Bir şəklin
tarixçəsi
1978-ci il idi. Artıq üç ay idi ki, təyinatla
Teleradio Komitəsinin başqa ölkələr
üçün proqramlar hazırlayan Xarici verilişlər
şöbəsinə gəlmişdim və fəaliyyətimə
xəbərlər xidmətində başlamışdım.
Şöbənin hədəfi sovet Azərbaycanının
qabaqcıl nailiyyətlərilə yaxın
qonşularımızı tanış etmək, onlarda bizə
qarşı maraq oyatmaq, sosializm yolunda irəliləyən
xalqımızın uğurlarına təəccüb yaratmaq
və bununla da, onları həyatlarımız arasında olan
fərqlərin üzərində düşünməyə
təhrik etmək idi.
İşin ödəsindən gələcəyimə
heç tərəddüdüm yox idi. Əvvəla, kifayət
qədər səviyyəli təhsil almışdım,
ikincisi, dördüncü kursda oxuyanda tərcüməçi
kimi İrana ezam eidilmişdim, orda bişmiş, yaxşı
xasiyyətnamə ilə geri dönmüşdüm,
üçüncüsü və ən əsası isə,
yazıçı, pedaqoq ailəsində
böyümüşdüm, evimizdə ədəbiyyatımızın
indi korifey adlandırılan simalarını daim
görmüşdüm. Belə ailələrdən
çıxan uşaqların yazmaq qanında olur və həyatda
heç nəyə əlləri çatmayanda, ən azı
ortabab yazar ola bilirlər...
İlk yazım universitetin fizika fakültəsində
oxuyan bir əfqan tələbənin öz qrup yoldaşı
olan azərbaycanlı qızla ailə qurmasıyla əlaqədar
oçerk idi. Bəydadaşın adı indiki kimi
yadımdadır - Əzizullah Əhmədyar idi, gəlinbacının
adını isə təəssüf ki, unutmuşam.
Həmin oçerkim Xarici verilişlərə rəhbərlik
edən Aqşin Babayev rəhmətliyin çox xoşuna gəlmişdi.
İlk "letuçkada" cızmaqaramı bütün
kollektivə nümunə gətirdi. Mən öz dərsimi
"Azərbaycanda bədii publisistikanın banisi"
sayılan (ifadə Famil Mehdinin doktorluq
dissertasiyasındandır) atamın oçerklərindən
almışdım deyə, mənə heç qəribə gəlmədi.
Yzılarımın hər üç dildə səslənməsi
üçün, Aqşin müəllim məni xəbərlər
və informasiya redaksiyasına kiçik redaktor təyin etdi.
Artıq üç ay idi ki, işləyirdim, xəbərlərim,
reportajlarım, oçerklərim ərəb, fars, türk
dilində mütəmadi efirə gedir, mütəmadi təqdir
olunurdu. Hətta, cəmi üç ay təcrübəmə
baxmayaraq, 1978-ci ilin "Sosializm yarışının
qalibi" döş nişanıyla da təltif olundum.
İlk çox məsuliyyətli
tapşırığımı da onda aldım.
Günlərin birində, Aqşin müəllim məni
yanına çağırıb dedi ki, Azərbaycan KP
MK-nın Birinci katibi Heydər Əliyev Qazax rayonuna, Yuxarı
Salahlı kəndinə, Səməd Vurğun Poeziya evinə
gedəcək, çox düşündüm və bu məsul
işi sənə tapşırmaq qərarına gəldim, mənə
gözəl bir reportaj lazımdır, elə bilirəm,
öhdəsindən gələrsən.
Ürəyimdə çox sevindim, çünki atam
bir-iki dəfə Heydər Əliyevi rayon səfərlərində
müşayiət etmişdi, qayıdanda həmişə
çox maraqlı şeylər danışırdı, öz
hesabatını isə "Ədəbiyyat" qəzetində
çıxan səmimi yazılarında verirdi...
Səhər yola çıxacaqdım, həmin gecə
narahat yatdım. Bu narahatlığım səbəbsiz deyildi;
atam respublikamızın başçısı ilə səfərə
gedəndə 48-49 yaşı vardı, mənim isə 23
yaşım təzəcə tamam olmuşdu, yəqin hisslərimi
anlayarsınız.
Nə isə, Heydər Əliyev Qazax rayonuna öz
vaqonunda yola düşdü, biz jurnalistlər isə
maşınla getdik.
Poeziya evinin qarşısı yaman qələbəlik
idi, rayonun, qonşu rayonların bütün məsulları,
camaat ora toplaşmışdı. Jurnalistlər isə bir kənarda
dəstə şəklində durmuşdular. Birdən məni
tər basdı ki, ay balam, mən də bunların arasında
qalsam, səs yaza bilməyəcəm, səssiz də ki, nə
reportaj?..
irəli keçmək, rəhbərə
yaxınlaşmaq üçün jurnalist fəaliyyətim
boyu bircə dəfə vurnuxdum. Vurnuxmağımı Heydər
Əliyev də gördü, yanındakı adamdan nəsə
soruşdu, sonra mənə yaxınlaşmağım
üçün işarə elədi, utana-utana bir az
qabağa keçdim, bir də işarə elədi ki, lap
yaxın gəl və əlilə özünün düz
yanına, pillələrin başındakı səkiyə
işarə elədi.
- Cavan oğlan, sən radiodan gəlmisən?
- Bəli.
- Hansı şöbədənsən?
- Xarici verilişlərdən.
- Cənuba da siz verirsiniz?
- Bəli, mən elə o redaksiya üçün
reportaj hazırlayıram...
- Onda, yanımda olarsan, içəridə də
böyrümdən çəkilmə.
- Olar arxanızda durum, arxadan səsi yazmaq daha
rahatdı...
- Necə rahatdısa, elə elə.
Beləliklə, respublika rəhbərinin arxasında
durub, mikrofonumun dəstəyini uzatdım...
Tədbir qurtarandan sonra üzünü mənə
tutub, soruşdu:
- Çoxdan işləyirsən?
- Xeyr, üç-dörd ay olar.
- Xarici dil bilirsən bəyəm?
- Mən Şərqşünaslıq oxumuşam, fars
dili tərcüməçisiyəm, İranda da işləmişəm...
Diqqətlə məni süzüb dedi:
- Mənim qızım da orda oxuyub, ərəb dilində.
- Tanıyıram, Heydər Əliyeviç, Sevillə
bir patokda idik...
- Lap yaxşı... Atan kimdir?
- Əlfi Qasımovdur, yazıçıdır, indi Mətbuat
komitəsində baş redaktordur...
- Tanıyıram, yaxşı kişidir... Səni mənimlə
hara göndərsələr, kənarda durma, yaxın gəl
ki, işləyə biləsən, bildin?
- Baş üstə!
Həmin hadisədən illər keçdi. Amma
heç vaxt unutmadım. O vaxt məni yaxına
çağırmağın səbəbini dəqiq bilmirdim.
Təbii ki, ürəyimdə öz fikrim vardı, amma
düzlüyünə arxayın deyildim.
91-ci ildə televiziyadan çıxandan sonra, mətbuatdan
demək olar ki, uzaqlaşmışdım. 92-ci ildə məni
İran səfirliyinə çağırdılar,
müşavir oldum. Elə həmin il də vacib dövləti
əhəmiyyət kəsb edən ciddi bir məsələ ilə
əlaqədar Naxçıvana on beş günlük ezamiyyətə
yollandım və rəhmətlik Heydər Əliyevlə dəfələrlə
görüşməli oldum, çünki problemi o həll etməli
idi. Və söhbətlərimizin birində fürsət
tapıb ürəyimdəki sualı ona verdim:
- Heydər müəllim, sizdən bir məsələni
soruşmaq istəyirəm, olar?
Gülümsündü:
- Deyirəm axı, sözlü adama oxşayırsan,
soruş gəlsin...
- Bir dəfə sizinlə Qazax rayonuna səfərə
getmişdim...
- Hə, 78-ci ildə, sən də radiodan gəlmişdin,
yadımdadır...
- Onda o qədər jurnalistin arasından niyə məni
yanınıza çağırdınız?
- Başa düşmədin?
- Nə bilim, dəqiq anlamadım...
- Mənə dedilər ki, Cənubi Azərbaycan
redaksiyasındansan, ona görə çağırdım. Biz
azərbaycanlıyıq, səsimizin Cənubda eşidilməsi
hamımıza vacib olmalıdır. Uğur qazanmaq
üçün insan öz prioritetlərini düzgün
sıralamalıdır... Bəs sən necə bilmişdin?
- Düz bilmişdim, Heydər Əliyeviç...
- Priopitet düzgün müəyyənləşməyəndə,
adam problemlərin əlində naçar qalır, unutma...
O günlərdə otağınızda yanan
lampanın işığında, telefonu işləməyən
o kabinetdə çox söhbətlər elədiniz, mənim
üçün çox şeyləri
aydınlaşdırdınız...
Əlli ilə yaxın bir vaxt keçib o söhbətlərdən,
indi artıq 70 yaşım var və bu zamanadək
bütün ömrüm boyu çalışmışam ki, əsas
prioritetlərimi gündəlik düzgün sıralayım,
enerjim boşa getməsin...
Vaxtilə arzulayırdım ki, Qarabağı azad etmək
öz nəslimin qismətinə düşsün,
alınmadı, problemi indiki cavanlar üçün qoyduq.
Müharibə başlayanda üç oğlumun
üçü də cəbhəyə könüllü getmək
üçün bir-birindən xəbərsiz ərizə
verdi. Müharibəni yaşıdları etsə də, onlara
qismət olmadı.
İndi Ağdama köçmək istəyirəm,
indiki zamanda mənim prioritetim budur. İstəyirəm, orda bir
işin qulpundan tutub, Allah verən ömrün qalanını
həm özüm, həm əb-əcdadım, həm də
xalqımız üçün prioritet olan Böyük
Qayıdışımıza sərf eləyim. Həyatımın
məntiqi sonluğu, məncə, belə olmalıdır.
Bu xatirəmi may ayının 10-da, Sizin ad
gününüzdə yazacaqdım, Böyük Kişi, amma
Ağdamda idim, möhtəşəm tədbirin sevincini
bölüşmək üçün el-obamın
arasındaydım.
Həmin gün Prezidentimizin keçirdiyi
açılışlar da elə düzgün
seçilmiş prioritetlərdən xəbər verirdi.
Ağdamda dəmiryolu stansiyası açıldı -
bu, xalqın rifahı, rahatlığı yolunda prioritetdir. Hər
dəfə doğma yerlərə rahat gedəndə, dua edəcəklər.
Muğam evinin açılışı isə qan
yaddaşımızı daim tərpədəcək. İnsanlar
hər səhər o gözəl binanın
qarşısından harasa gedəndə üstündəki
yazıları oxuyacaq, oxuyan kimi də, minillik
muğamımız onların hisslərinə daraq çəkib,
ən təmizlərini aşkara çıxaracaq...
Bu gün Azərbaycanın yenidənqurması məhz
Qarabağdan başlanır, XXI əsrin şəhərləri,
kəndləri məhz dağılmış yurd yerlərimizdə
Prezidentimizin dövlətçi iradəsilə qurulur və əminəm
ki, eyni dəsti-xətt bütün Azərbaycanda görünəcək.
Bu yolda ömür sərf etməyə vallahi dəyər,
Böyük Kişi!
İlqar ƏLFİ
525-ci qəzet .- 2025- 23 may(№89).- S.8.