Azərbaycanın
Avropa Siyasi Birliyinin Zirvəsinə ev sahibliyi etməsinin əhəmiyyəti
Məlum olduğu kimi, Avropa Siyasi Birliyinin Zirvə
toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək.
Bu barədə ötən həftə sonu Avropa
İttifaqı Şurasının prezidenti Antonio Koşta
özünün sosial şəbəkə hesabında
paylaşım edib.
Antonio Koşta bildirib ki, Tiranada uğurlu Zirvə
toplantısından sonra Avropa Siyasi Birliyi 2025-ci ilin
oktyabrında Kopenhagendə yenidən toplanacaq. Bu tədbir
liderlər səviyyəsində Ümumavropa siyasi dialoqu
üçün vacib platformaya çevrilib. O, sammitin
2026-cı ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə
İsveçrə və Yunanıstanda, 2028-ci ilin birinci
yarısında Azərbaycanda, ikinci yarısında isə
Latviyada keçiriləcəyini vurğulayıb.
Yeri gəlmişkən, Ermənistan və Azərbaycan
sammitlərin keçirilməsində bir-birinin namizədliyini
qarşılıqlı şəkildə dəstəkləyiblər.
Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə
hesabında bununla bağlı paylaşım edib: "Mən
Avropa Siyasi Birliyinin Zirvə toplantısının 2028-ci ildə
Azərbaycanda keçirilməsi barədə qərarı
alqışlayıram. Qeyd etmək vacibdir ki, Ermənistan və
Azərbaycan sammitin keçirilməsi üçün
bir-birinin namizədliyini qarşılıqlı şəkildə
dəstəkləyiblər".
Burda birinci önəmli məqam əlbəttə ki,
ölkəmizin növbəti beynəlxalq bir tədbirə ev
sahibliyi etməsidir. Bu, ilk növbədə Azərbaycanın
dünyada artan nüfuzunu, onun regionda yaratdığı yeni
reallıqların Avropa tərəfindən qəbul edildiyini,
eyni zamanda, Avropa ölkələri ilə münasibətlərinin
inkişaf tendensiyasını göstərir. Azərbaycanın
Avropa Siyasi Birliyində təmsil olunan 47 dövlətdən
16-sı ilə strateji tərəfdaşlıq münasibətləri
var ki, onlardan da 10-u Avropa İttifaqının
üzvüdür.
Aydındır ki, Avropa İttifaqının sabiq rəhbərliyinin
Azərbaycana yanaşmada tutduğu qeyri-obyektiv, qərəzli
mövqe səbəbindən münasibətlərdə müəyyən
geriləmə özünü göstərirdi. Bu baxımdan
Avropa Siyasi Birliyinin Tirana Zirvəsi Aİ-Azərbaycan
münasibətlərində bir dönüş oldu. Tirana Zirvəsində
Prezident İlham Əliyevin iştirakı, keçirdiyi
çoxsaylı ikitərəfli görüşlər,
ayrı-ayrı liderlərlə təmasları, onların Azəbaycana
olan marağı münasibətlərdə yeni səhifənin
açıldığını nümayiş etdirdi.
Tiranada Prezident İlham Əliyev Avropa İttifaqı
Şurasının Prezidenti Antonio Koşta və Avropa
Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə
görüşdə Azərbaycanın Avropa İttifaqı ilə
əlaqələrə mühüm əhəmiyyət
verdiyini deyərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində
roluna toxundu. Dövlət başçısı Azərbaycanla
Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın
genişləndirilməsi üçün böyük
perspektivlərin olduğunu, bu gün Avropanın 10, o cümlədən
Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında
Azərbaycanın rolunu vurğuladı.
Öz növbəsində Antonio Koşta və Ursula
Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və
etibarlı tərəfdaşı olduğunu bildirərək,
ölkəmizin xüsusilə Avropanın enerjiyə
ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək
qiymətləndirdiklərini deyiblər. Azərbaycanın Mərkəzi
Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə
aparıcı rolu vurğulanıb. Bununla yanaşı, ölkəmizin
regionda və onun hüdudlarından kənarda sülhün və
sabitliyin təmin olunmasında müxtəlif tərəflər
arasında dialoqun aparılması üçün platforma
rolu oynadığı da qeyd edilib.
Xatırladaq ki, Avropa Siyasi Birliyi qitənin ölkələri
arasında siyasi əlaqələndirmə
platformasıdır. Birliyin məqsədi ümumi maraq
doğuran məsələlərin həlli üçün
siyasi dialoqu və əməkdaşlığı inkişaf
etdirmək, Avropa qitəsinin təhlükəsizliyini,
sabitliyini və rifahını gücləndirməkdir.
Bu platformanın ilk Zirvə toplantısı 2022-ci ilin
oktyabrında Praqada baş tutub. Həmin Zirvə Azərbaycan
üçün mühüm önəm kəsb edib.
Toplantı çərçivəsində Azərbaycan
Prezidenti, Ermənistanın Baş naziri, Avropa İttifaqı
Şurasının Prezidenti və Fransa Prezidentinin
iştirakı ilə dördtərəfli görüş
keçirilib. Burada yadda qalan əsas məqam Azərbaycan və
Ermənistan liderlərinin görüşündə tərəflərin
1991-ci il Almata Bəyannaməsi əsasında bir-birinin ərazi
bütövlüyünü və suverenliyini tanımaları
oldu.
Eyni zamanda, "Avropa qitəsində sülh və təhlükəsizlik"
mövzusunda keçirilən dəyirmi masada
çıxışı zamanı Prezident İlham Əliyev ikitərəfli
və çoxtərəfli münasibətlər, yeni geosiyasi
reallıqlar, sülh, təhlükəsizlik və əməkdaşlıqla
əlaqədar Azərbaycanın aydın və prinsipial
yanaşmasını, qətiyyətli mövqeyini ortaya qoydu.
İkinci məqam, Ermənistan və Azərbaycanın
bir-birini dəstəkləməsi ilə bağlıdır.
Bu, əslində sülh prosesini yekunlaşdırmaq,
münasibətlərin normallaşması, eyni zamanda, etimad
quruculuğu baxımından müsbət addımdır. Amma
Ermənistanın bu imkanı necə dəyərləndirəcəyini
zaman göstərəcək. Rəsmi İrəvan sözdə
sülhlə bağlı açıqlamalar verib, Azərbaycanla
saziş imzalamağa hazır olduğunu bəyan edir. Lakin
sazişin imzalanması üçün Bakının iki
şərtini hələ də yerinə yetirməyib.
Politoloq İlyas Hüseynov mövzu ilə
bağlı "525"ə deyib ki, Avropa Siyasi Birliyinin Zirvə
görüşünün Azərbaycanda keçirilməsi
çox mühüm bir hadisədir: "Biz, Avropa Siyasi
Birliyinin yaranma tarixinə, onun fəaliyyətinə,
ümumiyyətlə gördüyü işlərə baxanda
deyə bilərik ki, bu platforma çox önəmli geosiyasi və
eyni zamanda, təhlükəsizlik
çağırışları fonunda meydana gəlib.
Rusiya-Ukrayna müharibəsi Avropanın təhlükəsizliyini
zədələyib, eyni zamanda, yeni təhdidlər
formalaşıb. Bu da enerji resursları, silahlı qüvvələrlə
bağlıdır, həmçinin yeni bir dövrə
transformasiyanın nəticəsidir. Avropa sanki qəfil
yaxalanıb və hazırda bütün üzv dövlətlər
və qeyri-üzv dövlətlər bir platformada vahid fikirdən,
həmrəy düşüncədən
çıxış edərək, ümumi axtarışlar
yaratmaqla məşğuldur. Nəinki Avropa İttifaqına
üzv 27 dövlət, eləcə də 20 qeyri-üzv
dövlət bu platformada iştirak edir, o cümlədən də
Azərbaycan".
Politoloq əlavə edib ki, Avropa Siyasi Birliyinin Praqa
sammitində Azərbaycanın ərazi bütövlüyü
Ermənistan tərəfindən qəbul olundu, daha sonra bizim
regionda yeni proseslər formalaşdı, həm Qarabağda olan
etnik ermənilər könüllü olaraq regionu tərk etdilər,
ardınca Rusiyanın sülhməramlıları bölgədən
çıxdı, Azərbaycan bütün ərazisində
suverenliyini bərqərar etmiş oldu: "Ona görə də
Avropa siyasi icmasının Azərbaycan üçün də
müsbət tərəflərini deyə bilərik. Avropa
Siyasi Birliyinin formatı bundan ibarətdir ki, il ərzində
iki toplantı keçirilir. Bunlardan birini Avropa
İttifaqına üzv olan dövlət öz ərazisində
keçirir, digərinə isə qeyri-üzv dövlət ev
sahibliyi edir. Beləliklə, 2028-ci ilin əvvəlində Azərbaycanda,
ikinci yarısında isə Latviyada bu tədbir keçiriləcək.
Azərbaycan üçün mühüm göstəricilər
sırasında qeyd edə bilərik ki, yeni geopolitik
reallıqları Brüssel qəbul edir. Bunun əsasında əməkdaşlığa
hazırdır. Yeni geosiyasi reallıqların legitimliyi burada
şübhə altına alınmır. Digər tərəfdən,
Azərbaycan da Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq
imkanlarını formalaşdırır. Yəni burada hər
iki tərəf daha qazanclı çıxa bilər".
İ.Hüseynov hesab edir ki, Ermənistanla Azərbaycanın
bu Zirvə görüşlərini keçirməklə
bağlı bir-birinə qarşı çıxmamaları
sülh istiqamətində irəliləyişlə
bağlı çox mühüm bir addım hesab oluna bilər:
"Gələn il Ermənistanda bu tədbir keçiriləcək.
Arzu edərdik ki, Ermənistanda keçiriləcək tədbir
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin
imzalanması ərəfəsində baş tutsun. Ermənistan
Azərbaycanın tələblərini yerinə yetirsin,
ATƏT-in Minsk qrupu buraxılsın, eləcə də Ermənistan
konstitusiyası dəyişdirilsin. Oradakı Azərbaycana
qarşı ərazi iddiaları götürülsün və
məhz bizim regionda Avropanın siyasi
çağırışlarının müzakirə edildiyi
platformalarda biz də öz sülh və təhlükəsizlik
istiqamətində irəliləyişlərimizi, nailiyyətlərimizi
bütün dünyanın diqqətinə
çatdıraq".
Politoloq Elxan Şahinoğlu hesab edir ki, Baş nazir
Nikol Paşinyan Avropa Siyasi Birliyinin gələn ilin yazında
İrəvandakı sammitinə qədər Prezident İlham
Əliyevlə sülh sazişini imzalamağı arzulayır.
Bununla Paşinyan iki məqsəd güdə bilər:
"Birincisi, sülh sazişi Avropa liderlərinin İrəvandakı
toplantısına qədər imzalanarsa, Paşinyan parlament
seçkisi öncəsi reytinqini gücləndirmiş olacaq.
Bu, onun üçün həyati əhəmiyyətlidir.
İkincisi, Azərbaycanla sülh sazişi Zirvə
toplantısına qədər imzalanarsa, Prezident İlham
Əliyevin İrəvandakı toplantıda iştirakına
heç nə mane olmayacaq. İlham Əliyevin İrəvandakı
tədbirdə iştirakı Avropa İttifaqı
üçün arzuolunandır. Bu səbəbdən Nikol
Paşinyan da İlham Əliyevin İrəvandakı tədbirdə
iştirakını istəyir. Prezidentin İrəvandakı tədbirdə
iştirakı öz növbəsində Nikol Paşinyanın
da Avropa Siyasi Birliyinin Bakıdakı tədbirində
iştirakına yolunu açacaq.
Buna baxmayaraq, Paşinyanın istəyinin
reallaşması, yəni Azərbaycanla sülh sazişinin
Avropa Siyasi Birliyinin İrəvandakı toplantısına qədər
imzalanması üçün Ermənistan Konstitusiyası bu
il ərzində dəyişdirilməlidir. Paşinyan mayın
26-da "İrəvan dialoqu - 2025" ikinci beynəlxalq forumu
zamanı buna eyham vurub: "Əgər Konstitusiya Məhkəməsi
sülh sazişini təsdiq etməsə, Konstitusiya dəyişikliyi
ilə bağlı təşəbbüslə özüm
çıxış edəcəm. Sülh sazişini imzalamaq
imkanını əldən verməməliyik".
Paşinyanın cümləsinin birinci hissəsində konkret
olaraq Konstitusiyanın sülh sazişinə qədər dəyişəcəyi
söylənmir. Ancaq cümlənin ikinci hissəsində
sülh sazişinin qısa müddətdə imzalamaq
üçün əsas maneənin ortadan
qaldırılmasına işarə var. Paşinyan sülh
sazişi imzalanan gün Minsk qrupunun buraxılması məqsədilə
Azərbaycanla birgə ATƏT-ə müraciət edəcəyini
də söyləyib. Paşinyanın bu
açıqlamalarının arxasında onun mayın 16-da
Avropa Siyasi Birliyinin Tiranadakı toplantısında İlham
Əliyevlə müzakirəsinin də təsiri olub.
İndi qalır, bu deyilənləri
reallaşdırmaq. Paşinyan sülh sazişini Avropa Siyasi
Birliyinin İrəvandakı toplantısına qədər
imzalamaq istəyirsə, sürətini artırmalı, il ərzində
Konstitusiyaya ya referendum yolu ilə, ya da parlamentdə əncam
çəkməlidir".
Pərvanə
525-ci qəzet .- 2025.- 27 may(№91).- S.5.