Azərbaycan ərəbşünaslığında
seçilən imza
Bu il Azərbaycan şərqşünaslığının
müasir ərəb ədəbiyyatı və xüsusən,
İraq poeziyasının öyrənilməsi sahəsində
tanınmış simalarından biri olan filologiya elmləri
doktoru, professor Vilayət Cəfərovun (15.05.1940-21.02.2021) 85
illik yubileyidir. O, sanballı tədqiqatçı, səriştəli
tərcüməçi və yeni nəsil ərəbşünasların
hazırlanmasında yetərincə xidmət göstərmiş
bir şəxs kimi yadda qalıb.
Vilayət Cəfərov Tovuz rayonunun Bozalqanlı kəndində
anadan olmuş, Puşkin adına Tovuz orta məktəbində
təhsil almışdı. 1965-ci ildə Azərbaycan Dövlət
Universiteti (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq
fakültəsinin ərəb şöbəsini bitirdikdən
sonra 1965-1967-ci illərdə Yəməndə, 1978-1981-ci illərdə
İraqda tərcüməçi kimi fəaliyyət göstərib.
1967-ci ildə AMEA Yaxın və Orta Şərq xalqları
(indiki akad. Z.M.Bünyadov adına Şərqşünaslıq)
İnstitutunun ərəb ədəbiyyatı üzrə
aspiranturasına daxil olub və 1971-ci ildə keçmiş
SSRİ EA Şərqşünaslıq İnstitutunda namizədlik
dissertasiyasını, 2003-cü ildə isə Bakıda doktorluq
dissertasiyasını müdafiə edib. 2010-cu ildə professor
elmi adı alıb, 2000-ci ildən Şərqşünaslıq
İnstitutunun Ərəb filologiyası şöbəsinə
rəhbərlik etməyə başlayıb.
Alim ərəb ədəbiyyatına dair 100-dən
çox elmi məqalənin və 5 kitabın müəllifidir.
Bakı, Gəncə, Moskva və Ankara şəhərlərində
keçirilmiş beynəlxalq elmi konfranslarda məruzələrlə
çıxış edib.
Vilayət müəllimin elmi
yaradıcılığının əsas hissəsi XIX əsrin
sonu, XX əsrin birinci yarısında İraq
poeziyasının inkişaf yollarının tədqiqi ilə
bağlıdır. Bu mövzu onun ilk kitablarında - "Cəmil
Sidqi əz-Zəhavi" (Bakı, 1984) və "Müasir ərəb
siyasi lirikası" (M.Qəmbərovla müştərək.
Bakı, 1990) - müəyyən dərəcədə öz əksini
tapmışdısa, 1998-ci ildə nəşr olunmuş
"İraqda neoklassik poeziya" adlı monoqrafiyasında daha
ətraflı və dərin şəkildə
araşdırılmışdı.
Profesor V.Cəfərovun "Qürbətdə yaranan
dostluq" (Bakı, 2005) kitabı Yaxın Şərqin iki məşhur
şairi türk Nazim Hikmət (1902-1963) və ərəb
Əbdül Vahab əl-Bayatinin (1926-1999) siyasi
baxışlarına görə Moskvada mühacirətdə
(1958-1963) olduqları zaman dostuqları və bu səmimi
münasibətlərin yaradıcılıqlarında əksini
tapmasına həsr edilib.
Nazim Hikmətin əl-Bayati haqqında rus dilində dərc
etdirdiyi 2 məqaləsində yüksək rəy söyləməsi
İraq ədiblərini qıcıqlandırmış və
onlar hər iki şairi "Moskva cəsusları"
adlandıraraq, milli köklərindən ayrılmaqda
günahlandırmışdılar. Öz növbəsində
əl-Bayati Nazim Hikməti sağlığında və vəfatından
sonra çoxsaylı şeirlərində vəsf edərək,
onu özünün müəllimi saydığını
bildirmişdi.
2018-ci ildə V.Cəfərovun "İraq-Türkiyə
poetik əlaqələri" əsəri işıq
üzü gördü. Burada müəllif 1869-1872-ci illərdə
İraqın islahatçı və sosial məsələlərin
həllinə çalışan türk valisi Əhməd
Midhət paşanın "əz-Zourə"
həftəlik qəzetini buraxdığını xüsusi qeyd
edir. 8 səhifədən ibarət bu qəzetin yarısı
türk, yarısı da ərəb dilində idi. O, 1917-ci ildə
ingilislərin İraqı zəbt etməsinə qədər
fasiləsiz Bağdadda çap olunmuşdur. Qəzetdə
müxtəlif məlumatlarla yanaşı, nəzm və nəsr
nümunələri də yer alırdı. Apardığı
islahatlarla barışmayan şər qüvvələri Midhət
paşa haqqında İstanbula çoxsaylı yalan dolu məlumatlar
göndərərək, onun geri
çağırılmasına nail olurlar. Lakin bir müddət
sonra Midhət paşa sultanla görüşüb, hər
şeyi izah edir və nəticədə yeni Baş nazir təyin
edilir. Bağdad isə birbaşa İstanbulun tabeçiliyinə
keçir və İraq XIX əsrin son otuz ilində
ağır məhrumiyyətlərə məruz qalır.
Belə şəraitdə sultan Əbdülhəmid
irticasına qarşı yenilikçi şairlər Cəmil
Sidqi əz-Zəhavi, Məruf ər-Rusafi, Əbdül
Möhsün əz-Kazımi və b. gənc türklər
siyasi təşkilatı ilə həmrəy oldular, öz
şeirlərində onların ideologiyasının təbliğatçılarına
çevrildilər. Əz-Zəhavi türk şairlərinin məşhur
nümayəndələrindən biri İsmayıl Səfa bəylə
dostluq edirdi. O, 1867-ci ildə Məkkədə doğulmuş
siyasi baxışlarına görə Sivaşda sürgündə
olarkən 1901-ci ildə vərəm xəstəliyindən vəfat
edib. Türk ədəbiyyatında, əsasən, siyasi lirika
ustadı kimi tanınmış, beş kitabın müəllifi
idi. Türk və fars dillərində də sərbəst
danışan əz-Zəhavi İsmayıl Səfa bəyin
ölümündən sonra ona 34 misralıq mərsiyə həsr
etmişdi.
Gənc türklər hakimiyyətə gəldikdən
sonra əz-Zəhavini İstanbula dəvət etdilər,
"Dərül-fünun"da ona dərs demək hüququ
verdilər və şair "Məclisi Məbusan"a deputat
seçildi.
İraqda neoklassik cərəyanın nümayəndələrindən
sayılan Məruf ər-Rusafi (1875-1945) İraq-Türkiyə ədəbi
əlaqələri tarixində çox böyük rol oynayan
bir şair olub.
Ər-Rusafi türkcəni uşaqlıqdan öyrənmiş,
böyüyəndə isə gənc türklərin
"İttihad və tərəqqi" partiyasına üzv
olmuş, sultan Əbdülhəmid devrildikdən sonra
İstanbula gələrək, məktəblərdə ərəb
dili və ədəbiyyatından dərs demiş, qəzetlərdə
müxbirlik etmişdi. İraqdan "Məclici Məbusan"a
iki çağırış deputat seçilmiş, türk
yazıçı və şairlərinin əsərlərini
ərəb dilinə çevirmişdi.
İnqilabın qələbə çalmasını
Qahirədə qarşılayan iraqlı yenilikçi şair
Əbdül Möhsün əl-Kazımi (1868-1935) öz sevinc
hisslərini 100 beytlik qəsidə ilə ifadə etmişdi.
Vilayət müəllimin bu əsərinin II fəsli
"İraq-Türkiyə əlaqələrinin mühacirət
mərhələsi" adlanır. Burada Nazim Hikmətlə
Əbdül Vəhab əl-Bəyatinin müəllifin əvvəlki
kitabının genişləndirilmiş variantı verilib.
V.Cəfərovun elmi yaradıcılığında
"Əli qılıncı Zülfüqar"
kitabçası xüsusi yer tutur. Əsərdə Məhəmməd
peyğəmbərin əmisi oğlu, islamı ilk qəbul edən
kürəkəni, yeni dinin bərqərar olmasında cəngavər
kimi şücaət göstərmiş Raşidi xəlifələrdən
dördüncüsü Əli ibn Əbu Talibin
qılıncının nə üçün Zülfüqar
adlandırılması, imamın vəfatından sonra kimlərdə
qalması tarixi mənbələr əsasında
araşdırılıb, onun orta əsr ərəb, fars və
Azərbaycan poeziyasında necə tərənnüm
olunması qeyd edilib.
V.Cəfərov əsərlərində mövzu ilə
əlaqədar İraq şairlərinin yaradıcılığından
çoxsaylı şeir parçalarının Azərbaycan
dilinə tərcümələrini verib. Məlumdur ki, hər
iki dilin qrammatikası bir-birindən fərqlidir. Bundan
başqa, Cahiliyyə dövründən tutmuş indiyədək,
xüsusən, əruz vəznli ərəb poeziyasında ədəbi
dilin qrammatik qanunlarının pozulması adi hal kimi qəbul
edilir. Belə ki, vəznə görə uzlaşmaya, cins və
kəmiyyət kateqoriyalarına riayət olunmaması, izafət
birləşmələrinin tərəfləri arasında
yolverilməz əlavə sözlərin işlədilməsi,
söz daxilində samitlərin yerdəyişməsi,
önqoşmalı feillərdə feillərin ixtisarı,
yalnız ərəblərin anladığı eyhamların
işlədilməsi tərcümə zamanı çətinliklər
yaradır. Vilayət müəllimin bütün bu xüsusiyyətlərin
öhdəsindən uğurla gəlməsi yüksək təqdirəlayiqdir.
Alimin tədqiqatçılıqla yanaşı, bədii
tərcüməçilikdə fəaliyyəti ayrıca qeyd
olunmalıdır. Bu sahədə, ilk addımlarını
1983-cü ildə nəşr olunmuş İraq şair və
yazıçılarının
əsərlərindən ibarət "Ağ günlərin
sorağında" adlı toplumda atmışdı. Belə
ki, Şərqşünaslıq İnstitutunun sabiq direktoru akademik
Həmid Araslının tapşırığı ilə Aida
İmanquliyeva və Vilayət Cəfərov məqsədəuyğun
saydıqları İraq şairlərinin əsərlərinin
sətri tərcümələrini edib, görkəmli Azərbaycan
şairləri tərəfindən dilimizə çevrilməsinə
nail oldular. İraqlı nasirlərin hekayələrini isə
digər ərəbşünaslarımız tərcümə
etmişdilər. Məcmuəyə Aida xanım geniş elmi
müqəddimə yazmışdı. Kitaba Vilayət müəllimin
tərcüməsində 5 şeir və 3 hekayə daxil
edilmişdi.
"Ağ günlərin sorağında" toplusu
2019-cu ildə AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın
qərarı ilə təkrar nəşr edilib, professor V.Cəfərov
ərəb müəlliflər haqqında qısa məlumat
verib.
Vilayət müəllim 2000-ci ildə əslən
livanlı, lakin Misirdə yaşayıb-yaratmış
publisist, tarix, dilçilik və ədəbiyyatşünaslıq
sahələrində çoxcildli elmi əsərlərin
müəllifi Circi Zeydanın (1861-1914) "Fərqanə gəlini"
romanını Azərbaycan dilinə çevirməklə
oxucularına böyük töhfə vermiş oldu.
Çünki müasir ərəb ədəbiyyatında
tarixi roman janrının banisi sayılan
yazıçının qələmə aldığı 22
kitabı arasında məhz "Fərqanə gəlini"
xalqımızın qəhrəman oğlu Babəkin rəhbərliyi
altında xilafət əleyhinə 22 ildən çox (815-838)
davam etmiş Xürrəmilər hərəkatı ilə
bağlı idi. Romanda hadisələr Fərqanə, Səmarra,
Həmədan, Ərdəbil, Bəzz qalası və Bizans
şəhəri Amoriyada cərəyan edir. Əsərin qəhrəmanlarının
bir çoxu tarixi şəxsiyyətlərdir. Onlardan xəlifə
Mötəsim, xilafət qoşunlarının baş
komandanı Afşin, Babək və başqalarını
göstərmək olar. Roman Dirğamla Cahanın məhəbbət
məcərası fonunda qələmə alınsa da, onun mərkəzində
IX əsrin otuz-qırxıncı illərində ictimai-siyasi vəziyyət,
xüsusilə Mötəsimin xilafətin
bütövlüyünü qorumaq üçün
yürütdüyü siyasət, xürrəmilər və
Bizansla apardığı müharibələr durur.
O dövrlə bağlı ərəb mənbələrində
və saray şairlərinin əsərlərində Babəkə
qarşı nifrət bəslənsə də, Circi Zeydan əsərində
ona düşmən gözü ilə baxmır, bu üsyan rəhbərini
bacarıqlı sərkərdə kimi səciyyələndirir.
Vaxtaşırı həmçinin mətbuat səhifələrində
ərəb ədəbiyyatından nəzm və nəsr
nümunələrinin tərcüməsini çap etdirən
V.Cəfərov yüksək peşəkarlığı sayəsində
Circi Zeydanın "Fərqanə gəlini"
romanının tərcüməsini uğurla ərsəyə
gətirmişdi.
2010-cu ildə Vilayət müəllim böyük əmək
sərf edərək, Azərbaycanın görkəmli şərqşünası,
filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın
(1939-1992) məqalə və tərcümələrinin
toplusunu tərtib etdi. Bununla da, o, sübuta yetirdi ki, Aida
xanım yalnız Məhcər ədəbiyyatının dərin
bilicisi deyil, həmçinin ərəb ədəbiyyatının
digər problematik məsələləri ilə məşğul
olub, Azərbaycan ədəbiyyatı haqqında dəyərli
fikirlər söyləyib, adət-ənənələrimizin
tarixi ilə dərindən maraqlanıb. Dünyadan vaxtsız
köçmüş görkəmli xanım alimimizin bəzi
məqalələrinin yalnız adlarını çəkmək
də bu fikri sübut edir: "İspaniyada ərəb ədəbiyyatının
yaranması və inkişaf tarixinə dair", "Qorki və
Ərəb Şərqi", "Möhkəmlənən
dostluq. Sovet-ərəb mədəni əlaqələrindən",
"Ərəb Əndəlus ədəbiyyatının bəzi
xüsusiyyətləri haqqında (X-XI əsrlər)",
"Ərəb ədəbiyyatında qadın
azadlığı", "İraq ədəbiyyatı
haqqında", "Azərbaycan sovet ədəbiyyatı ərəb
dilində", "Fələstin problemi və müasir ərəb
ədəbiyyatı" və sair.
Professor Vilayət Cəfərov ərəbşünaslıq
üzrə yeni kadrların yetişməsində xüsusi rol
oynamış, BDU Şərqşünaslıq fakültəsinin
magistratura pilləsində mühazirələr oxumuş,
10-dan çox fəlsəfə doktorluğu dissertasiyasına
rəhbərlik etmişdi. AMEA akad. Z.M.Bünyadov adına
Şərqşünaslıq İnstitutunda "Dünya ədəbiyyatı"
ixtisası üzrə fəaliyyət göstərən
Müdafiə Şurasının üzvü, Seminar
Komissiyasının sədri olmuşdu.
Tanınmış alim elm və təhsilin
inkişafında xidmətlərinə görə 2 dəfə
AMEA Rəyasət Heyətinin "Fəxri fərman"ına
layiq görülmüş, "Tərəqqi" medalı
ilə təltif edilmişdi.
Ruhu şad olsun!
Elxan ƏZİZOV
Əməkdar müəllim, professor
525-ci qəzet .- 2025.- 27 may(№91).- S.14.