Qazi Komandan, qazi şəhərim
və başımdakı hava...
DAŞ-DAŞ, KƏRPİC-KƏRPİC
TİKİLƏN AĞDAMDAN RUHSAL REPORTAJ
Zaman: 10 may 2025-ci il...
Məkan: İşğaldan azad olunmuş Ağdam
rayonunda yenicə inşa edilmiş Muğam Mərkəzi...
Havalıyam...
Heç nə umrumda deyil! Ruhum göylərdədir,
havalıyam. 2020-ci ildə Ali Baş Komandanımız
İlham Əliyevin rəhbərliyi ilə qəhrəman
oğullarımız uzun illərin erməni
işğalına son qoyan döyüşə başlayanda da
sevincdən bax belə havalıydım... Bilirdim ki,
torpaqlarımız mütləq azad olunacaq! Bilirdim ki, şəhidlərimiz,
qazilərimiz olacaq, amma neyləmək olar, vətən
torpağının azad olunması qurban istəyir. Amma o
havalılığın içində bir
narahatlığım da var idi: Görəsən, Prezidentimiz
ermənilərin havadarlarını neytrallaşdıra biləcəkmi?
İçimizdəki "ermənilər"i - xainləri
necə edəcək? Çox şükür, hər şey
yaxşı oldu. Bu gün Qarabağ tam azaddır. Və ən
əsası, daha işğalçılar da yoxdur vətən
torpağında... Çox sevincliydik. Biz qələbənin
şokunu yaşayırdıq, düşmənlərimiz isə
məğlubiyyətin. Bircəciyini yazım: Şuşa azad
olunanda sevincdən lap dəli olmaq həddindəydim. İzah
olunmaz möhtəşəm hisslər idi...
Zaman: 10 may 2025-ci il...
Məkan o məkandır.
Müzəffər Ali Baş Komandanımız
işğaldan azad olunmuş Ağdam şəhərində
yenicə inşa edilmiş Muğam Mərkəzinin
açılışına gəlib. Biz bəxtəvərlər
də o açılışda iştirak edirik. Hamımız
həyəcanlıyıq, sevincliyik... Azərbaycanın Milli Qəhrəmanı
Şirin Mirzəyevin xanımı Flora Qasımova, Azərbaycanın
Milli Qəhrəmanı Muxtar Qasımovun xanımı Mətanət
Qasımova, Vətən Müharibəsi Qəhrəmanı,
Şuşaya rəsmi şəkildə bayraq sancan Yaşar
Hüseynov, Aprel döyüşlərinin qəhrəmanı
Raqub Orucovun xanımı Sevin Alıyeva, Şəhid anası
Maya Quliyeva, digər Şəhid ailələrimiz,
"Qarabağ qaziləri" birliyinin Ağdam
filialının rəhbəri Şamil Əbilov başda
olmaqla bir qrup Qazilərimizlə bir aradayıq. Alimlərimiz,
ziyalılarımız - Rəşad Məcid, Boran Əziz, Aidə
Qasımova, Nigar Gözəlova, Baxşeyiş Əsgərov,
Sadir müəllim, Anar müəllim, Nazim müəllim,
ağdamlı jurnalistlər Səadət və Vüsalə Məmmədova
bacıları, Emin Musəvi, Səyyarə Səyyaf, Kamal Dəniz
və sairə tanınmış ağdamlılarla bu xoş
anları yaşadıq.
Kürsüyə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev dəvət edilir. Həmişəki
kimi möhtəşəm bir çıxış. Həm
çıxış, həm də anlaya bilənlər üçün
bir fəaliyyət proqramı. Düşmənlərimizə
isə ciddi mesajlar. Sadəcə, möhtəşəm!
Və tədbirdəki
çıxışının sonu: Yaşasın Ağdam!
Yaşasın Azərbaycan!
Bütün zal ayağa qalxıb, ürəkdən
Prezidentimizi alqışlayır. Ağdamlılar Prezidentə
"Siz yaşayan, cənab Prezident" - deyir.
Alqışla...
Prezident əyləşir. Tam sakitlikdir.
Özümü saxlaya bilmədim, ayağa qalxıb
Prezidentimiz əyləşən kürsüyə tərəf
çevrildim, ucadan dedim: "Davamı var. Yaşasın Qazi,
Müzəffər Ali Baş Komandanımız!" Yenə də
alqışlar...
Bəli, İlham Əliyev həm də qazidir. Necə
ola bilir ki, 44 günlük savaşında bölüyə,
taqıma, tabora, briqadaya, korpusa rəhbərlik edən şəxslərə
qazi (müharibə iştirakçısı) adı rəsmən
verilə bilir, amma bu qələbənin memarına, Ali Baş
Komandana yox?
Bu arada Azərbaycanın Birinci vitse-prezidenti, dəyərli
Mehriban xanımın Qarabağa olan səfərləri
haqqında müşahidələrimdən ikicə məqamı
yazmasam olmaz. Yadınıza gəlir, cənab Prezidentimizlə
Mehriban xanım işğaldan azad olunmuş Xudafərinə
ilk səfəri? Heç vaxt gözümün
qabağından getməyən iki mənzərədən
biridir: Mehriban xanım Xudafərin körpüsünün
tağlarına yaxınlaşıb baxır, sonra ehmallıca
o tağları sığallamağa başlayır. İlahi,
necə gözəl səhnə idi. Elə bil ana balasına
sığal çəkir. Bu, həm də uzun illərin Xudafərin
yarasına çəkilən bir sığal - məlhəm
idi. İkinci məqam isə hər ikisinin Ağdam məscidinə
ilk gedişlərində oldu. Hər ikisi
ayaqqabılarını çıxarıb, girdilər məscidə.
Bu, bizim dinimizə, inancımıza münasibət idi,
sayğı və dəyər idi. Sonra Mehriban xanım əvvəlcədən
səliqə ilə parçaya bükülmüş
bağlamadan Quran kitabı çıxarıb, cənab
Prezidentə verir. O isə Quranı öpüb, məsciddə
hazırlanmış yerə qoyur. Anlayanlar bilir nə demək
istədiyimi. Ən sadə, normal ailələrdə olduğu
kimi, evin xanımı əri, kişisi üçün necə
davranırsa, Mehriban xanım da Prezidentimizlə o şəkildə
davranır bütün səfərlərdə. Bunlar ölkəmizdə
min illərdir oturuşmuş ailə dəyərlərimizin
qorunmasının vacibliyi barədə mesajlardır həm də.
Sonra muğam ifaçılarımızın gözəl
bir konserti başladı...
Xalq artisti, dəyərli Mənsum İbrahimov, Xalq
artisti Nəzakət Teymurova ilə birgə dahi Üzeyir
Hacıbəylinin Leyli Məcnun operasından bir parça ifa
etdi. Elə ilk andan Mənsum İbrahimovun həzin, şirin,
gözəl avazı salona yayıldı, bu səs, ifa
adamın ruhunu bədəndən etdi. Onun səsinin sehrinə
düşməmək mümkün deyildi. Ardınca Xalq
artisti Aygün Bayramovanın, Əməkdar artist Fehruz Səxavətin
məlahətli, şirin səsi, tamaşaçıların
ruhunu oxşadı. Əməkdar artistlərimiz Təyyar
Bayramovun, Elnur Zeynalovun, Səbinə Ərəblinin və digərlərinin
ifası da bir-birindən gözəl idi. Xalq artistləri Alim
Qasımovun və Fərqanə Qasımovanın qeyri-adi
ifaları da yaddaqalan oldu. Lap sonda isə Ağdam musiqi məktəbinin
üç azyaşlımızın ifasındakı möhtəşəm
"Qarabağ şikəstəsi" bütün salonu riqqətə
gətirdi. Kövrəldim... Çevrilib arxada cənab
Prezidentə baxdım. Gözləri dolmuşdu...
Havalıydım...
Konsert bitdi. Muğam Mərkəzinin həyətinı
çıxdıq. Tədbirdə iştirak edən Ağdam
qaziləri Prezidentlə görüşmək, şəkil
çəkdirmək istəyirdik...
Cənab Prezidentimiz bizi görərək dedi: "Qəhrəmanlarımız
da bizimlə bərabərdirlər. Onları
alqışlayaq!"
Çox möhtəşəm anlar idi... İlk dəfə
idi cənab Prezidentlə belə yaxından
görüşürdüm, söhbət edirdim, əl
sıxırdım. İlk hiss etdiyim, onun alicənablığı,
yüksək mədəniyyəti, həssaslığı, hər
kəsə diqqəti oldu. Və ən əsası, çox
müsbət aurası var cənab Prezidentimizin.
Ayaqüstü bir neçə kəlmə demək
imkanım oldu. Bunları deyə bildim: "Cənab Prezident,
Siz bu millətə sahib çıxdınız. Mən
özüm Birinci Qarabağ müharibəsinin qazisiyəm.
Amma yiyəmiz olmadı o vaxt. Siz millətə sahib
çıxdınız. Sizinlə fəxr edirik. Allah Sizi
qorusun. Allah Sizi var eləsin!" Əslində demək istəyirdim
ki, doxsanıncı illərdə də xalqımız
döyüşdü, vuruşdu, amma yiyəsi, sahibi
olmadı. Sizin kimi rəhbərimiz, komandanımız
olmadı. Amma yuxarıda yazdıqlarımı deyə bildim.
Qarabağ seyid ocaqlarının tanımış
simalarından olan Seyid Lazım Ağanın nəvəsi, dəyərli
Yusif Ağa ilə əl sıxıb görüşdü
Prezident. Qazi, şair Avdal Qəhrəman isə Prezidentə
ithaf etdiyi gözəl bir şeirini səsləndirdi.
Sonra Qazi komandanımız bizimlə xatirə şəkili
çəkdirdi.
Maşına yaxınlaşarkən "Mən
başçı ilə şəkil çəkdirmədim",
deyib Ağdamın icra başçısı, belə bir
ağır tədbirin yükü çiynində olan Vaqif Həsənova
yaxınlaşdı. Vaqif müəllimin yaxınlığında
dayanan yazıçı, millət vəkili Aqil Abbası da
foto çəkdirməyə dəvət edərək əlavə
etdi: "Aqil Abbas mənim qardaşımdır!"
Havalıyam...
Zaman: 1993-cü ilin yayı...
Məkan: Bakıdakı Şəhidlər xiyabanı.
Ağdam rayonu və doğulub boya başa
çatdığım Şıxbabalı kəndi
işğal edilib. Bu xəbəri alanda Ağdamda deyildim, cəbhədə
aldığım yaralarla bağlı müalicədəydim...
Hara gedim, kiminlə danışım, bilmirdim. Üz tutdum
Bakıdakı Şəhidlər xiyabanına. İki gün
orada gecələdim. Komandirim Şirin Mirzəyevin, Hidayət
İbrahimovun, Allahverdi Qəmbərovun, Rövşən
Camalovun, Vəzir Orucovun və digər
döyüşçü şəhid qardaşlarımın
məzarları ilə danışırdım. Məğlubiyyətin
acısından dəli kimiydim, havalı idim. O gün -
mayın 10-da Ağdamda da havalı idim, dəli kimiydim, ancaq qələbənin
sevincindən dəli kimi idim, havalı idim...
P.S. Bu yazıda daş-daş, kərpic-kərpic tikilən
Ağdam haqqında heç nə yazmadım. Yəni
Ağdamın əzəmətini, ruhunu, suyunu, havasını
öymədim, insanlarının mərdliyini, qəhrəmanlığını,
özəlliyini yazmadım. Bir ağdamlı kimi
yazmağım düz olmazdı. Amma bunu yazmaya bilmirəm:
Ağdam mənim ruhumdur, canımdır, damarlarda axan
qanımdır, havamdır...
Elə bunları yazanda da havalıyam...
Rey KƏRİMOĞLU
525-ci qəzet .- 2025- 23 may(№89).- S.9.