə səbəb
olan mövzulardan biri vətəndaşların pensiya
yaşına çatmazdan əvvəl, öz pensiya
kapitallarının bir hissəsindən istifadə hüququnu əldə
edə bilməsi məsələsidir. Pensiya kapitalı -
şəxsin işlədiyi dövrlərdə əməkhaqqına
uyğun olaraq sosial sığorta haqları şəklində
Dövlət Sosial Müdafiə Fonduna (DSMF)
köçürülən vəsaitlərin toplanmış
məbləğidir. Bu kapital əsasən iki hissədən
ibarət olur - əmək pensiyası kapitalı
(sığorta hissəsi), əlavə kapital (təqaüdə
çıxmaq üçün toplanan digər məbləğlər
və ya könüllü ödənişlər).
Bu sahədə fərqli dövlətlərdə
müxtəlif modellər tətbiq olunur. Bir sıra ölkələrdə,
o cümlədən qonşu Türkiyə və İranda əhalinin
müəyyən təqəbələri pensiya
kapitalını vaxtından əvvəl (pensiyaya
çıxan kimi) və birdəfəlik əldə edə
bilirlər. Pensiya kapitalının əvvəlcədən
istifadə olunması təcrübəsi ABŞ, Türkiyə
və bir sıra Avropa ölkələrində mövcuddur.
Belə ki, ABŞ-da pensiya kartına yığılan vəsaitdən
vətəndaş pensiya yaşı çatmadan müraciət
edib daha tez pensiyaya çıxmaq və istifadə etmək
hüququna malikdir. ABŞ-da vətəndaşın 45
yaşı varsa, o, artıq 65 yaşı gözləmək məcburiyyətində
deyil. Daha tez müraciət edib pensiya kapitalından istifadə
edə bilər. Türkiyədə də vətəndaş
pensiya kapitalını vaxtından tez götürüb sahibkarlıq
fəaliyyəti ilə məşğul olmaq imkanlarına
malikdir. Bəzi ölkələrdə pensiya kapitalını
tam götürmək mümkün deyil. Amma pensiya
kapitalında vəsait nəzərdə tutulandan artıq
yığılıbsa, artıq olan vəsaiti götürmək
hüququna malikdirlər.
Hazırkı qaydalar üzrə pensiyanın məbləği
vətəndaşın işlədiyi dövrdə toplanan
pensiya kapitalının məbləği əsasında müəyyən
olunur. Pensiya kapitalı vətəndaşın pensiyaya
çıxması zamanı aylıq pensiya məbləğini
hesablamaq üçün istifadə olunur. Bu vəsait şəxsə
birbaşa nağd şəkildə verilmir,
aşağıdakı formada istifadə olunur: aylıq pensiya
ödənişi şəklində hissə-hissə verilir.
Kapitalın ümumi məbləği nəzərə
alınaraq, şəxsin gözlənilən ömür
müddətinə bölünür və aylıq ödəniş
hesablanır. İnsanlar pensiya yaşına çatdıqdan
sonra 12 il ərzində pensiya kapitalını əldə edə
bilərlər. Yəni sözügedən kapital 144 aya
bölünərək aylıq pensiya şəklində vətəndaşa
təqdim edilir. Lakin bəzi şəxslər pensiya
kapitalından tam yararlanmaq niyyətindədirlər. Vətəndaşlar
deyir ki, bəzi insanların ömrü pensiya kapitalından
tam istifadə etməyə çatmır və onu daha tez
istifadə etmək istəyir. Bu mənada yaxın gələcəkdə
qanunvericiliyə hansısa dəyişikliklərin olması
ehtimalı varmı? Yəni insanlar pensiya kapitalının ən
azından müəyyən bir hissəsindən yararlanmaq fürsəti
əldə edə bilərlərmi?
Pensiya kapitalından pensiya yaşına
çatmamış istifadə üçün iki model
müzakirə oluna bilər. Birincisi, ABŞ modelinə əsasən,
yüksək məbləğdə pensiya kapitalı
toplamış vətəndaşın daha tez pensiyaya
çıxması. İkincisi, pensiya üçün müəyyən
olunmuş məbləğdən artıq olan hissənin
pensiya yaşına çıxmamış istifadə etmək
hüququ. Bu da kapitalın sahibkarlıq fəaliyyətinə
və ya özünüməşğulluğa yönəltməklə
daha faydalı istifadəsinə şərait yarada bilər.
Millət vəkili Vüqar Bayramovun sözlərinə
görə, pensiya kapitalının istifadə məsələsi
müzakirə edilən məsələlərdən biridir:
"Bununla bağlı 2025-ci ilin dövlət büdcəsi
müzakirə edilən zaman Milli Məclisdə də təkliflər
təqdim olunub. Bir sıra ölkələrdə, o cümlədən
Sinqapur və Amerika Birləşmiş Ştatlarında
olduğu kimi pensiya kapitalının bizdə də istifadəsi
ilə bağlı təkliflərimizi etmişik. Bizim təkliflərimiz,
pensiya kapitalının bir hissəsinin pensiya kapitalını
formalaşdıran şəxs tərəfindən pensiya
yaşı tamam olmadan pensiya imkanlarının
yaradılmasıdır".
Millət vəkili müqayisə üçün onu
da vurğulayıb ki, Amerika Birləşmiş
Ştatlarında minimum pensiya anlayışı ilə
yanaşı, həm də orta pensiya kapitalı
anlayışı da var. Bu kapitala malik olan şəxslər o
kapitaldan istifadə edə bilirlər. Bu isə həmin şəxslərə
imkan verir ki, onlar pensiya kapitalından daha tez faydalansınlar, həm
də pensiya kapitalının bir hissəsi istehlaka yönəlsin:
"Oxşar praktikanın Azərbaycanda da tətbiqini məqsədəuyğun
hesab edirik. Bu istiqamətdə maliyyə qiymətləndirilməsinin
aparılması və buna uyğun qərarın verilməsi
vacibdir. Bütövlükdə pensiya kapitalının bir hissəsindən
istifadə imkanlarının yaradılması, misal
üçün kredit borcunun ödənilməsi, təhsil və
səhiyyə xidmətləri üçün istifadə
edilməsi pensiya kapitalının yığımına
marağı artıra bilər. Eyni zamanda, həm də bu
proses vətəndaşlarımızın pensiya
kapitalının daha səmərəli istifadəsinə
fürsət yarada bilər. Həmçinin də bu rəsmi
məşğulluğun genişləndirilməsi fonunda
qeyri-rəsmi məşğulluğun payının
azaldılması baxımından da vacibdir.
İqtisadçı ekspert Pərviz Heydərov bildirib
ki, qeyd olunan sahədə tezliklə konkret bir mexanizmin ortaya
qoyulacağı ümidi yaranıb. Əlbəttə, vətəndaşların
əmək müqaviləsi əsasında işlədikləri
yerdə ödədikləri məcburi dövlət sosial
sığorta haqqı hesabına yığdıqları
pensiya kapitallarından pensiya yaşlarına
çatmamışdan öncə istifadə edə bilmələri
üçün müvafiq şəraitin yaradılması bir
neçə aspektdən çox vacib məsələ
sayılır. Yəni onlar üçün bu hüquq
tanınmağa məhkumdur: "Bunun bir neçə səbəbi
var. Birincisi, pensiya kapitalı müvafiq olaraq fərdi şəxsi
hesabın sığorta hissəsində qeydə alınan və
fərdi şəxsi hesabın yığım hissəsində
toplanılan vəsaitlərin məbləği hesab
olduğundan stimulverici xarakter daşımalıdır. Belə
ki, vətəndaşlar öz pensiya kapitalları
yığımında maraqlı olmalı və bunun həcminin
artımına səy göstərməlidirlər. Yəni məcburi
dövlət sosial sığorta haqqı ödənişinə
həvəslə, məqsədli şəkildə
yanaşmalıdırlar. Real olaraq, məcburi dövlət
sosial sığorta haqqı ödənişi nəticəsində
pensiya hüququ əldə edilənədək toplanılan
pensiya kapitalı həcmindən yalnız həmin hüquq
qazanıldıqdan sonra istifadəyə imkan verildiyindən
ortada faktiki olaraq heç bir maraq və stimul qalmır və əslində,
qalmağa əsas da olmur. Ən azı o səbəbdən ki,
pensiya hüququ əldə etmək yaşı yüksəkdir,
yəni 65 yaş təşkil edir. Odur ki, fərdin ödədiyi
məcburi dövlət sosial sığorta haqqı onun
özündə maraq kəsb etməsi üçün pensiya
kapitalından vaxtından əvvəl istifadə
imkanının yaradılması ən vacib və
stimullaşdırıcı üsul və vasitələrdən
sayılır. İkincisi, vətəndaşın öz pensiya
kapitalından istifadə edə biləcəyi ümumiyyətlə,
həmişə təminatlı xarakter
daşımalıdır. Bu, çox mühüm amildir və
ədalətli faktor hesab olunur. Yəni hər hansı şəxs
əgər müəyyən dövr ərzində işləyərək
bu və ya digər məbləğdə pensiya kapitalı
toplaya bilibsə, ədalətli olan budur ki, həmin vəsait,
məhz onun özü tərəfindən mənimsənilməlidir.
Misal üçün, səhhətində problem varsa, bundan
pensiya yaşına çıxmamış istifadə edə
bilməli, əgər normal yaşayış şəraiti
yoxdursa və bunu yaxşılaşdırmaq və yaxud da təmin
etmək məqsədilə borca giribsə, bunu ödəmək
üçün yararlanmalı, övladının və yaxud
özünün ixtisas səviyyəsi və ya təhsili ilə
bağlı maddi dəstəyə ehtiyacı varsa, bundan
ötrü həmin vəsaitdən xərcləməli və
sair".
Hansısa bir fərd tutaq ki, 25-30 illik əmək fəaliyyəti
fonunda məcburi dövlət sosial sığorta haqqı
ödənişi hesabına müəyyən məbləğdə
pensiya kapitalı vəsaiti toplayıbsa, nəyə görə
ondan məhz yalnız, pensiyaya çıxdıqdan, yəni 65
yaşı tamam olduqdan sonra yararlanmalıdır?
İqtisadçı deyir ki, belə bir addımın
atılması həm də ölkədə dayanıqlı,
sağlam və oturuşmuş pensiya-sığorta sisteminin
formalaşması və bu yolda islahatın həyata
keçirilməsi prosesinin özü üçün də
töhfə verə bilər ki, bu da mühüm cəhətdir.
Bəli, məcburi dövlət sosial sığorta haqqı
ödənişi hesabına pensiya kapitalı
yığımı vətəndaşı əmək fəaliyyətini
dayandırdıqdan sonra pensiya ilə təmin etmək
üçündür. Lakin seçim hər kəsin öz
öhdəsinə buraxılsa, yaxşıdır: "Yeri gəlmişkən,
2019-cu ildən bəridir DSMF-nin büdcəsi təkmilləşir
ki, bununla belə, hələ də dövlət büdcəsindən
asılılıq var. Pensiya kapitalından istifadəyə
imkan yaratmaqla, bu sahədə sosial sığorta ödənişlərinin
sürətini və həcmini artırmaqla DSMF-nin büdcəsi
də daha məqsədəuyğun həcmə gəlib
çıxa bilər və o cümlədən, özəl
pensiya fondlarının yaranması üçün də əlavə
işıq ucu açılar".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.-17 may(№85).- S.7.