ZAMANIN ƏLƏYİ
Sirrin cazibəsi var. İnsanlar tarix boyu sirrə mail
olub - həm nələrisə gizlətməyə, sirr pərdəsinə
bürüməyə çalışıb, həm də
mübhəm olanları bilməyə, sirlərə vaqif
olmağa çalışıb. Dünyanın hər yerində
xüsusi xidmətlər elə sirr yuvası kimi yaranıb,
orada çalışanlar da tutduğu vəzifəyə
uyğun olaraq irili-xırdalı sirr dağarcıqlarına
çevriliblər. Ancaq bir var cari, gündəlik xırda-para
sirlər, bir də var millətin, yurdun tarixinə aid olan
gizlinlər.
Podpolkovnik Məmmədhüseyn Əsədov hətta
təqaüdə çıxıb "İnturist"də
işlər müdirinin müavini vəzifəsini tutanda da
işi əsasən əcnəbilərlə bağlı
olduğundan gündəlik fəaliyyətlərində sirlər
çoxdu. Ancaq belə keçəri sirləri bilib-bilməməyin
bu gün bizlərçün isti-soyuğu yoxdur. Di gəl, bu
çekistin 1920-30-40-cı illərdəki açıq və
gizli işlərinin əksəri birbaşa Yeni və Başqa
Azərbaycan quruculuğu, həm də yalnız ərazi
üzərində deyil, insanların düşüncəsində,
həyata baxışlarında, yaşam fəlsəfələrində
köklü dəyişmələrin gerçəkləşdiyi
çağlara aiddir. Odur ki, həmin dövrə aid xüsusi
xidmətlərin arxivlərində qalanların və orada
çalışmışların yaddaşında
olmuşlardan nələrinsə bugünə və sabaha
çatdırılması vacibdir. Çünki bunlar
müasir tariximizin tikələri, qəlpələridir ki, bir
silsilə o qəbil hadisələrin üstündən pərdələr
çəkilmədikcə biz dünənimizi gərəyincə
tanımaqda, bilməkdə aciz qalarıq.
İyirminci yüzilin sevimli ekran hadisələrindən
olan "Baharın 17 anı" filminin təzə
çıxdığı vaxtlar idi və o sevilən kino məşhurlaşdıqca
ətrafında xeyli lətifə də yaranırdı. Həmin
anekdotlardan biri də bu idi ki, ştandartenfürer Ştirlis mənzilində
təkdir, pəncərədən küçəni ehtiyatla
seyr edərək onu kimsənin güdmədiyindən
arxayın olandan sonra qalın pərdəni çəkir və
ürəyində deyir, hə, indi fikirləşmək olar.
Konspirasiyanın bu, ifrat həddi olmasa da, Taleyranın
söylədiyi kimi, bu qəbil insanlara dil danışmaqdan
daha çox fikirləri gizlətməkçün verilir.
Məmmədhüseyn Əsədov da artıq
yaşlı vaxtlarında evdə, doğmalar arasında
qırıq-qırıq xırda xatirələrini
bölüşsə də, beyninin adətkərdə
olduğu vərdişlə söylədiklərini dilə gətirməzdən
əvvəl içərisində redaktə edirmiş. Odur ki,
onun çekist həyatının başvermişləri haqda
öz doğmaca balalarının da məlumatı yoxdur. Ancaq
qızı Zemfira xanım yada salır ki, atası
ömrün son parçasında çox vaxt əli qələmli
olarmış, bir ucdan nəsə yazarmış.
Məmmədhüseyn Əsədovun öz səliqəli
xətti ilə qələmə aldığı tikə-para
xatirələrini oxuyuram və düşünürəm ki,
görün onun həmkarı olan nə qədər
çekist özü ilə nə qədər xatirələr
aparıb. Axı onlara yazmaqdan, danışmaqdan daha çox
susmaq öyrədilirdi (Hərçənd elə dəqiq, az
sözlə və aydın xətlə daha çox
informasiyanı çatdıra bilmək də onlara
aşılanan peşəkar keyfiyyətlərdən idi). Məmmədhüseyn
Əsədovun da xatirələri yalnız ayrı-ayrı
fraqmentlərdir.
Yaşı altmışı keçəndən,
yetmişə yaxınlaşandan sonra, görünür,
Əsədov hansı tarixin axarında olmuş olduğunun məsuliyyətini
dərk edərək qələmə aldıqlarını
xatirədən daha çox gələcəyə hesabat, daha
rəislərinə deyil, sabahdakılara təqdim olunası
arayışlar kimi hazırlayırmış. O, daxili bir zərurət
hiss edibmiş ki, keçmişdə olanları kağıza
köçürmək lazımdır və bunlar haçansa
gərək ola bilər. Onları heç kimə göstərmədən
yazırmış və bir neçə dəftər
doldurubmuş. O bir neçə dəftərin olması da
Zemfira xanımın sözüdür. Lakin təəssüflər
olsun ki, həmin dəftərlər itə-bata
düşüb. Zemfira xanım bunu da danışır ki, bir
evdən o biri evə köçəndə
qarışıqlıqda çox şeylər itdi. Atamın
da bir çox yazıları, ondan yadigar qalan ayrı-ayrı əşyalar,
şəkillər həmin köçhaköç əsnasında
itib batdı və üstündən xeyli müddət
keçəndən sonra onları tapmaq istəsək də, təəssüf
ki, əlimiz boşa çıxdı. Amma hər halda, yəqin
ki, o dəftərlərə daha səliqəli
köçürməkdən ötrü əvvəlcə
ayrı-ayrı vərəqlərdə etdiyi qeydlər, təkəm-seyrək
xatirə qırıqları qalmaqdadır.
Və onlar da bir tərəfdən Məmmədhüseyn
Əsədovun özünün ömür yolunu -
"çekist" və insan portretini daha dəqiq təsvir
etməyə imkan verirsə, digər tərəfdən, bu səhifələr
Azərbaycanın sovet onilləri içərisində qət
etdiyi yoldur: 1920-ci, 30-cu, 40-cı 50-ci illər, enişlər,
yoxuşlar, bəslənən ümidlər, qırılan
inamlar, könül dolusu sevinclər, böyük uğurlar və
xəyal qırıqlıqları.
Bunların heç biri sadə onillər olmayıb.
Biz o illəri görməmişik. Amma ata-analarımız,
babalarımız həmin tarixi yaşayıblar. Bütün
ruh yüsəklikləri, bütün
sarsıntılarıyla, bütün çin çıxan və
puç olan diləkləriylə həmin tarix onların həyatından
keçib. Onların varlığında qalıb, onları
düşündürüb, narahat edib, həmin dövrün
insanlarına həm mütiliyi, həm daxildən
barışmazlığı aşılayıb.
Əsədovun xatirələrinin ayrı-ayrı
parçalarının dərininə nüfuz etdikcə bunu
da duyuram ki, üstündən xeyli zaman keçəndən
sonra həmin günləri xatırlayarkən özünü
- dünənin içərisindəki o cavan,
çılğın, hər mübarizəyə hazır Məmmədhüseyni
xəyal aynasında canlandıran ixtiyar çekist o vaxt etdiklərindən
nələrə görəsə əsla peşman deyil. Gənckən
gördüyü işlərin vətən üçün
böyük faydalar verəcəyini sadəcə zənn
etmirmiş, buna qəlbən inanırmış, əmin
olduğu üçün də o cür fədakarlıqla
mübarizə aparırmış.
Tarixə qiymət verərkən bugünün isti və
rahat bir bucağında əyləşərək həndir-hamar
dövranlarda qopmuş təlatümləri indiki
başımızla dəyərləndirməyə səy etsək,
həmişə gələcəyimiz nəticələr də,
çıxaracağımız qənaətlər də
yanlış olacaq. Tarixi olduğu kimi qavramaq müzakirəsiz
şərtdir. Zaman necə yaşanıbsa, necə keçibsə,
o cür də donub qalıb. Dünən inandığı
bir ideal uğrunda mübarizə aparmış
soydaşımızı bu gün düşmən elan etmək
heç də rəva deyil. Bəlkə onlara indi hərdən-hərdən
yanlış olaraq bəslənən o cür münasibət
elə tarixin həmin adamlardam aldığı qisasdır.
Axı bir zamanlar onlar özləri də o cür hərəkət
etmişdilər.
Azərbaycanın üzünə çox qapılar
bağlamağa hazır olan çətin dövrdə
Cümhuriyyətimizi yoxdan var etmiş, millətə istiqlal bəxş
etmiş qurucu babaları az sonra devirərək hakimiyyətə
gələn bolşeviklərin əksəri elə onlar kimi
türk oğlu türkdülər, bu millətin övladları
idilər, ancaq öz qan qardaşlarına əks məfkurələr
səbəbindən ən qatı düşmən
gözü ilə baxdılar. Sonrakı onillərdə də
onların adlarını daim qara dəftərlərində
saxladılar, onları guya bu xalqı uçuruma
aparmışlar kimi ləkələdilər.
Amma zamanın təkəri girdədir. Hərləndi-fırlandı,
gün gəldi ki, yerlər dəyişdi, enmişlər
qalxdı, qalxaraq uzun müddət ucalarda qərar tutmuşlar
çökdü və indi ittiham edənlərin özlərini
ittiham etməyə başladılar. Cümhuriyyətin
şanlı yolu haqqında yazanlar, düşünənlər
dünənki bolşevikləri, vaxtilə cümhuriyyətçilərə
qarşı mübarizə aparmışları millətə
yağı çıxmış satqınlar, zatına
dönük olan xainlər kimi qələmə verdilər.
Həqiqətdəsə həm Cümhuriyyətimizi
qurmuş seçkin şəxsiyyətlər - o sədaqətli,
o yenilməz vətənpərvərlər, o nadir millət yavruları,
həm də daha sonrakı onillərdə Azərbaycan
quruculuğu uğrunda çalışmış, Sovet Azərbaycanını
daha qüdrətli, daha güclü, insanlarımızı
daha bilgin, daha zövqlü, daha firavan etmək yolunda səy
göstərmiş xadimlər öz
çalışmalarında səmimi idilər.
Məslək yolunda tərəddüd etmədən
ölümə getməyə hazır olan o insanlar ideallara
inanmışdılar və inandıqlarına görə,
doğrunun məhz bu olduğuna iman gətirdikləri
üçün, qəlbən bağlandıqları yola
etibarlılığı səbəbindən heç kəsi
nəinki qınamaq, heç günahlandırmaq da olmaz.
Səhvləri olubsa da, onları tarix və millətin
ruhu bağışlasın, elə işlərə
qarışmaq bizim səlahiyyətimizdən kənardır.
Məmmədhüseyn Əsədovun xatirələrindən
26 Bakı komissarı da keçir. 26 Bakı komissarı onun nəzərində
qəhrəmandır.
Elə biz də eləydik. Gəncliyi, yeniyetməliyi
sovet onillərinə təsadüf etmiş insanların nəzərində
də vaxtilə 26 Bakı komissarı vətən uğrunda,
azadlığımız naminə mübarizə
aparmış insanlar kimi təqdim edilirdi. Dərsliklərdə
fəxrlə "Mənim babam olmuş 26-lar" deyən Səməd
Vurğunun şeirini oxuyurduq, vaxtilə - 1935-ci ildə bu sətirləri
yazanda onun inandığı kimi, həmin misralara biz də
inanırdıq:
Yox, yox, tarix boyu siz parladınız,
Qalın kitablarda durur adınız.
Yaşadır ayılmış bu insanlığı,
Biz sizdən öyrəndik qəhrəmanlığı!..
Kim 1980-ci illərin sonlarında Bakıda Azadlıq
meydanını coşub-daşan hürriyyət eşqi ilə
dolduran Xəlil Rzanın o səmimiyyətinə şübhə
edər?! Amma 1954-cü ildə o, iyirmialtılara poema həsr
etmişdi və "Ağcaqum çölündə qatar
düz gedir, Piter fəhləsindən xəbərsiz gedir"
misraları ilə başlanan parçanı məktəbdə
oxuyarkən əzbərləyib həvəslə söylədiyim
mənim də, mənim kimi minlərlə
başqasının da xatirindədir.
26 Bakı komissarı abidəsinə yeni ailə
quranların ziyarətə getməsi də bir adətə
döndərilmişdi.
Dövrün, siyasətin hipnozu hərdən elə
qüvvətli olur ki, həmin təsirə düşməyə
bilmirsən, yuxu içərisində qalmış kimi olursan.
Dövran dəyişdi, tarixin qapalı səhifələrini
aça bildik və 26-lar qəziyyəsinin də iç
üzündən hali olduq. Bu gün biz 26-ları da sovet
imperiyasının Azərbaycana qarşı
apardığı məkrli siyasətin icraçıları
sırasında qavrayırıq. Onu da görürük ki,
Bakıda meydan sulamış bu komissarlar əslində sovet
rejiminin ideoloji sifarişini yerinə yetirməklə məşğul
olmuşdular və təpədən-dırnağa Azərbaycana
zidd mövqedə idilər. Gün dəyişdi, Stepan
Şaumyanın əsl siması haqqında çox gerçəklər
də aşkara çıxdı, onun Azərbaycanın və
azərbaycanlıların qanına susamış qüvvələrin
təmsilçisi və vampir icraçısı olduğu da
müəyyənləşdi.
Digərləri də elə həmin qəbildən.
Ancaq onların arasında Məşədi Əzizbəyov da
vardı axı, ona da abidə ucaltmışdıq,
adını, xatirəsini yüz yerdə əbədiləşdirmişdik,
onunla da iftixar edirdik. Lakin Məşədi Əzizbəyovu da
bu gün elə o köhnə quruluşun əsgəri olub deyə
düşmənlər sırasına qatmaq əsla düz
deyil. Eyni şəkildə Nərimanova qiymətvermədə
biz daha ehtiyatla yanaşmalıyıq.
Bolşevik, sovet varlığının fərqli onillərində,
kükrəyən selə qoşulub gedərkən o
axının içərisindəki tək-tək azərbaycanlılar
hər halda öz milli simalarını qorumağa
çalışmışdılar, dar macalda Azərbaycan
naminə iş görməyə can atmışdılar. Lenin
olanda nə olar. Düz söyləmişdi ki, insanlara
onların edə bilmədiklərinə görə deyil,
etdiklərinə görə qiymət vermək
lazımdır.
Məmmədhüseyn Əsədov çekist idi. Bu
peşəni sevərək seçmişdi, ideallarının
ardınca gedərək bu sahədə
çalışmağa qərar vermişdi. Gənc bir
insandı və o da, sonrakı bir çox nəsillərin
adamları kimi, 26 Bakı komissarını elə qəhrəmanlar
kimi, şəhidlər kimi qavrayırdı.
Və onları qətlə yetirmiş insanların
cinayətkar olduğuna şübhəsi yoxdu, cinayətkar dəstənin
tapılması, aşkarlanması yolunda
çalışırdı.
Odur ki, bu insanların xatirələrində tarixin
müəyyən nöqtələrdə onların
inandığı şəkildə görünməsi təbiidir.
Biz olmuşları onların təqdim etdiyi rakursdan da seyr edək,
bunun üstünə sonrakı bilgilərimizi də
artıraq.
Ancaq istənilən halda belə xatirələr tarix
haqqında bir çox gerçəklərin üzə
çıxmasına da meydan açır. Azərbaycan
qaçaq hərəkatı haqqında da bu gün bizim
düşüncələrimiz tam fərqlidir. O qaçaq hərəkatının
siyasi qanadını biz Azərbaycan istiqlalı uğrunda
mübarizə aparmış insanlar kimi qəbul edirik və həqiqətən
də, belədir. Onlardan neçəsi 1930-cu illərin əvvəllərində
mühacirət etməyə vadar qaldı. Ancaq vətəndən
kənarlarda da o istiqlal ideyasının yaşaması yolunda
son nəfəslərinə qədər
bacardıqlarını etdilər. Ancaq Məmmədhüseyn
Əsədov kimi ideoloji cəbhədə
çalışanların gözündə, hətta o
dövrdə ədəbi sahədə fəaliyyət göstərənlərin
baxışınca, belələri bizə, cəmiyyətimizə
yad ünsürlərdi. O çağlar mütləq əksəriyyət
onları başlanmış yeni quruculuq xəttinə
qarşı duran, aparılan təzə siyasətə zidd gedən
və bu xətti dağıtmağa cəhd edən, demək,
pozuculuqla məşğul olan ünsürlər kimi
qavrayırdı.
Bütün keçmiş və indiki qiymətvermələri
bir kənara qoyaraq, sadəcə, tarixi zənciri bütün
halqaları ilə ardıcıllıqla əvvəldən-sona
seyr etmək vacibdir. Həm də dövrün
adamlarının əlyazmalarının, doğruçu xatirələrinin
və gerçək şahidlərin yazdıqları, söylədikləri
əsasında. Vaxtilə söylənmişləri və
yazılmışları, yaxın məsafədən zikr edilən
tarix hekayətlərini təhlil etmək, doğru-düzü
sonradan aşkarlanan həqiqətlərlə tutuşdurub son
qiyməti vermək gələcəkdəkilərin işidir.
Biz boynumuza düşəni edək, itib-batmaq
ehtimalı olanları xilas edib sabaha ötürək.
Məmmədhüseyn Əsədovun xatirələri
belə başlanırdı: "Mən indi təqaüdçüyəm,
ancaq işləməkdə davam eləyirəm. Mənim
bütün həyatım əməkdə və öz vətənimə
xidmətdə keçib".
"Öz vətənimə xidmətdə"
yazanda, əlbəttə ki, o, yalnız Azərbaycanı nəzərdə
tutmurdu. Sovet dönəmində insanları "vətən"
deyərkən SSRİ-ni ağla gətirməyə
alışdırmışdılar.
Əsədov belə davam edirdi: "İndi mənim
65 yaşım var, ancaq özümü gümrah hiss edirəm.
VÇK və KQB (Ümumittifaq Fövqəladə
Komissiyası - ÜFK və Dövlət Təhlükəsizlik
Komitəsi - DTK - R.H.) orqanlarında 1920-ci ilin iyulundan işləməyə
başlamışam. Əvvəlcə mən Krasnovodsk
stansiyasında Fövqəladə Komissiyanın Dəmiryol
bölməsində müvəkkil köməkçisi vəzifəsində
çalışırdım. Mən, eləcə də digər
əməkdaşlar arasında elə bir fərq yox idi. Demək
olar ki, mənim bütün yoldaşlarım dəmiryol fəhlələri
idilər. Onlar bu sahəyə partiyanın əksinqilabla
mübarizəsində iştirak etmək üçün
göndərilmişdilər. İlk dövrlərdə biz
ingilis imterventlərin dəmiryol təsərrüfatında
dağıdıcılıq fəaliyyətlərinin
qarşısını almaq səmtində işləyirdik.
Bütün fəhlələr fədakarlıqla
çalışırdılar, çətinlikləri eyinlərinə
də almırdılar. Ərzaq və digər zəruri vasitələrin
çatışmazlığı da bizi narahat etmirdi".
Əsədovun elə bu sözlərindən də
oçağkı cavanların ovqatı duyulur. Hamısı
20-25-30 yaşlı insanlardılar, yolunu yeni başlayan siyasi
quruluşa, təzə dövrün onlarınkı
olmasına cani-dildən inanırdılar, onlara bu inamı təlqin
edə bilmişdilər və həmin səbəbdən də
bunca fanatikcəsinə çalışırdılar.
Yarıac-yarıtox, iş gününə saat
hüdudları qoymadan, gecə-gündüz
çalışmağa, mübarizə aparmağa hazır
idilər. Bu yolda hətta can qorxusu, ölüm təhlükəsi
belə onları çəkindirmirdisə, söz yox, belə
etiqadlılığın ardında daxildən gələn
inam dururdu. Onlar sevərək seçilmiş yolun
yolçuları idilər.
Əsədov belə davam eləyirdi: "Ümumxalq hərəkatının
qarşısında tarixin kənara atdığı eserlər,
menşeviklər, keçmiş ağqvardiyaçı zabitlər
dayanırdılar ki, onlar hamısı 26 Bakı
komissarının həlak olmasında birbaşa günahkar
idilər. Mənə nəsib oldu ki, bu şəri törədənlərin
ortaya çıxarılmasında, müəyyənləşdirilməsində
fəal iştirak edim. Dəmiryol fəhlələri bu qəbil
gizlənən şəxslərdən bir qismini taparaq ədalət
məhkəməsinə təqdim etdi. Ələ keçirilənlər
iki eser, iki ağqvardiyaçı zabitdən ibarət idi.
Bundan əlavə, iki yerli pravoslav ruhanisi, türkmən cəza
dəstəsinin rəisi, tətil komitəsinin sədri də
tapılıb götürüldü. Tutulub hökumətə
təhvil verilənlər də eser və menşeviklər
idi. Hamısı da "26-lar"ın güllələnməsində
birbaşa iştirak etmişdi. Yalnız bir siyasi bandanın rəhbəri
qaçıb qurtara bildi. Bu, Fuksikov idi. Lakin o da sonralar
Şimali Qafqazda həbs edildi. Eyni zamanda, onunla eyni yolun
yolçusu olan dəmiryol müfəttişi Kun da məsuliyyətə
cəlb edildi. Nəticə etibarilə bütün bu
tutulanları hərbi inqilabi tribunal mühakimə edirdi. Bu mühakimə
prosesi çoxsaylı fəhlələrin iştirakı ilə
dəmiryol klubunda keçirilirdi. Tribunalın hökmü fəhlələr
tərəfindən böyük məmnunluqla
qarşılandı. Ancaq bundan sonra da salamat qurtarmış, hələ
də məsuliyyətə cəlb edilməmiş eserlər
sakitləşmir, fəaliyyətlərini davam etdirirdilər.
Biz müəyyən etdik ki, onlar dəfələrlə səviyyəcə
çox da yüksək olmayan fəhlələri yoldan
çıxararaq öyrədirdilər ki, Orta Asiya dəmir
yolunun rəisinə yerinə yetirilməsi mümkünsüz
olan tələblərlə müraciət etsinlər. Təlimatlandırılmış
fəhlələr çox ciddi təminat tələbləri
qaldırır, ərzaq və əmtəə məhsulları
ilə tam həcmdə təmin olunmaqlarını istəyirdilər.
Eserlərin və ağqvardiyaçıların belə təxribatçı
fəaliyyətlərinin qarşısı fəhlələr
arasında geniş izahat işinin aparılması, bir də
NEP - Yeni İqtisadi Siyasətin həyata keçirilməsi ilə
mümkünləşdi. Açıq intervensiyada ingilis
imperialistləri məğlubiyyətə uğradılar.
Onların məqsədi Orta Asiyanı ələ keçirmək
idi. Bu məğlubiyyətdən sonra onlar 1920-ci ildən
öz agenturasını bizim əraziyə yeritməyə
başladı".
Məmmədhüseyn Əsədovun bu xəbərləri
də diqqətəlayiqdir. Bu məlumatları o, dövlət
təhlükəsizliyi sahəsində işləyən əməliyyatçı
kimi verir, ətrafda cərəyan edənlər haqqında pərdə
arxasındakılardan agah olaraq söz açır.
Bəlli olur və əslində belə dəqiq soraqlarsız
da məntiqlə aydındır ki, kənardan müdaxilə və
təsirlər çoxmuş.
"Hələ sərnişin qatarları işləmirdi.
Hərəkətdə olan yalnız yük daşıyan
qatarlar idi. Bir dəfə bizə belə agentura məlumatı
daxil oldu ki, Qazancıq stansiyasında sarışın və
şübhəli görkəmli bir qadın müşahidə
olunub ki, onu bir sadə özbək müşayiət
edirmiş. Əməliyyatçıların çox da
böyük olmayan bir qrupu bu məsələni
aydınlaşdırmaq üçün göndərildi. Bu
naməlum qadın tezliklə həmin özbəklə birlikdə
nəzarətə götürüldü. O zaman mən müəyyən
qədər alman dilini bilirdim. İstintaq zamanı bunu
aydınlaşdıra bildim ki, bu naməlum qadın mənşəcə
almanmış, amma rus dilində çox gözəl
danışırdı. O, Sovet İttifaqından İrana
qaçıb gedibmiş. Özünün etirafına görə,
ingilislər onu qanadı altına almış və təlimatlandıraraq
sonra sovet ərazisinə qaçaqmalçıların vasitəsilə
keçirə bilmişdilər. Ona belə bir göstəriş
verilmişdi ki, əhalinin ən müxtəlif təbəqələrinin
əhvali-ruhiyyəsi ilə maraqlansın, sovet hakimiyyətindən
narazı olan insanlarla tanışlıq əlaqələri
yaratsın, hərbi hissələrin yerləşmə məkanlarını
öyrənsin və digər belə-belə
tapşırıqlar. Daha sonra bu alman qadınla əməliyyat
işi artıq Daşkənddə aparıldı".
Əsədovun qaçaq hərəkatı ilə
bağlı xatirələri də xarici kəşfiyyatın
bu işə əl qoyması, proseslərin hansı şəkildə
irəliləməsinə birbaşa onların mütəmadi
təsir göstərməsini pıçıldayır:
"1923-cü ildən mən Azərbaycan Fövqəladə
Komissiyası şəbəkəsində işləməyə
başladım. Təxminən elə bir qəza yox idi ki, orada
bandit qrupları fəaliyyətdə olmasın. Onlar kəndliləri
incidir, kəndlərdəki fəalları
öldürürdülər. Bu dəstələrin tərkibində
adətən cinayətkar ünsürlər olurdu. Bəzən
onların sırasında keçmiş müsavat zabitləri
də gözə dəyirdi. Bu bandalar çox zaman
qolçomaqlar tərəfindən öyrədilib
hazırlanmış, yetişdirilmiş fəallardan istifadə
edirdilər. Belə dəstələrlə mübarizəni
çətinləşdirən bir də o idi ki, alman,
türk, ingilis interventlərindən sonra əhalidə
böyük miqdarda ən müxtəlif sistemli tüfənglər
və sursat yığılmışdı.
Soyğunçuluq, qətllər kəndlilərin həyatında
adi bir hala çevrilmişdi. Sovet hökumətinə
qarşı mübarizəsini davam etdirən keçmiş
müsavatçılar və panislamistlər bu cinayətkar
bandalardan getdikcə güclənən hakimiyyətin əleyhinə
təxribatlar törətməkçün istifadə edirdi.
1929-cu ildə isə Azərbaycan kəndinin ictimai yenidənqurması
başlandı. Mülkədarlar, qolçomaqlar
silahlanmış bandalara arxalanaraq kənd təsərrüfatındakı
ucdantutma kollektivləşməyə qarşı mübarizəyə
başladılar. Bizim öhdəmizə bu sahədə daha fəal
olan qolçomaqları axtarıb tapmaq vəzifəsi
düşürdü. Respublikanın sərhəd
rayonlarından mal-qarasını da götürərək ailəliklə
qaçıb gedənlər çox idi. Onların bu hərəkətləri
atışmalarla, qarşıdurmalarla müşayiət
edilirdi və bizim tərəfimizdən də o dövrdə
çoxlu ölənlər olurdu. Xatirimə həmin
qurbanlardan biri gəlir. "Piri" sərhəd
zastavasının rəisi Qolubitskinin həlak olmasını
yaxşı xatırlayıram. İndi həmin o "Piri"
deyilən sərhəd zastavası Cəbrayıl rayonunun sərhəd
zastavasında yerləşməkdədir. İranla həmsərhəd
zolaqda qolçomaqların çoxlu bandaları fəaliyyətdə
idi. İran hakimiyyətinin müdaxiləsiz, süst
müşayiətilə onlar sovet ərazisinə tez-tez həmlələr
edirdilər. Daha dərinlərdəki qolçomaqlar
silahlı və gizli bandalar yaradaraq fəaliyyətə
başlamışdılar. 1930-cu ilin fevral ayında
Kürdoğlu Məmmədin dəstəsi məşhur Molla
Saleh Hacıyevin cızdığı plana əsasən Kəlbəcər
rayonunun mərkəzini tutdu. Həbs olunmuşları azad etdilər,
silahları ələ keçirtdilər və sovet hökumətini
devrilmiş elan etdilər".
Azərbaycanın şərəf tarixində
bolşeviklərin Cümhuriyyətimizi yıxıb taxta
çıxmasından lap azacıq sonra, 1920-nin son may, ilk iyun
günlərində yenidən istiqlal bayrağımızı
bir neçə günlüyə də olsa ucaltmaqla nəticələnən,
sovetin oçağkı işğal ərazilərində
misli olmayan Gəncə üsyanı kimi müstəsna qəhrəmanlıq
səhifəsi var. Ancaq bu səhifə tək deyil. Hətta
sovet lövbərini atandan illər sonra da bu etirazçı
mücadilələri igid soydaşlarımız mətanətlə
davam etdirməkdəymiş.
Şahid o çağlar onlarla
qarşı-qarşıya durmuşlardan olan Əsədovdur.
Deməli, 1930-cu ildə Kəlbəcərdə də,
qısa müddətdə olsa belə, yenə yenilməz azərbaycanlılar
bolşeviklərlə qeyri-bərabər savaşda qalib
çıxmağı, istiqlalımızı ən qısa
vaxt kəsiyində olsa belə, dirçəltməyi
bacarmışdılar: "Kommunarların,
komsomolçuların və kəndlilərin köməyi ilə
orada hakimiyyət yenidən bərpa edildi. 1930-cu ilin aprelində
Nuxa rayonunun keçmiş müsavatçılar, zabitlər
tərəfindən rəhbərlik edilən bandası Nuxa
şəhərini və ətraf kəndləri tutdular. Bu
üsyan böyük çətinliklə
yatırıldı".
Şəki üsyanları da Azərbaycanın istiqlal
və etirazçılıq tarixinin, milli müqavimət və
itaətsizlik hərəkatının parlaq və
öyünüləsi səhifələri arasındadır.
Şəki üsyanı haqqında mənə
ağsaqqal iş yoldaşım, Nizami Gəncəvi adına
Ədəbiyyat Muzeyində birgə
çalışdığımız unudulmaz ədəbiyyatşünas
Əbdürrəhman Abdullayev bir-birindən maraqlı təfərrüatları
nağıl edəndə 1980-ci illərin sonları idi və
hələ mətbuatda sovet dövrü Azərbaycanındakı
o hay-küylü hadisə haqda bilənlər azdı, mətbuatda,
kitablarda bu barədə yazılmırdı, mövzü sovet
senzurasının qapalılar cərgəsinə
qatdığı söhbətlərdən idi. Üstündən
çox illər keçəndən sonra Şəki
üsyanı haqda çox yazıldı da, söyləndi də,
xalq etirazlarının parlaq nümunəsi olan həmin hərəkatın
cəsur qəhrəmanlarını da tanıdıq.
Əbdürrəhman müəllim o əhvalatları mənə
danışan vaxtlarda isə sovet hakimiyyəti asta-asta
çöküşünə doğru irəliləsə,
artıq SSRİ-nin dörd bucağında mövcud rejimlə
barışmayan kütlələrin izdihamlı mitinqləri
başlansa da, hələ ki, 70 ilə yaxın ömür
sürmüş hakimiyyət bütün cəza orqanları
ilə birlikdə heyini tamam qeyb etməmişdi, hələ
ki, cızığından qırağa çıxanları
istədiyi kimi ittiham etmək iqtidarında idi, edirdi də.
Rəsmi nəşrlərdə Şəki
üsyanı iki-üç cümlə ilə xatırlananda
da söyülərək, aşağılanaraq
anılırdı. Əbdürrəhman müəllim köhnə
kişilərdən idi və ömrü boyu da partiya-sovet
işində çalışmış, hökumət
adamı olmuşdu. Ancaq Şəki üsyanından bəhs
etdikcə, həmin hərəkatın ayrı-ayrı
aparıcı simalarının etdiklərindən söz
açdıqca hiss edirdim ki, özünü, ailəsini, nəslini
böyük təhlükələr altında qoyaraq sovet
dövləti kimi bir nəhənglə bərabər olmayan
döyüş meydanına atılmış o xalq igidlərindən
gizlətmədiyi hüsn-rəğbət və heyranlıqla
danışır.
O dövr idi ki, hələ Şəkidə, Yuxarı
Karvansaranın arxasındakı meydanda həmin üsyanı
yatırmaq üçün döyüşərkən həlak
olmuş kommunistlərin xatirəsini əbədiləşdirən
abidə ucalırdı, bayramlarda, müxtəlif əlaqədar
tədbirlərdə ora çiçək dəstələri
düzülürdü və şəhərdə də o
abidəsi ucaldılmışların xeyli qohum-əqrəbası
yaşayırdı. Ancaq həmin kommunistlər özləri həlak
olana qədər, oçağkı təbirlə desək, qəhrəmanlıqlar
da göstərmişdilər, onların da
üsyançılar arasından öldürdükləri, həbsinə
nail olduqları az olmamışdı. Ancaq hər gün Şəkidə
o memorialın yanından ötənlərin arasında sovet
hakimiyyəti yolunda canını fəda etmiş şəhidlər
kimi qiymətləndirilən bu kommunistlərin öldürdüklərinin,
sürgünə göndərdiklərinin də əzizləri,
yaxınları vardı.
Böyük şairimiz Bəxtiyar Vahabzadədənsə
Şəki üsyanının mərdanəlik səhifələri
haqqında ilk dəfə hələ tələbəlik illərimdə,
1970-ci illərin ortalarında, hələ belə söhbətlərin
danışılmaz olduğu vaxtlarda eşitmişdim. O vaxtlar
söyləyirdi ki, gün gələcək, Gəncə
üsyanı haqqında da, Şəki qiyamı barədə
də qalın-qalın kitablar yazılacaq. O zamanlar gəlməyinə
gəldi, ancaq onillər ötəndən sonra və qismət
elə gətirdi ki, həmin nəşrlərdən birinə
- Həbibulla Manaflının "Şəki
üsyanları" əsərinə Bəxtiyar Vahabzadə müqəddimə
də yazdı. O önsözü Bəxtiyar müəllim
tarixi müqayisə ilə başlayır, Şəkinin mərkəzində,
vaxtilə sovet hakimiyyəti uğrunda mübarizələrdə
canını qurban vermiş kommunistlərə həsr
edilmiş abidəni xatırlayır və özünə xas
hərarətlilik və barışmazlıqla yazırdı
ki, 1960-cı illərdə raykomda məsul işdə
çalışan bir qohumumla həmin yerdən keçdiyimiz
zaman ayaq saxlayıb mənim nəzərimi abidəyə cəlb
etdi, onların öz ömürlərini vətən yolunda fəda
etdiklərini söylədi. Mən isə əsəbiləşərək
"Məgər bunlar vətənin nə olduğunu bilirdimi?
- deyərək etiraz etdim. - Əslində bunlar vətən
xainləridir. Vətən yolunda canlarını qurban verənlər
isə bunları cəhənnəmə vasil edənlərdir".
Şair belə düşünürdü, belə
yazırdı və bir dəfə onunla artıq yenidən
qayıtmış müstəqilliyimizin oturuşduğu illərdə
yenə oxşar mövzuda söhbət edirdik. Söz 1941-1945
müharibəsində əsir düşmüş, nasistlərin
yaratdığı milli legionlarda olmuş, sovetlərə
qarşı döyüşmüş
soydaşlarımızdan gedirdi və Bəxtiyar müəllim
legionçuların başçısı olmuş mayor
Əbdürrəhman Fətəlibəylinin - Əbo Düdənginskinin
üzərinə gələndə Bəxtiyar müəllim
onu da əsl böyük vətənpərvər, qəhrəman
adlandırdı. Bəxtiyar müəllimin elə həmin
müharibədə həlak olmuş qardaşının
adını verdiyi oğlu İsfəndiyarla biz Bakı
Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsində birgə oxumuşduq, ona görə bu
ailənin tarixçəsinə yaxşı bələd idim.
Qayıtdım ki, Bəxtiyar müəllim, sizin sevdiyiniz, xatirəsini
əziz tutub poema da həsr etdiyiniz qardaşınız İsfəndiyar
bir ayrı baxımdan, Düdənginski və onun
silahdaşları başqa bir nöqte-yi nəzərdən qəhrəman
sayıla bilər. Ancaq onlar da, bunlar da
özümüzünkü idilər, əks cəbhədə
qərar tutmuşdular və bir-birlərinə atəş
açırdılar. O tərəf də, bu tərəf də
haqlı olduğuna inanırdı. İndi onlardan
hansının haqlı, hansının haqsız,
hansının əsl vətənpərvər, hansının
vətənə zidd olduğunu söyləmək insafla, həqiqətlə
nə dərəcədə uyğun gəlir?
Bəxtiyar müəllim dalğınlaşdı,
kövrəldi, "Neyləmək, bu, bizim zavallı millətin
bəxtidir", - dedi.
Söylədim ki, tam haqlısınız, Bəxtiyar
müəllim, bu, məhz taledir. Nə o, nə bu tərəfə
qiymət verərək qəhrəman, ya xain sayaq,
bütün bunlar tarixin, zaman gərdişinin millətə nəsib
etdiyi aqibətdir.
Və mən həmişə olduğu kimi, bu gün
də əminəm ki, bu qəbil incə məsələlərdə
münsif olmaq haqqı yalnız tarixin ixtiyarındadır.
Məmmədhüseyn Əsədovsa bu xatirələri
ilə o uzaq tarixin şahidləri arasındakı ən
mötəbərlərindəndir. Çünki həm
qiyamçılar və üsyan haqda məxfi məlumatlara
malikmiş, həm də açıq meydanda
üsyançıların ardınca idi.
Belə xatırlayırdı: "Belə agentura məlumatları
əldə edildi ki, xarici bandaların sırasında
İranla həmsərhəd zolaqda ingilis kəşfiyyatçıları
fəaliyyətdədir və eyni zamanda, üsyanla
bağlı keçmiş müsavat zabitləri, o cümlədən
Salyandan olan Sultan bəy Hüseynzadə haqqında məlumatlar
əldə edildi. Alınan məlumatlardan görünən mənzərə
bu idi ki, Hüseynzadə və ingilislər xarici bandaların
Cəbrayıl sərhəd zastavası səmtindən Azərbaycan
ərazisinə hücumunu planlaşdırırlar. Həmin
bandalarınsa qarşısında qoyulmuş
tapşırıq bundan ibarət idi ki, Qarabağdakı
qolçomaqların silahlı köçəri dəstələri
ilə birləşsinlər. Həmin dəstələr isə
o vaxt Kəlbəcər rayonunun yaylaqlarında idilər. Bu
plandan da məqsəd daha bir əksinqilabi üsyan qaldırmaq
idi. Xanalının 60 atlıdan ibarət dəstəsi
dövlət sərhədini keçərək
"İstisu" kurortu rayonunda köçərilərin dəstəsi
ilə birləşdi. Buradakı banditlərin ümumi
sayı təxminən 300 nəfər idi. Həmin bandaya
qarşı Qarabağ komissarları, komsomolçular, bitərəf
fəallardan ibarət dəstə qaldırıldı.
Ümumi rəhbərliyi Kürdüstan Qəza İcraiyyə
Komitəsinin sədri Hüsü Hacıyev yoldaş həyata
keçirirdi. Bizim dəstənin döyüş təcrübəsi
yox idi, təlim keçməmişdik. Agentura məlumatları
alınmışdı ki, bizə qarşı vuruşan banda
dəstəmizi dar bir dərə tərəfə çəkmək,
mühasirəyə alaraq məhv etmək niyyətindədir.
Düşmənin planını müəyyənləşdirmək
bizə müyəssər oldu. Döyüş
başlandı. Biz bir neçə əsgərimizi itirdik.
Döyüşçülərimizdən birini -
Gülatlı kəndindən olan Sultan adlı cavanı bizə
qarşı döyüşən banda ələ keçirdi
və ona ağır işgəncələr verdi".
Məmmədhüseyn Əsədov 1930-cu ildə 31
yaşlı cavan insandı, çekist idi və məhz
sırasında olduqlarının gördüyü işin ədalətliliyinə
tərəddüdsüz inanaraq, bunu şərəf məsələsi
sayaraq xidmətini yerinə yetirirdi. Digər tərəfdən,
xarici qüvvələrin də bu gedişata müdaxiləsi
haqda danılmaz məlumatlara yiyələndiyindən bu işə
elə vətəni qorumaq kimi baxırdı. Şəki
üsyanı onun da ömründən keçmişdi, onu da
işlədiyi idarə digər özü kimi cavan həmkarlarını
etitrazçılarla mübarizəyə səfərbər
etmişdi və o da, yoldaşları da məhz
xalqının, dövlətinin keşiyində durduğuna əminliklə
hər an sinəsini güllə qabağına verməyə
hazır olmuşdular.
Qaçaqlara, üsyançılara o dövrdə
hökumətin necə əzazil münasibət bəslədiyi,
onları nə təhər amansızlıqla cəzalandırdığı
haqqında da, qarşı tərəfin onlarla mübarizə
aparmaq tapşırığı almış kommunistlərlə
nə sayaq qəddarcasına rəftar etdiyi barədə də
sıra-sıra hekayətlər keşməkeşli tariximizin
qəmli və faciəli səhnələridir.
Qardaşın qardaş qanı tökdüyü belə
kədərli olmuşlardan həmişə hissə
qapılmadan, daha soyuqqanlı, ədalət ölçülərini
bir ləhzə də yaddan çıxarmadan yazmalı,
danışmalıyıq. Son olaraq kimin haqlı olduğunu,
kimlərin ömürlərini bihudə aldanışlara sərf
etdiyini tarixin tərəzisi yerbəyer edir. O aldanışlar
da o insanlarımızın ayrı bir talesizliyidir. Lakin nəyin
aldanış, nəyin haqq işi olduğunu da bütün
aydınlığı ilə yalnız vaxt o vaxt əyan edib
ki, olanlar çoxdan olub keçmiş, həmin adamlar
hamısı köçünü sürüb getmiş.
Tarixin ələyi isə hələ də işindədir,
hələ safların sonacan bir yanlıq, tozların
axıracan o biri yanlıq olması davam edir. Bizim borcumuz
tariximizin bircə parçasının da unudulmasına,
itib-batmasına imkan verməməkdir. Münsifliyi isə həmişə
bizdən daha müdrik olan daha sonrakı çağların
ixtiyarına buraxaq!..
14 may 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025- 21 may(№87).- S.10-11.