Dost ölkələr, strateji tərəfdaşlar
Azərbaycan-Macarıstan əlaqələri iki ölkə
arasında münasibətlərin qurulduğu tarixdən etibarən
daim yüksələn xətlə inkişaf edir. Azərbaycanın
Mərkəzi və Şərqi Avropa ölkələri ilə
münasibətlərində Macarıstanla əməkdaşlıq
xüsusi yer tutur.
Tarixin bir çox mərhələsində
Macarıstan Azərbaycanla siyasi, elmi-mədəni proseslərdə
ortaq mövqe sərgiləyərək etibarlı dost kimi
sadiqliyini nümayiş etdirib. Respublikamız dövlət
müstəqilliyini bərpa etdikdən sonra Ulu öndər
Heydər Əliyevin Macarıstanla əməkdaşlığa
xüsusi önəm verməsi, diplomatik münasibətlərin
yaxın tərəfdaşlıq ruhunda inkişaf etdirilməsi
rəsmi Budapeşti etibarlı müttəfiqə
çevirib.
Hər zaman müstəqillik və suverenlik prinsiplərindən
çıxış edən ölkələrimiz müxtəlif
sahələrdə uğurla əməkdaşlıq edirlər.
Azərbaycanla Macarıstanın münasibətləri isə
həm dövlət maraqlarına, həm cəmiyyətlərin
qarşılıqlı rəğbətinə, həm də
tarixə bağlıdır. Türk kökənliyi iki ölkəni
və xalqı bir araya gətirən ən etibarlı
bağdır. Azərbaycan getdikcə qlobal güc mərkəzlərindən
birinə çevrilməkdə olan Türk Dövlətləri
Təşkilatının (TDT) əsasının
qoyulmasında mühüm rol oynayan dövlətlərdən
biridir və hazırda da qurumun funksionallığının
artmasına sanballı töhfələr verir. Cənab
İlham Əliyevin Macarıstana davamlı xarakter alan səfərləri,
eləcə də, Macarıstanın Baş naziri Viktor
Orbanın Azərbaycana səfərləri əməkdaşlığın
dinamikasını və siyasi ruhunu daha da gücləndirib, əsl
dostluq platforması formalaşdırıb. Təsadüfi deyil
ki, V.Orban Azərbaycanı öz doğma Vətəni
adlandırır. Eləcə də cənab İlham Əliyev
Macarıstanı öz doğma evimiz hesab etdiyini bildirir.
İlk dəfə olaraq Türk Dövlətləri Təşkilatının
ikinci qeyri-rəsmi Zirvə görüşünün
Macarıstanda keçirilməsi isə bu ölkənin
Türk ailəsinin bir parçası, ayrılmaz tərəfdaşı
olmasını göstərir. Bu təşkilata tamhüquqlu
üzv olmasa da, Macarıstan Türk dövlətləri
üçün eyni strateji dost və qardaş ölkədir,
bütün məsələlərdə onlarla həmrəydir.
Macarıstanın bu ailədə öz layiqli yerini
tutmasında, daha aktiv iştirakçıya çevrilməsində
Azərbaycanın liderliyi isə diqqətdən qaça bilməz.
Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi
Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı
olan Azərbaycan ilk Zirvə toplantısını ötən
il Şuşa şəhərində təşkil etməklə
xoş ənənənin əsasını qoyub və bu
mütərəqqi modeli Şərqi-Avropa regionuna gətirir.
Prezident cənab İlham Əliyevin bəyan etdiyi kimi,
Şuşa Zirvəsindən sonra estafetin Macarıstana verilməsi
alqışlanmalıdır. Bu, bir daha onu göstərir ki,
Macarıstan öz milli ənənələrinə, tarixi
köklərinə bağlı olan dövlət kimi Türk
dünyasının, Azərbaycanın daimi sadiq tərəfdaşıdır,
Şuşadan sonra mötəbər toplantının ona həvalə
edilməsi də təsadüfi deyil.
Azərbaycan-Macarıstan münasibətləri
qarşılıqlı hörmət, etimad və strateji
maraqlara əsaslanır. İki ölkə arasında yüksəksəviyyəli
səfərlər münasibətlərin inkişafına təkan
verib. Azərbaycan ilə Macarıstan strateji dialoqu davam etdirmək,
ticarət, investisiya, nəqliyyat, təhsil və humanitar sahələrdə
əməkdaşlıq imkanlarını genişləndirmək
niyyətindədir. Prezident cənab İlham Əliyevin mətbuata
bəyanat zamanı dediyi kimi, bütün başqa məsələlərdə
də biz iki dost və tərəfdaş ölkə kimi birgə
fəaliyyət göstəririk. Azərbaycanla Macarıstan
emerji sahəsində də fəal əməkdaşlıq
edir. Macarıstan Azərbaycanı enerji sahəsində
etibarlı və strateji tərəfdaş olaraq görür və
Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində
ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Azərbaycanın
enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan
enerji sahələrindəki uğurları, Macarıstanın
enerji təminatını şaxələndirmək məqsədilə
ölkəmizin layihələrinə dəstəyini daha da
artırır. Bu əməkdaşlıq, həmçinin Cənub
Qaz Dəhlizi layihəsinin uğurlu həyata keçirilməsi
ilə Avropa bazarlarına daha çox enerji təchizatının
təmin edilməsi baxımından mühüm əhəmiyyət
kəsb edir. Dövlətimizin başçısı ölkəmizin
Macarıstanın tələbatı səviyyəsində qaz
təminatı təşkil edə biləcəyini söyləyərək
vurğulayıb: “Bizim qaz resurs bazamız kifayət qədər
genişdir və genişlənir, yeni qaz yataqları istismara
veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz
ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa
İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı
Pan-Avropa qaz təchizatçısı ölkə və
etibarlı tərəfdaş kimi tanıyır. Əgər
biz qaz ixracının coğrafiyasına baxsaq, görərik
ki, burada nəinki Avropa məkanında, dünya miqyasında
boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə
görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir.
Bizim gələcəkdə qaz ehtiyatlarımızın
işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda,
Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik.
Azərbaycanın çox böyükmiqyaslı yaşıl
enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində
6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik.
500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat
beş il ərzində təmin ediləcək”.
Macarıstan davamlı olaraq Türk Dünyasının
birgə layihələrində yaxından təmsil olunmaqla
faktiki olaraq Türk dövlətlərinin ortaq
maraqlarını ifadə edir, Türk Dövlətləri Təşkilatında
(TDT) müşahidəçi üzv olmasına baxmayaraq, birgə
layihələrdə təmsil olunub, özünü
Türkdilli ölkələrin ailəsində hesab edərək
regional layihələrdə iştirak edir. Türk
dünyasının ortaq layihəsi olan Orta Dəhlizdə yer
almaq üçün fəallığını
artırır.
Pedaqoji elmlər doktoru, professor
525-ci qəzet .- 2025- 23 may(№89).- S.7.