Vəhy təhkiyəçisinin
müəllif "Biz"i
Oxu-nu oxuyanları düşündürən bir mətləb
var: ayələrdə Tanrı Özünü niyə bəzən
birinci və üçüncü şəxsin təkində
"Mən" və "O", bəzən də birinci
şəxsin cəmində "Biz" əvəzliyi ilə
təqdim edir?
Bu sualı tarix boyu fərqli yanaşmalarla
cavablandırmağa səy göstərmişlər. Məsələn,
13-14-cü əsrlərin ərəb ilahiyyatçısı
Şeyxulislam İbn Teymiyyə yazır: "Cəm əvəzliyi
o şəxsə aid edilir ki, onun şərikləri,
özükimiləri ola, itaət edilən, əzəmətli
ola və itaətində əyanları ola. Şərikləri
və oxşarları olmayan Allah-Təaladır, Özündən
başqa hər nəsnəni yaratmış, şərik və
oxşar qəbulundan imtina edir. Mələklər və
başqa varlıqlar Təalanın əsgərləridir...
Əgər üç məlikdən biri özünə
"mən və biz" deyirsə və o birilərinin
hökmranlığını qəbul etmirsə, kainat
mülkünün yiyəsi, aləmlərin Rəbbi, hər nəsnənin
Rəbbi və sahibinin daha çox haqqı çatır ki,
şəriki və oxşarı olmaya-olmaya, fəqət səmalarda
və yerdə orduları ola-ola Özünə "Mən və
Biz" desin" (https://al-maktaba.org/book/31616/63280).
Müasir ərəb ilahiyyatçıları da eyni
yanaşmanı əsas götürərək "Biz"in əsaslandırılmasında
daha çox "ehtiram və şərəf" məfhumlarına
istinad edir və vurğulayırlar ki, ərəbcəsi
"nəhnu" olan "biz"dən dünyəvi həyatda
istifadə edən şəxsin niyyəti özünə
böyüklük, əzəmət qazandırmaqdır. Eləcə
də Oxuda bu qrammatik məntiqin uzantısını Rəbbə
aid bilərək bildirirlər ki, O Özünü
ehtişamlı olmağın ən ali təmsilçisi kimi
tanıtdığına görə bir çox ayələrdə
"Biz" əvəzliyinə üstünlük verir.
Beləliklə, "Biz"in O-nun şəninə
layiq "ehtiram və şərəf"in ifadəsi kimi
işlədilməsinə istinad edənlər Rəbbin
yüksək məqamını vurğulamaqla
özünütəqdim tövrü ilə dövlət
başçılarının özlərini "biz" deyə
təqdimi arasında parallel aparırlar. Yəni bir dövlət
başçısı, ölkə şahı, monarxı
zati-ali olaraq özünə "biz" deyirsə, Tanrı
da bütün kainatın sultanı, zati-alisi, ən ali
zatı, varlığı kimi Özünə "Biz"
deyir.
Fərqli yanaşma da var: kainatda yaradılış
prosesi, yaradıcılıq fəaliyyəti davamlı
olduğuna görə bu davamlılıqda Tanrı tək olsa
da, yaradılanlarda Öz təcəllilərinin təmsilçisi
kimi Oxuda müəllif "Biz"indən istifadə edir:
"Məgər o dananlar görməzmiydilər, bitişikdi
göylərlə yer, Biz ayırdıq onları. Hər
canlı nəsnəni sudan yaratdıq. Yenəmi inanmaq bilməyir
onlar? Yırğalanıb sizi silkələr deyə yer,
lövbər-dağlar yaratdıq yer üzündə. Burada dərələr,
yollar açdıq, bəlkə tapa bilələr
yönümlərini" (21:30-31).
Rəbbin təcəlli çoxluğunu O-nun kainat idarəçiliyində
qoyduğu qanunlarla, bu qanunların işləkliyi ilə də
əlaqələndirirlər. Daha çox ekoloji teologiya tərəfdarlarının
uyğuladığı yanaşmadır. Təlqinlənir ki,
təbiət, varlıqlar aləmi Tanrı təcəlliləri
olaraq O-nun qanunları ilə idarə edilir. Rəbb bunların
əhəmiyyətini işarələmək istədiyinə,
bunları davamlı yaradılış və fəaliyyət
proseslərində Özünə yardımçılar
qismində gördüyünə görə Oxuda
"Biz" heyəti ilə çıxış edir.
Türkiyəli ilahiyyatçı, mərhum Yaşar Nuri
Öztürk bir videomüsahibəsində Rəbbin müəllif
"Biz"ini kainatda istifadəsindəki sistemi şərəfləndirmək
istəyi ilə izah edir (videoya bax:
https://www.google.com/search?client=firefox-b-d&q=Ya%C5%9Far+nuri+Allah+Biz#fpstate=ive&vld=cid:668cd00d,vid:v0_9wUinJn4,st:0)
Çox zaman belə bir yozuma da yer verilir ki, Rəbbin
zatına aid ayələrdə - məsələn: "Yetirin
yerinə Mənə olan əhdi" (2:40): "Anın Məni,
anım sizi" (2:152); "Tövbəni qəbul eyləyən,
rəhim Mənəm, Mən!" (2:162) - "Mən",
sırf yaradılış prosesinə, eləcə də ilahi
fəaliyyətin başqa növlərinə dair ayələrdə
"Biz" keçir. Ona görə "Biz" ki, Rəbbin
həyata keçirdiyi proseslərdə iştirakçı
vasitəçilər var. Dolayısı ilə, birincilərdə
vasitəçilik qəbul edilmir, ikincilərdə edilir.
İkincilərə aid istinad edilən bir ayə Oxu-nun
nüzulu ilə bağlıdır: "Biz bunu canlı bir Oxu
olaraq endirdik..." (12:2). İddia belədir ki, Məhəmməd
Seçilmişə endirilən vəhylər mələk Cəbrayıl
vasitəsilə ona çatdırılırmış deyə
burada "Biz" işlənir (Oxu-da Cəbrayılın bu
işi barədə aydın anlamlı ayəyə rast gəlinmir).
Yanaşmalardakı qənaətlərin maraqlı tərəfləri
olduğu kimi, tənqidə məruz qala biləcək
ayrıntıları da var.
Öncə dünyəvi hökmdarla kainatın
hökmdarı arasında paralel aparmaqla ifadə edilən dəlilə
toxunaq.
Ondan başlayaq ki, adi qrammatik məntiqlə Oxu-da Rəbbə
aid "Biz" varsa, həmin paraleldən gələn məntiqlə
"Siz" niyə olmasın? O-na ünvanlı dualar, xitablar
Oxuda bir qayda olaraq "Sən"ədir. Bir istisna var, bu barədə
bir az sonra.
İnananlar əziz bildikləri uca Varlığa
"Sən" deyə xitab edirlər. Aləmlərin - ən
nəhəng görülən-görülməzlərdən
tutmuş ən xırda görülən-görülməzlərin
Rəbbi Özünə "Siz" deyil, məhrəmliklə
"Sən" dedirdir Oxuda. Ən kiçik məmləkətin
belə hansı zati-alisi ona xitab edən məmuruna, təbəəsinə
"siz" əvəzinə "sən", yaxud
"zati-aliniz" əvəzinə "zati-alin" dedirdər?
Dedirdən olsa belə, düzgün səslənməz. Təkcə
qəbul edilən ənənəvi protokol qaydasına görə
yox. "Siz" müraciəti dünyəvi həyatda həm
də mədəni davranış normativinə daxildir, məhrəm
olmadığın şəxslə məsafəli davranaraq,
ona həm də hörmət qoyaraq "siz" deyirsən və
deməlisən. İnsanı yaradan Tanrı isə ona məhrəmdir,
ondan uzaq deyil. Burada Dədə Qorqud qəhrəmanlarından
birinin dediyini xatırlamaya bilmirik: "Çox cahillər Səni
göydə arar, yerdə istər. Sən xud möminlər
könlündəsən".
Az öncə qeyd etdiyim istisnaya gəlincə, bu, təhlil
etdiyimiz mövzunun məğzinə daha dərindən varmaq
imkanı verir.
İnananlar surəsində (23) Ali Varlığın təkliyini
dananlara aid bir ayə var: "Axır onların birinə
ölüm gələrsə, deyər: "Rəbbim! Geriyə
qaytarın məni, olsun ki, mən yararlı bir iş
görüm o tərk eylədiyimdə". Əsla! Bir
sözdür də deyir o. Bir maneə dayanar arxalarında ta o
günə qədər ki, dirçəldiləcəklər"
(23:99-100). Ölümə düçar kafir şəxs Rəbbə
"Rəbbim" deyə yalvarışla xitab edə-edə
ayrıldığı dünya həyatına təkrar
qaytarılmağını O-ndan dilərkən "qaytar"
demir, "qaytarın" deyir.
Yeri gəlmişkən, Quranın başqa dillərdə
açıqlama-tərcümələrinin əksəriyyətində
feilin bu əmr şəkli orijinalda olduğu kimi cəmdə
deyil, nahaq yerə təkdə keçir. Bu yazının müəllifliyindəki
"Oxu - Quran açıqlaması" istisna olmaqla Azərbaycan
dilinə tərcümə edilmiş variantların
hamısında bu yanlışlıq var. Rusca Quran tərcümələrində
də həmin feil təkdədir. Türkiyə türkcəsində
onlarla məalı da nəzərdən keçirərkən
böyük əksəriyyətində bu
yanlışlıqla rastlaşdıq. Yaxşı ki,
onların arasında yuxarıda xatırlatdığım mərhum
Yaşar Nuri Öztürkün tərcüməsi də daxil
bir neçə istisnadan danışmaq mümkündür.
Oxu orijinalında Rəbbə ikinci şəxsin tək
deyil, cəm əvəzliyi ilə bu müstəsna müraciətin
izahını müsəlman aləmində tanınmış
təfsirçilərin (Təbəri, İbn Kəsir, Nasir əs-Səədi,
Məhəmməd ən-Nisaburi, Fəxr ər-Razi, Cəlaleyn
əs-Suyuti, Bağavi, Qurtubi) yazılarında axtardıq və
axtarışımızı asanlaşdıran internet
resusları oldu. Bəzi müəlliflər toxunduğumuz
qrammatik məqamı sadəcə diqqətsiz buraxmış,
fikri kafirin ölüm anında Rəbbə
yalvarışının, əhvalının səbəbləri
və s. ayrıntılara yönəltmişlər. Bəziləri
isə bizi maraqlandıran mətləbə diqqət
ayıraraq kafirin ölüm anında Rəbbə
"qaytarın" deməsini iki səbəblə əlaqələndirmişlər.
Birincisi, onlara görə, Rəbbin şəninin
böyük tutulması ilə şərtlənir,
çünki belə düşünürlər, bu
böyüklüyü Rəbb Özü də müəllif
"Biz"ində təqdim edir. Orta əsrlər müfəssirlərinin
bu yanaşması ərəblərdə islamöncəsi
cahiliyyə dövründən qalma və hazırda işlək
bir davranış ənənəsindən qaynaqlanır. O ənənədən
ki, təkdə olan ikinci şəxsə cəmdə
halında müraciət ehtiram əlamətinin ifadəsi kimi
qələmə verilir. Yuxarıda bunun hazırda mədəni
davranış normativlərindən də olduğunu
vurğulamışıq.
Din üləmasının yazılarında
rastımıza çıxan izahlarda indi adi danışıq
normativlərində yer alan bu ehtiramlı müraciət
qaydasının vaxtilə güc, sərvət, hakimiyyət,
ixtiyar sahibinə münasibətdə tətbiq edildiyi
bildirilir. Ona görə ki, belə nüfuzlu şəxs sosial
mənsubiyyəti aşağı olanlarla ünsiyyətdə
özünü cəm halında "biz" deyə təqdim
edirmiş (https://al-maktaba.org/book/31616/63280). Cahiliyyə
dövrü ərəb poeziyasından sitatlara da bu mənada
istinadlar var. Həmin nümunələrin birində tək
şəxsin özünü cəm halında təqdiminin ərəb
patriarxal ailə ənənəsində yer
aldığını da görürük. Məsələn,
cahiliyyə dövrünün məşhur şairlərindən
Əl-Cumeyh əl-Əsədi şeirlərinin birində
zövcəsi Uməməyə xitab edərkən deyir:
"Uməmə susdu, bizi dindirmədi..." (orada).
Əlbəttə, özünü "biz"
adlandıraraq özünə "siz" dedirtmə ənənəsində
təkəbbürdən doğan mənəvi-əxlaqi kəsirin
də yer aldığı şübhəsizdir. Ərəb
müəllifləri Oxudakı Rəbbin "Biz"inin
izahı üçün cahiliyyə dövrü ənənəsinə
istinadən bu təkəbbürü qeyri-ixtiyari olaraq Rəbbə
də aid edirlər. Bəli, Oxu mətninin bir ayəsində Rəbbə
xas isimlərdən biri orijinalda "mutəkəbbir", hərfən
tərcümədə "təkəbbürlük edən",
"kibrli", "böyüklənən"dir: "Odur
Tanrı, Ondan başqa ilah yox! Məlik, müqəddəs,
sülh, inanan, qayğıcıl-baxan, güclü, tabe etdirən,
böyüklənən! Tanrı ucalar ucası, ucasında o nəsnənin
ki, ortaq qoşurlar" (59:23). Məsələ
burasındadır ki, təkəbbür Oxu ayələrində
insana aid kontekstdə istər bu feili sifətlə, istər
feilin bütün şəkillərində ifadə edilsin, məhz
mənfi, xoşagəlməz, ilahi qınağa tuş gələn,
kafirə xas mənəvi qüsur kimi təlqin edilir (16:23;
16:29; 40:35 və s.). Bəs bəndəsinə rəva görmədiyini
Rəbb Özünə necə rəva bilir? Bunu belə izah
edirlər ki, Rəbbin böyüklənməyini O-nun hər
qüsurdan, eləcə də kafirlərin ona şərik
bildiklərindən uca olduğunu bəlirtmək istəyi kimi
anlamaq lazımdır. Biz isə bu kontekstdə başqa bir
yanaşmanı üstün tuturuq. Hesab edirik ki, aləmlərin
Rəbbinin Oxuda yalnız bir ayədə "böyüklənən"
kimi Özünütəqdimi mömin şüuruna deyil,
kafir-bütpərəst şüuruna yönəlik məzmundadır.
Bütpərəstin davranışı adətən təkəbbürlüdür
və belə ola-ola özündən daha yüksək sosial
statuslu birinin təkəbbürü eləsində qorxu, təzimetmə
ovqatı yaradır. Başqa sözlə, Rəbbin təkəbbürü
kafirin təkəbbürünü sındırmaq
üçündür. Oxuda düşmən fəndgirliyi, məkrinə
qarşı Rəbbin daha üstün və usta fəndgirliyi
də vurğulanır ki, bununla kafirlərlərin möminlər
əleyhinə qurduğu quramalar baş tutmasın: "Onlar fənd
işlətdilər, Tanrı da fənd tərpəndi.
Tanrı fənd quranların ən xeyirlisi" (3:54). Yeri gəlmişkən
İslam əleyhdarları "Allahın məkri",
"Allahın fəndi", "Allahın hiyləsi" kimi
tərcüməyə gələn "məkru-llah" ifadəsini
primitivcəsinə belə manipulyasiya edirlər ki, baxın,
müsəlmanların kitabında onların Allahı məkrli
olaraq da təqdim edilir. Kafir xüsusiyyətinə aid təkəbbürün,
eləcə də məkrin-fəndgirliyin Rəbbin nümunəsində
möminlər üçün dərsi ondan ibarətdir ki,
düşmən təkəbbürü səni qorxutmasın,
Rəbbinə sığınaraq sən onu qorxut, düşmən
sənə qarşı məkrli plan işləyirsə, sən
Oxu-lu ol, bilikli ol, ondan ağıllı tərpən, onun
planını heçə çıxar və s.
Daha aydın olsun deyə bunu da qeyd edək ki,
Tanrıya aid ismi-sifətlərin cəmində məzmunca
bütçülərə qarşı olsa da, əlahiddə,
kontesktdən kənar səslənişi neqativ assosiasiya
yaradan nümunələr (üzərində
dayandığım iki nümunədən əlavə
"intiqam alan", "cəza verən"...) mütləq
azlıqdadır. Bunu Oxu fəlsəfəsində
"pozivitizm" deyə vurğulayırlar.
Əlbəttə, Rəbbin müəllif
"Biz"inin təkəbbürlə əlaqəli izahı
qəbuledilməzdir. Təkcə ona görə ki, Oxu
möminlərə bu əxlaqı sadəcə layiq bilmir.
Daha pisi odur ki, yuxarıda qeyd etdiyimiz ayədə təkəbbürü
kafirin Rəbbə "Siz" xitabının izahında da
O-na xas özəllik kimi ümumiləşdirirlər.
Kafir-mömin fərqləndirilməsini unudaraq! Belədə nəzərə
alınmır ki, ayələrdə Özünü
"Biz" kimi tanıdan Rəbbə möminlərin
müraciəti "Siz" deyil, "Sən" əvəzliyi
ilədir. Yəni Onun birliyinə iman gətirənlər Rəbbin
şənini böyük bilib uca tutur, amma O-na "Sən"
deyə dua edirlər.
Kafirin Rəbbə "Siz" xitabının ikinci
başqa səbəbi kimi isə onu vurğulayırlar ki, eləsi
Rəbbə səslənəndən sonra cəhənnəm mələklərini
görür və yalvarışını Rəblə birgə
həmin mələklərə də ünvanladıqdan
öncə "Rəbbim" deyirsə, istəyini Rəbb-mələklər
heyətinə yönəldərək "qaytarın"la
ifadə edir. Kafirin cəhənnəm mələklərinə
müraciəti təsəvvür edilə bilsə də, Oxu
mətninin məntiqi baxımından ağlabatan deyil,
çünki ayələrdə mələk-insan dialoqu əsasən
birtərəflidir: mələk insana xitab edir, insan isə
cavabını Rəbbə ünvanlayır, mələyə
yox (bax: 3:39-40; 3:45-47). Yeganə istisna İbrahim peyğəmbəri
insan cildində ziyarət edən elçi-mələklərlə
onun söhbətidir (11:69-73; 15:51-65).
Sözü gedən ayə isə mələk-insan
dialoquna deyil, insan-Rəbb dialoquna aid epizodu təsvir edir.
Kafirin "qaytarın" ifadəsinin izahı
üçün Oxu məntiqinə daha uyarlı bildiyimiz iki fərqli
məqam üzərində dayanaq.
Əvvəla, Oxu-da "kafirlər" deyə
tanıdılanlarlar inancsız deyillər. Onların da
inandığı dəyərlər sistemi, başqa sözlə,
dini var (109:6). Rəbbə şərik qoşduqlarına
görə müşriklərdir, küfr yiyələridir.
Tarixdən bəllidir ki, islamaqədərki ərəblər
Allahı ilahlar panteonunda baş ilah kimi təsəvvür edir
və kainatı O-nun yaratdığına inanırdılar.
Bununla belə, ona da inanırdılar ki, tapındıqları
aşağı ranqlı bütlər onları O əlyetməz,
görünməz Varlığa yaxınlaşdırmaqla
mükəlləfdirlər. Kafir üçün Rəbb
ilahlar cəminin içindədir. Oxu-da sözü gedən
kafir Tanrıya şərik qoşanların bir növ
ümumiləşdirilmiş obrazıdır və bu obraz
müraciətini inandığı panteonun başında duran
Allaha edirsə də, yardımı həm O-ndan, həm
bütlərindən umduğuna görə
"qaytarın" deyir. Dünya həyatına
qaytarılmanın mümkünsüzlüyünü bildirən
başqa bir ayə də var ki, kafiri ölüm haqlayanda onun
bütlərə müraciət faktını təsdiq edir:
"Onlara deyildi: "Qoşduğunuz ortaqları
çağırın". Çağırdılar və o
çağırdıqları cavablaya bilmədilər
onları, əzabı görmüşdülər. Kaş
öncədən doğru yola gələydilər" (28:64).
Bu ayədən göründüyü kimi, Oxu-nun
söz saldığı bütlər təkcə daşdan,
ağacdan yonulmuş bütlər deyil, həm də canlı
varlıqlardır, "əzabı görmüşdülər"
deyə tanıdılırlar. Daş, ağac və s. əzabı
necə görə bilər?! Aydındır ki, universal Oxu mətni
və məntiqi bütlərin insanlar qismində ümumiləşdirildiyini təxmin
etməyə imkan verir. Tanrıya təslimolmaya şərik
tutulan insana təslimolma - bütçülüyün bu
müasir təzahürü əxlaqi mənfiliklərlə
yüklü həyat və düşüncə tərzi də
doğurur. İnsana təslimolma şirkinin
daşıyıcısı kafir dar ayaqda, ölüm
anında həyatı boyu gəlişdirdiyi yaltaqlıq vərdişindən
kainatın Yaradıcısına müraciət edərkən
də əl çəkə bilmir: O-na ehtiram göstərirmiş
kimi "Siz" əvəzliyi ilə yalvarışda bulunur
(bir növ tapındığı müdiri, rəisi,
başçısı, şahı ilə də hər zaman rəsmiyyətlə
"siz"lə danışdığı sayaq!), O-na həqiqi
təslimolmuşlar sayaq məhrəmliklə "Sən"
demir (necə desin, O-ndan uzaq düşmüş axı!).
Yenə qayıdaq müəllif "Biz"i yozumunun Rəbbin
Öz ehtişamı, əzəmətini bildirmək istəyi
ilə bağlı əsaslandırmaya. Sual yaranır: Rəbb
Öz böyüklüyünü məhrəm bəndələrinə
bildirmək üçün Özünə niyə
"Biz" desin? İmanlı bəndə oxuduğu vəhylərdən
də, imanından doğan təsəvvürdən
də bilir axı O-nun ehtişamını, əzəmətini,
böyüklüyünü. "Göylərlə yerin
yaranışı barədə düşüncələrə
dalan" həmin bəndə dilə gəlib deyir Oxu-da:
"Rəbbimiz! Sən bunu boşuna yaratmadın. Sən ucalar
ucası!" (3:191).
Din üləması "Biz"i əsaslandırmaq
üçün O-nun adlarının çoxluğuna işarə
edirlər. Tanrı sifətlərinin (ənənəvi təsəvvürdə
Tanrının şərti olaraq 99 adı) çoxluğuna
dayanan dəlil də inandırıcı səslənmir. Elə
təkcə bu ayəyə diqqət yetirmək yetər, niyəsi
aydın olsun: "And olsun, şərəf verdik Adəm
oğullarına. Quruda, dəniz də daşıdıq
onları, xoşluqlardan ruzilər verdik onlara.
Yaratdıqlarımızın bir çoxundan üstün
tutduq onları" (17:70). Səslənən feillərin hərəsi
ayrıcalıqdadır, Tanrıya aid bir fəaliyyəti
bildirir. "Şərəf verdim", "ruzilər
verdim", "üstün tutdum" deyilsəydi də normal
səslənərdi, təbii. Yəni tək Rəbbə aid
edilən "şərəfləndirən", "ruziləndirən",
"üstün tutan" feili-sifətlərin
çoxluğu müəllif "Biz"inin izahı
üçün əsas götürülə bilməz.
Yaradılışın davamlılığına
istinad edən "dəlil" isə, ümumiyyətlə,
tənqidə dözümsüzdür. Mütləq Ali
Varlıq bu davamlılıqda şəriksiz
yaradılış müəllifidirsə və ayələrin
çoxunda bu şəriksizlik "O" əvəzliyi ilə
doğrulanırsa, nəyə görə ifadəyə
"Biz"lə qoyulsun? Sonsuz proseslər çoxluğu
sahibinin sadəcə mütləqliyi həmin dəlili mənasız
edir.
Tanrının zatına aid ayələrdə -
"Yetirin yerinə Mənə olan əhdi" (2:40);
"Anın Məni, anım sizi" (2:152); "Tövbəni
qəbul eyləyən, rəhim Mənəm, Mən!"
(2:162) - "Mən"in,
yaradılışa, yaxud hər hansı ilahi fəaliyyət
növünə dair ayələrdə isə "Biz"in
keçdiyinə istinad edənlərin də dəlili zəifdir.
Məsələn, "Mən cinləri, insanları
yalnızca o üzdən yaratmışam ki, Mənə qulluq
qılalar" (51:56) ayəsində
Tanrı zatı nəzərdə tutulursa (ibadətin təkcə
ona aid olduğunu vurğulamaqla bağlı) və bu üzdən
də "Mən"dən istifadə edilirsə, həmin ayədəcə
yaradılış barədə məlumatda da "Mən"
keçir axı. Hərçənd xeyli başqa ayələr
var ki, cinlərlə insanların
yaradılışının müəllifi "Mən"
deyil, "Biz"dir (15:27; 49:13 və s.).
Ayələr O-nundur. Fəqət O, bir ayədə
"Mənim ayələrim" (7:35) deyirsə, niyə digərində
"Bizim ayələr" (2:39) də desin? Birində mütləqliyin
ifadəsi, digərində əzəmətinin dəmi
vurğulanması üçün?
Əmr yiyəsi, hökm yiyəsi təkdir, O-dur. Amma
ayələrdə hansısa əmr veriləndə bu,
"Biz"dən bir əmr (44:5), hökm veriləndə bu,
"hökmümüz" (28:44) olur. Söhbət sadəcə
ilahi əmrin yerinə yetirilməsi, qərarın
icrasından getmir ki, proses kimi nəzərdə tutulsun və
prosesə təkan verənlə
O-nun qanunlar sistemi "Biz" heyətində birgə fəaliyyət
göstərirmişlər kimi təsəvvür edilsin. Məsələ
Ali Qanunvericinin Özündən gələn, hələ
icrasına başlanmamış, Mütləq Ali Şüurun
müzakirəsiz və şəriksiz qəbul etdiyi qərarla
bağlıdır: "Bir işə qərarlısa, ona sadəcə
"ol" deyəsi, o da olası" qərarı ilə
(3:47). Bəs bu halda nəyə görə yenə
"Biz" əvəzliyidir işlənən?
Oxu-da bir ayə var ki, "Biz"i əsaslandırmağa
yönəlik istər Tanrı adına çoxluğu, təcəlli
bolluğunun şərtləndirdiyi, istər kainat idarəçiliyində
O-nun istifadə etdiyi qanunlar sistemi, istər də mələklərin
vasitəçiliyi, yaxud iştirakı ilə bağlı dəlillər
olsun - bunların üstündən xətt çəkir:
"And olsun, insanı yaratdıq da bilirik nəfsi ona nə
pıçıldayır. Biz ona şah damarından da
yaxın" (50:16).
Hesab etsək də ki, ayənin birinci cümləsində
müəllif "Biz"ini Rəblə birlikdə insan
yaradılışında iştirakçı elementlər
kimi (can, ruh, su, torpaq, nütfə və s.) nəzərdə
tutula bilənlər şərtləndirir, ikinci cümlədəki
"Biz"in insana şah damarından da yaxın məhrəmlikdə
olduğundan əlahiddə bir "Mən" kimliyini sezməmək
olmur. Məhrəm yaxınlığın ifadəsində əzəmət
və ehtişamın vurğulanmasına ehtiyacmı var ki,
buradakı tərəflərdən biri hökmən
"Biz" olsun? Məhrəm yaxınlıqda iki tərəfdən
(Tanrı-insan) birinin qrammatik cəmdə təqdimi də sual
yaradır: bu halda yenə niyə "Mən" yox,
"Biz"? Bir halda ki, Rəbbin "Biz"inə müraciət
edən insan ümumilikdə ona dəvətlidir ki, "Sən"
desin. Ayə "Mən ona şah damarından da yaxın"
kimi verilsəydi, məhrəmliyin ifadəsi daha uyğun səslənməzdimi?
Hədis üləması və ənənəvi
islami düşüncə sahiblərinin nəzərdən
qaçırdıqları iki məqam var.
Bütün vəhy dinləri kimi, Tanrıya təslimolma
(islam sözü ərəbcədən tərcümədə
belədir) dininin Oxu ifadəsindəki variantı da
Tanrı-insan münasibətlərini ilk növbədə əxlaqi
müstəvidə tənzimləyir. Başqa sözlə, Oxu
öz oxucusuna ilk növbədə əxlaq dərsi
keçir. Vəhyləri müəllifindən alan Məhəmməd
Seçilmişin də peyğəmbərlik missiyası bu dərsin
çatdırışlarını həyata keçirməkdən
ibarətdir ki, ona müraciətlə deyilir: "Və doğrudan-doğruya,
sən ulu bir əxlaq özülündəsən" (68:4).
Məsələyə bu aspektdən
yanaşmayanların tənqidini yuxarıda təqdim etdik. Nəzərdən
ilk növbədə qaçırılan odur ki, Oxu-da Ali
Yaradanın daha çox "Biz" təqdimi həmin əxlaq
dərsinin içindədir. Rəbb insanlara Öz nümunəsində
"mənəm"likdən, eqoizmdən uzaq olmağı təlqin
edir. Hər şeyi yaradan Özü çox zaman "Mən"
deyil, "Biz" deyirsə, yaradıcılığı ilə,
fəaliyyəti ilə, mütləqliyi ilə, "Mən"i
ilə müqayisədə çox kiçik olan insan niyə
də hər fürsətdə "mən-mən" deməlidir?
Özünə "Sən" dedirdən Tanrı
yaratdığı insanla Özü arasında məhrəmlik
yaratmaq, Tanrı-insan münasibətlərini bu məhrəmlik
müstəvisində sürdürmək niyyətində
ola-ola insana bu münasibətlərdən kənarda, ictimai həyatdakı
davranışlarını da tənzimləməkdən
ötrü nümunə göstərir.
Oxucuda sual doğa bilər. Oxu-nun orijinal dili ərəbcə
və adları yuxarıda qeyd edilən və istinad verilən
müəlliflərin əksəriyyəti ərəblər
ola-ola onlar "Biz"də bu təvazö elementini niyə
sezə bilməmişlər və bəlkə başqa dillərdən,
eləcə də Azərbaycan dilindən fərqli olaraq ərəb
dilində danışanlar üçün fərdin
özünə "biz" deməsi heç bir halda təvazökarlığı
ifadə etmir? Xüsusən
yuxarıda istinad etdiyim ərəbcə ədəbiyyat
nümunələri kontekstində baxanda ki, "Biz"
ehtişam, böyüklük mənasının təlqini
kimi izah edilirsə də, təkəbbürlü
davranışdan xəbər verir kimi yozula bilir.
Maraqlıdır ki, ötən əsrin əvvəllərindən
etibarən ərəb dili mütəxəssisləri
arasında fərdin özünü təqdimində
"biz"ə üstünlük verməsinə dair gedən
polemikada bu cəm əvəzliyinin təvazökarlıq
aspekti də vurğulanmağa başlamışdır (Abu Bəkr
əl-Ayadi. Damiru-l-cəm əm damiru-l-mufrad. Əl-arab. 19 əbril,
2018). Aydındır ki, bu yanaşmaya üstünlük verənlər
din üləması yox, sadəcə dilçilərdir. Yəni
müasir ərəb dilində danışanlar
üçün də fərdin "biz" əvəzliyindən
istifadəsi təvazökarlığın əlaməti kimi
üstünlük qazanmaqdadır.
İndi "mən belə hesab edirəm ki...",
"mən vaxtilə demişdim ki..." qəbilindən
qeyri-təvazökar ifadələrə bir
çoxlarının yazılarında, nitqlərində
tez-tez rast gəlirik. Hələ başqasının fikirlərini
istinadsız-filansız öz adlarından "mən" ədası
ilə car çəkənləri demirik. Belələri
üçün ən gözəl təvazökarlıq dərsi
Oxu-da Rəbb adından tez-tez səslənən
"Biz"dir!
"Biz" - Oxu-da vəhy
təhkiyəsinin müəllifidir.
Elmi, publisistik yazılarda müəllif "biz"i
xeyli işləkdir. Bu qəbildən müəllif
"biz"ini "təvazökarlıq formulu"
adlandıranlar da var (Russkaə qrammatika. Akademiə nauk SSSR,
İnstitut russkoqo əzıka - M.: Nauka, 1980. S.534 § 1278).
"Təvazökarlıq formulu"nun xitab edilənləri
inandırmaq təyinatından da danışmaq yerinə
düşər. Elmi-publisistik yazılarda "mən" əvəzliyindən
istifadə yalnız o halda məqbul sayılır ki, müəllifin
daha çox şəxsi ilə bağlı epizodlara şamil
edilsin. Oxu-da Rəbbin "Mən" təqdimini O-nun əsasən
zatına aid bilənlərin yozumu bu bağlamda bəraətli
görünür.
Dilçilər fərdə aid müəllif
"biz"inin təmsilçiliklə bağlı işləkliyinə
də diqqət yönəldirlər. Məsələn,
siyasi-ictimai tədbirlərdə çıxış edən
fərdlər nitqlərində müəllif "biz"inə
ona görə üstünlük verirlər ki, danışdıqlarını
təkcə öz adlarından deyil, təmsil etdiklərinin
adından vurğulasınlar və bununla auditoriyanı dediklərinə
inandırmağa çalışsınlar. Oxu-da Rəbbin
müəllif "Biz"inə bu funksiyanın da uyğun gəldiyini
vurğulamaq mümkündür.
Rəbbin müəllif "Biz"i həm də yaratdığı
bütün varlıqlar aləminin mütləq təmsilçisidir
ki, aləmlərin Rəbbidir (1:2). Oxuda bu təmsilçiliyin
inandırmaq funksiyasını aşkaranə təsdiqləyən
bir məqam da var: Rəbb bəzi vəhylərinə sadəcə
Öz andlarını, bəzən isə yaratdıqlarına
verdiyi andları da daxil edir. Çoxsaylı belə nümunələrdən
bir neçəsini sitat gətirək: "And olsun, səndən
öncəki elçilər də yalanlanmış idilər..."
(6:34); "And olsun, Biz onlara bir Yazı gətirmişik,
açıqlamışıq bunu bir elm ilə..." (7:52);
"And olsun hikmət dolu Oxuya, sən, şübhəsiz,
göndərilmiş elçilərdən birisən..."
(36:2-3); "And olsun o səf-səf düzülənlərə,
o hay vurub qovanlara, o Anım oxuyanlara, birdir sizin
İlahınız, şübhəsiz" (37:1-4); "And
olsun aydınladan Yazıya, bərəkətli bir gecədə
endirmişik Biz onu" (44:2-3); "And olsun səhərə,
and olsun durğun gecəyə, Rəbbin sənin tərkini
heç qılmamış, sənə heç
darılmamış" (93:1-3).
Digər yandan, vəhy təhkiyəçisinin
"Biz"ndə aləmləri təmsillə yanaşı
onlardan istifadə də diqqətə alına bilər. Ancaq
burada bir incə nüansı nəzərdən
qaçırmaq olmaz. O-nun yaratdıqlarında
Özünün təcəlli çoxluğu ilahi qərar qəbulunda,
Rəbbin işində, əmrində, hökmündə şəriklik
anlamında iştirakdan söhbət gedə bilməz. Kainat
idarəçiliyi və yaradılışı prosesində
bu çoxluqdan istifadə həqiqətinə bu
çoxluğun sadəcə əlahiddə iştirakı
iddiasını qarışdırmaq olmaz! Haqqında yuxarıda bəhs etdiyimiz bu
yanlış yanaşma bütçülüyə təkan
verə biləcək məzmundan xali deyil.
Oxu-da müəllif "Biz"i bəzən imanlı
oxucusunu da təmsil edərək öz içinə alır.
Özəlliklə o ayələrdə ki, mənəvi-əxlaqi məzmunlu bəzi
ilahi çatdırışları inanışlı oxucusu
adından ifadə edirmiş kimi vurğulayır. Bununla da
oxucusu insana özünü psixoloji baxımdan bir növ
müəllif "Biz"inin içində hiss etmək
imkanı qazandırır.
Nəhayət, yuxarıdakı dəlillərimiz vəhy
təhkiyəçisinin müəllif "Biz"inin iki təyinatını
şərtləndirir: insanları təvazökarlığa səsləyərək
böyüklənmədən uzaq durmağa təşviqləmək;
Rəbbin aləmlərin təmsilçisi qismində
insanları vəhylərinə inandırmaq.
Nəriman QASIMOĞLU
525-ci qəzet .- 2025- 24 may(¹90).- S.20-21.