Tədqiqat universitetlərinin
yaradılması zərurəti
Hər bir ölkənin uğurlu inkişafını
şərtləndirən əsas amillərdən biri yüksək
səviyyəli təhsildir. Xalqın rifahı, dövlətin
formalaşması və davamlı inkişafı əhəmiyyətli
dərəcədə təhsil sistemində əldə edilən
nailiyyətlərlə təyin olunur. Təhsilin
inkişafı nəticəsində formalaşan insan
kapitalı ölkənin iqtisadi inkişafında və sosial
rifahının artırılmasında əhəmiyyətli
rol oynayır.
İnsanların müasir dövrün tələblərinə
uyğun bilik və bacarıqlar əldə edərək cəmiyyətdə
özünəməxsus yer tutmasında təhsilin
bütün pillələri, xüsusilə ali təhsil pilləsi
mühüm rol oynayır. Təhsilin bu pilləsində cəmiyyətin
və əmək bazarının tələbatı nəzərə
alınmaqla yüksək ixtisaslı mütəxəssislərin
və elmi-pedaqoji kadrların hazırlanması həyata
keçirilir. Bu səbəbdən ali təhsilin
inkişafı hər bir ölkənin təhsil siyasətinin əsas
prioritetlərindən biridir və ali təhsilə tələbat
bütün dünyada sürətlə artmaqda davam edir.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral
tarixli sərəncamı ilə təsdiq edimiş "Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər"də qeyd edildiyi kimi, ali
təhsil müəssisələrinin beynəlxalq səviyyədə
rəqabətə davamlılığının təmin
edilməsi və XXI əsrin tələblərinə
uyğunlaşdırılması ölkəmizdə də
strateji əhəmiyyətli prioritet məsələ hesab
olunur. Bu missiyanın uğurla yerinə yetirilməsi isə
ölkəmizin ali təhsil müəssisələrində təhsillə
yanaşı, yüksək keyfiyyətli elmi tədqiqatların
aparılmasını və bir sıra qabaqcıl ali təhsil
müəssisələrinin bazasında yeni tipli tədqiqat
universitetlərinin yaradılmasını tələb edir. Bu məqalədə
ölkəmizdə tədqiqat universitetlərinin
yaradılması üçün mövcud normativ-hüquqi
baza və bu sahədəki proqnozlar haqqında ətraflı məlumatlar
verilir.
"Elm haqqında" Azərbaycan
Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu"nun
12.6-cı maddəsinə əsasən "Müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə
cavab verən ali təhsil müəssisələrinə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
"Tədqiqat universiteti" statusu verilir". Qanunun 1.0.37-ci
maddəsinə əsasən "tədqiqat universiteti - elmi fəaliyyətlə
tədris prosesinin real inteqrasiyası əsasında elm və təhsil
fəaliyyətini eyni dərəcədə səmərəli
həyata keçirən, qabaqcıl elmi tədqiqatlar aparan,
keyfiyyətli tədris mühitini təmin edən, yüksək
elmi və elmi-pedaqoji kadr potensialına malik olan ali təhsil
müəssisəsi və ya elm-təhsil mərkəzi"
kimi müəyyən edilir. Həmin Qanunun 12.7 maddəsinə
əsasən "Tədqiqat universitetinin əsas vəzifələri
aşağıdakılardan ibarətdir:
- təhsilverənlərin və təhsilalanların
elmi tədqiqat prosesinə fəal cəlb edilməsi yolu ilə
elm və təhsilin inteqrasiyasını təmin etmək;
- magistratura (rezidentura) təhsilinin, yüksəkixtisaslı
elmi kadr hazırlığı proqramlarının inkişaf
etmiş sistemini formalaşdırmaq;
- fundamental və tətbiqi elmi tədqiqatları həyata
keçirmək, yüksək texnologiyalara əsaslanan
elmtutumlu sahələrin rəqabətqabiliyyətli kadr və
elmi-informasiya təminatını həyata keçirmək".
Eyni zamanda Qanunun 12.8 maddəsinə əsasən
"Tədqiqat universitetinin elmi işçiləri
"Normativ hüquqi aktlar haqqında" Azərbaycan
Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, dövlət
proqramlarının hazırlanmasına, layihələrin elmi
araşdırılmasına və ekspertizasının
keçirilməsinə cəlb edilirlər". Qanunun 12.9
maddəsinə əsasən isə "Tədqiqat universiteti
statusu əldə edən ali təhsil müəssisəsinin nəzdində
fəaliyyət göstərən elmi tədqiqat strukturlarının
baza xərclərinin maliyyələşdirilməsi bu Qanunun
12.2-ci maddəsində nəzərdə
tutulduğu qaydada həyata keçirilir". Qanunun 12.2-ci maddəsində
bildirilir ki: "Ali təhsil müəssisəsinin elmi tədqiqat
fəaliyyəti tədris prosesinin ayrılmaz tərkib hissəsi
olmaqla, təsisçinin vəsaitləri, öz vəsaitləri,
qrantlar, müxtəlif fondlardan alınan vəsaitlər və
digər qanuni mənbələr hesabına həyata
keçirilir".
"Elm haqqında" Azərbaycan
Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli
Qanunu"nun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli
Fərmanının 2.3-cü bəndinə əsasən
Qanunun 12.6-cı maddəsində (birinci və ikinci halda) nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata
keçirir. Həmin Fərmanın 1.3-cü bəndində Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə tapşırılmışdır ki,
"həmin Qanunun 12.6-cı maddəsinə uyğun olaraq,
ali təhsil müəssisələrinə "Tədqiqat
universiteti" statusu verilməsi üçün tələbləri
müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin". Fərmanın
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr
tarixli 610 nömrəli qərarı ilə "Ali təhsil
müəssisələrinə "Tədqiqat universiteti"
statusu verilməsi üçün Tələblər" təsdiq
edilmişdir. Müəyyən
edilmişdir ki, "Tədqiqat universiteti" statusu
aşağıdakı tələblərə uyğun gələn
ali təhsil müəssisələrinə verilir:
1. fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların
aparılması üçün müvafiq infrastrukturun,
elektron kitabxananın, müasir maddi-texniki bazanın və
elmtutumlu avadanlıqdan kollektiv (digər ali təhsil müəssisələri)
istifadə mərkəzinin mövcudluğu;
2. son bir təqvim ili ərzində beynəlxalq elmmetrik
bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) respublika üzrə
nəşr olunan məqalə sayının azı 10 faizinin
ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən
nəşr edilməsi;
3. doktorantura səviyyəsində kadr
hazırlığı aparılan hər ixtisas üzrə
doktorluq dissertasiyalarına rəhbərlik edə bilən ən
azı 5 professor və ya dosentin olması;
4. dissertasiya şuralarının (ən azı 1
şura) fəaliyyət göstərməsi;
5. magistratura səviyyəsində
ixtisaslaşmaların beynəlxalq akkreditasiyası;
6. ali təhsil müəssisələri tərəfindən
antiplagiat sistemindən istifadə edilməsi;
7. yerli və beynəlxalq donorlardan son 5 il ərzində
elm sahəsində ən azı 20 qrantın alınması.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasının
2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf
Strategiyası"nın Tədbirlər planında (3.1.5-ci Fəaliyyət
istiqaməti: Elmi tədqiqatların və innovasiyaların
inkişafının, elm və təhsilin
inteqrasiyasının təmin edilməsi) ölkədə tədqiqat
potensialı yüksək olan 2 universitetin bazasında 2 tədqiqat
universitetinin yaradılması nəzərdə tutulur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2024-cü il üzrə Milli Məclisə hesabatına əsasən
hazırda beynəlxalq təcrübə əsasında yuxarıda
qeyd edilən tələblərin yenilənməsi ilə
bağlı müvafiq işlər aparılır və
yalnız 2026-cı ildə mövcud ali təhsil müəssisələrinin
bazalarında 2 tədqiqat universitetinin yaradılması nəzərdə
tutulur. Ümid edirik ki, gələn il 2 tədqiqat
universitetinin yaradılması ölkəmizin ali təhsil
sistemində yeni statuslu universitetlərin yaradılması
üçün bir başlanğıc olacaq və bu proses
növbəti illərdə də sürətlə davam
etdiriləcək. Çünki tədqiqat universitetlərinin
yaradılması artıq zamanın tələbidir. Eyni zamanda
unutmayaq ki, "Azərbaycan Respublikasının 2022-2026-cı
illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən
2028-ci ilə qədər Azərbaycanın ən azı 3 ali
təhsil müəssisəsinin dünyanın ən
yaxşı ali təhsil müəssisələrinin reytinq
siyahısında top 800-lükdə təmsil olunması hədəf
kimi müəyyənləşdirilib və bu hədəfə
nail olunması baxımından da tədqiqat universitetlərinin
yaradılması mühüm əhəmiyyət kəsb edir.
Aydın KAZIMZADƏ
Bakı Dövlət Universitetinin professoru, AMEA-nın
müxbir üzvü
525-ci qəzet .- 2025.- 22 may(№88).- S.10.