Azərbaycan-Macarıstan:
Dar günün dostları, etibarlı və güvənli tərəfdaşlar
Azərbaycanla Macarıstan arasında münasibətlər
yüksək səviyyədədir. İki dövlət
strateji tərəfdaş olmaqla yanaşı, həm də
etibarlı, güvənli münasibətlərə malikdirlər,
hər zaman ədalətli, müstəqil mövqe
nümayiş etdirirlər ki, bunu da az sayda dövlətlər
bacarır. Macarıstan Avroatlantik dəyərləri
bölüşməsinə, Avropa İttifaqı və
NATO-nun üzvü olmasına baxmayaraq, öz müstəqil,
praqmatik siyasəti ilə bəzi məsələlərdə
Qərbin vahid yanaşmasına qarşı
çıxış edir, bununla da Aİ strukturlarının
məsuliyyətsiz addımlarına şərik olmaq istəmir.
Azərbaycan da balans siyasəti həyata keçirir,
prinsipal və qətiyyətli mövqeyi nümayiş etdirərək,
ilk növbədə öz milli, dövlət
maraqlarını əsas götürür, Qərbin diktələrinə
qarşı çıxış edir. Buna görə də bəzi
Qərb dairələri tərəfindən ardıcıl
olaraq haqsız, ədalətsiz münasibətə məruz
qalır. Bu baxımdan Bakı və Budapeştin mövqeləri,
maraqları üst-üstə düşür.
Prezident İlham Əliyevin 2025-ci il mayın 20-də
Macarıstana səfəri heç şübhəsiz ki, iki
ölkə arasında dostluq, əməkdaşlıq və
strateji tərəfdaşlıq ruhunda inkişaf edən əlaqələrin
daha da möhkəmlənməsinə təkan verəcək.
Azərbaycan lideri Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata
bəyanatında yuxarıda qeyd etdiyimiz məqama toxunaraq deyib:
"Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən
biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində
müstəqil siyasət aparmaq kifayət qədər çətindir.
Çünki bir çox qaydalar var, bir çox
oturuşmuş prinsiplər var və Avropa
İttifaqının vahid xarici siyasəti təbii olaraq
prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə
Macarıstanın dövlət və milli maraqlarını hər
şeydən üstün tutub. Biz bunu
alqışlayırıq. Avropa İttifaqının
içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm
ki, doğrudan da böyük qəhrəmanlıq tələb
edir, siyasi iradə tələb edir və
düşünülmüş siyasət tələb edir.
Bütün bunlar da Macarıstanda var. Biz Macarıstanı
çox sevirik, o cümlədən bu amillərə görə".
Macarıstanın Baş naziri Viktor Orbanın fikirləri
isə iki dövlət arasında olan etimadı bir daha
sübut edir: "Biz bu gün Macarıstanın köhnə
dostunu görürük. Dost dar gündə tanınar və
artıq 20 ildən çoxdur ki, Macarıstanın
qarşılaşdığı istənilən sahədə
- diplomatiyada, neft-qaz sənayesində və digər istiqamətdə
üzləşdiyi istənilən çətinlik zamanı hər
zaman Prezident Əliyev bizim yanımızda olub".
Azərbaycan və Macarıstan 1992-ci ildə diplomatik əlaqələr
qurub. İki ölkənin ən müxtəlif sahələrdə
əməkdaşlığı ötən illər ərzində
inkişaf edərək genişlənib. 2014-cü ildə tərəflər
arasında Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə
imzalanıb.
2023-cü il yanvarın 29-30-da Prezident İlham
Əliyevin Macarıstana rəsmi səfəri ölkələrimiz
arasında yüksək səviyyədə olan əlaqələrin
daha da inkişafına və qarşılıqlı maraq
doğuran sahələrdə əməkdaşlığın
gücləndirilməsinə mühüm töhfə verdi. Səfər
zamanı bir sıra sənədlər imzalandı ki, onlardan ən
mühümü Genişləndirilmiş Strateji Tərəfdaşlığa
dair Birgə Bəyannamə idi. Sənəd təkcə ikitərəfli
münasibətləri deyil, həm də regional və beynəlxalq
əməkdaşlıq imkanlarının genişləndirilməsini
ehtiva edir. Bəyannamədə, eyni zamanda, Türk Dövlətləri
Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın
bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunaraq, TDT-nin
Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti
xüsusi vurğulanıb. Sənəd enerji təhlükəsizliyi
və enerjinin şaxələndirilməsi sahəsində
ortaq maraqları vurğulayaraq "Cənub Qaz Dəhlizi"
(CQD) layihəsinin əhəmiyyətini ön plana çəkir.
Azərbaycan Prezidenti İlham Əliyevin
Macarıstanın Baş naziri Viktor Orban ilə səmimi
dostluq münasibətləri, iki ölkə arasında
müntəzəm surətdə həyata keçirilən
yüksək səviyyəli qarşılıqlı səfərlər
əməkdaşlıq üçün yeni imkanlar
açır. Bu baxımdan Baş nazir Viktor Orbanın Türk
Dövlətləri Təşkilatı (TDT) dövlət
başçılarının qeyri-rəsmi Zirvə
görüşündə iştirak üçün ötən
il Şuşaya səfəri mühüm əhəmiyyət
daşıyır. Həm də ona görə ki, həmin
dövrdə Macarıstanın Avropa İttifaqı
Şurasına sədrlik edirdi, eyni zamanda bu, Aİ-yə
üzv ölkələrin dövlət və hökumət
başçıları səviyyəsində Şuşaya
ilk səfər idi.
Ölkələrimizin əsas əməkdaşlıq
sahələrindən biri energetikadır. Macarıstan Azərbaycan
ilə enerji sahəsində əməkdaşlığa
böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin
təminatında ölkəmizin oynadığı
mühüm rolu daim təqdir edir. Bu mənada Buxarestdə
imzalanan Azərbaycan, Macarıstan, Rumıniya və
Gürcüstan Hökumətləri arasında yaşıl
enerji sahəsində strateji tərəfdaşlığa dair
müvafiq Saziş vacib əhəmiyyət daşıyır.
Həmin Sazişdən irəli gələrək qeyd olunan
ölkələr arasında "yaşıl enerji"nin
ötürülməsi məqsədilə Gürcüstan və
Qara dənizdən keçəcək sualtı elektrik enerjisi
kabelinin çəkilməsi ilə bağlı layihənin
icrası istiqamətində səylər uğurla davam
etdirilir.
Prezident İlham Əliyev bu əməkdaşlıqdan
danışarkən deyib: "Biz energetika sahəsində
uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri
Azərbaycanın əsas iki neft və qaz layihəsində pay
sahibidir - "Azəri-Çıraq-Günəşli" və
"Şahdəniz" yataqlarında. Gələn ilin əvvəlində
növbəti kontrakt imzalanacaq. Azərbaycanın qurudakı
neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə
başlayacaq. Biz keçən ildən etibarən
Macarıstana təbii qazın ixracına
başlamışıq. Macarıstanın tələbatı
səviyyəsində qaz təminatı təşkil edə
bilərik. Bizim qaz resurs bazamız kifayət qədər
genişdir və genişlənir, yeni qaz yataqları istismara
veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz
ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa
İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı
Pan-Avropa qaz təchizatçısı ölkə və
etibarlı tərəfdaş kimi tanıyır. Əgər
biz qaz ixracının coğrafiyasına baxsaq, görərik
ki, burada nəinki Avropa məkanında, dünya miqyasında
boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə
görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir.
Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal
işləyirik. Azərbaycanın çox böyükmiqyaslı
yaşıl enerji gündəliyi vardır. Biz növbəti
beş il ərzində 6 min meqavat gücündə
yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində
yaradıldı, 6 min meqavat beş il ərzində təmin
ediləcək. Mən bütün bu rəqəmləri
kontraktlar əsasında deyirəm, yəni bu, reallaşacaq
layihələrdir. Beləliklə, təkcə bu layihələr
bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək
üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii
ki, Türkiyə və Avropa ölkələri
olacaqdır".
Azərbaycan və Macarıstan geniş iqtisadi
potensiala malik ölkələrdir. Hər iki ölkə,
enerjidən əlavə kənd təsərrüfatı, nəqliyyat
və xidmət sahələrində qarşılıqlı
faydalı əməkdaşlıq edir. 2024-cü ilin sonuna olan
göstəricilərə əsasən ölkələrimiz
arasındakı ticarət dövriyyəsində 29 faiz
artım müşahidə edilib ki, bu da əlaqələrin
möhkəmlənməsinin və inkişafının əhəmiyyətli
göstəricisidir. Bundan başqa, ötən il
Macarıstandan Azərbaycan iqtisadiyyatına birbaşa xarici
investisiyalar 1,018 milyard ABŞ dolları təşkil edib.
Türk Dövlətləri Təşkilatı və
digər beynəlxalq qurumlar çərçivəsində də
əməkdaşlıq uğurla davam edir. 2018-ci ildən
TDT-da müşahidəçi olan Macarıstan artıq tarixdə
ilk dəfədir ki, təşkilatın Zirvəsinə ev
sahibliyi edir.
Politoloq Zaur Məmmədov mövzu ilə bağlı
bildirib ki, Azərbaycan-Macarıstan münasibətləri bu
gün Avropa ölkələri arasında digər dövlətlərlə
müqayisədə bir çoxlarından daha üst səviyyədədir.
Bu səviyyəyə çatmaq beş ilin və ya on ilin
hadisəsi deyil. Onun sözlərinə görə, təxminən
20 il əvvəldən başlayaraq Macarıstanla xüsusi
münasibətlər quruldu və son on ildə bunun həm
siyasi, həm digər baxımdan böyük nəticələrini
görməyə başladıq: "Macarıstanın
Türk Dövlətləri Təşkilatına
qoşulmasında ən böyük pay Azərbaycana aiddir.
Çünki TDT-na inteqrasiya və bu təşkilatın
üzvü olmaq heç də bir günün və yaxud
beş günün nəticəsi deyildir. Bununla bağlı
müəyyən danışıqlar baş verdi və
gördük ki, Şərqi Avropada bir dövlət, hansı
ki, orda dini baxımdan xristianlıqdır, Avropa
İttifaqının, NATO-nun üzvüdür,
bütövlükdə Avropa ailəsi hesab edilir, baxmayaraq ki,
Şərqi Avropanın bir sıra ölkələri
Avropanın bəzi siyasi institutlarına hələ ki, daxil
deyillər, amma Macarıstan Türk Dövlətləri Təşkilatına
daxil oldu və burada ən üst səviyyədə - Prezident
və yaxud Baş nazir səviyyəsində bütün
görüşlərdə iştirak etdi. Biz 44 günlük
müharibədən sonra gördük ki, Fransanın
başçılığı ilə Avropada Azərbaycana
qarşı böyük və çox sərt bir koalisiya
formalaşanda, Avropa Şurası Parlament Assambleyasında
ölkəmiz hədəf alınıb və nümayəndə
heyətimizi PA-da kənarlaşdıranda,
qonşularımızdan da daha çox, birinci olaraq məhz
Macarıstan heyəti çıxış etdi və sərt
şəkildə AŞPA-da digər ölkələrdən
olan həmkarlarını tənqid edərək Azərbaycanla
dialoqu davam etdirməyə çağırdı. Bəlli idi
ki, 44 günlük müharibənin nəticələri, Qarabağdakı
ermənilər və digər məsələlərdən
erməni məsələsinin yaddaşlarda və tarixdə
qalması üçün ölkəmizə qarşı təzyiq
kimi istifadə edəcəklər. Bu zaman Avropada hansı
ölkələr bizə dəstək verə bilərdilər.
Məsələn, 2021-ci ildə, 2022-ci ildə yaşıl
enerji, ənənəvi enerji sahəsində
Gürcüstandan keçməklə müxtəlif layihələr
ortaya qoyuldu, müxtəlif memorandumlar imzalandı. İqtisadi
münasibətlər sözsüz ki, bizim ikitərəfli və
çoxtərəfli münasibətlərimizə təsir
etdi".
Politoloq deyib ki, Azərbaycan coğrafi baxımdan
kiçik dövlət olsa da, Avropanın Şərqi ilə
Mərkəzi Asiya dövlətlərini birləşdirməyi
bacarıbsa, bu, heç də asan məsələ deyil.
Doğrudan da bu o deməkdir ki, Azərbaycan böyük
işlərlə məşğuldur. Dövlətimiz sərbəst
şəkildə öz maliyyə imkanları ilə həm nəqliyyat-kommunikasiya,
həm də ənənəvi enerji layihələrini
reallaşdıra bildi. Qarabağ və Şərqi Zəngəzurun
işğaldan azad edilməsindən sonra isə bu imkanlar daha
da genişləndi.
Pərvanə
525-ci qəzet .- 2025.- 22 may(№88).- S.5.