ÜZDƏN GÖRÜNMƏYƏN
GÖRÜLMƏLİNİ GÖRƏ BİLMƏK
İSTEDADI
Gündəlik həyatdan hər kəsə bəlli
olan yaxındangörmə və uzaqdangörmə var ki,
söz kimi səslənişləri qulağayatım olsa da,
heç biri fərli, kiməsə arzulanası cəhət
deyil. İkisi də gözlərin zəif görməsinin əlamətidir
ki, birində mənfi, digərində müsbət
ölçülü gözlüklərə ehtiyac
yaranır.
Amma mən deməsəm də, hamıya onsuz da bəllidir
ki, eşidilişcə bunlara bənzəyən, amma mahiyyətcə
tam fərqli dərindəngörmə, ya dərinigörmə
deyilən bir ayrı göz keyfiyyəti də var. O iki əvvəlki
hər adamda olmadığı kimi, bu sonuncu da hər yetəndə
rast gəlinmir, həm də obirilərə nisbətən bu,
lap az rastgəlinəndir. O iki əvvəl
sadaladığım göz fərqliliyini hiss edəndə gərək
həkim yanına gedəsən ki, müayinə edərək
sənə müvafiq şüşələrdən
ötrü nüsxə yazsın. Çünki həm uzaqdan,
həm yaxındangörmənin çarəsi keçmişlərdən
bəri gözlükdür, bir də yeni əyyamlarda ortaya
çıxmış linzalar.
Adama az-çox əziyyət verən uzaqdan və
yaxındangörməylə müqayisədə dərindəngörmə,
ya dərinigörmə məziyyət olsa da, onlar kimi, bunda da
görməni sərrastlaşdıran gözlüyə, yaxud
çeşməyə və ya eynəyə, lap istəyirsiniz
"oçki" deyin (elə bu söz də bizimkidir,
türkünküdür), ehtiyac var. Ancaq birinci halda sənin dərdinə
çarəni istənilən göz həkimi qıla bilsə
də, bu birində əlac daha yuxarılardadır. Gərək
dərindəngörmə və ya dərinigörmə
gözlüyünü sənə İlahi Özü
yazmış ola. Özü də daha nüsxə kimi deyil,
alın yazısı olaraq.
Mənə çox əziz, çox doğma, həm
də ruhən çox yaxın olan Nazim İmanov bəxtinə
Pərvərdigarın dərindəngörmə, ya dərinigörmə
gözlüyü yazdığı azlardandır. Bu iki kəlmədən
birini qırağa qoymayaraq balaca yazı içərisində
hər dəfə çox təkrarlamağımı söz
israfçılığı saymayın. Çünki
onları bir-birinin tam əvəzedicisi kimi qəbul edə
bilmirəm, aralarındakı elə səslənişlərindəki
kimi xəfif görünə bilən fərqliliyin, əslində,
sən deyən, cüzi olmadığını da duyuram. Dərinliklə
bağlı hər mətləbdə ən xırdaca
görünə biləcək fərq də mahiyyətlə
birbaşa əlaqədar olduğundan əsla kiçik, ya az əhəmiyyətli
hesab edilməməlidir.
Dərindəngörmə, ya dərinigörmə
istedadın çeşidlərindən olan qabiliyyətlərdəndir.
İstedadsa insanın oxumaqla, çalışmaqla
qazanacağı bacarıq olmadığından müdrik
dilimiz ona ərəbin "istedad"ından, yunanın və
geniş mənada Qərbin "talant"ından daha sərrast
və doğru olaraq "vergi" deyib. Səma elçilərinə
vəhyi, böyük şairlərə ilhamı göndərən
Tanrı ayrı-ayrı seçilmişlərə də
vergini bağışlayır.
Dərindəngörmə, ya üzdən hər kəsin
gördüklərindən daha çox görməyə qadir
olaraq alt qatlara nüfuz etmək üstünlüyünün
təsdiqi olan dərinigörmə kimdə varsa, elə
ağzını açıb kəlmə kəsincə onun
özü də görünür. Gendən baxan etiraf etsə
də, etməsə də, hər halda anlayır ki, belə
baxıb belə görən və bu cür deyən adam
sıradan olan adamlardan, əlbəttə ki, daha ucadadır.
Nazim hansı sahədə
çalışır-çalışsın, həmin səmtdə
hökmən uğura sahib olacaqdı. Xoşbəxtlikdən
özünüifadə meydanı olaraq Nazim iqtisadiyyatı
seçib. Niyə vurğulayıram ki, "xoşbəxtlikdən"?
Biz qısa zaman kəsiyində əslində
olduğundan ikiqat-üçqat uzun yaşamış və
görmüş insanlarıq.
Ayrı bir əsrdə doğulub böyüdük,
sosialist mühitində və onun təklif etdiyi şərtlər
çərçivəsində yetişdik. O mühit içərisində
tərbiyələnərək, təhsillənərək
büsbütün yeni ictimai-siyasi tarix layında müvazinətini
itirmədən yaşaya, irəliləyə, üstəlik gələcəyə
doğru necə getməkçün düsturlar təqdim edə
bilməkçün gərək elə həmin köhnə
dövrün içində müəyyən qədər
başqacürdüşünən, başqacürgörən
olmalı idin.
Nazim iqtisadçı olmağı qət etmişdi,
sovet təhsil şəbəkəsində oxumuşdu, elmə
də elə o dövrdə gəldi. Əgər o,
cızığından çıxan, fərqli görən,
dərinlərdəki daha düzgün gerçəkləri
sezəbilən olmasaydı, sovet ali məktəbləri və
araşdırma institutlarının bir çox sabiq ateizm, elmi
kommunizm, Sovet İttifaqı Kommunist Partiyası tarixi müəllimləri
və tədqiqatçıları kimi yeni dövr içində
qərib olardı.
Ancaq dərinləri və dərindən görməyə
qadir, fərqli deməyə qabil Nazim İmanov elə həmin
köhnə dövrün içində də təzəçi
idi.
Azərbaycan Milli Elmlər Akademiyasında indi direktoru
olduğu İqtisadiyyat İnstitutunun dissertantıykən
1982-ci ildə yazdığı namizədlik dissertasiyası və
sonra kitablaşmış ilk müstəqil irihəcmli
araşdırması - "Təbiətdən istifadə
sferasının iqtisadi münasibətləri" adlı əsəri
bir çox yanaşmalarının sadəcə yeniliyi ilə
yox, həm də qəfilliyi ilə seçilirdi.
Həmin kitabın 1987-ci ildə, cəmiyyət həyatında
köklü dəyişmələrin baş verdiyi, yeni
baxışlara meydan açıldığı bir zamanda nəşr
edilməsi, əsərin o çağın nüfuzlu Lenin
komsomolu mükafatına layiq görülməsi özü bir
uğur, səviyyə göstəricisi olmaqdan əlavə həm
də çox cəhətdən simptomatik idi. Artıq sovet
sistemi çöküş astanasına yetişmişdi, cəmiyyət
yeni vaxtın indiyədək olanlara bənzəməyən
inqilabına hamilə idi. Yeni zamanı gətirənsə
yalnız SSRİ-nin müxtəlif yerlərindəki get-gedə
kütləviləşən, axınlaşan, selləşən
mitinq dalğalarında hayqırılan şüarlardan daha
öncə yeni təfəkkürün
daşıyıcısı olan belə əsərlərdi.
Azərbaycanın yeni və yenilikçi iqtisad elminin
saf havasını elə başlanğıc tədqiqatlarından
nümayiş etdirmiş Nazim İmanov artıq Moskva
İctimai Elmlər Akademiyasının doktorantı kimi
yazdığı dissertasiyasında yıpranmış,
qaxsımış, həyatın yeni sürətləri və
tələbləri ilə tən gəlməyən marksizmin
ayələşdirilmiş hökmləri ilə əks gedən
mülahizələrini ictimailəşdirdi.
Doktor Marksın ehkamlaşdırılmış əmək
dəyər nəzəriyyəsinin
çatışmazlıqlarla dolu olub təkmilləşdirilməsinin
labüdləşdiyini, bu nəzəri ülgünün
cilalanmasının, yeni qan verilərək təzə
çağlara uyğunlaşdırılmasının
qaçılmaz olduğunu gənc asi-iqtisadçı alim
tutarlı elmi dəlil və mülahizələrlə bəyan
etdi.
Dibi görməsəydi, gördüyünü
göstərmək gücü olmasaydı, o da
cavanlığına baxmayaraq, elə köhnə zamanın
nimdaşlaşmış iqtisadçı alimləri cərgəsində
qalardı.
Yeni dövrsə həm özü gəlirdi, həm də
onu əl altından, elin vasitəsilə dayandırılabilməz
sel kimi gətirməkçün tədarüklər edilirdi.
Yeni çağ Nazimləri umurdu. Elə qəliblərəsığmazlığı,
başqa cür görə, yaza, deyə bilməsi onu güclənən
milli hərəkata gətirdi, sonra yolu müstəqilliyini
yenicə qazanmış Azərbaycanın ilk Milli Məclisindən
keçdi.
Dərindən və dərinləri görmək
özəlliyi orada da bir başqa şəkildə bəhrəsini
verdi. Söz yox, parlament fəaliyyətinin tələb etdiyi əsas
işləri yerinə yetirirdi, iqtisadi qanunvericilik sahəsində
göstərə biləcəyi peşəkar xidmətini
edirdi, amma ovaxtkı və həmin dövrdən sonrakı
yüzlərlə başqa deputatdan fərqli olaraq, Nazimin həm
də dərinləri və dərindən görə bilən
gözləri vardı!
Millət vəkilliyi dövründəki incə
müşahidələrinin bəhrəsi olaraq "Milli Məclisin
ağlamalı gülməcələri" adlı kitabı
yarandı. Əslində bu, bir tarixi lətifələr
kitabıdır ki, Molla Nəsrəddinvari, Bəhlul Danəndəsayağı
itisözlülük və itigörməkliklə bəlli bir
tarixi kəsimin siyasi-bədii mənzərəsini əks
etdirir. Bu məzəli (amma bir az da qüssəli) palitrada
oçağkı siyasi mühitimizin elə ibrətli
görüntüsü var ki, o dövr, o hadisələr, o
adamlar haqqında daha ciddi təhlillərlə nəsə
yazsan, kimlərsə bərk inciyər, hətta səni
hoydu-hoyduya götürər. Bu kitabdasa həm gerçək
mənzərə var, həm də lap o hadisələrin
"qəhrəmanları", ya onlara simsar olanlar da mətləbin
dərinliyini, daşların hansı bostanlara
atıldığını görə-görə, bilə-bilə
gülüb keçirlər.
Nazim elə həyatda da belədir. Başverənlərə,
yan-yörəsinə həmişə təbəssümlə,
hərdən bir az ironik baxır. Yəni bu da Nazimin daha dərindəkini
sezib mənalandırma qabiliyyətinin bir başqa təzahürüdür.
Bu minvalla yaşamaq da asanlaşır, çevrənlə daha
yumşaq tərzdə ünsiyyət qura bilirsən.
Gələcək haqqında düşünmək və
mülahizələr yürütmək tarixin bütün
dönəmlərində və dünyanın hər yerində
insanla olub. Bu gün də elədir, sabah da həmin cür
qalacaq - bəşər övladının mayası belə
yoğrulub. Əlbəttə ki, Allahın da xoşuna gəlməyən
falçılıqdan fərqli olaraq, elmə söykənən,
təhlillərdən, tutuşdurmalardan qaynaqlanan
sabahıgörmənin həmişə yalnız hansı nəticəni
vəd etməsi deyil, o nəticəni irəlicədən necə
görə bilməsi də cəzb edir.
Nazim iqtisadiyyat alimidir və onun
araşdırıcılığa başladığı ilk
vaxtlardan başlıca səmti gələcəyə sarı
olub. Keçmişlə indinin iqtisadi baxımdan seyri
onunçün həmişə ilk növbədə gələcəkdən
doğru, yaxud azı doğruya yaxın xəbər verə
bilməkdən ötrü gərəkdir.
İmanovun iqtisadi gələcək və iqtisadi təməllər
üzərində dikələcək cəmiyyətin
sabahı haqqında qənaətlərinə iman gətirməyin
və inanmağın yeri var. Səbəb heç də təkcə
onun təqdimatlarındakı dərin məntiqlilik, elə
baxan kimi dəqiq hesablamalar və tutuşdurmalara
arxalanmış olmasının hiss edilməsi deyil. Söz
yox, bunların da əhəmiyyətli təsiri var. Ancaq insan
daha sadə olana, daha göz önündəkinə daha tez
inanır. Ən əyani olan və ən rahat inandıra bilənsə
təcrübədir. Əgər Nazim indi 15 il sonra barədə
"belə olacaq" deyirsə, həmin ehtimalın
gerçəklik dərəcəsini yoxlamaqdan ötrü alimin
15 il qabaq 15 il sonra ola biləcəklər haqda
"mümkündür ki, belə olsun" yox, əminliklə
"belə olacaq" yazdığı və artıq yerini
tutmuş öncəgörümləri var.
2006-cı ildə nəşr edilmiş "Azərbaycanın
reytinqi - beynəlxalq müqayisəli tədqiqlərdə"
adlı monoqrafiyasında Nazim Müzəffərli o
çağlarda artıq aşağı-yuxarı 15 il ərzində
Azərbaycanın 20 faizə qədər ərazisini zəbt
edərək oralarda özünü vəziyyətin tam
ixtiyarlı sahibi kimi təsəvvür edən və yekəxana
arxayınlıqla Dağlıq Qarabağın siyasi və
iqtisadi müstəqilliyindən dəm vuran erməniçiliyə
onlardan da artıq təmkinli arxayınlıqla
"Mümkün deyil! Olmaz!" söyləyirdi və onun
alimanə soyuqqanlılıq yağan bu sözləri həmin
deyişin elmi əsaslandırmasına əməlli-başlı
fikir veriləcək olarsa, gərək qarşı tərəfi
həm üşəndirəydi, həm diksindirəydi. Çünki bu bir siyasətçi,
ya siyasətşünasın, bir hərbçi, ya qisas atəşi
ilə içəridən yanan vətənpərvərin daha
çox arzu, niyyət biçimli sözü deyil, mülahizələrində
həmişə siyasətdən daha riyazi yan-yanaqoymalara və
cəmiyyətin inkişafının sabit
qanunauyğunluqlarına arxalanan iqtisadçı alimin
hökmü idi!
"Azərbaycanın tərkibində qalmamaq istəyini
əsaslandırarkən Dağlıq Qarabağın erməni
icması vaxtaşırı bəyan edir ki, o, siyasi və
iqtisadi cəhətdən daha azad olan bir ölkədə
yaşamağı üstün tutur. Bu, sözsüz ki, uydurma
arqumentdir. Çünki həmsərhəd ərazilərdə
məskunlaşan insan qrupları qəbul edilmiş dövlət
sərhədlərini öz niyyətlərini necə əsaslandırmalarından
asılı olmayaraq könülləri istəyən kimi dəyişə
bilməzlər".
Məhz Azərbaycan timsalındakı bu
düşüncəsində Nazim Müzəffərli niyə haqlı idi? Çünki
500 səhifəyə çatan əsərini
başdan-başa dünyanın iqtisadi-sosial-siyasi
gedişatı və ekonomik qalxınma templəri ilə Azərbaycanın
müqayisəsinə həsr etmişdi və həmin 2x2 incəlikli
və dəqiqlikli tutuşdurmalar da beynəlxalq müstəvidə
davam edən şiddətli siyasi diskussiyalar, fərqli
yanaşmalar, ehtiraslı rəylər tünlüyündə
Azərbaycanın ictimai inkişafdakı çeşidli
istiqamətlərdə reytinqinin digər bir çox ölkələrə
nisbətən nə qədər sürətlə
artdığının şəkkə yer qoymayan Şəkli
idi.
Başqa mövqe ifadə edən siyasətçiylə
bəs deyincə çənə-boğaz edib onun gətirdiyi
silsilə dəlillərə rəğmən yenə öz
tutduğundan bərk-bərk yapışıb əvvəlki
fikrində qala bilərsən. Ancaq dünyanın onlarca
ölkəsi ilə iri bir vaxt kəsiyində rəqəmlərin
sərt dili və diaqramların, cədvəllərin güzəştsiz
bələdçiliyi ilə aparılmış müqayisələrin
yekunu həqiqətin nədən ibarət olduğunu sənə
inkaredilməz tərzdə
göstərirsə və cığallığa
heç bir əlyeri qoymursa, nəticəylə
barışmaqdan savayı nə yolun qalacaq ki!
Hər bir oxucusuna axarında olduğu siyasi və
iqtisadi gerçəkliyi olduğu kimi görüb anlamaqda
yardımçı olmaqdan özgə, həm də istər
Azərbaycan hökumətinə, istər beynəlxalq
qurumlara, istərsə də mütəmadi reytinq
araşdırmaları aparan şirkətlərə qiymətli
tövsiyyələr, yolgöstərmələr, tədqiqat
ülgüləri verən o boyda kitabı Nazim Müzəffərli
sanki bircə bu cümləni asudə alim
inamlılığı ilə dilə gətirə bilməkçün
yazıbmış: "Ölkənin siyasi, iqtisadi və
humanitar yüksəlişinin bütöv təbəqələr
olaraq başqa dövlətlərlə müqayisə edilməsi
daha ümumi səciyyəli vəzifələrin
ardıcıllıq həddini müəyyənləşdirməyə
imkan yaradır və Azərbaycanda ictimai həyatın
müxtəlif sahələrində tutuşdurmalarla
aparılan belə təhlil o nəticəyə gəlməyə
əsas verir ki, iqtisadi tərəqqi burada nəzərəçarpacaq
dərəcədə siyasi demokratikləşməni üstələyir".
Azərbaycanın ictimai varlığının dərinlərini
görməyə qadir olan və ömrünün onillərini
sevərək bu araşdırmalara həsr edən Nazim
İmanov dövlətini və xalqını layiq olduğu
xoşbəxtliyin içərisində görmək kimi təbii
arzusunu ifadə edərkən də alimliyində qalır - sadəcə
arzulamır, həmin diləyin mümkün düsturunu da
nişan verir: "Uzunmüddətli üfüqdə dövlətin
siyasi və iqtisadi inkişaf istiqamətləri bir-birilə
müstəqim olaraq əlaqələnir və biri digərini
qarşılıqlı şəkildə şərtləndirir.
Fəqət bu, əlbəttə, heç də o anlama gəlmir
ki, dinamik şəkildə artan iqtisadi potensial haçansa
siyasi sistemin də təkmilləşməsinə gətirib
çıxaracaqdır. Azərbaycan cəmiyyətinin
ictimai-siyasi həyatında demokratik təmayüllərin
qüvvətlənməsi indiki vaxtda birinci dərəcəli
milli prioritetlər cərgəsindədir".
Bu, cəmiyyət həyatının dərinlərini
dərindən görmək səriştəli yorulmaz alimimiz
Nazim İmanovun millətinin və dövlətinin
ömründə bərqərar olmasını umduğu rifah,
fərəh, bəxtiyarlıq çeşnisidir. Xalı Vətənin
daha artıq təntənələrini diləyir və daim
mütənasib olmasını istəyiriksə, gərək hər
yeni günümüzü və bütün gələcəyimizi
biri əriş, biri arğac olan siyasətimiz və
iqtisadiyyatımızın ahəngdar qovuşuğunda irəlilədək!..
...2020-ci ilin noyabrında Azərbaycan bütün
tarixinin ən şərəfli nailiyyətinə imza atdı
- Qarabağ Zəfərimizi qazandıq.
Birmənalı həqiqətdir və sabahın
hündürlüklərindən bu, daha aydın görünəcək
ki, milləti məsud edən o Qələbənin Baş
Memarı və Baş İş İcraçısı
Prezident İlham Əliyevdir.
Ancaq unudulmasın ki, həmin Zəfər heç də
sırf 44 günlük döyüşlərin nəticəsində
çatılmış Zirvə deyildir.
Bu, məşəqqətli, mübarizəli,
ağılla, ciddi hazırlıqlarla keçilmiş uzun yolun
məntiqi və bəxtiyar yekunudur.
Həmin zirvəyə aparan yolda başda dövlət
rəhbəri olmaqla onlarla və yüzlərlə bilgin, səriştəli,
barışmaz və mübariz, böyük məqsədlərə
köklənmiş insanımızın hər birinin öz
sahəsində illərcə əsgər kimi
çalışması, qələbə təməlləri
yaratmaq səyləri də var ki, ZƏFƏR SALNAMƏSİ
bütün yönləriylə qələmə alınanda o
qafilədə professor Nazim İmanovun da adı gərək
mütləq xatırlana.
2010-cu ildə 2020-ci ilin noyabrı hələ təsəvvüredilməyəcək
qədər uzaq idi. Ancaq həmin ildə işıq
üzü görmüş "Azərbaycanın post-konflikt ərazilərinin
bərpası: konseptual əsaslar" kitabının cildində
müəllif olaraq Nazim İmanovun da adı var.
Nazim İmanovun (və Müzəffərlinin)
Qarabağ Müzəffərliyimizdən xeyli illər öncə
ictimailəşmiş, ölkə xaricində də təqdim
olunaraq dünyaya çatdırılmış - münaqişədən sonrakı ərazilərdə
möhtəşəm quruculuq haqqındakı mükəmməl tədqiqləri həm də fəlsəfəsi
etibarı ilə önəmli siyasi bəyanat idi - düşmənin
zəbt etdiyi ərazilərdə oraları əbədiyyən
tərk etməyəcəyi inamı ilə istehkamlar
qurduğu (həmin istehkamlar və qurğularınsa öz
xarakterinə görə işğalçının
oraları uzun müddət və ya ümumən, daha heç
vaxt tərk etməmək niyyətinin ifadəsi olduğunu
2025-ci il mayın 21-də İrəvana səfəri əsnasında,
söylədikləri istənilən başqasının deyəcəyindən
daha inanılası olan, hadisələrin içərisindəki
məsul şəxs, Rusiya Federasiyasının xarici işlər
naziri Sergey Lavrov verdiyi mətbuat konfransında açıq
bildirmişdir: https://www.youtube.com/watch?v=P7juyJk5y4I),
işğal sahəsini bir az da genişləndirmək hədələrini
dövlət səviyyəsində hikkə ilə dilə gətirdiyi,
münaqişəni həll etmək vəzifəli və səlahiyyətli
beynəlxalq təşkilatların, oralarda təmsil olunan
böyük güclərin düyünün
açılmasında əsla maraqlı olmadığı
çağlarda Nazim İmanovun o kitabı, həmin istiqamətdə
davam edən tədqiqləri arxayın əminliklə
artıq azad edilmiş (!) ərazilərdəki quruculuğun nə
sayaq aparılacağının dərin elmi təhlillərlə
ümidləndirici, ilhamlandırıcı,
inandırıcı layihələrini cızırdı.
Bu, böyük ölçüdə elmə də,
xalqa da, siyasi mühitə də ismarış idi ki, biz -
elmimiz də, xalqımız da, dövlətimiz də ən
yaxın qələbəmizə qətiyyətlə
inanırıq, ona görə də sabaha baxır, indidən
zəfər ərazilərində quruculuğun elmi əsaslarını
hazırlayırıq.
Bu əsərdə bir tərəfdən Nazimin elmi bəsirətliliyi
əyan idisə, digər tərəfdən onun siyasi dərindəngörmə
və dərinləri görməsi aşkardı.
Belə ruhverici çalışmalar həm qələbə
müjdəçisi oldu, həm də qələbəni gətirən
amillər cərgəsində danılmaz yerini tutdu.
Amma əlbəttə ki, daha üstdə dayanan Nazimə
və məsləkdaşlarına bu qəbil
araşdırmaları aparmağa söz edən, belə kitab
yaratmağa qanadlandıran sarsılmaz inam idi. Özü də
təsdiq edirdi: "Aydındır ki, yalnız işğal
bitdikdən sonra bu torpaqları sözün müstəqim mənasında
post-konflikt ərazilər, onların bərpasını isə
konfliktsonrası reabilitasiya adlandırmaq mümkün
olacaqdır.
...Lakin biz tam və səmimiyyətlə
inanırıq ki, Azərbaycan gec-tez bütün işğal
olunmuş ərazilərini azad edəcək və onların gələcək
bərpasına artıq bu gündən
hazırlaşmalıdır. Konfliktsonrası reabilitasiyanın
konseptual əsasları üzərində həvəslə
çalışmağa da bizi məhz bu sonsuz inam
ruhlandırdı".
Nazim İmanovun gələcəyə yönəlik həmin
düşüncələri çox keçmədən onun
yönəldiciliyi ilə qaynar və səmərəli fəaliyyət
göstərən Post-konflikt Ərazilərin Bərpası
Elmi Mərkəzinin yaranmasına gətirib
çıxardı.
Nazim İmanovun rəhbərliyi ilə aparılan və
başlanma müddəti nəzərə alınarsa, vaxtı
qabaqlamış bu qəbil araşdırmalar yaşanan əsrin
üçüncü onilinin ortalarında, əlbəttə
ki, əvvəlkindən qat-qat intensiv davam edirkən, həmin
tədqiqləri yüksək dəyərləndirən dövlət
başçısı daha da sürətli
çalışmalara səsləyirsə, bu, əslində
çəkilən zəhmətə verilən ən ali tərif
və qiymətdir ki, var. Amma diqqətəlayiq olan ayrı bir
mühüm məqamı da gərək yazım qalsın -
çünki bu da həm müasir tariximizin parlaq bir epizodudur,
həm də çağdaş Azərbaycanın quruculuq
gerçəkliyindəki sərrast rəmzi örnəkdir.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik
illərinin ən seçkin liderlik göstəricilərindən
ikisi sadəcə heyranlıq deyil, heyrətlər
doğurandır - miqyaslar və sürət! Bu müstəsna
üslub azad Qarabağın quruculuğunda da bütün
qabarıqlığı ilə duyulmaqda və görünməkdədir.
Qarabağa növbəti gedişlərindən birində
Prezident İlham Əliyev yaraları sağaldılan,
dirçəldilən, qurulub-tikilən yurdlarımızla
bağlı iqtisadi təhlil və layihələrin bir az da
intensiv davam etdirilməsindən söz açanda
müşayiətçilərin arasında olan Nazim İmanov
qayıtmışdı ki, var
gücümüzlə çalışmağına
çalışırıq, amma Sizin quruculuq sürətləriniz
elə böyükdür ki, çatdırmırıq. Odur
ki, Sizin sürətlərə uyğunlaşmaq
üçün biz daha qısadövrlü araşdırmalar
aparmağı bir kənara qoyub uzun vaxt kəsiyini əhatə
edən təhlillərə keçmişik.
Məhz belə!
Azad Qarabağı, çağdaş Azərbaycanı,
bir vaxtlar - 1990-cı illərdə unudulmaz Heydər
Əliyevin dilində hələ xoş arzu kimi səslənən
"Azərbaycan dünyaya Günəş kimi
doğacaqdır" sözlərini gerçəyə
çevirərək sevimli Vətəni Fateh İlham
Əliyev bu cür - Fövqəladə Ölçülər
və Sürətlərlə qurur, həmin məramı və
əzmini digərlərinə də ötürür.
Və şərəfli xəttinin, ülvi istəklərinin
arzuladığı ölçülərdə və tezlikdə
həyata keçirilməsindən ötrü də onun iri
addımlarına uyğun çevik və dürüst hərəkət
edən yol yoldaşlarına ehtiyac var!..
Görkəmli alim və dəyərli ziyalımız
Nazim İmanov həmin böyük yolun ən ardıcıl
yolçuları sırasındadır...
...Mən Bakı Dövlət Universitetini bitirdiyim
çağlardan bəri Azərbaycan Milli Elmlər
Akademiyası ilə bağlıyam və artıq yarım əsrə
yaxınlaşan bu iri vaxt kəsiyində ən azı
"coğrafi" səbəblər şərait yaradıb
ki, Akademiyanın İqtisadiyyat İnstitutundakı heç
olmazsa ilk baxışdan sezilən başlıca dəyişiklikləri
izləyim.
Yolumun lap əvvəlində
çalışdığım Fəlsəfə və
Hüquq İnstitutu İqtisadiyyat İnstitutu ilə eyni mərtəbədə
idi və illərcə hər gün gəldiyim "Şərq
kitabxanası" isə lap İqtisadiyyat İnstitutunun
yanında yerləşirdi.
Hərçənd indi İqtisadiyyat İnstitutu rəsmən
Elm və Təhsil Nazirliyinin nəzdindədir, amma yenə əvvəlki
yerində qalmaqdadır və keçmiş "Şərq
kitabxanası"nda da hazırda Elmlər Akademiyasının
Ədəbiyyat İnstitutunun dissertasiya müdafiələri
keçirilən zalı qərar tutduğundan yenə ora
vaxtaşırı baş çəkəsi oluram. Odur ki, hər
dəfə o tərəflərə yolum düşəndə
heç qapılarını açmadan, apardıqları
araşdırmalarla tanış olmadan bu institutdakı
şöbələrin keçmiş onillərdəki adları
ilə Nazim dövründəki adlarını tutuşdurunca
yerlə göy təfavütünü mən də
görürəm, mətləbdən hali hər kəs də
tutar.
Elə şöbələrin adlarına baxınca
bunların hər birinin çağdaş dünya iqtisad
elminin və yeyin dəyişən qlobal iqtisadi gerçəkliyin
ümdə çağırışlarına çevik
cavablar olması anındaca sezilir.
Bu institut ənənəvi
cansıxıcılığından, basmaqəlib və
yalnız arxiv üçün hesablanan
araşdırmaçılıq mərəzindən qurtulub.
Yalnız dərindən və dərinləri deyil, uzaqları
da, dünyanı, çağdaş ritmləri də
ustalıqla görüb duymağı, inkişafımızla əlaqələndirməyi
bacaran Nazim İmanov rəhbəri olduğu bu instituta modern bir
çöhrə verməyə müvəffəq olub.
Təbii ki, adlar şərti işarələrdir. Daha
qəsdim şöbə adları yox, insanlara valideynlərin
qoyduğu adlardır. Adlarımız zahirən nə qədər
şərti görünsə belə, hər birində sakral
bir enerjinin də gizlənməsi və döyünməsini fərz
etməyi bizə gözümüzün önündən
keçənlər pıçıldayır. Sanki insana əsasən
təsadüfən verilən hər ad vaxt ötdükcə
daşıdığı mənadan asılı olaraq
insanın taleyinə, məzacına, ruhuna,
davranışına, kimliyinə də nəzərəçarpacaq
təsir göstərməyə başlayır.
"Nazim" çoxmənalı bir sözdür və
kökündə dayanan anlayış "nizam"dır.
Və həm dərin, həm iti görmək
istedadı daimi müşayiətçisinə və sabit
keyfiyyətinə çevrilmiş professor Nazim İmanov sahib
olduğu bütün qabiliyyətləri ilə əl
qoyduğu hər işdə nizamyaradan, yaxşı
sahmançı olduğunu gənc çağlarından
sübut edə-edə gəlməkdədir.
Qoşa familiyalı Nazimin əsas və təməl
soyadı "İmanov" olduğundan və "iman" kəlməsi
də çoxlu canatan mənalar daşıdığından
bu yazı içində bir daha "yenə mənə
qayıt!" deyir.
Məhəmməd Peyğəmbərin məşhur hədisidir
ki, "Vətəni sevmək imandandır!" Səma
elçisinin ümmətinə və geniş
ölçüdə - insanlığa ən müdrik vəsiyyətlərindən
biri. Lakin elə baş ucaldan dəyərli Vətən
övladlarını sevmək, uca tutmaq da imandan sayılsa,
yeri var.
Bir dəfə Azərbaycanda çalışan bir
çinli xanımla söhbətimiz hərlənib-fırlanıb
not əsərlərinin nəşri üzərinə gəldi.
Şikayətləndim ki, ötən əsrin
axırlarından etibarən ümumən kitabların,
xüsusən də not əsərlərinin tirajı
azala-azala gedir, indi lap kiçilib. Yaxşı ki, artıq enərək
50-100 nüsxəyə çatdığını deməyə
macal tapmadım.
Xanım Li də gileyləndi ki, hə, deməyin, elə
bizdə də o cürdür, qabaqlar belə əsərlərin
çap sayı lap çox olardı, indi gəlib
düşüb 600-700 min nüsxəyə.
Bunu elə sözgəlişi, Azərbaycanla
Çinin miqyas fərqlərini qabartmaqçün yada
saldım.
İqtisadiyyatdakı Çin möcüzəsinin
insanları mat qoyduğu dövr artıq dünəndə
qalıb. Bu misilsiz nəhəngliyi və Çinin başgicəlləndirici
kosmik sürətli iqtisadi inkişaf əfsanəsini dünya
danışıqsız qəbul edib.
Və iqtisadiyyatı, iqtisadçı alimləri ilə
dünyaya meydan oxuyan Çinə professor Nazim İmanov da
gedib çıxdı.
2016-cı ilin noyabrında Çin Xalq
Respublikasında keçirilən müasir iqtisadiyyatın
problemlərinə həsr edilmiş mötəbər beynəlxalq
konfransda azərbaycanlı alim onlarca məruzəçidən
biri idi. Lakin diqqətləri necə cəlb etdisə,
iqtisadiyyatın hər dürlü gizlincindən agah
çinlilər Nazim İmanovun irəliçi və dərin
mülahizələrinə biganə qala bilmədilər, onu
Şanxay Universiteti nəzdində fəaliyyət göstərən
"Elm və ali təhsil sahəsində Beynəlxalq
Konsultativ Komitə"nin baş məsləhətçisi
seçdilər, fəal əməkdaşlığa dəvət
etdilər.
Nazim İmanov Azərbaycan iqtisad elmində məktəblər,
istiqamətlər yaratmağa müvəffəq olub. Söz
yox, bir alimin məhsuldar olması, sayca çox, çəkicə
ağır əsərlər yaratması vacibdir, onun tədqiqatçı
sanballığından deyir. Amma bundan da mühüm olan və
alimin yola çevrilməsini təsdiq edən onun yeni
ocaqları yandıran qığılcımlar saça bilməsidir.
Adı dünyanın elm tarixinə həkk olunmuş
böyük Lütfi Zadənin kitablarının, elmi məqalələrinin
miqdarına baxsanız, nə o cildlərin
qalınlığına, nə o məqalələrin
çoxluğuna təəccüblənəcəksiniz.
Axtarsanız, dünyada o sayda kitabı və əsəri olan
yüzlərlə başqa alim adına rast gələcəksiniz.
Lakin müasir elmdə Lütfi Zadə kimi ikincisini də
tapmaq müşküldür ki, ayda-ildə xırdaca bir məqalə
yazsın və həmin əsər çevrilib olsun meyar,
model. Elə cazibəli və mükəmməl təkanverici
ki, sonra onlarca başqaları bu bir neçə səhifəlik
məqalədən işıq alaraq sıra-sıra kitablar da,
məqalələr də yazsın.
Nazim, hər birimiz kimi, iki dissertasiya müdafiə
edib. Ancaq onun, köhnə deyişlə, namizədlik və
elmlər doktoru dissertasiyalarından, eləcə də digər
tədqiqatlarından 20-dək dissertasiya törəyib, əsərlərindəki
ideyalar yeni araşdırmaların cövhərinə
dönüb.
Son kitablarından birini açıram. Bu əsər
2023-cü ildə nəşr olunub və Nazim Müzəffərlinin
elmi məktəbinin ümdə istiqamətlərindən birinə
həsr edilib: "Post-konflikt ərazilər: iqtisadi potensial və
müqayisəli üstünlüklər".
Nazim kitabın 6 müəllifindən biridir və həm
də layihənin rəhbəridir. Zənnimcə, bu kitabda
sırf özünün yazdığı fəsildən də,
tək imzası ilə nəşr edilmiş digər
kitablarından da bu əsər ona daha əzizdir.
Bağban üçün yalnız ağaclar becərib
bağlar salmaqdan əlavə qurduğu bağları da
yaşadacaq, özləri də yeni bağlar doğuracaq
bağbanlar nəsli yetişdirməkdən bəxtəvər aqibət
olarmı?!
Həyatın işini bilmək olmaz - haçansa, uzaq
gələcəkdə, bir az yaşlanandan sonra əsas məşğuliyyəti
yazı-pozu olan Nazimin də yaxındangörmə, yaxud
uzaqdangörmə ucbatından uyğun gözlüyə
ehtiyacı yarana bilər.
Ancaq bunun Nazimin içərisindəki ona fitrətdən
qismət olmuş dərindəngörmə, ya dərinlərigörmə
Gözlüyünə zərrəcə təsiri olmayacaq.
Yaş üstünə yaş, bilik üstünə
bilik, təcrübə üstünə təcrübə gəldikcə
indikindən də dərin görəcək, onun
başqalarından daha dərindən və daha dərinləri
görməsindən isə həmişə fayda çatacaq
- ən yaxınında olanlara da, millətə də, yurda da!
25 may, 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 28 may(¹92).- S.10-11.