Tacsız
kraliça
İstanbul ilin hər fəslində gözəldir.
Ecazkar Bosfor boğazı boyunca o tay-bu tay sahilə sərələnmiş
şəhər uzaq yol gəlib yorulmuşdu elə bil. Onun
darısqal, dolanbac küçə və xiyabanlarında bir
dünya tarix yaşayır.
Şəhərin yorğunluğunu yumaq istəyirmiş
kimi qəflətən başlayan yaz yağışından
İstanbul mənzərəsi bir andaca dəyişir: iri, dolu
damlalar kirəmit taxtapuşları döyəcləyir. Şəhər
yaz yağışında çimib durulur. İstanbula
yağış da yaraşır.
On beş yaşlı Türkan rəfiqəsilə Bəyoğlu
səmtini gəzib dolaşanda özü də bilmirdi ki, bu,
adi gəzinti deyil.
- Gəl Yaşılçam küçəsinə
gedək, - rəfiqəsi Türkanın qolundan dartdı.
- Yoxsa, məni kino ulduzu eləmək istəyirsən?
- Türkan zarafata saldı. - Kimdi məni bəyənən?
Qızlar deyə-gülə Yaşılçam
küçəsinə buruldular. Bu küçəyə ayaq
basanda həyəcandan az qaldı Türkanın ürəyi
yerindən qopsun. Küçə ona dar gəlir, onu
sıxırdı və qızın inamsız yerişi
böyür-başdakıların diqqətini çəkirdi.
Diqqət çəkən bir də onun məsum
baxışı, qaynar qara gözləri, bənzərsiz
gözəlliyi idi.
- Oo! Yaşılçama nə gözəl
xanımlar təşrif buyurub. Xoş gəlmisiniz! - cavan bir
kişi onları salamladı.
Rejissor Türkər İnanoğlu idi. Türkanın
gözəlliyi rejissoru məftun eləmişdi. "Bu
qızda sənətə həvəs varsa, Türkiyənin
bir nömrəli kinoulduzu ola bilər", - Türkər
İnanoğlu fikrindən ötürdü.
Evə qayıdanda Türkan anasının boynuna
sarıldı, dedi ki, tezliklə kinoda çəkiləcək,
məşhurlaşacaq, onu hər yerdə barmaqla göstərəcəklər.
Ailə kasıblığın daşını atacaq,
qayğılardan qurtulacaq.
Anası və kiçik bacısı Nazan onun sözlərini
ciddiyə almasalar da, Türkanın inamlı
danışığı onların qəlbində haradasa bir
ümid çırağı yandırdı. Anası
Türkanın sənətə olan həvəsinə
qarşı çıxmaq istəmədi - "Yolun
açıq olsun, qızım!" - dedi.
lll
"Tacsız kraliça". Türkiyədə belə
bir rəsmi titul yoxdur. Xalqın verdiyi bu adı daşımaq
ölkənin kino tarixində yalnız bir nəfərə nəsib
olub - istedadlı kinoaktrisa Türkan Şoraya. Türk kinosu
yarandığı vaxtdan ölkə mədəniyyətinə
çox sənətkarlar, parlaq ekran ulduzları bəxş
edib, amma onların heç biri Türkan qədər
böyük şöhrət qazana bilməyib. Sənət kəhkəşanında
Türkan Şoray öz işığı, şəfəqiylə
başqalarından seçilən Dan ulduzunu
xatırladırdı. Onun keçdiyi həyat yoluna, çəkildiyi
filmlərə, oynadığı rollara nəzər yetirəndə
görürük ki, yalnız xalqını ürəkdən
sevən, sənətə qəlbən bağlı olan bir sənətkar
bu sayaq böyük hörmət qazana bilər. Belə
olmasaydı, aktrisanın Sultanı, Minəsi, Səlması, Fəridəsi,
Dəryası, Həzəli və neçə-neçə qəhrəmanları
tamaşaçı qəlbinə necə yol tapa bilərdi?
Türkiyədə böyükdən kiçiyə hamı
türkanlı filmlərin sorağındaydı. Onun çəkildiyi
ekran əsərlərini sevərəkdən belə də
adlandırırlar - "Türkanlı filmlər".
Sənətə gəldiyi gündən yüzlərlə
filmdə çəkilmiş istedadlı aktrisanın türk
kinosunun inkişafında xidmətləri əvəzsizdir.
Türkan sənətə təkcə yeni ad deyil, həm də
yeni qəhrəmanlar, yeni personajlar gətirib. Onun
yaratdığı obrazlar müxtəlif taleli, müxtəlif
qismətli türk qadınlarının ekrandakı əksidir.
Haqlı deyirlər ki, Türkan Şoray ekranda gülürsə,
bütün türk qadınları gülür,
ağlayırsa, bütün türk qadınları
ağlayır.
Onu Türkiyədə böyükdən kiçiyə
hamı tanıyır, sevir. Ölkədə çıxan qəzet
və jurnallar Türkan xanımın sadə ailələrin
qonağı olması, öz puluna məktəb tikdirməsi,
uşaq evləri və xəstəxanalara baş çəkməsi
haqqında tez-tez yazı və şəkillər dərc edir.
Türkanlı filmlərlə rəqabət aparanlar bunun reklam
naminə edildiyini söyləyirlər. Mən isə belə
deməzdim. Türkan xanımla şəxsi
tanışlığım və
yaradıcılığına yaxından bələdliyim mənə
bunu deməyə haqq verir ki, ünlü sənətkarın
bu sayaq reklamlara ehtiyacı yoxdur. Aktrisanın uşaqlıq
çağları ağır və qayğılı
keçdiyindən, o, çətinliyin nə demək
olduğunu yaxşı bilir və gördüyü xeyriyyə
işləri də kimlərəsə əl tutmaq, yardım
etmək istəyindəndir.
Türkan Şoray 1945-ci ildə İstanbulda anadan olub.
Atası dəmiryolçu, anası evdar qadın idi. Atası
onlardan ayrılanda Türkanın on yaşı vardı,
bacısı Nazan isə körpə idi. Türkan hələ
orta məktəbdəykən işləyib anasına kömək
eləmək istəyirdi.
1960-cı ildə "Kənddə bir qız
sevdim" filmilə sənətə qədəm qoyan
Türkanın ilk rolu uğurlu alınmasa da, onu ruhdan
salmadı. Əslində, burada qəribə heç nə yox
idi, təcrübəsiz bir qızın birdən-birə
xarüqələr yaradacağını düşünmək
sadəlövhlük olardı. Önəmli olan bu idi ki,
rejissorlar onun gələcəyinə ümid bəsləyir,
aktrisa kimi yetişəcəyinə inanırdılar.
"Yaşılçam" öz
qapılarını Türkana açmışdı.
Tanınmış kinoaktyor Ayxan İşıqla birlikdə
oynadığı "Sevimli quldur" filmi Türkanın
intim səhnələrdə çəkildiyi ilk və son film
olur. Bir ildə ondan çox filmdə oynayır. Qısa
zamanda Türkanı artıq bütün Türkiyə
tanıyırdı, tamaşaçıların sevimlisi
olmuşdu, şəkilləri qəzet və jurnal səhifələrindən
düşmürdü. 60-cı illərin ortalarında isə
Türkan Şorayın adı Türkiyənin məşhur
kino ulduzlarından Hülya Qoçigid və Fatma Giriklə
bir cərgədə dururdu. Filmdən-filmə hiss olunurdu ki,
Yaşılçamda yeni bir ulduz parlamaqdadır. Qara, qaynar
gözlü qızın gözəlliyi çoxlarını
sehrləmişdi. Türkanın gözəlliyi varlı
iş adamı Rüçhan Adlını da
ovsunlamışdı.
Sənətə gəlişindən üç il
sonra Türkan özündən 22 yaş böyük olan
Rüçhan Adlıya könül verir və beləcə
onların qeyri-rəsmi birgə həyatı başlayır.
Qəribə təsadüfdür, yetmişinci illərdə
Azərbaycan Beynəlxalq Radiosunda işlədiyim vaxt fond
materialları arasında maraqlı bir lent yazısına rast gəldim,
60-cı illərin əvvəllərində Bakıda olmuş
Rüchan Adlının müsahibəsi idi. O lent
yazısını Türkan haqqında
hazırladığım verilişdə istifadə elədim
və bu, necə deyərlər, göydəndüşmə
bir fürsət idi.
İmkanlı iş adamı Rüchan Adlıyla
tanışlıq Türkanın həyatını
kökündən dəyişir, gənc qız kürəyində
ona dayaq ola biləcək bir qüvvə hiss eləyir.
Yaşılçam həyatında bu, vacib idi. Odur ki,
şorgöz rejissorlar, prodüserlər gözlərini bu
gözəl-göyçək qızdan çəkməli
olurlar.
Rüchan Adlının imkanları geniş
olduğundan türkanlı filmlərin çəkilişinə
maliyyə yardımı göstərirdi. 60-cı illərin
ortalarında Türkan Yaşılçam
qarşısında öz tələblərini irəli
sürdü, buna "Türkan Şorayın qanunları"
deyirdilər. Tələblər nədən ibarət idi?
Türkan Şoray açıq-saçıq səhnələri
qəbul eləmir, İstanbuldan kənarda çəkilmir,
bazar günü onun istirahət günüdür və sairə.
Aktrisanın Yaşılçam qarşısındakı tələbləri
bəzilərinin ürəyindən deyildi, buna ağız
büzürdülər. Hətta bir müddət onu çəkilişə
belə dəvət etmədilər. Bütün bunlar Türkanı
əsla qorxutmurdu, inanırdı ki, sənətdə öz
sözünü deyəcək və onu qarşıda yeni
uğurlar və şöhrət gözləyir. Belə də
oldu, prodüserlər gənc aktrisanın tələblərilə
razılaşmalı oldular və beləcə türkanlı
filmlərin yeni ekran həyatı başladı.
Çəkilişə dəvət Türkanın
başına yağış təki yağırdı. O,
müxtəlif rejissorların filmlərində rol alır, məşhur
aktyorlarla tərəf-müqabil olurdu. Türk qadınları
onun ekran obrazlarında özlərini, acılı-şirinli
talelərini görürdülər. Türkanlı filmlər
Türkiyənin şəhərlərini, kəndlərini
dolaşır, Türkiyəni türklərə
tanıdırdı.
Altmışıncı illərdə qadın
mövzusu kinoda geniş yer tuturdu. Ölkədəki mövcud
problemlər, köhnə adət-ənənələrə tənqidi
münasibət sənətin digər sahələrində
olduğu kimi, kinoda da öz aktuallığını
saxlayırdı və təbii ki, türk
qadınlarının həyatı, onların yaşam tərzi,
qayğıları aydın fikirli sənətkarların diqqətindən
yayına bilməzdi.
Türk kinosunda qadın mövzusu heç bir rejissorun
filmlərində Atif Yılmaz yaradıcılığında
olduğu qədər geniş
işıqlandırılmayıb. Atif bəyin bir çox
filmlərində baş rollarda məhz Türkan Şorayın
çəkilməsi təsadüfi deyildi, onlar bir-birlərini
asanca başa düşür, anlayırdılar.
O dövrdə bədii əsərləri
ekranlaşdırmaq təcrübəsi çox da
yayılmamışdı, belə filmlər böyük maliyyə
vəsaiti istəyirdi. Ölkənin kino sənayesi isə
ağır maliyyə yükünün altına girməyə
qadir deyildi. Türkiyədə kino dövlət tərəfindən
maliyyələşdirilmirdi, prodüserlər, rejissorlar
kütləvi səhnələr tələb edən əsərlərdən
qaçır, daha çox bəsit mövzulu məişət
filmlərinə üstünlük verirdilər və təbii
ki, türkanlı filmlər də bu təsirdən kənarda
qala bilməzdi.
Rejissor Osman Sədən 1966-cı ildə Rəşad
Nuri Güntəkinin "Çalı quşu"
romanını ilk dəfə ekranlaşdırmaq istəyəndə
çoxları bu filmin uğur qazanacağına ümidsiz
yanaşırdı. Rejissor isə özünə güvənirdi,
güvəndiyi bir də Fəridə roluna dəvət etdiyi
Türkan Şoray idi. Aktrisa onun ümidlərini doğrultdu, -
Türkan Şoray Fəridəni sevdi və sevdirə bildi. O,
özü bu haqda deyir: "Fəridə rolunu qəlbən mənimsəmiş
və o qədər ürəkdən oynamışdım ki,
filmin çəkilişi başa çatsa da, mən aylarla
bilmir, illərlə hələ də Fəridənin həyatını
yaşayırdım".
Türkan Şoray hansı rolda çəkilirsə-çəkilsin:
istər bər-bəzəkli kübar qadın, istərsə
də sadə Anadolu qızı rollarında, o, temperamentli,
gözəl oyunuyla tamaşaçıların qəlbini
ovsunlayır. Türkanın sənətə realist baxışı
Yılmaz Durunun "Vicdan borcu" filmində Qürbət,
Xalid Rəfiqin "Gəlin Sultan" filmində Sultan, Əli
Özgəntürkün "Xəzəl" filmində Xəzəl
və digər rollarda aydın duyulur.
1972-ci ilə qədər söhbət yalnız aktrisa
Türkan Şoraydan gedirdisə, həmin vaxtdan afişa və
titrlərdə "Rejissor Türkan Şoray"
yazısına da rast gəlmək olurdu. Türkanın
rejissorluğa meyl salması Yaşılçamda əsl
sensasiya oyatdı. Çoxları onun bu işin öhdəsindən
gələcəyinə inanmırdı və bu cür
şübhələr yersiz deyildi. Doğrusu, Türkanın
özü də tərəddüd içindəydi. Lakin o
vaxtlar həbsdə olan kinorejissor Yılmaz Güneydən
aldığı məktub onu ruhlandırdı. Yılmaz
Güney yazırdı: "Bacım, deyilənlərə
fikir verməyin, bu işin öhdəsindən gələcəyinizə
inanıram". Güneyin məktubu Türkanın
özünə olan inamını artırdı. Çəkdiyi
ilk film "Dönüş" adlanır. Filmdə baş
rolu Türkan özü oynayır. "Dönüş"
Beynəlxalq Moskva kinofestivalında müsabiqədənkənar
göstərilmişdi.
Səksən ikinci ildə Asiya, Afrika və Latın
Amerikası Ölkələrinin VII Beynəlxalq Daşkənd
kinofestivalına gətirilən türk filmlərinin bir
neçəsi Türkan Şorayın iştirakı ilə
çəkilmişdi. Kinorejissor Əli Özgəntürkün
"Xəzəl", Türkan Şorayın
"İlanı öldürsələr" filmləri
festivalda nümayiş etdirildi. Hər iki filmin mövzusu sadə,
kasıb insanların qayğılı həyatına, köhnəliyə,
qan düşmənçiliyi probleminə toxunur. "Xəzəl"
filmində də baş rolda Türkan Şoray çəkilib.
"Xəzəl" tamaşaçıları
düşündürən, sosial problemlərə toxunan,
müasirliyi keçmişin bəzi iyrənc adət-ənənələrinə,
humanizmi qəddarlığa və nadanlığa qarşı
qoyan bir ekran əsəridir. Bu, Əli Özgəntürkün
ilk tammetrajlı filmi olsa da, rejissor Anadolu kəndində
baş vermiş hadisələri dolğun, real təsvirlərlə
verməyi bacarıb. Sadə kəndli qadının qisməti,
taleyi gətirilir ekrana. "Xəzəl" filmindəki hadisələr,
sadəcə, sənətkar fantaziyasının, təxəyyülünün
bəhrəsi deyil. Təəssüf ki, belə hadisələrə,
şəriətin eybəcər qayda-qanunlarına həyatda hələ
də təsadüf olunur. Tarixdən miras qalmış qan
düşmənçiliyi cəmiyyətin hələ də
yaxa qurtara bilmədiyi ictimai bəladır. Qan düşmənçiliyi
nəsildən-nəslə keçərək davam edir və
bu düşmənçiliyin qurbanına çevrilənlər
həm də qadınlardır.
Türkan Şorayın yaradıcılığı
haqqında çox yazmışam. "Türkanlı filmlər",
"Türk kinosunun sultanı".
"Yaşılçamın ulduzları" və digər
yazılarım dövri mətbuatda dərc edilib. Hələ
80-ci illərin əvvəllərində onun
yaradıcılığı haqqında yazanda biz
görüşməmişdik. Maraqlıdır ki, mənim
Türkan Şorayla görüşüm nə Azərbaycanda,
nə də Türkiyədə oldu. Onunla Moskvada tanış
oldum, həmin gün aktrisa həyatının
qırxıncı ilini yola salırdı.
XIV Beynəlxalq Moskva Kinofestivalında Türkiyə
Türkan Şorayın çəkildiyi "Minə" filmi
ilə iştirak edirdi. Türk
kinematoqrafçılarının jurnalistlərlə
keçirdikləri mətbuat konfransında əcnəbi
müxbirlərdən biri Türkan Şoraydan hansı xarici
ölkələrdə çəkildiyini soruşanda o, fikirləşmədən
cavab verdi ki, Sovet İttifaqı Türkiyə sərhədlərindən
kənarda çəkildiyi ilk və yeganə ölkədir.
Bu, salondakılardan ötrü gözlənilməz cavab idi,
onlar aktrisanın neçə-neçə ölkə adı
sadalayacağını gözləyirdilər. Türkan xanım
Türkiyənin "Tuğrafilm" kinostudiyasının
"Mosfilm"lə birgə çəkdiyi "Məhəbbətim
mənim, kədərim mənim" filmində Mehmene Banu rolunu oynayıb.
Türkan Şoray "Minə" filmində
tanınmış teatr və kino aktyoru Cihan Ünalla
oynayır. Festival kinolentlərin nümayişinə "Minə"
filmi ilə başladı. Atif Yılmazın çəkdiyi
bu filmdə Türkan Şoray Minə obrazını
ustalıqla yaradır. Film həyati problemlərə toxunur, o
problemlərə ki, əyalət qadınlarını
hüquqsuzluq məngənəsində sıxır. Kiçik
bir qəsəbədəki dəmiryol stansiyası müdirinin
arvadı olan Minə bu həyat məngənəsindən
çıxmağa, qurtulmağa can atır. O, əyyaş ərinin
kobudluğundan savayı, həyatda heç nə görməyib.
Minə gözəldir, ancaq gözəlliyi də
başına bir bəladır. O, qəsəbədə
yaşayan kişilərin, ərinin içki dostlarının
iyrənc nəzərlərindən gizlənməyə
çalışır. Pəncərə qarşısında
dayanıb gəlib-gedən qatarları seyr edir. Minəyə
elə gəlir ki, qatarların gəldiyi şəhərdə
həyat nəsə bambaşqadır. Bir dəfə bu qatarla
qəsəbədə müəllim işləyən Pərixanın
qardaşı İlhan gəlir. İlhan
yazıçıdır. Onun gəlişi Minənin həyatında
bir dönüş yaradır.
Film festivalda uğur qazanmasa da, Türkanın oyunu təqdirəlayiq
idi.
Səksəninci illərin axırlarında Əlcəzairdə
keçirilən Aralıq Dənizi Ölkələri Beynəlxalq
Kinofestivalında Türkiyə Atif Yılmazın "Xəyallarım,
eşqim və sən" filmilə iştirak edirdi. Ümid
Ünalın ssenarisi əsasında çəkilmiş bu
filmdə baş rolları Türkan Şoray, Oğuz Tunc
oynayır. Festivalın "Qadın rolunun ən yaxşı
ifaçısı" mükafatı Türkan Şoraya
verildi. Türkan xanım türk kino tarixində ilk beynəlxalq
mükafat alan aktrisadır.
1988-ci ilin noyabrında Türkiyənin müqəddəs
şəhəri sayılan Konyada idim. Qəzetləri vərəqləyərkən
həmin gün "Xəyallarım, eşqim və sən"
filminin televiziyada göstəriləcəyi xəbərini
oxudum.
Otelin foyesində oturub filmin başlamasını səbirsizliklə
gözləyirdim. Televizor qarşısında məndən
savayı, 5-6 nəfər türk də yumşaq kreslolara
yayxanıb oturmuşdular. Film türk kinosu üçün
xarakterik mövzuda - eşq-məhəbbət mövzusunda
çəkilib.
Beş-on dəqiqə sonra mən televizor
qarşısında filmi təkcə seyr edirdim, bayaqdan mənimlə
yanaşı oturmuş, bahalı otelin şıq geyimli
müştəriləri otaqlarına
dağılışmış, ya da ki, vaxtlarını
keçirmək üçün başqa əyləncə
axtarmağa getmişdilər. Türklər öz tarixini, mədəniyyətini,
incəsənətini sevən və başqalarına da sevdirməyə
can atan, həssas qəlbli insanlardır. Bəs bir
çoxlarında, xüsusən də yüksək təbəqədən
olanlarda türk filmlərinə soyuqluq haradandır?
Türkan Şorayın
yaradıcılığında melodrama meyl
böyükdür. Maraqlıdır, görəsən, bu
istedadlı sənətkar - türk kinosunun Tacsız
kraliçası ekranda yaratdığı hansısa bir obrazla
həyatdakı Türkan Şorayın taleyi arasında
oxşarlıq görürmü? Heç şübhəsiz,
hansı melodramdasa aktrisa özünü - həyatdakı
Türkanı oynamış, öz taleyini ekranda
yaşamışdır.
1983-cü ilin aprelində türk qəzetləri
Türkan Şorayın kino sənətinə
atıldığı vaxtdan qeyri-rəsmi
yaşadığı Rüçhan Adlıdan
ayrıldığı xəbərini yaydı. Sensasiya oyadan
bu xəbəri çoxları soyuqqanlı
qarşıladı. Digər sənət ulduzları kimi, Yaşılçamın
Tacsız kraliçasının da taleyində baş verənlər
sanki bir qanunauyğunluq idi, yəni belə də
olmalıydı.
Çox keçmədi ki, türk mətbuatında
yeni bir xəbər diqqəti cəlb elədi: "Türkan
Şoray tanınmış teatr aktyoru Cihan Ünalla ailə
qurub". Manşetlərə çıxarılan bu nəqli
cümlə nədənsə sual işarəsiylə
tamamlanırdı. Sabahkı həyatının, gələcək
taleyinin necə olacağı bəlkə Türkanın
özü üçün də bir sual idi.
Türkan xanım Moskva kinofestivalına həyat
yoldaşı Cihan Ünalla gəlmişdi. Tez-tez
görüşür, bir yerdə olurduq. Hiss edirdim ki, hər
ikisinin fikri evdə qoyub gəldikləri körpə
qızları Yağmurun yanındadır. Türkan xanım
Moskvadan qızına alacağı oyuncaqlardan həvəslə
söhbət salırdı. Təzə evlənmiş, gənc
olmayan ər-arvad bir-birinə "can" deyib, "can"
eşidirdi. "Sevgilim", "aşkım" kəlmələri
dillərindən düşmürdü. Nədənsə, hərdən
mənə elə gəlirdi ki, bu iki aktyor roldadır, həyat
adlı filmdə öz rollarını oynayırlar və
onların melodramı da bütün kinolentlərdə
olduğu kimi bu sözlərlə bitəcək - "Filmin
sonu".
Türkan xanımdan müsahibə alanda jurnalist
marağımı boğa bilmədim, soruşdum: Kino
ulduzları öz pərəstişkarlarının
gözündə dünyanın ən xoşbəxt
insanlarıdır. Türkan Şorayın bu fikrə
münasibəti necədir?
Bayaqdan deyə-gülə söhbət edən, məni
maraqlandıran sorğulara həvəslə cavab verən
dilli-dilavər xanım sualımı eşitməyibmiş
kimi susdu. Gözlərinin dərinliyində güclə sezilən
bir qüssə vardı...
Görüşümüzdən üç il sonra
türk mətbuatında Türkan Şorayın həyat
yoldaşı Cihan Ünaldan ayrıldığı xəbərini
oxudum. Bu, bir vaxt sükutla qarşılanan sualımın
gecikmiş cavabı idi, yoxsa?..
P.S. 2015-ci ildə Türkan Şoray qızı
Yağmurla Bakıya gəldi. Otuz il əvvəl Moskvada
Türkan xanımın "Kamil bəy, lütfən məni
"Detskiy mir" mağazasına
götürürmüsünüz, minicik Yağmuruma Rusiyadan
oyuncaklar almak istiyorum" sözlərini xatırladım.
Yağmur indi böyük qız olub, anasının yolunu davam
etdirir, filmlərdə çəkilir. O vaxt Bakıda
olmadığımdan görüşə bilmədiyimizə
çox təəssüfləndim...
2025
Kamil ƏFSƏROĞLU
525-ci qəzet .- 2025.- 22 may(№88).- S.14;15.