Müəllim nüfuzu:
cəmiyyətin tərəqqisi üçün vacib amil
"MÜƏLLİMLƏRİMİZ
İCTİMAİ ETİMADI YÜKSƏK PEŞƏKARLIQ
VƏ DƏRİN MƏSULİYYƏT HİSSİ İLƏ
DOĞRULDURLAR"
Tarix boyu müəllimlər cəmiyyətin ən
hörmətli və etibarlı insanları sayılıblar.
Müəllim yalnız öyrədən, bilik verən deyil, həm
də gələcək nəsli tərbiyə edən,
onların şəxsiyyət kimi formalaşmasında
böyük rol oynayan şəxsdir. Onlar zaman-zaman cəmiyyətin
ən fədakar, qayğıkeş, etibarlı dayağı
hesab ediliblər. Ürəyinin istisi, zəkasının nuru
ilə ömrü boyu nəsil-nəsil vətəndaşlar
yetişdirib müəllimlər.
Həmişə insanların gözündə bir
müəllim obrazı olub. "Elə bilirdik ki, müəllim
çörək yemir, su içmir" - bu, onillər ərzində
cəmiyyətdə hakim bir düşüncə olub. Müəllimə
heç zaman adi yanaşılmayıb, adi baxılmayıb.
Müəllim peşələrin ən şərəflisi
olub. Hörmət əlaməti olaraq nüfuz sahiblərinə,
şəxsiyyətli insanlara müəllim sözü
müraciət forması kimi işlənib. İndi də bu
müraciət forması hörmət əlaməti olaraq
işlənir. Nüfuz əlaməti olaraq deyil. Çünki
artıq müəllim adının nüfuzu əvvəlki
kimi deyil.
Müəllim nüfuzu - müəllimin biliyi,
davranışı, etik dəyərləri və peşəsinə
olan münasibəti nəticəsində qazandığı
hörmət və etibardır. Bu nüfuz şagirdlərin
ona olan inamını, valideynlərin əməkdaşlığını
və həmkarların ehtiramını
formalaşdırır. Müəllimin nüfuzu onun öz
peşəsinə necə yanaşmasından, şagirdlərə
və valideynlərə qarşı davranışından, cəmiyyət
içindəki fəaliyyətindən asılıdır.
Müəllim nüfuzu ifadəsi müəllimin cəmiyyətdə,
məktəbdə və şagirdlərin gözündə
ona olan hörmət və etibarı bildirir. Bu hörmət,
müəllimin bilik və bacarığına,
davranışına, ədalətinə, tələbkarlığına,
insani keyfiyyətlərinə əsasən formalaşır.
Yüksək nüfuza sahib müəllimlər şagirdlər
üçün həmişə örnək olub.
Şərəfli, ancaq çətin və ən məsuliyyətli
peşə sayılan müəllimliyi seçən bir vəzifənin
öhdəsindən layiqincə gələn müəllim
şagirdlərinin yaddaşında bir ömür qalır.
Müəllimlər şagirdlərin dərin və hərtərəfli
bilik almaları, yaşadıqları dövrün problemlərindən
baş çıxarmaları üçün bütün
bilik və bacarıqlarını sərf edirlər. Valideynlə
bərabər, bəlkə də, ondan daha çox,
uşağın hər cür şıltaqlığına, əziyyətinə
dözmək, kədəri ilə kədərlənib, sevinci
ilə sevinmək müəllimlərin üzərinə
düşən ağır yükdür.
Müəllim əməyinin nəticəsində cəmiyyət
formalaşır, savadlı, bilikli, geniş
dünyagörüşlü, nümunəvi əxlaqa malik
insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da
inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin
möhkəmlənməsində fəal iştirak edən
insanlar məhz müəllim əməyinin yetirmələridir.
Bu gün məktəblərimizdə bu qiymətə
layiq olan, öz sənətini ürəkdən sevən, yüksək
peşəkarlığı ilə fərqlənən, cəmiyyətin
onların qarşısında qoyduğu vəzifəni - hərtərəfli
biliyə, onları tətbiq edə bilmək qabiliyyətinə,
yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək
vəzifəsini şərəflə yerinə yetirən
müəllimlər çoxdur.
Bir çox sənət və peşə sahiblərindən
fərqli olaraq müəllimlərin peşə
bayramlarının dünya miqyasında qeyd olunması müəllimlik
sənətinin başqa peşə və sənətlərdən
yüksəkdə durduğunu, müəllimlərin
bütün millət və xalqlar arasında böyük
hörmətə və nüfuza malik olduqlarını
sübut edir.
Peşəkar pedaqoq, sözün əsl mənasında
yaxşı müəllim, qayğıkeş və dəyərli
insan kimi şagirdləri tərəfindən sevilən
İlhamə Hümbətova da yaddaşlarda daim qalacaq müəllimlərdəndir.
Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 318
nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
olan İlhamə Hümbətova da ölkənin gələcəyi
üçün savadlı, bilikli, vətənpərvər
insanlar yetişdirməyə çalışır. 18 illik
pedaqoji təcrübəsi olan İ.Hümbətova vəzifəsini
layiqincə yerinə yetirərək müəllim
adını zirvəyə ucaldır. O deyir ki, şagirdlər
müəllimi örnək alır, ona hörmət edir və
dəyər verir. Dərsə maraq artır, şagirdlər dərsi
daha məsuliyyətlə izləyir və iştirak edir.
Valideynlər müəllimə güvənir, onlarla əməkdaşlıq
edir, təhsilin inkişafına töhfə verir. Məktəbdə
pozitiv mühit formalaşır, həmkarlar arasında
sağlam əməkdaşlıq yaranır. Cəmiyyətdə
müəllimin rolu yüksəlir, müəllimlərə
münasibət layiqincə ifadə edilir: "Müəllim
öz ixtisasını dərindən bilməklə, pedaqoji,
psixoloji, metodik hazırlığa malik olmaqla yanaşı,
peşəsinin vurğunu olmalı, onu ürəkdən sevməlidir.
Çünki bu işdə əsas amillərdən biri
sevgidir: müəllim öz işini və şagirdlərini
sevməli, onlara qayğı ilə yanaşmalı, onları
başa düşməli, hər birinə fərdi
yanaşmağı bacarmalı, problemlərini,
qayğılarını öyrənməli, münasibətləri
əməkdaşlıq səviyyəsində qurmalı,
öz qabiliyyəti, davranışı, geyimi,
danışıq tərzi, tədrisdə seçdiyi üsul
və vasitələri, öyrənməyə həvəs
göstərməsi ilə də şagirdi cəlb etməlidir".
Onun sözlərinə görə, müəllim gənc
nəslin formalaşmasında böyük rol oynayır.
Uşaq ikən bizə qələm tutub yazmağı öyrədən,
hər il keçdikcə öz bildiklərini bizimlə
bölüşən dəyərli varlıqdır müəllim:
"Bu peşəni digərlərindən fərqləndirən
daha bir cəhət ondan ibarətdir ki, bütün insanlar
müəllimdən öyrənir. Elə bir dəyərli insan
tapılmaz ki, onun müəllimi olmasın. Dünyanı dəyişən,
idarə edən, tarixi yaradan dahi şəxsiyyətləri də
müəllimlər yetişdirib. Müəllimlik yeganə
peşədir ki, həyatda onun heç bir alternativi yoxdur.
Zaman keçəcək, on illər, yüz illər ötəcək,
cəmiyyət və həyat daha yüksək inkişaf mərhələsinə
çatacaq, lakin müəllim peşəsi yenə də
bütün peşələrin zirvəsində dayanacaq".
İlhamə Hümbətovanın fikrincə, müəllimlərimiz
ictimai etimadı peşələrinə sədaqət, millətə
sevgi ilə, yüksək peşəkarlıq və dərin məsuliyyət
hissi ilə doğrulda bilirlər. Bu gün onların üzərinə daha böyük və məsuliyyətli
vəzifə düşür: texnoloji tərəqqinin tamamilə
dəyişdiyi yeni dünyanın vətəndaşlarını
yetişdirmək. Həmişə öz missiyasının
öhdəsindən peşəkarlıq və ləyaqətlə
gələn Azərbaycan müəlliminin bu gün zamanın
yeni çağırışlarına da adekvat cavab verə
biləcəyinə şübhəmiz yoxdur. Tərəqqini təmin
edən təhsilə, insan tərbiyəsinə cavabdehlik
daşımaq böyük şərəf və məsuliyyət
yüküdür. Bu məsuliyyəti anlayan Azərbaycan
müəllimi bu gün ölkədə həyata keçirilən
təhsil islahatlarının önündə gedir, onun
aparıcı qüvvəsini təşkil edir. Bu da təsadüfi
deyil. Çünki təhsil üçün yaradılan ən
yaxşı şərait, ən mükəmməl maddi-texniki
təchizat, ən müasir texnologiya və təlim
üsulları peşəkar müəllim olduqda daha çox
səmərə verə bilər.
İlhamə Hümbətova vurğulayıb ki, müəllim
gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin
etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən
qiymətli sərvətini - uşaqları, öz ümidini,
öz gələcəyini müəllimə etibar edir. Bununla
sanki məktəbin, müəllimin məqsədi, vəzifəsi
müəyyənləşdirilir - xalqın, dövlətin gələcəyini
formalaşdırmaq: "Bu gün Azərbaycan müəlliminin
əsas vəzifəsi dövləti qarşısında
öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə
və demokratiya prinsiplərinə, insan hüquqları və
azadlıqlarına hörmət edən, vətənpərvərlik,
azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil
və yaradıcı düşünən vətəndaş
və şəxsiyyət yetişdirməkdir. Müəllimin
qarşısındakı şagirdi öyrətməyi
üçün sevməyi və bu sevgini ötürməyi də
əsas şərtlərdən biridir. İnsan nəyisə
sevməsə, onu ürəksiz etdiyi kimi, şagird də həm
öyrəndiyini, həm də onu öyrədəni sevməlidir.
Ona görə də öyrədən və öyrənən
arasında qarşılıqlı hörmək və sevgi
vacibdir. Müəllim şagirdlərinə öz
övladı kimi yanaşmalı, qayğı və diqqət
göstərməlidir. Mənim üçün şagirdlərimin
hər biri əzizdir. Müəllim kimi onlara daim diqqət və
qayğı ilə yanaşır, şagirdlərimi öz
ölkəsinə və millətinə layiqli savadlı,
bilikli vətəndaşlar kimi yetişdirməyə
çalışıram. Əsl müəllim pedaqoji
metodlardan məharətlə istifadə edərək oxumayan,
ipə-sapa yatmayan şagirdlərdə oxumağa həvəs
və maraq yaratmağı bacarandır. Peşəsini vicdanla
yerinə yetirən əsl müəllim hər bir şagirdə
şəxsiyyət kimi baxmalı, tələbkarlığı
ilə yanaşı, qayğıkeş, gülərüz,
mehriban münasibətilə şagirdin qəlbində taxt
qurmağı, onun yaddaşında yaxşı mənada həmişəlik
qalmağı bacarmalıdır. Şagird isə bunun
müqabilində sadəcə müəllimə hörmət
etməlidir. Çünki şagird-müəllim münasibətlərində
ən başlıca amil qarşılıqlı hörmət
və sevgidir. Müəllim olduğu kimi davranarsa,
uşağın qəlbinə yol taparsa, şagird onu sevəcək.
Ən gözəl sevgi şagirdlərin sevgisidir. Bu sevgi təmənnasız,
şərtsiz və sidq ürəklə olur".
Müəllimin söylədiyinə görə,
dünənin şagirdləri ilə bugünün şagirdlərinin
davranışı, həyata baxışı çox fərqlidir.
Müəllimlər də zəmanə şagirdlərinin bu
davranışlarına hazır olmalıdırlar.
Bugünün müəllimi həm peşəkar pedaqoq, həm
də psixoloq olmalıdır: "Müəllim dərs dediyi
şagirdlərin hər birinin fərdi xüsusiyyətlərini
bilməli, buna uyğun davranmalı və rəftar etməlidir.
Müəllim səbirli, təmkinli olmalı və nəzərə
almalıdır ki, onun yetişdirdiyi şagirdlərdən Azərbaycanın
gələcəyi asılıdır. Şagirdlər günlərinin
çox hissəsini məktəbdə keçirirlər.
Onların həm müsbət, həm də mənfi tərəfləri
müəllim tərəfindən aşkar olunur. Müəllim
şagirlərdə aşkar etdiyi mənfi cəhətlərlə
aradan qaldırmağa çalışmalı, onları
müsbət istiqamətə yönəltməlidir. Müəllim
şagirdə öz övladı kimi davranmalı, ona həm təhsil,
həm də tərbiyə verməlidir. Müəllimlik
peşəsini seçən insanda öyrətmək sevgisi
olmalıdır. İlk dəfə sinfə daxil olanda,
artıq hiss edirsən ki, sən məsuliyyət
daşıyırsan. Məhz ilk dəfə sinfə daxil
olanda, bu peşəyə aid olduğumu bildim. O zaman
anlayırsan ki, sən çox məsuliyyətli, bir o qədər
də şərəfli bir yükün altına girmisən. Mən
hər gün bu peşənin məsuliyyətini daha çox
dərk edirəm. Valideyn tək öz övladı
üçün narahat olur, müəllim isə sinifdəki
bütün uşaqların gələcəyi haqqında
fikirləşir, onların düzgün təlim-tərbiyə
almaları üçün əlimdən gələni edirəm.
Valideyn tək övladının valideynidirsə, müəllim
bütün sinifin, şagirdlərinin valideynidir. Bu, çox təsirli,
ağır, həm də qürurvericidir".
525-ci qəzet .- 2025.- 27 may(№91).- S.15.