Naxçıvanda arxeologiya: inkişaf yolu və nailiyyətlər

 

 

Bəşər tarixinin ən qədim, xüsusən yazıya qədərki tarixinin öyrənilməsində arxeologiya elmi mühüm yer tutur. Qədim maddi mədəniyyət nümunələri əsasında insanların meydana gəlməsi və inkişaf etməsini öyrənən arxeologiya Azərbaycan milli tarix elminin çox mühüm sahəsidir. Naxçıvanda arxeoloji tədqiqatlar XIX əsrin sonlarından etibarən aparılsa da, onun bir elm kimi formalaşması prosesi XX əsrin 20 illərində başlanmışdı. Bu dövrdə 1925-ci ildən 1928-ci ilədək fəaliyyət göstərən Azərbaycan "Tədqiq və Tətəbbö" cəmiyyətinin Naxçıvan şöbəsi, bütün sahələr kimi, abidələrimizin öyrənilməsinə göstərdiyi diqqət nəticəsində arxeologiya da elm kimi formalaşmaq yoluna qədəm qoydu. Azərbaycan "Tədqiq və Tətəbbö" cəmiyyətinin Naxçıvan şöbəsində bu sahə ilə məşğul olmaq üçün "Arxeoloji bölmə" də yaradıldı. Azərbaycan "Tədqiq və Tətəbbö" cəmiyyətinin Naxçıvan şöbəsi 1925-ci ilin sentyabr ayından 1926-cı ilin iyun ayına qədər Xaraba Gilanda aparılan arxeoloji qazıntını maliyyələşdirmək üçün 300 min manat pul ayırmışdı. 1926-cı ildə Qızılburunda aparılan arxeoloji tədqiqatlara yaxından köməklik göstərmişdi. Şöbənin elmi katibi Mirbağır Mirhüseyn oğlu Mirheydərzadə Qızılburun qazıntısında yaxından iştirak edib. 1934-1936-cı illərdə Oğlanqala, Şahtaxtı, Şortəpə abidələrində, XX əsrin 50-60-cı illərində I Kültəpə, II Kültəpə, Sədərək və digər abidələrdə arxeoloji tədqiqatlar aparılıb.

1969-cu ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə əlaqədar olaraq arxeoloji, tarixi və memarlıq abidələrimizin elmi tədqiqi üçün əlverişli şərait yaradılmış, arxeologiya elmi daha da inkişaf etmişdi. Ulu öndər Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda bu elmin inkişafı üçün misilsiz işlər görüb. İlk növbədə 1970-ci ildən başlayaraq azərbaycanlı arxeoloq gənclərin Moskva və Leninqrad şəhərlərində (indiki Sankt-Peterburq) yüksək səviyyədə mütəxəssis kimi yetişmələri üçün həmin ölkələrdəki aspiranturalara qəbul olunmaları və təcrübə keçmələri prosesi həyata keçirilmişdi. 1972-ci ildə Ulu öndərin şəxsi təşəbbüsü ilə Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyəti Naxçıvan Regional Elm Mərkəzinin yaradılması haqqında qərar qəbul edib. O zaman Ümummilli liderimiz: "Bölgənin təbii xammal ehtiyatlarının kompleks şəkildə öyrənilməsi və səmərəli istifadə olunmasının elmi əsaslarının işlənib hazırlanması, muxtar respublikanın sosial-iqtisadi inkişafını, tarixini, arxeoloji, epiqrafik, etnoqrafik və folklor abidələrini öyrənməyi" Naxçıvan Regional Elm Mərkəzinin əsas fəaliyyət istiqamətləri olduğunu müəyyənləşdirmişdi. Bu mərkəzdə fəaliyyət göstərən "Arxeologiya və Etnoqrafiya şöbəsi"nin əməkdaşları tərəfindən Naxçıvanda etnoqrafiya, epiqrafika ilə yanaşı, arxeologiya sahəsində də uğurlu elmi tədqiqatlar aparılıb.

1974-cü ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu nəzdində Arxeologiya və Etnoqrafiya Sektorunun təşkil olunması ölkəmizin digər bölgələri kimi Naxçıvan Muxtar Respublikasında da arxeologiyanın inkişafına böyük təsir göstərib. 1975-ci ildən başlayaraq Şamaxı, Qəbələ, Şəki, Quba, Gəncə və digər bölgələrdə olduğu kimi, Naxçıvanda da, arxeoloji bazalar təşkil olunub. 1981-ci ilin sentyabr ayında Ulu öndər Heydər  Əliyevin  şəxsi təşəbbüsü ilə Azərbaycan KP MK və Nazirlər Soveti "Azərbaycan SSR-də memarlıq və arxeoloji abidələrin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında" qərarı qəbul edib. Bu qərar Azərbaycan Respublikasının bütün bölgələrində olduğu kimi Naxçıvanda da, arxeologiyanın inkişafında mühüm əhəmiyyəti daşıyıb. Qərardan sonara hər il ardıcıl olaraq respublikamızın bütün bölgələri kimi, Naxçıvan Muxtar Respublikasına da, arxeoloji ekspedisiyalar təşkil olunub, abidələrimiz öyrənilib. Naxçıvan arxeologiyası inkişaf edib, arxeoloji tədqiqatların əhatə dairəsi və əhəmiyyəti daha da artıb. Bu dövrdə Qazma, Xaraba-Gilan, Sumbatan, Haqqıxlıq, Şahtaxtı, Ovçulartəpəsi, Xələc, Ərəbyengicə, Qızılburun, Damlama, Sarıdərə, I Maxta və digər abidələrdə sistemli geniş arxeoloji tədqiqatlar aparılıb.

Ümummilli lider Heydər Əliyevin respublikada siyasi hakimiyyətinin 1993-cü ildən başlanan ikinci dövründə Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da arxeologiya elminin inkişafında növbəti mərhələ başlandı. Ulu öndərin şəxsi təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Respublikası Nazirlər kabineti 1993-cü ilin iyulun 8-də bununla bağlı xüsusi qərar qəbul etdi. Qərara əsasən Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu nəzdindəki Arxeologiya və Etnoqrafiya Sektoru bazasında Arxeologiya və Etnoqrafiya İnstitutu təşkil olunaraq Azərbaycanın digər bölgələri kimi Naxçıvan Muxtar Respublikasında da arxeologiya elminin inkişafı üçün əlverişli şərait yaradıldı. Abidələrimizin öyrənilməsi üçün daha geniş və beynəlxalq miqyasda seçilən tədqiqatlar aparıldı. 2001-2002-ci illərdə Ümummilli liderimizin tövsiyəsi ilə kompleks şəkildə Naxçıvan-Gəmiqaya ekspedisiyası təşkil olundu.

7 avqust 2002-ci ildə Prezident Heydər Əliyev "Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təsis edilməsi haqqında" Sərəncam imzaladı. Ulu öndər 12 avqust 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması ilə bağlı keçirilən müşavirədəki çıxışında bu məsələ haqqında demişdi: "Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycanın tarixi haqqında, ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvanın tarixi haqqında, qədim tarixi haqqında və Naxçıvanın bir diyar kimi öyrənilməsi - həm təbiətinin, həm adət ənənələrinin, etnoqrafiyasının öyrənilməsi barədə çox az iş görülübdür. Bunları nəzərə alaraq, mən bu sərəncamı vermişəm".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətində də Naxçıvan tarixinin öyrənilməsi prioritet məsələlərdən biri kimi daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, "Naxçıvan qədim Azərbaycan torpağıdır, qədim tarixə və mədəniyyətə malikdir. Naxçıvanın tarixi abidələri Azərbaycan xalqının böyük istedadının nümunələridi".

AMEA Naxçıvan Bölməsinin yaradılması Naxçıvanda arxeologiya elminin inkişafında müstəsna yer tutur. Bölmənin nəzdində fəaliyyət göstərən Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun "Qədim dövr arxeologiyası", "Antik və orta əsrlər arxeologiyası", "Arxeoloji xidmət" şöbələrində Naxçıvanda arxeologiyanın hərtərəfli inkişafı üçün dövlət tərəfindən əlverişli şərait yaradılıb. Aparılan sistemli tədqiqatlar nəticəsində 1202 tarix və mədəniyyət abidələri pasportlaşdırılıb, "Naxçıvan Abidələri Ensiklopediyası", xeyli sayda kitab və monoqrafiyalar nəşr olunub.

Naxçıvan Dövlət Universitetində arxeologiya ixtisası üzrə magistraturanın olması, 2006-cı ildən etibarən AMEA Naxçıvan Bölməsində doktorontura və dissertanturanın, dissertasiya şurasının fəaliyyət göstərməsi Azərbaycan arxeologiyasının inkişafında, arxeoloq kadrların yetişməsində mühüm yer tutur. Dissertasiya şurasında Naxçıvanla yanaşı Azərbaycanın digər bölgələrindən olan təqiqaçıların da elmi işlərinin müzakirələri, seminarları, müdafiələri keçirilib, onlar öz tədqiqat işlərini uğurla müdafiə edərək qısa zamanda fəlsəfə doktorluğu, elmlər doktorluğu elmi dərəcələri, dosent elmi adı alıb. Naxçıvanda yerli mütəxəssislərin apardıqları uğurlu tədqiqatlar zamanı onların əldə etdiyi mühüm elmi yeniliklərə görə muxtar respublikanın ərazisindəki abidələr ABŞ, Fransa, Türkiyə və sair xarici ölkələrin alimlərini də maraqlandırıb. Onlar Naxçıvandan olan həmkarları ilə birlikdə Ovçulartəpəsi, Oğlanqala, Duzdağ, I Kültəpə, Zirincli və digər abidələrdə arxeoloji qazıntılar aparıblar. Bu da Naxçıvanda arxeologiyanın inkişafını sübut edən faktlardandır.

Naxçıvan Muxtar Respublikasının ərazisindəki Şahtaxtı, Plovdağ, Xaraba Gilan, Ovçulartəpəsi, Oğlanqala, I Maxta Kültəpəsi, Ərəbyengicə, Xələc, I Kültəpə, Meydantəpə, Qazma mağarası, Rəsul dərəsi, Naxçıvantəpə, Bülövqaya və digər abidələrdə aparılan sistemli arxeoloji tədqiqatlar zamanı Azərbaycan arxeologiyasında özünəməxsus yer tutan bir çox mühüm nəticələr əldə edilib. Qazma, Kilid, Daşqala mağaralarında və digər daş dövrü abidələrində aparılan arxeoloji tədqiqatlar zamanı onlardan əldə olunmuş fauna və flora qalıqları, müxtəlif formalı əmək alətləri və digər arxeoloji materiallar nəticəsində Naxçıvanın daş dövrü bitki və heyvanat aləmi ilə yanaşı, insanların həyat tərzi, məşğuliyyət sahələri haqqında bir çox mühüm elmi yeniliklər meydana çıxarılıb. I Kültəpə arxeoloji abidəsindən tapılmış müxtəlif növ taxıl növləri və onlara məxsus əmək alətləri nəticəsində Eneolit dövründə Naxçıvanda əkinçilik mədəniyyətinin inkişaf etdiyi, Naxçıvanın Cənubi Qafqazda dənli bitkilərin becərildiyi ilk ocaqlardan biri olduğu sübut edilib. Plovdağda aşkar edilmiş Erkən Tunc dövrünün yaşayış və təsərrüfat tikililəri, Ovçular təpəsi, Maxta, Xələc abidələrindən tapılmış Proto Kür-Araz keramikası, Oğlanqaladan əldə olunmuş saray qalıqları, sütun altlıqları və üzərində mixi işarələr olan təsərrüfat küpünün parçası, Duzdağdan taplan axeoloji materiallar Naxçıvanın qədim və zəngin tarixinin olduğunu sübut edən tutarlı faktlardır. Oğlanqalada aparılan arxeoloji tədqiqatlar zamanı müəyyən olunub ki, bura Şərur düzənliyini əhatə edən, Atropatena dövründə mühüm inzibati mərkəz imiş. Aparılan arxeoloji tədqiqatlar zamanı Naxçıvantəpə abidəsində Dalmatəpə, Bülövqayası abidəsində Ubeyd mədəniyyətinə aid arxeoloji materialların aşkar olunması nəticəsində Naxçıvanın qədim sivilizasiya mərkəzlərindən biri olduğu bir daha öz təsdiqini tapıb. II Kültəpə, Şahtaxtı, Qızılburun, Nəhəcir və digər arxeoloji abidələrin tədqiqi nəticəsində Naxçıvanın Boyalıqablar mədəniyyətinin əsas mərkəzlərindən biri olduğu, beş min il bundan əvvəl Naxçıvanda şəhərtipli yaşayış yerlərinin salındığı və şəhərsalma mədəniyyətinin formalaşdığı sübut edilib.

 

Toğrul XƏLİLOV

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, tarix elmləri doktoru, dosent

525-ci qəzet .- 2025.- 22 may(№88).- S.12.